10.05.2024, 06:59 - Baxış sayı: 566

HİLMİ ZİYA ÜLKƏN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ HAQQINDA


Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Türkiyəli alim Hilmi Ziya Ülkənin (1901-1974) zəngin və çoxistiqamətli yaradıcılığında XIX əsrin sonu və XX əsr Azərbaycan mədəniyyəti və elm adamları haqqında yazılara geniş yer verilmişdir. Türkiyəli mütəfəkkir həmin dövrü Azərbaycan tarixinin ən qaranlıq dövrü kimi səciyyələndirmişdir. Hilmi Ziya Ülkən milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin (Məlikov) (1842-1907) "Əkinçi" qəzetindən bəhs edərkən yazmısdır ki, Zərdabi tərəfindən 1875-ci ildə yaradılan 1877-ci ildə bağlanan ilk türkcə "Əkinçi" qəzetindən sonra Səid və Cəlal Ünsizadə qardaşları təsis etdiyi "Ziyayi-Qafqaziyyə", "Kəşkül", Məhəmməd ağa Şahtaxtlının "Şərqi-Rus" qəzeti istənilən faydanı verməmiş, uzun müddət yaşamamışdır.
Azərbaycanın mətbuat tarixində Səid və Cəlal Ünsizadə qardaşları əhəmiyyətli yer tutur. Onların öncə "Ziya" (1879-cu il) adı ilə nəşr etdirdikləri qəzet bir müddət sonra "Ziyayi-Qafqaziyyə" adlanmışdır. 1883-cü ildə "Kəşkül" adıyla çap edilən jurnal sonra qəzet kimi fəaliyyətini davam etdirmişdir. Hilmi Ziya Ülkən bu barədə yazmışdı ki, Cəlal Ünsi və Səid Ünsi, öncə "Ziyayi-Qafqaziyyə", daha sonra "Kəşkül"ü çıxardılar. Azərbaycan, çağatay, noqay, qərb türk ləhcələrində məqalələri toplayırdılar. İçində türkcədən başqa farsca yazılar da vardı. İslam-Şərq dünyasının ortaq ilk qəzeti deyilə bilir. Türkiyəli alim Cəlal Ünsizadənin nəşriyyat fəaliyyətini davam edə bilmədiyinə ailəsi ilə birlikdə Türkiyəyə köçdüyünü, Babıalidə rus dili üzrə tərcüməçilik etdiyini, son illərini orada yaşadığını qeyd etmişdir. Hilmi Ziya Ülkən 1912-1925-ci illər arasında Cəlal Ünsizadə və ailəsiylə yaxınlıq etdiyini bildirmişdir.
Hilmi Ziya Ülkən görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə (1864-1940) barədə yazarkən onunla İstanbulda Hərbi Tibbiyyədə tələbə yoldaşı olmuş atası təbib və kimyaçı professor Mehmet Ziya Ülkəndən (1870-1951) eşitdiklərini, xatirələrini qələmə almışdır. O, Əli bəy Hüseynzadənin həyatının hələ tələbəlik dövründə sadəliyi, təvazökarlığı, mübarizliyi, təbiət elmlərinə, fəlsəfəyə, Şərq və Qərb ədəbiyyatına dair bilgisiylə yoldaşlarının sevgi və hörmətini qazandığını qeyd etmişdir.
Şəxsi kitabxanasında Ə.Hüseynzadənin çap edilməmiş tərcümeyi-halını saxlayan Hilmi Ziya Ülkən onu atəşkəs dövrünün sonunda tanıdığını göstərmişdir: "XIX əsrin qərbli elm adamları tipində, orta boylu, narin, üzündə çox gözəl bir ifadə verən ağ saqqallı alim o sırada tibb fakültəsində professor idi. Tibbiyyədən atamın sinif yoldaşı olması aramızdakı böyük nəsil fərqinə rəğmən bu böyük idealistə yaxınlaşmamı təmin edirdi. Atamla görüşmək üçün bizim evə olduqca seyrək gəlirdi. Fəqət Türk Ocağının, İttihat və Tərəqqinin, Türkçülüyün ilk rəhbərlərindən olan Əli bəyi Ocaqda hər zaman gör-mək mümkündü. Müzakirələrə girdiyi zaman bütün yaş və dərəcə fərqlərini unudur, mövqeylə deyil, yalnız fikirlə danışırdı. O zamandan sonra söhbətlərimiz çoxaldı".
