06.01.2019, 22:40 - Baxış sayı: 1141

Qərb siyasətində qlobal miqrasiya böhranı


Eynulla Mədətli
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, fövqəladə və səlahiyyətli səfir


(Baş nazir Novruz Məmmədovun ideya müəllifi və baş redaktoru olduğu “Qlobal miqrasiya böhranı” kitabına dair qeydlər)
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun ideya müəllifi və baş redaktoru olduğu “Qlobal miqrasiya böhranı – beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində hazırlanıb nəşr edilmişdir. On milyonlarla günahsız mülki insanın faciəsinə çevrilən bu qlobal böhranın tədqiqi, səbəblərinin və mahiyyətinin təhlili, miqyasının və dinamikasının təsviri sözün əsl mənasında dünya ictimaiyyətinə bir insanlıq çağırışıdır. Ümumən beynəlxalq münasibətlərə, xüsusilə də Azərbaycan Respublikasının xarici siyasət məsələlərinə dair dərin məzmunlu siyasi-elmi əsərləri ilə ölkə ictimaiyyətinə yaxından tanış olan Novruz Məmmədovun ideyaları və konseptual yanaşma üsullarını bu dəyərli tədqiqat işində ustalıqla miqrasiya probleminin nəzəri və təcrübi cəhətlərinə tətbiq edərək ilk dəfə bu problemi tarixi gedişatı, səbəb və nəticələri ilə araşdırıb üzə çıxaran müəlliflər heyəti, xüsusən elmi redaktor, fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova bu kürəsəl problemi doğuran səbəblər və onların həlli yolları barədə əsaslı məntiqi nəticələr çıxarmış, təkliflər ortaya qoymuşlar.
Kitabda hazırda dünya ictimaiyyətini, dövlətləri və xalqları ciddi narahat edən, siyasətçiləri və hökumətləri bu qlobal böhrandan xilas olmaq üçün düşünüb yollar axtarmağa vadar edən analitik təhlil və rasional çağırışlar ilk baxışdan diqqəti cəlb edir. Əgər planetimizdə qlobal istiləşmə və iqlim dəyişikliyi kimi həm təbii, həm də insan amili ilə əlaqəli problemlərin yaranmasında siyasətçilərin rolu olmasa da, humanitar fəlakət halına gəlmiş miqrasiya prosesləri birbaşa dünyanın müxtəlif dövlət və hökumət başçılarının, onların yeritdiyi eqoist siyasətin nəticəsində meydana çıxmışdır.
Təqdim olunan ­kitabın nəşrindən əvvəl Novruz Məmmədov “Müasir tarixdə miqrasiya prosesi haqqında” məqaləsində yazmışdı ki, miqrasiya axını müstəmləkəçiliklə birlikdə yaranıb və onun qalığıdır. Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir. Miqrasiya siyasəti birinci mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, ikinci mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib. İndi bu siyasətin üçüncü mərhələsi başlayır. Bu mərhələdə artıq miqrantlara “qanundankənarlar” adı verilir. Təqdirəlayiqdir ki, bəhs edilən mərhələlərin hərtərəfli təhlilinə bu kitabda geniş yer verilmişdir.
Kitabda ümumdünya miqrasiya proseslərinin təhlilində bu böhranın tarixi-siyasi səbəbləri, onun geosiyasi əsasları yeni baxış bucağından diqqət mərkəzinə cəlb edilir, böhranın bu gün dünyada qərarlaşmış beynəlxalq münasibətlər ­sistemini ­ciddi ­sınağa çəkdiyi vurğulanır. Qeyd olunur ki, tarixin bütün mərhələlərində dünyanın müxtəlif bölgələrində baş vermiş nizamsız köçlər, tənzimlənməyən yerdəyişmələr hər zaman cəmiyyətin qarşısında bir çağırış olmuş, lakin heç vaxt indiki qədər böyük narazılıq doğurmamışdır.
Kitaba Novruz Məmmədovun yazdığı əhatəli ön sözdə vurğulanır ki, indi bir çox hallarda Şərq ölkələrindən və Afrikadan məcburi miqrasiyaya məruz qalan insanlara yardım göstərməkdən imtina edilir. Onların etnik, dini kimlikləri ön plana çıxarılır. Beləliklə, beynəlxalq münasibətlər sistemində davranış kodeksi hesab edilən beynəlxalq hüquq yalnız söz və bəyanat formasında bəzi sənədlərdə görüntü yaratmaq naminə qeyd olunur, insanlar və dövlətlər səviyyəsində ədalət anlayışı iflasa uğrayır, böhranlı regionların və ərazi münaqişələrinin sayı, həmçinin zəngin və yoxsul cəmiyyətlər arasındakı fərqlər getdikcə artır.
