28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Mayın 27-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Dövlət himni səsləndirildikdən sonra tədbiri Institutun direktoru, f.e.d., prof. İlham Məmmədzadə açaraq, bayram mübasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Professor giriş sözü ilə çıxış edərək 1918-ci ildə mayın 28-də mürəkkəb siyasi şəraitdə əsarət altında yaşayan tarixi, mədəniyyəti, dini, dili sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaranması tarixini təhlil edərək, Azərbycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Sonra elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli çıxış edərək, Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən, Cümhuriyyətin qurucularının fəaliyyətindən, xalq üçün göstərdiyi xidmətlərdən danışdı. Xalqımızın şanlı tarixinə daxil olan 28 May 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür.Bu gün bu tarixdən 106 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümrhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar. Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.Tədbirdə f.ü.f.d.Şölət Zeynalov, f.e.d. Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Müstəqillik Gününün əhəmiyyətindən danışdılar.