Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti
Faiq Ələkbərli (Qəzənfəroğlu)
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
I yazı
Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.
Azərbaycan Türk mütəfəkkiri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində ruhani ailəsində doğulub və S.M.Qənizadənin müdiri olduğu “II Tatar-Rus” məktəbində və Bakı texniki məktəbində təhsil alıb. 1902-1903-cü illərdə Bakıda “Türk gənc inqilabçılar dərnəyi” yaradan Rəsulzadə, 1904-cü ilin axırlarında təsis olunan “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı”nın da banilərindən biri olub. “Nicat-Maarif” cəmiyyətinə də bir müddət rəhbərlik edən Rəsulzadə 1909-cu ilin əvvəllərində Təbrizə, daha sonra Tehrana getmişdir. Tehranda bir qrup ziyalı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasının əsasını qoyan Rəsulzadə onun əsas mətbuat orqanı olan “İrani-nou” qəzetinin baş redaktoru olub. 1911-ci ildə çar Rusiyasının Tehran hökumətinə basqısı nəticəsində İstanbula getməyə məcbur olan Rəsulzadə “Türk ocağı” təşkilatı və “Türk yurdu” jurnalında çalışıb.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə elan edilən amnistiyadan sonra Bakıya dönən Rəsulzadə “Müsavat”ı aktivləşdirmək siyasəti ilə yanaşı, 1915-ci il oktyabrında əsas şüarı “türkçülük, islamçılıq və müasirlik” olan “Açıq söz” qəzetini təsis edib. 1917-ci il mayın 1-dən 11-dək Moskvada keçirilən ÜmumRusiya Müsəlmanlarının I qurultayında Rəsulzadə Bakıda irəli sürdüyü milli-ərazi federasiya prinsipləri əsasında yaradılmış qoşma respublika ideyasını burada da qaldırıb. Onun irəli sürdüyü milli-məhəlli muxtariyyət ideyası 271 səsə qarşı 446 səslə qəbul edilib. O, 1917-ci ilin oktyabrında Bakıda keçirilən “Müsavat”ın I qurultayında həmin partiyaya sədri, az sonra da Qafqaz və Türküstandan Rusiya Müəssisələr Məclisinə millət vəkili seçilib.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də Rəsulzadənin rəhbərlik etidyi Müsəlman-Türk fraksiyasının əsasında Milli Şura yaranıb. Rəsulzadənin Milli Şuraya sədr seçilməsinə 4 partiyadan yalnız “İttihad” əleyhinə səs verib. “Müsavat”,Müsəlman Sosialist Bloku və Müsəlman Sosial-Demokrat-Menşeviklər və “Hümmət” lehinə səs veriblər. “Gizli səsvermə yolu ilə 22 səs çoxluğu qazanan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının başçısı seçilir”.[1] Milli Şura öz dövrü üçün ölkənin ən yüksək idarəetmə orqanı rolunu oynayıb və faktiki olaraq Rəsulzadə Cümhuriyyətin qurucusu və ilk dövlət başçısı idi.