Əli bəy Hüseynzadə 1900-cü ildə Tibbiyyə Ali Məktəbinə Dəri və zöhrəvi xəstəliklər kafedrasına professor yardımçısı təyin edilir, lakin "İttihad və Tərəqqi"yə mənsub olmasına görə bu vəzifədə qala bilmir, 1903-cü ildə Qafqaza qayıtmaq məcburiyyətində qalır. H.Z.Ülkən Ə.Hüseynzadənin həyatının bu dövründən bəhs edərkən Azərbaycanın ictimai-siyasi və elmi-mədəni mühiti haqqında yazmışdır: "Əli bəy Hüseynzadə öz doğma vətənində Türkçülük və hürriyyət mücadiləsinə çarələr aradı, nəşrlər etdi. Rus-Yapon savaşı Rusiyanın məğlubiyyəti ilə sona çatdığı üçün hər tərəfdə olduğu kimi, Qafqazda da inqilablar başlamış, konstitusiyanın elanını asanlaşdırmaq üçün Peterburqa heyətlər göndərilmişdi. Aralarında Hüseynzadə də vardı. Heyət Duma məclisinə Azərbaycan deputatlarının qatılmasını təmin etdi və o vaxta qədər çapına icazə verilməyən türkcə gündəlik qəzetin icazəsini aldı. Qəzet Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən çıxarılacaqdı. Qəzet "Həyat" adını aldı".
Qeyd etmək lazımdır ki, 1902-ci ildə H.Z.Tağıyevin çar Rusiyasından türkcə bir qəzet çıxarmaq icazəsi almaq istədiyini, lakin buna müvəffəq olmadığını bildirən türkiyəli alim bu icazənin yalnız 1905-ci il inqilabından sonra mümkün olduğunu bildirmişdir. Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı Türk qəzetçiliyi yenidən canlandı və özünün də qatıldığı "Həyat" adlı qəzet quruldu. Bu təşəbbüslə Azərbaycanda oyanış hərəkatı ikinci dövrünə keçdi. Bu dövrün başlıca simaları Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov idi. Əhməd bəy bir il "Həyat"da çalışdıqdan sonra özü "İrşad"ı çıxardı. Bundan sonra Bakı zənginlərindən Murtuza Muxtarovun (1865-1920) yardımı ilə "Tərəqqi"ni yaratdı. Eyni zamanda Ə.Ağaoğlu "Difai" adında siyasi bir cəmiyyət yaradaraq türk xalqının hüququnu müdafiə etməyə başladı. Bu illərdə yenə Tiflisdə Hüseynzadə ilə birgə "Füyuzat"ı çap etdirdi.
1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin zamanında Türkiyədə səfir işləmiş Yusif Vəzir Çəmənzəminlinin İstanbuldakı kitabxanaların materialları əsasında "Azərbaycan Türk ədəbiyyatı tarixi"ni yazdığını qeyd edən Hilmi Ziya Ülkən Ə.Hüseynzadənin Çəmənzəminlinin kitabının çapına yardım etdiyini göstərir.
Azərbaycan Demokratik Respublikasının banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni "Azərbaycan türklüyünü qurtarmağa çalışanlardan" biri kimi təqdim edən Hilmi Ziya Ülkən onunla Ə.Hüseynzadə vasitəsilə tanış olduğunu bildirərək yazmışdır ki, Rəsulzadə İstanbula gəlmişdi, Hüseynzadə məni onunla tanış edərək: "ikiniz də "Siyavuş"u yazırsınız. Biriniz siyasi, digəriniz milli-insani qayə ilə. Tanış olun" demişdi. Rəsulzadənin həmin ildə (1921) "Əsrimizin Siyavuşu" adlı bu əsəri Türkiyədə çapdan çıxdı.
Türkiyəli alim Əli bəy Hüseynzadənin təsiriylə Ziya Gökalpın Türkçülük cərəyanına daxil olduğunu, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" fikriylə "Turan" ideyasını ondan mənimsədiyini qeyd edirdi.
Hilmi Ziya Ülkən Azərbaycanın, eləcə də Türkiyənin elmi-mədəni və ictimai-siyasi həyatında fəal rol oynamış Əhməd bəy Ağaoğlunun (1869-1939) Şuşa şəhərində doğulduğunu, ilk və orta təhsilini Şuşada aldığını qeyd etmişdir. O, daha sonra yazmışdır: "Peterburqda Politexnik İnstitutunda təhsil aldığı zaman səhhətinə görə məmləkətinə qayıtmış, yaxşılaşdıqdan sonra Parisə gedərək Sorbonna Universitetinin Tarix və filologiya bölümünə, eyni zamanda Hüquq fakültəsinə də qəbul olunmuşdur".
Əhməd bəy Ağaoğlunun ali təhsilini bitirdikdən sonra Azərbaycana qayıtdığını, öncə Tiflisdə, sonra Şuşada, daha sonra Bakıda müəllimlik etdiyini və yaradıcılıqla məşğul olduğunu bildirən H.Z.Ülkən onun fəaliyyətinin bu dövrü haqqında demişdir: "Bu illərdə Ə.Ağaoğlunun Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı ilə birlikdə milli oyanış hərəkatı üçün çalışırdı. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maddi və mənəvi yardımı ilə çar hökuməti qarşısında türk əhalisinin haqlarını müdafiə üçün rusca "Kaspi" qəzeti yaradılmış, Əhməd bəy qəzetdə Topçubaşov və Hüseynzadə ilə birlikdə çalışmağa başlamışdı".
