AMEA-nın yeniləşmə kursu: dövlətçilik və müasirlik kontekstində
Amerika siyasətçiləri bu fikirdədirlər ki, müasir mərhələdə elmsiz nə cəmiyyət, nə də dövlət mövcud ola bilər. Ona görə də elm dövlətə xidmət etməlidir! Dövlət və cəmiyyət “elmin çiyinləri üzərində bərqərar olur”! İndi bu tezisin prizmasında Azərbaycanın da “elmin çiyinləri üzərində necə bərqərar ola biləcəyi” fikrinə AMEA-nın yeniləşməsi kontekstində nəzər salaq.
Elm siyasətinin bir aspekti
Hər bir təşkilatın yeniləşməsi asan və sadə proses deyildir. Dövlətçiliklə bağlı olan strateji qurumların yeniləşməsi ayrıca məsuliyyət tələb edir. Çünki bu proses elə təşkil edilməli və aparılmalıdır ki, müstəqil dövlətçiliklə müasirlik arasında hər hansı ziddiyyət meydana gəlməsin. Ulu öndər Heydər Əliyev bu özəlliyi nəzərə alaraq, bütövlükdə, Azərbaycan Respublikasının inkişaf strategiyasında dövləti tərəqqi ilə cəmiyyətin inkişafını ahəngdar formaya salmışdır. Bura cəmiyyətin bütün fəaliyyət sahələri, xüsusilə elm və təhsil sahələri daxildir. Çünki müasir dövrdə cəmiyyətləri faktiki olaraq elmin yaratdığı haqqında hamının bildiyi fikir vardır.
Digər tərəfdən, müstəqil dövlətçiliyin inkişafının təməlinə ümummilli lider Heydər Əliyev, ümumiyyətlə, həmahəng inkişaf xəttini, harmonik tərəqqini qoymuşdursa, bu çərçivədən kənara çıxan istənilən təşəbbüs uğursuz olacaqdır. Bu tezisin doğru və vacib olmasının ən böyük nümunəsini Prezident İlham Əliyev göstərir: dövlət başçısı siyasi varisliyə ən incəliklərinə qədər əməl edir və Heydər Əliyev dövlət quruculuğu xəttini yaradıcı inkişaf etdirir. Bu da alimlərə imkan verir ki, indiki mərhələni “Heydər Əliyev – İlham Əliyev xətti” kimi dəyərləndirə bilsinlər.
Tarixi kontekstdə bu vəziyyət Azərbaycan xalqı və onun aparıcı kəsimi olan ziyalılar üçün böyük şansdır! Çünki Heydər Əliyev – İlham Əliyev xətti təkcə şüar və ya nəzəri səsləniş tezisi deyildir. Bu xətt real həyatda, mürəkkəb geosiyasi və siyasi-ideoloji şəraitdə ciddi tarixi uğurları təmin edən dövlətçilik kursudur!
AMEA-nın yeniləşmə fəlsəfəsinin qayəsində də, fikrimcə, məhz bu reallıq dayanır. Ölkənin baş elmi təşkilatının rəhbərliyi həmin gerçəkliyi dərindən, geniş və aydın dərk edərək, Heydər Əliyev –İlham Əliyev xəttinin potensialından maksimum yararlanır! Məncə, AMEA-nın hazırkı yeniləşmə xəttini öncəki yeniləşmə kurslarından fərqləndirən başlıca xüsusiyyət bununla əlaqəlidir. Təşkilatın yeniləşmə prosesində indi müşahidə edilən bir sıra xüsuiyyətlər də həmin tezislə bağlıdır.
Bu prizmadan baxanda AMEA-nın yeniləşməsinin bir kurs olaraq bəzi maraqlı və əhəmiyyətli aspektləri üzərində fəlsəfi dayanmağa ehtiyac görürük. Konkret olaraq iki aspektin qarşılıqlı əlaqəsinin fəlsəfəsinə baş vurmağı zəruri sayırıq. Onlar təşkilatdaxili yaradıcı və struktur-funksional xüsusiyyətlərlə dövlətçilik və müasirliyin optimal sintezinin tapılması ilə bağlıdır.
Yeniləşmə: daxili struktur-funksional özəlliklər
AMEA 1945-ci ildən əvvəlcə Azərbaycan SSR-in, sonra isə müstəqil Azərbaycan Respublikasının baş elmi təşkilatı kimi fəaliyyət göstərir. Elmi fəaliyyət baxımından az müddət deyildir. Onun fəaliyyəti birbaşa dövlətə xidmət etmək məqsədi kontekstində müəyyənləşmişdir.
Sovetlər dönəmində Elmlər Akademiyası birbaşa sovet ideoloji və siyasi sisteminin tələblərinə uyğun strukturlaşmış və elmi fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Bu, hər kəsin aksiom və hətta, təbii olaraq, qəbul etdiyi tezisdir. Əksini düşünən belə yoxdur. O dövrdə müxtəlif elm adamlarının məruz qaldıqları repressiv xarakterli tədbirlərə belə SSRİ-nin maraqları prizmasında haqq qazandıranlar az deyillər. Özü də bu, yalnız Azərbaycanı əhatə etmirdi, bütövlükdə, SSRİ-nin elmi dairələrinə münasibət belə idi. Onun ümumi xarakteristikası belə idi ki, elm dövlətə xidmət etməlidir və hətta, ideologiyada onu müdafiə etməlidir. Bu mövqenin mənfi tendensiyaları ilə bağlı nümunələri indi hər kəs bilir. Ancaq bizim baxdığımız kontekstdə əsas tezis ondan ibarətdir ki, SSRİ məkanında olan hər bir elmi təşkilat dövlətə bağlı olmalı idi. Bu ənənə formalaşmışdı və ondan kənara çıxmaq mümkün deyildi.
Başqa xüsusiyyətləri ilə yanaşı, bu, o deməkdir ki, müstəqil Azərbaycana SSRİ dövrünün konkret xüsusiyyətlərini struktur və funksional aspektlərdə özündə daşıyan (müsbət tərəfi ilə yanaşı, neqativ cəhətləri də) Elmlər Akademiyası miras qaldı. Burada dəyişməyən bir zərurət vardı: EA dövlətə xidmət etməli idi, ancaq sovetlərin ideoloji məcburiyyət xətti mütləq təmizlənməli idi. Yəni AMEA müstəqil Azərbaycan dövlətçiliyinin inkişafına töhfələrini verməli idi. Bunun üçün Ulu öndərin bir tezisi strateji hədəfi göstərirdi: AMEA Azərbaycanın milli sərvəti olmalıdır!
Həmin kontekstdə təşkilatda struktur-funksional yeniləşmələr bir qaçılmaz zərurət kimi görünür. Bu prosesin də, ən azı, iki mühüm tərəfi mövcuddur: birincisi, təşkilatın elmi tədqiqatların təşkili və kollektiv yaradıcılığın təmin edilməsi is¬tiqamətində yeniləşməsi, ikincisi, təşkilatda sovetlərdən qalmış bir sıra psixoloji məqamların aşılması. Hər iki aspekt çox önəmlidir.