27 aprel faciəsindən sonra 1920-ci ilin avqustun 17-də Lahıcda tutulub Bakıya gətirlən Rəsulzadənin həbsi xəbəri az sonra Stalinə çatdırılıb. M.Əliyev yazır: “Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XI ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-in Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla, İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda fars dilində dəsr demişdir... Onun oradan Moskvadan rəhmətlik tatar maarifçilərindən Musa Cərullah Bigiyevin müyəssər yardımı ilə qayıqlaFin körfəzi üzərindən keçərək Finlandiyaya qaçırılması təmin edilmişdir”.[2]
1922-ci ilin sonlarında Rəsulzadə İstanbula gələndə, burada Azərbaycandan gələn mühacirlər arasında bir dağınıqlıq vardı, hətta mühacirlər arasındakı fikir ayrılığı nəticəsində konsulluq bağlanmışdı. O, 1923-cü ildə Azərbaycan Milli Mərkəzi təşkil edib, müsavatçı olan, olmayan mühacirləri bir təşkilat ətrafında birləşdirdi, tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən “Yeni Qafqasiya” jurnalını nəşr etdirdi. Daha sonra onun redaktorluğu ilə “Azəri Türk” (1928-1931), sonrakı illərdə isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti nəşr edilmişdi. 1931-ci ildə Türkiyəni tərk edərək Almaniyaya gedən Rəsulzadə Berlində “İstiqlal” (1932-1934) qəzetini, “Qurtuluş” (1934-1938) jurnalını nəşr etdirmişdir. 1938-1939-cu illərdə Polşa hökumətində məsləhətçi işləyən Rəsulzadə SSRİ-nin bu ölkəni işğal etməsilə əvvəlcə Fransaya, daha sonra da İsveçrəyə üz tutub. İsveçrədən sonra qısa müddət Londonda yaşayan Rəsulzadə 1940-cı ildə Buxarestə-Rumıniyaya getməyə məcbur olub.
O, 1942-ci ilin yayında Hitlerin “Şərq nazirliyi” tərəfindən Almaniyaya dəvət olunmuş, ancaq müstəqil və milli Azərbaycan məsələsində hitlerçilərlə anlaşa bilməyərək 1943-cü il avqustun sonlarında Berlini tərk edib Rumıniyaya üz tutmuşdur. Sovet qoşunlarının Rumıniyaya yaxınlaşması ilə əlaqədar olaraq Rəsulzadə Buxarestdəki Türkiyə səfirliyinin qonaq evindən çıxmağa məcbur olub. Daha sonra Buxarestdən Vyanaya gedən Rəsulzadə bir müddət burada qaldıqdan sonra Qərbi Almaniyaya-Münhenə köç etmişdir. Rəsulzadə Münhendəki azərbaycanlıların problemlərini həll etmək məqsədi ilə Azərbaycan Demokrat Birliyi adlı təşkilat qurub.
II Dünya müharibəsindən sonra Türkiyəyə dönə bilən Rəsulzadə 1949-cu il fevralında Ankarada yaranan “Azərbaycan Kültür Dərnəyi”nin sədri seçilmişdi. O, 1952-ci ildə Münhendə Ümumqafqaz Konfransının keçirilməsinə nail olmuş, burada “Qafqaz Mərkəzi”nin yaradılmasını və SSRİ imperiyasına qarşı mübarizənin Birləşmiş Qafqaz Konfederasiyası formasında davam etdirilməsini təklif etmişdir. Bundan bir az sonra da, o, 1953-cü ildə Azərbaycan Milli Mərkəzini bərpa etmişdi. 1955-ci ilin martın 6-da böyük ideoloq M.Ə.Rəsulzadə Ankara Universitetinin Tibb fakültəsinin klinkasında vəfat etmişdir.
Onun əsas əsərləri aşağıdakılardır: “İran türkləri” (1913), “Milli dirilik” (1914), “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” (1923), “Əsrimizin Səyavuşu”, (1924), “İstiqlal məfkurəsi və gənclik” (1925), “İnqilabi sosializmin iflası və demokratiyanın gələcəyi” (1928), “Millət və bolşevizm” (1927), “Qafqasiya türkləri” (1927), “Azərbaycan istiqlaliyyəti” (1930, Paris), “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm haqqında” (Paris, 1931), “Azərbaycan Respublikası haqqında bəzi qeydlər” (Berlin, 1933), “Çağdaş Azərbaycan ədəbiyyatı” (1936, Berlin), “Azərbaycan poblemi” (1938, Berlin), “Azərbaycanın hürriyyət savaşı” (1939, Varşava), “Azərbaycan şairi Nizami” (1951), “Stalinlə ixtilal xatirələri” və b.