Hilmi Ziya Ülkən 1909-cu ildə Azərbaycan mütəfəkkirinin Türkiyəyə köçdüyünü, Darülfünunun rus dili və Türk tarixi müəllimliyinə təyin edildiyini bildirirdi.
Türkiyəli alim Əli bəy Hüseynzadənin təsiriylə Ziya Gökalpın Türkçülük cərəyanına daxil olduğunu, "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" fikriylə "Turan" ideyasını ondan mənimsədiyini qeyd edirdi.
Hilmi Ziya Ülkən Azərbaycanın, eləcə də Türkiyənin elmi-mədəni və ictimai-siyasi həyatında fəal rol oynamış Əhməd bəy Ağaoğlunun (1869-1939) Şuşa şəhərində doğulduğunu, ilk və orta təhsilini Şuşada aldığını qeyd etmişdir. O, daha sonra yazmışdır: "Peterburqda Politexnik İnstitutunda təhsil aldığı zaman səhhətinə görə məmləkətinə qayıtmış, yaxşılaşdıqdan sonra Parisə gedərək Sorbonna Universitetinin Tarix və filologiya bölümünə, eyni zamanda Hüquq fakültəsinə də qəbul olunmuşdur".
Əhməd bəy Ağaoğlunun ali təhsilini bitirdikdən sonra Azərbaycana qayıtdığını, öncə Tiflisdə, sonra Şuşada, daha sonra Bakıda müəllimlik etdiyini və yaradıcılıqla məşğul olduğunu bildirən H.Z.Ülkən onun fəaliyyətinin bu dövrü haqqında demişdir: "Bu illərdə Ə.Ağaoğlunun Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı ilə birlikdə milli oyanış hərəkatı üçün çalışırdı. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maddi və mənəvi yardımı ilə çar hökuməti qarşısında türk əhalisinin haqlarını müdafiə üçün rusca "Kaspi" qəzeti yaradılmış, Əhməd bəy qəzetdə Topçubaşov və Hüseynzadə ilə birlikdə çalışmağa başlamışdı".
Hilmi Ziya Ülkən 1909-cu ildə Azərbaycan mütəfəkkirinin Türkiyəyə köçdüyünü, Darülfünunun rus dili və Türk tarixi müəllimliyinə təyin edildiyini bildirirdi.
Hilmi Ziya Ülkən Əhməd bəy Ağaoğlunun İstanbula qayıtdıqdan sonra 1919-cu ildən 1921-ci ilə qədər Maltada sürgün həyatı yaşadığını, sürgündən qayıtdıqdan sonra mütəfəkkirin həm siyasi, həm də pedaqoji fəaliyyət göstərdiyini bildirmişdir.
Hilmi Ziya Ülkənin həyat yoldaşı Xədicə xanım xatirələrində onların və Ə.Ağaoğlunun evində bədii, elmi, fəlsəfi məsələlərlə bağlı şairlərin, alimlərin iştirakı ilə müzakirələrin keçirildiyini yazmışdır: "Evimiz bir kültür yuvası idi. Dastanlar, şeirlər yazılır, ədəbi, fəlsəfi əsərlər müzakirə edilirdi. 1933-cü ildə, hətta daha əvvəllərdən başlayan bu elmi söhbətlər illərlə davam etmişdir. Bir həftə bizim evdə, bir həftə Ağaoğlu Əhməd bəyin evində toplanılır, sabahın erkən saatlarına qədər davam edərdi. Toplantılarda başda Ağaoğlu Əhməd bəy, Hamdi Başar (limancı Hamdi), professor Münir Serim, professor Şekip Tunç, Hilmi Ziya, Peyami Safa (yanından heç ayrılmayan Cahid Sıtkı Tarancı), indi adları yadıma düşməyən elm və tarixlə maraqlananlar, o gecələri bilir və gəlirdilər. Bu toplantılar illərlə davam etdi. Bizim evlərdə (Əhməd bəyin və Hilmi Ziyanın) rahat danışıldığından daima həmin evlərdə olurdu".
Əhməd bəy Ağaoğlunun yaradıcılıq yolunu hərtərəfli şəkildə işıqlandıran Hilmi Ziya Ülkən onu "Türkiyənin siyasi həyatında rol oynamış fikir adamlarından" biri kimi təqdim etmiş, ilk sayı 30 noyabr 1911-ci ildə çapdan çıxan "Türk Yurdu" dərgisinin təməlinin onun evində atıldığını bildirmisdir.
Hilmi Ziya Ülkən XIX əsrin sonu və XX əsrin əvvəllərində Türkiyədə də fəaliyyət göstərmiş yazarlar, ictimai-siyasi xadimlər haqqında məlumat vermiş, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun Azərbaycan, ümumiyyətlə, türk xalqlarının mədəniyyəti tarixindəki xidmətlərini hərtərəfli şəkildə qeyd etmişdir.

"Respublika qəzeti"