Gənc alim Günel Məlikli “Психология лидерства” mövzusunda çıxış etdiyinə görə sertifikatla təltif edilib
Rusiyanın Yekaterinburq şəhərində “Elmi və praktik fəaliyyətin problemləri, innovativ həllərin axtarışı və seçilməsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin məqaləsi konfrans materiallarında çap olunub. Konfransda Günel Məlikli “Психология лидерства” mövzusunda onlayn çıxış etdiyinə görə sertifikatla təltif edilib. Çıxışında gənc alim liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurduğundan, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən edilməsi nöqteyi-nəzərindən tədqiq etməsindən danışıb. XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışları öz yerini formalaşdırdığını, problemlərin öyrənilməsi tez bir zamanda əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib. “Liderlik probleminin öyrənilməsinin vacib aspektinə müraciət etmək və psixoloji və fəlsəfi kateqoriyalar sistemində liderliyin yerini müəyyənləşdirmək son dərəcə vacib amildir.”- deyə, Günel Məlikli vurğulayıb.