Elmi tədqiqatların təşkili və kollektiv yaradıcılıq
AMEA-nın indiki rəhbərliyi bu istiqamətdə konkret islahatlar həyata keçirir. Onun ümumi məğzi AMEA-nın bütün sturkturları arasında optimal idarəetməyə və kollektiv yaradıcılığa optimal imkan verən mühitin yaradılmasından ibarətdir. Burada “optimallıq" dedikdə, Azərbaycanın strateji inkişaf kursunun tələblərinə maksimum dərəcədə cavab verən idarəetmə strukturu və kollektiv yaradıcı mühitin formalaşması nəzərdə tutulur. Yəni bütün hallarda AMEA-nın struktur-funksional qurum kimi, yeniləşməsi müstəqil dövlətçiliyin uğurlu inkişafına xidmətə bağlıdır.
Hazırda AMEA-da müşahidə edilən yenidən təşkilolunma prosesi həmin məqsədi ifadə edir. Bu prosesin tədrici və mərhəlli həyata keçirilməsi vacibdir. Çünki söhbət idarəetmədə çox ciddi keyfiyyət və forma dəyişikliyindən gedir. Əlavə olaraq, müstəqil dövlətçilik başlıca məqsəd kimi qarşıya qoyulursa, sovetlərdən qalma bir sıra idarəetmə, işə münasibət və psixoloji davranma xüsusiyyətləri aradan qaldırılmalıdır. Bunun bir çox struktur, funksional və psixoloji faktorları əhatə etdiyi və sistemli olaraq aparılması lazım gəldiyinin bir vəzifə olduğunun hər kəs fərqindədir. Digər tərəfdən, həmin prosesin kollektiv fəaliyyət nəticəsində uğurlu ola biləcəyini də anlamağımız lazımdır. Burada bir mühüm psixoloji məqamın üzərində dayanmaq istərdim.
Psixoloji maneələrin aşılması
İndi AMEA prezidenti çox fəaldır. Demək olar ki, yorulmadan və fasiləsiz təşkilatın dövlətçiliyə bağlı formada yeniləşməsi üçün çalışır. AMEA rəhbərliyi bütün fiziki, təşkilati, zehni potensialını dövlətçiliyin strateji inkişaf kursuna xidmətə yönəltmişdir!
Təbii ki, bu, bütün AMEA üçün bir nümunədir. Həm də dövlətçiliyə xidmətdə fəallığa dəvətdir. Əlbəttə, kollektivin buna reaksiyası çox müsbətdir. Eyni zamanda, bir sıra psixoloji sindrom halları var ki, onlardan açıq danışmaq zamanıdır.
AMEA-da köklü yeniləşmə ancaq kollektiv fəaliyyətin nəticəsində reallaşa bilər. Hər şeydən öncə, əməkdaşlar dövlətin strateji inkişaf kursuna xidməti indiki mərhələdə başlıca məqsəd kimi qəbul etməlidirlər. Kollektiv bunu qəbul edir. Bu istiqamətdə AMEA rəhbərliyi ilə daha mükəmməl və ardıcıl şəkildə fəaliyyət göstərmək çox vacibdir. Psixoloji məqamın aktuallığı, bütövlükdə, müasir mərhələdə elmi fəaliyyətin fəlsəfəsindən qaynaqlanır. Məsələ ondan ibarətdir ki, Qərbin elmi dairələrində tədqiqatçıların hansı dəyərlərə malik olması ilə bağlı konkret mövqe formalaşmışdır.
Avropada və ABŞ-də elmi araşdırmaların Qərb dövlətçiliyinin inkişafına sıx bağlı olması tezisi açıq və ya örtülü formada özünü göstərir. Təkcə ABŞ-da xüsusi xidmət orqanlarının təşəbbüsü ilə 300 (!)-dən çox strateji araşdırma mərkəzinin yarandığı haqqında informasiyalar var. Bu xüsusiyyət dünyanın hər bir inkişaf etmiş ölkəsinə xasdır. Tamamilə başa düşülən və normal qəbul edilməli olan haldır. Çünki heç zaman mücərrəd və cəmiyyətə aidiyyatı olmayan elmi fəaliyyət növü mövcud olmamışdır. Qədimdən Sokrat, Platon və ya Aristotel cəmiyyət üçün elm yaratmamışlarmı? Sokratın sarkazmı yunan cəmiyyəti və dövlətinin inkişafı, qanunlara əməl edilməsi naminə deyildimi? Sokrat həyatından “dövlətin qanunlarına əməl etmək zəruridir” fikri əsasında mərhum olmadımı?
Və yaxud hazırda inkişaf etmiş dövlətlər elmi araşdırmalara çox güclü ma-liyyəni nə üçün ayırırlar? Çünki elmi tədqiqatların nəticələrindən dövlətin və cəmiyyətin güclənməsi, tərəqqi etməsi üçün çox geniş istifadə edirlər. ABŞ-də Santa-Fe İnstitutu dünyanın ən istedadlı alimlərini müxtəlif elmi layihələrə hansı səbəbdən dəvət edir? O səbəbdən ki, alınan elmi nəticələrdən ilk olaraq Amerika dövləti yararlansın. Çin Elmlər Akademiyası son illər innovativ layihələrdə dünyada nə üçün birinci olmağı hədəfləmişdir? Əlbəttə, Çinin qədimdən gələn “Dao”su üçün – “Çinin Böyük İnkişaf Yolu” üçün!
Qonşumuz Rusiyada elmi fəaliyyət bütün sferalarda dövlətin və cəmiyyətin daha qüdrətli olmasına xidmət etmirmi? Moskva dünyanı əldə etdiyi elmi nəticələrin tətbiqi sayəsində yaratdığı texnoloji imkanlarla hədələmirmi? Və yaxud Rusiyadan öncə, ABŞ və Avropa dünyaya kosmik tədqiqatları, orijinal sosio-humanitar nəzəriyyələri hesabına meydan oxumurlarmı?
Başqa bir qonşumuz İran elmi tədqiqatlar nəticəsində müxtəlif yeni silahlar istehsalı və nüvə silahı istehsalı poten¬sialı ilə öyünmürmü? İranda hansı alim bunun yanlış olduğunu deyir və mücərrəd “azad tədqiqat”dan danışır? Bəlkə, yeni texnologiyalar məkanlarından biri olan İsraildə yalnız mücərrəd elmi axtarışlar vardır? Orada elmi fəaliyyət dövlətin maraqlarına xidmət etmirmi?
Nəhayət, qonşu və qardaş Türkiyə yalnız elmi-texnoloji sahədə sıçrayış xarakterli tədqiqatlara görə dünyada söz sahiblərindən biri olmuşdur! Bunun məhz elmi inkişafla əlaqəli olduğunu Səlcuq Bayraqdara Amerikada təhsil verən universitetin aparıcı alimləri də deyirlər. Onlardan biri “təəssüf edir” ki, S.Bayraqdara elm öyrətmişlər! Baxın, nə dərəcədə dövlətiləşmiş, siyasiləşmiş mövqedir və adam özünə görə haqlıdır!
