Professor İlham Məmmədzadə və f.ü.f.d. Samirə Dadaşovanın “Fəlsəfə və gələcəyin obrazları haqqında” birgə məqaləsi “Akademik V.Stepinin dövrü” toplusunda dərc olunub
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru prof. İ.Məmmədzadə və f.ü.f.d. S.Dadaşovanın “Fəlsəfə və gələcəyin obrazları haqqında” birgə məqaləsi Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun redaktorluğu ilə nəşr olunan “Akademik V.Stepinin dövrü” toplusunda dərc olunub. Kitab görkəmli filosof, pedaqoq, elm təşkilatçısı, Rusiya Elmlər Akademiyasının akademiki, Belarus Milli Elmlər Akademiyasının xarici üzvü, Belarus Dövlət Universitetinin fəxri professoru Vyaçeslav Semenoviç Stepinin (1934–2018) 90 illik yubileyinə həsr olunub. O, fəlsəfə və elmin metodologiyası, sosial fəlsəfə, mədəniyyət fəlsəfəsi və mədəniyyətşünaslıq sahəsində fundamental əsərlərin müəllifidir. Onun konseptual ideyaları elmi nəzəriyyənin strukturuna və dünyanın elmi mənzərəsinə, özünü inkişaf etdirən mürəkkəb sistemlərin və sivilizasiyanın inkişafı növlərinin post-klassik metodologiyasına töhfə verib. V.S.Stepin haqqında kitabın əsas ideyası onun şəxsiyyətin irsini təhlil etmək, onun ideyalarının müasirlərinin əsərlərində necə inkişaf etdiyini izləməkdir. Topluda V.S.Stepinin yaradıcılığı ilə bağlı elmi biliyin, sivilizasiyanın və mədəniyyətin inkişafının geniş spektrinin aktual problemlərini əhatə edən alimlərin o cümlədən, Hans Lenk, Tom Rokmor, A.Hüseynov, V.Lektorski, Feliks Valdez Qarsiya, A. Lazareviç, B. Prujinin və bir çox başqa məşhur filosofların məqalələri yer almışdır.