Onun ictimai-siyasi görüşlərində türkçülük, ya da Azərbaycan türkçülüyü ideyası mühüm yer tutmuşdur. “Açıq söz” qəzetinin ilk sayındakı “Tutacağımız yol” adlı məqaləsində, Rəsulzadə Azərbaycan Türk milliyyətçiliyinin başlıca prinsiplərini göstərmişdir. Ona görə milli ideyanın əsas idealı milliyyətdir ki, XX əsrdə milliyyət əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini keçib millət olaraq meydana çıxmalıdır. I Dünya müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüdlüyünə inanan Rəsulzadəyə görə dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, aşkar və qətiyyətlə peyda olmuş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır: “Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam mənası ilə deyiləcək qədər dağ dağıdan topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu barışıq masası üzərində əsaslıca bir təsir yapacaq. Hər hansı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvətli milliyyət məfkurəsini ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin sülhü haqqında söz söyləyən Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhsunə mənsub siyasilərcə, milliyyət əsasına riayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırtılar və sorunlu bir dinclik təmin edəməz”.[3]
Milli ideyanın əsas hədəfi olan milliyyətçilik Rəsulzadəyə görə onlarca özgə millətləri hakim millət mənafeyinə fəda edən millətçilik deyildir. Hər bir milliyyət azad yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-müasirliyə istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci əsası dildir ki, dili türk olan bu xalqın etnik mənsubiyyəti də türkdür. O, yazırdı: “Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil Türk ədəbiyyatı, Türk sənəti, Türk tarixi və Türk mədəniyyətinə malikiyyətimiz - məqsədimizdir. Parlaq bir Türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır”.[4]
M.Ə.Rəsulzadə milli ədəbi dilin formalaşması problemi ilə bağlı yazırdı ki, Osmanlı və Azərbaycan türkcəsi bir olub “ortadakı ayrılığı yaradan şey isə Azərbaycan danışığının daha çox Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Türk dövlətlərinin yönətimi altında Osmanlılardan ayrı, məzhəb baxımından onlara kəskin qarşı olan başqa bir siyasi yönətimin özəyini oluşdurmasıdır”.[5] Dil məsələsində “osmançılarla” (Ə.Hüseynzadə, M.Hadi və b.) “azərbaycançılar” (C.Məmmədquluzadə, Ö.Faiq, A.Şaiq və b.) arasında orta mövqedən çıxış edən Rəsulzadə bir tərəfdən Türk ədəbi dilinin xalqın dili ilə bağlı olmasının vacibliyini qeyd etmiş, digər tərəfdən isə ortaq türkcənin yaranması təklifi ilə çıxış etmişdi. O, birinci məsələ ilə bağlı yazır: “Dilimiz türkcədir. Əlbəttə, türkcə də qalmalıdır. Ədəbi dil, xalqın anlayacağı dildir. Yazı dili xalqın danışdığı dildən çox uzaq olmamalıdır. Yazı dilinin anlaşılmaz bir halda olduğunu ədəbi hesab eyləyən dövr çoxdan keçmişdir. İndi bir əsrdəyik ki, hər bir şey ümumiləşdiyi kimi, ədəbiyyat da ümumiləşir. Böylə bir əsrdə məhdud şəxslərə məxsus bir dil ilə yazı yazmaq, əlbəttə, ədəbi hesab olunmaz”.[6]
[1] Yaqublu Nəsiman. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991, s.79
[2]Əliyev Mövsüm. M.Ə.Rəsulzadənin ömür yolu //Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.12-13
[3] Rəsulzadə M.Ə. Əsərləri. III cild (1915-1916). Bakı, “Təhsil”, 2014, s.180-181
[4] Yenə orada, s.181
[5] Rəsulzadə M.Ə. Qafqaz türkləri. Bakı, Təknur, 2012, s.41
[6] Rəsulzadə M.Ə. Əsərləri. II cild (1909-1914). Bakı, “Təhsil”, 2014, s.283