Bütün bunları Azərbaycanda elmə bağlı olan hər kəsin aksiom kimi qəbul etdiyinə tam əminəm. Hər kəs deyir ki, “elə də olmalıdır”. Lakin psixoloji olaraq hansı səbəblərdən “Azərbaycanda elmi fəaliyyət dövlətə bağlı deyil, azad olmalıdır” cəfəngiyyatından dəm vurulur, mənə aydın deyildir. Dünyanın hər ölkəsi üçün normal qəbul edilən təbii bir proses Azərbaycana gələndə məzmunsuz və mücərrəd “elm və təhsil ideologiyasız olmalıdır” kimi zərərli tezis formasını alır! Qətiyyən elə deyil: indi Azərbaycanda elm və təhsil dünyanın istənilən ölkəsindən də çox dövlətə, onun strateji inkişafına, müstəqilliyinə və güclü intellektual cəmiyyət quruculuğuna xidmət etməlidir. Buna tamamilə və qeyd-şərtsiz əminəm! Səbəbləri haqqında bir qədər sonra.
Və AMEA prezidentinin fəallığının bu məqamda nə dərəcədə əhəmiyyətli olduğunu bir daha düşünməli və onun şəxsində bütün akademiyada yenilik-çilərə geniş dəstək verməliyik! Bu, bizim alim və vətəndaş kimi özünü təsdiqimizdir, müasir dövrün insanı kimi taleyimiz və müstəqil dövlətçilik qarşısında borcumuzdur. Əsas isə dövlət başçısının, xalqın və övladların qarşısında məsuliyyətimizdir!
Nümunə kimi gördüyümüz Qərbin elmi dairələri də ictimai, etik və sosial məsuliyyət məsələsini ön plana çəkirlər. Məsələnin bu tərəfi həm AMEA-nın yeniləşmə strategiyası, həm də fərd olaraq tədqiqatçının məsuliyyəti baxımından xüsusi araşdırılmalıdır!
***
Tədqiqat azadlığı ilə sosial məsuliyyətin münasibətinə AMEA-nın yeniləşmə kursu kontekstində yanaşanda təşkilat rəhbərliyinin fəaliyyətinin çox məqamla-rı aydın olur. Öncə, şübhə doğurmur ki, yeniləşmə mütləq surətdə ölkənin strateji inkişaf kursunun tələblərinə uyğun aparılmalıdır. Bunun reallaşma mexanizmi isə AMEA-nın struktur-funksional ənənəsi ilə dövlətçilik və müasirliyin optimal sintezinin müəyyən edilməsi əsasında mümkün ola bilər. AMEA-da yeniləşmə, məncə, məhz bu istiqamətdə aparılır. Burada “struktur-funksional ənənə”dən I məqalədə bəhs etmişik, “dövlətçilik” anlayışı haqqında da kifayət qədər izahlar müxtəlif mənbələrdə verilmişdir. “Müasirlik” termininin baxdığımız kontekstdə nəyi ifadə etdiyi üzərində dayanmağa ehtiyac vardır.
Elm, müasirlik və aktuallıq
Müasirliyin fəlsəfi anlamı mürəkkəbdir və çoxaspektlidir. Çünki bu termin ha-zırda cəmiyyətlərdə, şüurlarda və dövlət idarəetməsində baş verən dəyişmələrin modernləşmə aspektində özəlliklərini ifadə edir. Ancaq modernləşmənin özünün fəlsəfi anlamı da qeyri-müəyyəndir. Əgər iqtisadi modernləşmə nəzərdə tutulursa, bir qrup parametrlər nəzərə alınmalıdır.
Siyasi-ideoloji modernləşmə dedikdə, adətən, vesternizasiya (qərbləşmə) nəzərdə tutulur ki, bunun da müxtəlif an¬lamları mövcuddur.
Mənəvi-mədəni, əxlaqi müasirləşmək də eyni qaydada, adətən, vesternizasiya kontekstində başa düşülür. Hazırda ves¬ternizasiya heç də normal və tərəqqi kimi qəbul edilən proses deyildir.
Bu baxımdan “elmin vesternizasiyasi” həm məzmun, həm də yeniləşmə istiqaməti olaraq qeyri-müəyyənliyi və xeyli absurd yanaşmanı ifadə edir. Lakin bu, ümumiyyətlə, “elm - müasirləşmə” yanaşmasını arxa plana atmır. Xüsusilə, AMEA-nın yeniləşmə fəlsəfəsinin dərki baxımından onun əhəmiyyəti çoxdur.
Elmi kontekstdə müasirləşmə iki cəhətdən əhəmiyyətli görünür. Birincisi, elmi fəaliyyətin təşkilinin inkişaf etmiş ölkələrdə uğurlu olan təcrübəni nəzərə alaraq yenidən məzmunlaşdırılmasıdır. İkincisi, elmi tədqiqatların nəticələrinin dövlətin strateji inkişaf kursunun daxili məntiqi və tələblərinə uyğun qiymətləndirilməsi və tətbiq edilməsi mexanizmlərinin yeniləşməsidir.
Birincini qısa olaraq “xarici təcrübə” adlandırsaq, maraqlı mənzərə qarşıya çıxır. Çünki həmin təcrübənin özü tərkib və məzmunca heterogendir (eyni faktorlardan deyil, fərqli faktorlardan ibarətdir). Bunu son illər elmlərarası əlaqələrin inkişafı kontekstində dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlarda alınan nəticələr sübut edir. Məsələn, Latın Amerikası ölkələrində yeniləşmə təcrübəsi Uzaq Şərqin (məsələn, Sinqapurun) və Avropanın yeniləşmə təcrübəsi ilə üst-üstə düşmür. Avropa üçün səmərəli ola bilən təcrübə Latın Amerikasında elmi fəaliyyətin təşkilini geri ata bilir. Eyni məntiqlə Sinqapurda və ya Koreyada elmi yeniləşmə prosesi haqqında demək olar. Hər üç qitə üçün konkret aparılan tədqiqat əsasında biz bu qənaəti ifadə edirik.
Amerikalı və ya avropalı pedaqoqun yaradıcılıq haqqında təsəvvürü koreyalı və sinqapurlu pedaqoqun təsəvvüründən məzmunca fərqlənir. Koreyalı filosoflar və sosioloqlar bu nəticəni apardıqları geniş araşdırmalar nəticəsində almışlar.
Eynilə Latın Amerikasında intensiv olaraq elmin fənlərarası tədqiqat aspek-tində modernləşməsi ilə bağlı araşdırma¬lar aparılır. Onlar da təcrübə və ənənəyə görə, başqa regionlardan fərqli olduqlarını qəbul edirlər.
Azərbaycan indi bu təcrübələrdən hansını “müasir və yenilikçi” saysın? Bunun üçün kifayət qədər geniş fəlsəfi, sosioloji, kulturoloji, korss-kültür və konkret elmi-psixoloji araşdırmalar aparmaq lazımdır. Hələ o araşdırmaların nəticələrini necə ümumiləşdirməyin lazım gəldiyi ayrıca yanaşma tələb edir.
Bundan başqa, Azərbaycanda elmi fəaliyyətin təşkili təcrübəsi mövcuddur. Deməli, çıxış yolu ondan ibarətdir ki, mövcud Azərbaycan təcrübəsini müasir dövləti və toplumsal inkişafın müəyyən edilmiş şərtlərinə uyğun inkişaf etdirmək daha doğru yoldur. Burada bir mühüm məqamı təkrar vurğulamaq lazımdır, çünki haqsız iradlar da yarana bilər.
