30.04.2024, 08:12 - Baxış sayı: 1206

“Əbədiyyət qazanmış ensiklopedik alim – Nəsirəddin Tusi” kitabı nəşr edilmişdir


“Əbədiyyət  qazanmış  ensiklopedik alim – Nəsirəddin Tusi” kitabı  nəşr  edilmişdir

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Aytək Zakirqızı Məmmədovanın “Əbədiyyət qazanmış ensiklopedik alim – Nəsirəddin Tusi” (Bakı, “Füyuzat”, 2024. 188 səh.) kitabı çapdan çıxmışdır. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
Aytək Zakirqızı Məmmədovanın “Əbədiyyət qazanmış ensiklopedik alim – Nəsirəddin Tusi” kitabı ərəbşünas alim, xeyirxah insan Tariyel Həsənovun əziz xatirəsinə ithaf olunmuşdur.
Kitabda XIII əsrdə Azərbaycanın ictimai-siyasi və elmi-mədəni mühiti və Nəsirəddin Tusinin həyatı, yaradıcılıq irsi, dünyagörüşü tədqiq edilir. Aytək Zakirqızı Məmmədova kitabda filosofun dünyagörüşünü – “Elmlərin təsnifatı”nı, “Varlıq təlimi”ni, “İnsanın yaranışı və fəaliyyəti”ni, “İdrak nəzəriyyəsi”ni, “Məntiq”ini, “Etik görüşlər”ini, “İctimai-siyasi görüşlər. İdarəetmə nəzəriyyəsi”ini geniş və hərtərəfli şəkildə araşdırmışdır. Müəllif ensiklopedik alimin yaratdığı Marağa rəsədxanası və onun nəzdindəki məktəb haqqında, Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələri, xüsusilə Nəcməddin Qəzvininin, Qütbəddin Şirazinin və Cəmaləddin Hillinin yaradıcılıq irsləri və fəlsəfi təlimləri haqqında məsələləri tədqiq etmişdir.
Müəllif kitabda göstərmişdir ki, ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusi dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Nəsirəddin Tusinin başçılığı ilə inşa edilmiş Marağa rəsədxanası bütün dünyada məşhur olub, sonrakı illərdə elmin inkişafına böyük təkan vermişdir. Mütəfəkkir rəsədxananın nəzdində məktəb təsis etməklə öz məktəbinin yaratmış, bununla da elmin müxtəlif sahələrinə dair alimlərin hazırlanmasında iştirak etmişdir. Nəsirəddin Tusinin fəlsəfi təlimi, ümumiyyətlə, dünyagörüşü bəşər elmi-fəlsəfi fikrinin zənginləşdirilməsində mühüm əhəmiyyət daşımışdır. Azərbaycan filosofunun şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Hilli və başqaları öz məktəblərini yaradaraq bu ənənələri yaradıcılıqla davam etdirərək, öz şagirdlərini, xələflərini yetirmişlər.
Aytək Zakirqızı Məmmədova kitabda ensiklopedik alim Nəsirəddin Tusinin 2024-cü vəfatının 750 illiyinin, Marağa rəsədxanasının yaranmasının 765 illiyinin tamam olduğunu qeyd etmişdir.