Mən heç də xarici uğurlu təcrübədən uzaq durmağı təbliğ etmirəm. Əksinə, onları sistemli və ardıcıl olaraq dərindən öyrənməliyik. Ancaq AMEA kimi təşkilatda elmi fəaliyyətin təşkili Azərbaycandakı ənənədən qaynaqlanaraq, onun müasir yanaşmalarla sintezində həyata keçirilməlidir. Bunun üçün isə Azərbaycanın strateji inkişaf kursunun təməl şərtləri fonunda kollektiv yaradıcılıq formalarının praktiki-tətbiqi məqamı ciddi nəzərə alaraq yeniləşməsi ilə beynəlxalq əlaqələri gücləndirmək gərəkdir. AMEA indi məhz bu istiqamətdə yeniləşmə kursunu ardıcıl olaraq gücləndirir. Burada gecikmək qədər, tələsmək də risklidir!
Bir qədər də ümumiləşdirsək, deyə bilərik ki, AMEA malik olduğu təcrübəni dövlət və ölkənin inkişaf xətti çərçivəsin¬də innovativlik aspektində müasirləşdirməlidir. Bu müstəvidə elmi-tədqiqat institutlarının struktur-funksional təşkili, onlar arasında əməkdaşlığın daha səmərəli olması və konkret nəticə verən komanda yaradıcılığın irəli aparılması zəruridir. Müşahidələr göstərir ki, AMEA həmin istiqamətdə fəaliyyətini davam etdirir.
AMEA-nn malik olduğu mövcud təcrübə nəzərə alınmasa, ümumiyyətlə, ölkə elminin perspektiv inkişafını riskə atmış oluruq. Bu təməl üzərində AMEA həm özü yeniləşməli, həm də digər elmi təşkilatları yeniləşməyə stimullaşdırmalıdır. Başqa heç bir elmi qurum bu işin öhdəsindən gələ bilməz. Çünki yalnız AMEA ən ümumi və geniş miqyasda illərdir ki, Azərbaycanda elmi fəaliyyətin və onun institutlaşmasının aparıcısı rolunda çıxış edir.
Nəhayət, AMEA-nın yeniləşməsinin, bütövlükdə, cəmiyyət üçün əhəmiyyətinin sosial-psixoloji aspekti də çox önəmlidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ictimai şüurunda və rəydə AMEA-nın yüksək elmi nüfuzu vardır. Bu, illərdir insanların psixologiyasında formalaşmışdır. Buna görə də cəmiyyət hər zaman AMEA-ya yüksək nəticələrin alındığı təşkilat kimi baxır və onu nümunə hesab edir. Əgər AMEA yeniləşməni uğurla etməsə, bu, cəmiyyətə sosial-psixoloji olaraq neqativ təsir edə bilər. Ümumiyyətlə, Azərbaycan elminə inam azalar.
Bunlardan aktuallıq məsələsinin fəlsəfi anlamına keçid etmək mümkündür. Yəni AMEA-nın yeniləşməsi Azərbaycan üçün hansı səbəblərdən aktual hadisə sayılmalıdır? Bunun dövlət, cəmiyyət və elmi camiyə üçün əhəmiyyəti nədən ibarətdir?
AMEA-nın yeniləşməsi aktuallığı
Elmi yeniləşmənin müasirliklə bağlı bir sıra məqamları haqqında yuxarıda dediyimiz fikirlər özlüyündə tədqiqat sərbəstliyi ilə məsuliyyətin optimal nisbəti məsələsini ön plana çıxarır. Bu faktorun işığında AMEA-nın yeniləşməsinin bütün cəmiyyət üçün aktuallığı aydın olur.
Çünki AMEA elmi təşkilat kimi ciddi məsuliyyəti olan bir qurumdur. İndiki mərhələdə bu aspektə çox diqqət yetirilir və təşkilatın rəhbərliyi bunda tam haqlıdır. Yenləşmə, doğrudan da, elə bir hadisədir ki, orada məsuliyyət ön plana çıxır. Yeniləşmənin aktuallığının məsuliyyət tərəfi məsələnin dövlətin inkişaf strategiyası ilə birbaşa bağlı olmasından qaynaqlanır.
AMEA indi həmin kontekstdə məsuliyyətini tam dərk edən təşkilat təsiri ba-ğışlayır və buna görə də yeniləşmənin uğurlu olacağına inam böyükdür. Ancaq burada başqa bir incə məqam da vardır. Məsələ əməkdaşların məsuliyyəti ilə bağlıdır. Əməkdaşlar fərdi və kollektiv miqyaslarda dövlət və cəmiyyət qarşı-sında məsuliyyəti dərindən dərk etməlidir ki, bütövlükdə, AMEA miqyasında yeniləşməyə konkret töhfə verə bilsinlər. Burada başqa mexanizm işləmir. Təşkilatın hər struktur səviyyəsində dinamik fəaliyyət olmalıdır. Deməli, institut kollektivləri tərəfindən AMEA rəhbərliyinin yeniləşmə kursuna ciddi dəstək olmalıdır.
Yeniləşmə prosesinin bu aspekti şübhə doğurmur. Onu nəzərə almaq lazımdır ki, yeniləşmə yalnız AMEA hüdudları çərçivəsində aktual deyildir – dövlət miqyasında da aktualdır! Çünki yeniləşmə strateji inkişafın uğurlu olması naminə aparılır və onun aktuallığının mərkəzi punktunu bu tezis təşkil edir. Faktiki olaraq AMEA-nın inkişafı məsələsi dövlətçiliyin inkişafı kontekstinə tam yerləşdirilmişdir. Təşkilat rəhbərliyi bunu bacardı və şübhəsiz ki, böyük nailiyyətdir. Həm AMEA-nın gələcəyi, həm də dövlət səviyyəsində həyata keçirilən və keçiriləcək islahatların elmi əsaslarının daha da genişləndirilməsi baxımından.
AMEA faktoru bu prosesə nə qədər dərindən nüfuz etsə, idarəetmədə elmin rolu bir o qədər artacaq. Əlbəttə, Azərbaycanda elmin dövlət idarəetməsində iştirakının ciddi ənənəsi mövcuddur. Ulu öndər Heydər Əliyev məsələnin bu tərəfinə daim böyük diqqət göstərmişdir. Ha¬zırda Azərbaycan Prezidenti İlham Əliyev həmin prosesi yeni mərhələyə yüksəldir. O, dövlət, ölkə və cəmiyyət üçün aktual olan məsələlərin araşdırılması ilə əlaqədar elmi camiyəyə müraciətlər edir. Məsələn, milli ideya ilə bağlı Prezident İlham Əliyevin ziyalılara səslənişi tarixi əhəmiyyətli hadisədir.
Bu fakt da onu göstərir ki, Prezident İlham Əliyev yeni, daha geniş miqyasda ölkənin elm camiyəsini dövləti işlərdə fəal iştiraka istiqamətləndirir və bunun həyata keçməsi üçün lazım olan bütün şəraiti yaradır. Buna görədir ki, Azərbaycan ziyalıları dövlət başçısının dəvətinə fəal reaksiya verirlər. O cümlədən, AMEA-da milli ideya ilə bağlı araşdırmalar intensiv olaraq aparılır.
Bunlardan aydın olur ki, Prezident İlham Əliyev alimlərlə ünsiyyətə ciddi diqqət yetirir və elmi nəticələrə böyük maraq göstərir. Strateji inkişafa aid sənədlərdə də mütləq elm və təhsil nəzərə alınır.
Yüksək strateji zəka sahibi olan Prezident dövlətin gələcək inkişafında, şübhəsiz ki, alimlərin iştirakını davamlı olaraq dərinləşdirəcək və genişlən-dirəcək. Bu, o deməkdir ki, Azərbaycan alimləri dövlət qarşısında böyük məsu-liyyət daşıdıqlarını bilməli və ona uyğun fəaliyyət göstərməlidirlər. Daha konkret səviyyədə bu, tədqiqat sərbəstliyi ilə alim məsuliyyətinin optimal nisbətinin təminatını ifadə edir.
AMEA-nın yeniləşmə ruhu bu istiqamətə tam uyğundur və təşkilatın rəhbərliyinin fəallığının artması bu baxımdan çox müsbət haldır. Bu məqamda AMEA-nın yeniləşməsinin dövlətçilik və müasirliklə əlaqəli başqa bir əhəmiyyətli özəlliyinə baxmaq ehtiyacı yaranır.
***
Əlbəttə, Azərbaycanda elm adamları arasında ünsiyyət həmişə olmuşdur və onlar ümumilikdə bir-birinin əsərlərini oxuyurlar. Eyni zamanda, indi aktual olan bu prosesin sistemləşdirilməsi, məqsədyönlü olması və Azərbaycan elmində məktəblərin inkişafını təmin etməyin optimal üsullarının tapılmasıdır. Çünki elmi fəaliyyət həm dünya miqyasında getdikcə daha çox kollektiv yaradıcı komanda kimi inkişaf edir, həm də AMEA-nın yeniləşmə kursunun mahiyyəti daha çox müxtəlif elm sahələri arasında əlaqələrin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bunun sırf elmi idrakın daxili inkişaf məntiqi ilə sıx bağlılığı vardır. Lakin burada həm də AMEA-nın tədqiqat strategiyasını ölkənin strateji inkişaf kursu çərçivəsində müəyyən etməsi ciddi rol oynayır. Bu məqsədə çatmağın yolu həm ayrı-ayrı elm sahələrinin özlərində, həm də müxtəlif elm sahələrinin qarşılıqlı əlaqəsində elmi təcrübələrin paylaşılmasının ciddi yer tutması ilə əlaqəlidir.
Məsələnin bu aspektinin aktuallığı AMEA Rəyasət Heyətinin son iclasında müzakirə olunan mövzuların fonunda daha aydın görünür. İclasda AMEA-nın gələn il olacaq 80 illik yubileyi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Yubiley qarşısında
AMEA prezidentinin məruzəsindən aydın olur ki, təşkilat qarşıdakı yubileyə elmi tədqiqatlarda və elmi-təşkilati işlərdə yeniliklərlə hazırlaşır. Burada tədqiqat institutlarında həyata keçirilən struktur dəyişiklikləri və idarəetmədə təkmilləşdirilmə prosesinin aparılması ilə yanaşı, Azərbaycan elmində böyük xidmətləri olmuş alimlərin yaradıcılığına həsr edilmiş tədbirlərin keçirilməsi də ciddi yer tutur. Bunlarla yanaşı, AMEA-nın 80 illik fəaliyyətinin müxtəlif aspektlərinin araşdırılmasına həsr edilmiş əsərlərin hazırlanması planlaşdırılmışdır.
Bu proseslərin AMEA-da strukturlaşma və idarəetmənin inkişaf etdirilməsi fonunda həyata keçirilməsi də maraq doğurur. Məsələn, AMEA prezidenti təşkilatda elmi fəaliyyətin nəticələrinin elektron formada ifadəsi sayəsində dünyanın müxtəlif elm mərkəzləri ilə əlaqələrin yeni səviyyəyə yüksəldilməsinə ciddi fikir verir. Bu prosesi şərti oalarq “Elektron Akademiya”, “Elektron elm” və “Elektron kitabxana” adlandırsaq, bütövlükdə, elmi fəaliyyətin təşkilinin dünya standartlarına uyğun həyata keçirməsini görərik. Deməli, AMEA-nın fəaliyyəti vaxtında dünya elmi dairələrinə aydın olacaq və bu da, şübhəsiz ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasına yeni təkan verəcək.
Bununla yanaşı, AMEA müxtəlif elm mərkəzləri ilə əlaqələrin inkişafına diqqəti daha da artırmağı qərarlaşdırıb. Məsələn, Türkiyənin TÜBİTAK təşkilatı ilə əməkdaşlıq artıq yeni səviyyəyə yüksəldilir – Azərbaycan elmi jurnallarının beynəlxalq indeksləşməsini ortaq həyata keçirmək kimi maraqlı proqram həyata keçirilir. Bu, Azərbaycan alimlərinin daxili jurnallarda elmi məqalələrinin dərc olunması prosesinə yeni stimul verəcəkdir.
AMEA rəhbərliyinin nəzərdə tutduğu digər məsələ təşkilatın 80 illiyinə həsr ediləcək konfransların, “dəyirmi masa”ların, yubileylərin, xarici elmi təşkilatlarla müxtəlif mövzulara həsr edilmiş elmi tədbirlərin keçirilməsi ilə bağlıdır. Bu da olduqca vacib addımdır, çünki Azərbaycan alimlərinin elmi təcrübələri paylaşmaq imkanları xeyli artır, ayrı-ayrı elm sahələrinin aparıcı tədqiqatçıları ilə ünsiyyət imkanları genişlənir.
Həmin kontekstdə dünyada tanınmış alimlərlə, o cümlədən, Nobel mükafatına layiq görülmüş yaradıcı insanlarla birbaşa görüşlərin təşkil edilməsi çox təqdirəlayiqdir. Bununla bağlı AMEA prezidenti, akademik İsa Həbibbəylinin tanınmış türk alim, Nobel mükafatı laureatı Əziz Səncəri AMEA-ya dəvət etməsi və onunla bir neçə gün gənc alimlərin ünsiyyətdə olmasının planlaşdırılması kollektiv tərəfindən xüsusi razılıqla qarşılanmışdır.
Nəhayət, AMEA Rəyasət Heyətinin son iclasında qurumun 80 illik yubileyi ərəfəsində bir neçə Azərbaycan aliminin yubiley tədbirlərini keçirməklə bağlı hazırlanmış proqram diqqəti çəkir. Orada ardıcıl olaraq müxtəlif elm sahələrində çalışmış alimlərimizin yaradıcılığı ilə tanışlığın nəzərdə tutulması çox vacibdir.
Bu faktları vurğulamağımız bir qədər standart və hesabat xarakterli görünə bilər. Lakin belə deyildir. Çünki həmin faktlar AMEA-nın yeniləşmə kursunun çox vacib bir istiqaməti – elmi fəaliyyətin təşkili və Azərbaycan tədqiqatçılarının aldıqları nəticələrin beynəlxalq miqyasa zamanında çatdırılmasının fəlsəfi dərki ilə əlaqəlidir. Ayrıca, AMEA rəhbərliyinin yeniləşmə prosesi çərçivəsində həyata keçirməyi nəzərdə tutduğu elmi fəaliyyət və araşdırma proqramlarının ölkənin stareji inkişaf kursu ilə bağlılığının fəlsəfəsi xüsusi əhəmiyyət kəsb edir. Nəhayət, bu məsələlərin adekvat təhlili AMEA-nın maliyyələşməsində ciddi yeniliklərin olması zərurətini aydınlaşdıracaqdır.
Elmin “elektronlaşdırılması”
“Elektronlaşdırma” məcazdır. Hələ XX əsrin ikinci yarısında Marşal Maklüyen “elektron mədəniyyət” növündən bəhs edirdi. Bu ifadə rəqəmsallaşma, İnternet və kompüterləşmənin cəmiyyətlərin həyatına geniş və dərindən daxil olması ilə kommunikasiyanın yeni növünün meydana gəlməsini əks etdirir. Kommunikasiyanın bu yeni növü sürətlə elm sahəsinə tətbiq edildi. İndi beynəlxalq indeksləşmiş jurnallar statusunda olan elmi dərgilər məhz bu proses nəticəsində vahid informasiya-təbliğat sistemində birləşdirildi.
Hazırda dünya üzrə elmi fəaliyyət və onun nəticələrinin paylaşılmasının kommunikasiya aspekti əsas olaraq kollektiv kommunikasiya yolu ilə baş verir. Bu zaman, tədqiqatın təşkili ilə alınan nəticələrin birbaşa tətbiqi məsafəsi zamanca çox qısalmışdır. Məzmunca təşkil etməklə tədqiqat yaradıcılığı, demək olar ki, birləşmişdir. Ona görə də alınan biliyin məzmunu elmi fəaliyyətin təşkili və təşviqi ilə birbaşa bağlıdır.
Çox dərinə getməyək. Alınan nəticə belədir: müasir mərhələdə hansısa ölkənin elmi camiyəsi dünya miqyasında yerini tutmaq istəyirsə, mütləq elmi fəaliyyətin təşkilini və araşdırma-yaradıcı prosesin özünü, alınan biliklərin ifadə və təqdimat formasını “elektronlaşdırmalıdır”. AMEA rəhbəri məhz məsələnin bu tərəfini Rəyasət Heyətinin son iclasında israrla vurğuladı. Burada “elektronlaşma”nın taktikası, strategiyası, reallaşma metodları ilə gözlənilən nəticələrin əlaqəsinin fəlsəfi-sinergetik izahı maraqlı olardı.
Ümumi səviyyədə elmin və ya akademiyanın elektronlaşması avtomatik olaraq elmi kitabxananın da elektronlaşmasını tələb edir. Çünki informasiyaların əlçatanlığını ancaq elektron kitabxana vaxtında və dolğun təmn edə bilər. Bu məqam AMEA rəhbərliyi tərəfindən ciddi surətdə nəzərə alınır.
Elektronlaşma elmi tədqiqatın təşkili ilə yanaşı, yaradcılığın ümumi mənzərəsini və onun müxtəlif yeniləşmə ssenarilərini görməyə geniş imkanlar verir. Dünya elmi praktikasında bu məqsədlə kifayət qədər modellər qurulmuşdur. Həmin üsulla AMEA elmin təşkili ilə tədqiqatın aparılmasının prioritet istiqamətlərini dinamik olaraq həm müəyyənləşdirə, həm də çevik yeniləşdirə bilər.
Elektronlaşma Azərbaycanda alimlərin elmi yaradıcılığının nəticələrini paylaşmaqda keyfiyyət dəyişikliyi edəcəkdir. Buna şübhə yoxdur. Çünki vahid kommunkasiya məkanının rəqəmsal forması avtomatik olaraq hər hansı elmi informasiyanı almağa şərait yaradacaqdır. Bu da elmi biliklərin yaradılması ilə onların paylaşmasını vahid sistemə birləşdirməyə və sürətli paylaşmağa baza yaradacaqdır.
Nəhayət, elektronlaşma AMEA-nın beynəlxalq miqyasa elmi çıxışını aniləşdirəcəkdir. Burada aparılan tədqiqatlar və alınan nəticələr sistemə bağlı olan istənilən subyektə anında çatacaqdır. İndi biz Bakıda Avstraliya, Cənubi Amerika və ya Yaponiyada aparılan tədqiqat haqqında necə sürətli xəbərdar ola biliriksə, AMEA sistemli şəkildə bu prosesin Azərbaycan alimlərinə də aid olmasını təşkil edir. Bu, həqiqi mənada yeniləşmənin mühüm bir aspektidir. Son zamanlar Azərbaycan alimlərinin beynəlxalq elektron şəbəkədə əsərlərinə tez-tez rast gəlirik və maraqla tanış oluruq. Həmin prosesdə AMEA-nın elektron elm yaratmaq xətti həlledici rol oynamaqdadır! Bu məqamı təşkilatın yeniləşməsinin elmi tərəfinin vacib bir istiqaməti kimi qəbul edə bilərik! Onun başqa bir əhəmiyyətli aspekti də mövcuddur.
Elm mərkəzləri ilə əlaqələr
İndi hər bir elmi təşkilat üçün başqa təşkilatlarla əlaqələr strateji xarakter daşıyır. AMEA-nın yeniləşmə kursunda bu istiqamət prioritetlərdən biridir. Müşahidələr göstərir ki, AMEA rəhbərliyi bu məsələyə iki aspektdə yanaşır. Birincisi, sırf elmi inkişaf kontekstidir. Burada, bütövlükdə, elmi araşdırmaların daha təkmil olması üçün təcrübə paylaşımı ön sıradadır. İkinci aspekt elmi əlaqələrin inişafı nəticəsində alınan nəticələrin ölkənin strateji inkişaf kursuna xidmətə istiqamətləndirməklə bağlıdır.
AMEA bu prosesi həm yeni səviyyəyə yüksəltmişdir, həm də ona konkret istiqamət və məzmun vermişdir. Bu o deməkdir ki, kimsə AMEA-nın öncəki dövrlərdə beynəlxalq əlaqələrinin olduğuna şübhə etmir. Əksinə, bu, daim olmuşdur. Lakin burada əsas məsələ işin təşkili və elmi məqsədlə yanaşı, əlaqələrə elə məzmun verməkdən ibarətdir ki, bütövlükdə, Azərbaycanın strateji inkişafına uyğun olsun.
Bu tezisin işığında AMEA-nın ilk növbədə türk dövlətlərinin elmi təşkilatları ilə daha sıx əlaqələrə və sonrakı mərhələdə inteqrasiyaya çalışması nümunəvi seçimdir. AMEA-nın Türkiyəni beynəlxalq sistemlərə bağlı olan elmi təşkilatlar ilə əlaqələri yenidən qurması digər türk dövlətləri üçün də bir səsləniş, dəvət və əməkdaşlıq modelidir. Azərbaycan siyasətdə və iqtisadiyyatda olduğu kimi, elmdə də Türk dünyasının inteqrasiyasının aparıcı ölkəsidir! Ancaq beynəlxalq elmi əlaqələr əsla bununla məhdudlaşmır.
Əksinə, həmin sistem vasitəsilə dünyanın bütün ölkələri üzrə elmi əlaqələrin yeni səviyyəsinə çıxış əldə etmək işi sürətlənir. Deməli, AMEA-nın yeniləşmə kursunda beynəlxalq elmi əlaqələrin sürətlənməsi ayrıca yer tutur. Bu məqamda bir daha AMEA-da elmi fəaliyyətın təşkilinin və tədqiqatların nəticələrinin paylaşılmasının elektronlaşmasının əhəmiyyəti və aktuallığı aydın olur. Şübhə yoxdur ki, digər istiqamətlərlə yanaşı, bu aspekt də AMEA-nın 80 illik yubileyinə yaxşı bir töhfə olacaqdır.
Müxtəlif elmi mərkəzlərlə əlaqələrin genişlənməsi, dərinləşməsi və yenidən məzmunlaşması kontekstində Azərbaycan elmi jurnallarının beynəlxalq indeksləşməsinin Türkiyə ilə ortaq həyata keçirilməsi vacib bir yenilikdir. Eyni zamanda, Azərbaycan elminin dünyada daha yüksək səviyyədə tanıdılması üçün yeni fürsətdir.
***
Elmi mərkəzlərlə əlaqələrin genişlənməsi
Dünyanın müxtəlif elmi mərkəzləri ilə əlaqələrin genişlənməsi ilə ölkənin elmi jurnallarının beynəlxalq indeksləşməsi bir-biri ilə sıx bağlı olan istiqamətlərdir. Onları bir məqsədə yönəldən Azərbaycan elminin dünya miqyasında tanıdılmasıdır. Həm də yeni, daha əsaslı və inandırıcı üsulla.
Məsələ ondan ibarətdir ki, sovetlər zamanı formalaşmış bir ənənə var: alimlər fərdi olaraq özlərini xaricdə tanıdırdılar. Məsələn, bizim çox məşhur və dəyərli alimimiz Xudu Məmmədov Almaniyada elmi konfransların birində elə məruzə etmişdi ki, zalda ayaq üstə dinləyənlər belə vardı. Lakin öncə, X.Məmmədovu onlar üçün “uzaq” olan Azərbaycandan gəlmiş “hansısa bir alim” kimi təsəvvür etmişdilər və onun məruzəsini konfransın sonuna 5 dəqiqə qalmışa salmışdılar. Ancaq Azərbaycan alimi etiraz edərək məruzəni ertəsi gün edəcəyini bildirmişdi. Almanlar onu təşkil etmişdilər və Xudu Məmmədov geniş məruzə ilə onların beyinlərini və qəlblərini fəth etmişdir. Başqa nümunələr də çoxdur. Ancaq məsələ ondan ibarətdir ki, indi AMEA özünün alimləri üçün sistemli və öncədən təşkilatı təmsil edən yaradıcı insan olaraq dünya miqyasına çıxarır. Belə ki, öncədən imzalanan əməkdaşlıq sənədinə görə, beynəlxalq aləmə çıxış edən Azərbaycan aliminin arxasında AMEA dayanır – alim həm özünü, həm də təşkilatını təmsil edir! Bu, daha real və nüfuzlu yanaşmadır.
Həmin aspektdə elmi jurnalların beynəlxalq indeksə malik olması öncədən Azərbaycan alimlərini dünyaya tanıdır və onlar beynəlxalq tədbirə tanınmış alimlər kimi gedirlər. Burada, təbii ki, “Azərbaycandan gəlmişdir, çıxış etsin” məntiqi deyil, “Azərbaycandan tanınmış alim, AMEA-nın əməkdaşını maraqlı məruzə üçün dəvət etmişik” məntiqi işləyir. Bu təqdimatlar arasındakı fərqi, yəqin ki, hər kəs aydın görür.
Deməli, Azərbaycan jurnallarının beynəlxalq indeksləşməsi sadəcə iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin elmi əməkdaşlıq formatı deyildir və o, geniş anlamda Azərbaycan alimlərinin dünya miqyasında yaradıcı əlaqələrinin artırılması, onların tanıdılması vasitəsilə elmimizin dünya elminə inteqrasiyasının “canlı” üsullarından biridir. AMEA bu is¬tiqamətdə ciddi surətdə yeniləşir!
Yubiley tədbirləri
Bu məsələni bir neçə dəfə vurğulamışıq. Azərbaycan alimlərinin yubiley tədbirləri, şübhəsiz ki, həm ayrılıqda alimlərin yaradıcılığının təşviqi, həm də bir camiyə olaraq Azərbaycan elm dairəsinin simalaşmasıdır. Buna “AMEA simalarda” desək, məsələnin proses olaraq əhəmiyyəti daha aydın görünər. Çünki əgər yubiley tədbirləri yaradıcılıqları ilə AMEA-nı təcəssüm edən alimlərimizin elm insanı kimi psixoloji, mənəvi, mədəni, kreativ özəlliklərini daha dərindən və geniş xarakterizə edə biləcəksə, bütövlükdə təşkilatın elmi fəaliyyətinin incəlikləri daha aydın olacaqdır. Buna görə də məhz Azərbaycan alimlərinin yaradıcılıq yubileyləri, onlar haqqında “AMEA simalarda” kod adlı əsərlərin nəşri əhəmiyyətli məqamdır. Bu kontekstdə dünyanın tanınmış alimlərinin AMEA-ya dəvət edilməsi ayrıca vacib prosesdir. Vurğuladığımız hallar sistem halında Azərbaycan elminin təşviqi üçün geniş imkanlar açır.
Əvvəlki məqalələrdə də qeyd etdiyimiz məqamları nəzər alsaq, şübhə yeri qalmır ki, AMEA rəhbərliyi yeniləşmə kursunu çox istiqamətdə vahid məntiqi müstəvidə və məqsədyönlü şəkildə həyata keçirir. Bu zaman ölkənin strateji inkişaf kursu çərçivəsində fəaliyyət göstərilir. AMEA-nın 80 illik yubileyinə hazırlıq həmin mənada istisna deyildir – təşkilat müəyyən dərəcədə ye-niləşmənin bir mərhələsinin hesabatını verməyə hazırlaşır. Bu hesabat atılan addımların konkret məzmunu prizmasında ölkənin baş elmi təşkilatının tarixi ənənə üzərində müasirləşməsinin müəyyən mənzərəsi olacaqdır. Elə bir mənzərə ki, orada AMEA-nın dövlətçilik və müasirliyin sintezində milli ideya kontekstində Prezident İlham Əliyevin, bütövlükdə, Azərbaycanı yeniləşdirməsinin konkret əlamətləri görünsün. Elə bir mənzərə ki, Azərbaycan Preziden-tinin dövlət, ölkə və cəmiyyətin strateji inkişaf kursunun AMEA-nın öhdəsinə düşən aspektlərini həyata keçirməkdə qətiyyətli olduğunu hər kəs görsün.
AMEA-nın bu yeniləşmə əzmi çox vacib başqa bir məsələni daha da aktuallasdırır.
Maliyyə təminatı
Uzun müddətdir ki, AMEA-nın maliyyələşməsi ölkənin ziyalı dairələrində geniş müzakirə olunur. Alimlər hesab edirlər ki, onların əməklərinin maliyyələşməsi sistemi ciddi keyfiyyət dəyişikliyinə uğramalıdır. Ayrıca, AMEA əməkdaşlıq və bütövlükdə kollektiv bir təşkilat olaraq, ölkənin baş elmi müəssisəsinə maliyyə ayırımı kəskin olaraq artmalıdır. Müqayisə üçün deyək ki, inkişaf etmiş ölkələrdə elmə 3-4 faiz ayrılır. Azərbaycanda bu rəqəm KİV-dəki informasiyalara görə, çox azdır.
Əlbəttə, burada həqiqət vardır. Eyni zamanda, bəziləri “alimlər nə yaradıblar ki, yüksək maliyyə təminatı olsun” kimi mücərrəd süni arqumentlərlə çıxış edirlər. “Qutadqu bilik” və “Nizamülmülk”dən bu yana belə bir ənənə vardır: dövlət alimi tam təmin etməlidir və hətta, ona müəyyən mülk verməlidir. Səbəbini belə izah edirlər ki, əgər dövlət alimini təmin etməsə, onda bunu başqaları edəcək və elm yadlara xidmət edəcək. Deməli, “Qutadqu bilik” və “Nizamülmülk” də əsrlərlə öncə elmin dövlətə və xalqa xidmətini ön plana çəkmişdir.
İndi AMEA tarixi yeniləşmə həyata keçirir. Dəfələrlə vurğulamışıq ki, bu xəttin əsas strateji məqsədi Azərbaycanın inkişafına xidmətdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev mükəmməl inkişaf kursu müəyyən etmişdir və bunun fonunda alimlər öz dövlətinə, cəmiyyətinə fayda verən araşdırmalara üstünlük verməkdə qərarlıdırlar. Və AMEA rəhbərliyinin bu seçimi, məncə, çox doğru və tarixi mahiyyətlidir. Çünki AMEA müasir mərhələdə ilk dəfədir ki, bir sistem, təşkilat və baş elmi müəssisə olaraq yeniləşmədə konkret istiqamət müəyyən edərək (Azərbaycan Prezidentinin bütövlükdə ölkəni inkişaf etdirmək kursu fonunda) ardıcılıqla yeniləşir.
Şübhə yoxdur ki, bu cür sistemli və davamlı prosesə ciddi maliyyə dəstəyi la-zımdır. AMEA-nın dövlətçilik və milli ideya kontekstində tam yeniləşməsi üçün ona uyğun maliyyələşmə mexanizmi həyata keçirilməlidir. Buraya dövlət büdcəsi ilə yanaşı, ayrı-ayrı nazirliklər və təşkilatların da sifarişləri və qrant müsabiqələri də daxil olmalıdır. Müqayisə üçün deyək ki, Rusiya alimlərinin məqalələrini oxuyanda əksəriyyətində “filan qrant əsasında yazılmışdır” informasiyasına rast gəlinir. Əlbəttə, Azərbaycanda da qrantlar verilir¸ lakin bu işin dinamik sistemli təşkilinə və irihəcmli qrantların sayının çoxaldılmasına açıqca ehtiyac vardır.
Maliyyələşmənin yeniləşməsi müasir tədqiqat üsulları prizmasında çox vacib görünür. Məsələnin mahiyyəti indi dünyada kollektiv, komanda halında araşdırmaların aparıcılıq təşkil etməsi ilə bağlıdır. Müxtəlif elm sahələrinin tədqiqatçıları birgə işləməyi və faydalı olmağı öyrənməlidirlər. Bunun üçün xüsusi maliyyələşən araşdırmaların aparılması zərurətdir.
Yeniləşməyə davam!
Yuxarıda vurğulanan fikirlərin işığında AMEA-da yeniləşmə prosesinin inamlılığı aydın görünür. Təşkilat rəhbərliyinin həyata keçirdiyi kompleks proqram-layihələr vahid bir məqsədə istiqamətlənmişdir və sistemli olaraq reallaşır. Azərbaycan alimləri öz potensiallarını dövlət və cəmiyyət üçün sərf etməkdən qətiyyən çəkinmirlər. Bu yolda hər cür fədakarlığa hazırdırlar. Azərbaycanın müstəqilliyi, güclü dövlət quruculuğu və güclü cəmiyyətin formalaşması prosesində AMEA bütün imkanları ilə iştirak edir. Belə görünür ki, təşkilatın 80 illik yubileyi bu baxımdan ayrıca əhəmiyyət daşıyan hadisə olacaqdır. Bu, AMEA-nın yeniləşməsi mərhələsinə düşən ilk yubileydir. Onun yüksək səviyyədə və elmi baxımdan faydalı olması üçün kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Yubiley müəyyən mənada həm də AMEA-nın yeniləşmənin hansı mərhələsində olduğuna aydınlıq gətirəcəkdir. Şübhə etmirik ki, həmin kontekstdə 80 illik yubiley təşkilatın elmi tarixində bir dönüş nöqtəsi olacaqdır və ictimai etirafa yol açacaqdır. Mən burada “ictimai etiraf” ifadəsini konkret mənada işlədirəm. Yəni Azərbaycan cəmiyyətinin hətta AMEA-nın fəaliyyətinə müəyyən şübhə ilə yanaşan kəsimləri ölkənin baş elmi təşkilatının düzgün və uğurlu yeniləşmə kursu seçdiyini etiraf edəcəklər. Bu da bütövlükdə cəmiyyətdə son illər müəyyən dairələr tərəfindən aparılan “antiakademiya” kampaniyasının iflası olacaqdır.
AMEA-nın elm tarixində 80 illik yubileyin dönüş nöqtəsi olmasının dərin mənası vardır. Burada bir neçə faktorun qarşılıqlı əlaqəsi özünü göstərir.
Birincisi, AMEA bundan sonra ölkə Prezidentinin həyata keçirdiyi inkişaf kursunun fəal iştirakçıalarından biri kimi dövlət quruculuğunda strateji qurum kimi funksiyasını yeni mərhələyə yüksəldəcəkdir.
İkincisi, AMEA-da tədqiqatların təşkili üsulu müasir proqressiv araşdırma üsulları ilə zənginləşəcəkdir.
Üçüncüsü, AMEA institutlararası əlaqələri daha sistemli, geniş və dərin səviyyəyə çatdırmaqla bir böyük araşdırma kollektivi kimi yeni struktur-funksional keyfiyyətə yiyələnəcəkdir.
Dördüncüsü, AMEA beynəlxalq əlaqələrini düşünlümş qaydada geniş-ləndirərək həm Azəbaycanda elmi təcrübəni zənginləşdirəcək, həm də müstəqil dövlət quruculuğu üçün prinsipial strateji əhəmiyyət daşıyan türk dövlətləri ilə elmi əməkdaşlığı yeni dinamik formata transfer edəcəkdir.
Əlbəttə, biz AMEA-nın 80 illik yubileyinin konkret nəticələrini 2025-ci ildə yenidən fəlsəfi təhlil etməyi və proqnostik fikirlər irəli sürməyi vəzifəmiz hesab edirik. Ancaq indidən təşkilat rəhbərliyinin yeniləşmə kursunun bir sıra fəlsəfi aspektinin təhlili göstərir ki, nikbin nəticələr alınacaqdır! AMEA bunun üçün səfərbər olunmuşdur və bu proses davamlı olacaqdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
"Xalq Qəzeti"