Şübhəsiz ki, hazırkı şəraitdə kütləvi miqrant axınının başlıca səbəbi silahlı münaqişələrdən, etnik və dini qarşıdurmalardan, terror hücumlarından, ağır iqtisadi-siyasi vəziyyətdən qaynaqlanır, öz ölkələrində can və həyat güvənliyini itirən insanlar ümidlə Avropaya üz tuturlar. Təbii ki, daha yaxşı həyat şəraiti, təhsil, inkişaf və rifah arzusu ilə Qərb ölkələrinə sığınmaq istəyənlər də çoxdur. Kitabda qeyd olunduğu kimi, yalnız son beş ildə milyonlarla qaçqın-köçkün artıq Avropa ölkələrində yerləşmişdir və bu dalğa hər an durmadan artmaqdadır. Bu da acı reallıqdır ki, heç də hər yerdə bu məcburi köçkünləri xoş və firavan həyat gözləmir, minlərlə qaçqın-köçkün Aralıq dənizində öz həyatlarını itirdiyi kimi, yüz minlərlə bu axına məcbur qatılan şəxs isə yeni sığındığı ölkələrdə qeyri-müəyyən gələcəkləri ilə üz-üzə qalmışlar.
BMT-nin məlumatına görə 2015-ci ildə dünyada 21 milyon nəfər qaçqın olmuşdur, onların yalnız 6 milyon nəfəri Avropaya yerləşə bilmişdir. Son üç ildə qaçqın və köçkünlərin sayı kəskin şəkildə artmışdır və on milyonlarla insan qeyri-insani şəraitdə həyatlarını sürdürür.
Kitabda hazırkı məcburi miqrasiyanı doğuran səbəblər dərindən və hərtərəfli araşdırılmışdır. Burada Novruz Məmmədovun irəli sürdüyü aşağıdakı suallar öz cavabını tapmışdır: Kütləvi miqrant axınının səbəbləri nədir? Niyə asiyalılar və afrikalılar daha çox bu axına məruz qalırlar? Zəngin təbii sərvətlərinə baxmayaraq, bu ölkələrdəki həyat səviyyəsi niyə Qərbdən bu dərəcə aşağıdır? Zəngin tarixi-mədəni irsə malik olan və Qərb ölkələrinin müstəmləkəsi olmuş bu Şərq və Afrika ölkələri nədən inkişafdan geri qalmışlar? Əsərin ideya müəllifi dünyadakı miqrasiya axınlarının orta əsrlərdən başlandığını, XX əsrin “soyuq müharibə” zamanı da davam etdiyini, lakin XXI əsrin əvvəllərindən yeni mərhələyə daxil olduğunu göstərməklə, Qərbin “üçüncü dünya” adlandırdığı bu ölkələrə münasibətinin də əsaslı dəyişikliklərə uğradığını, bir zamanlar miqrasiyaya multikulturalizm elementi kimi yanaşan və bundan öz təsir dairəsini genişləndirmək və öz maraqlarına uyğun istifadə etmək istəyən hakim dairələr indi miqrant gəlişini fəlakət kimi dəyərləndirir, bunun qarşısını almaq üçün bütün mümkün maneə və çətinliklərdən istifadə edirlər.
Kitabda toxunulan mövzuların əksəriyyətinə mahiyyətcə yeni baxış və dəyərləndirmə sərgilənməsi təqdirəlayiqdir. Məsələn, İraq, Liviya, Əfqanıstan və digər ölkələrdə xarici qüvvələrin dəstəyi və iştirakı ilə həyata keçirilən rejim dəyişiklikləri, qanlı hadisələr “Ərəb baharı” adı ilə ortaya atılmışdır. Bahardan çox şaxtalı və amansız qışı xatırladan bu olaylara münasibət, Qərbin bu ölkələrə qarşı yanlış siyasəti və bunun doğurduğu acı nəticələrə verilən elmi qiymət maraq doğurur.
Burada diqqəti çəkən məqamlardan biri də hələ vaxtilə Avropada irəli sürülmüş multikulturalizm ideyasının iflasa uğramasının islamafobiya meyillərinin güclənməsi ilə paralel getməsinin vurğulanmasıdır. Kitabın ön sözündə birmənalı şəkildə qeyd olunur ki, əslində Avropanın özünün bəyan etdiyi liberal, demokratik dəyərlər, insan ­haqları prinsipləri heç də “universal dəyərlər” deyildir, onların yalnız özləri üçün nəzərdə tutub təbliğ etdikləri multikulturalizm isə ­geosiyasi təməllərə, özəl ­maraqlara əsaslanır.
Bizim fikrimizcə, əlbəttə kütləvi miqrant axınının, daha çox isə İslam dininə mənsub olan köçmənlərin ardı-arası kəsilmədən Qərbə üz tutmasının xristian dəyərlərinə zərər vuracağından və gələnlərin içərisində radikal dinçilərin və terrorçuların da ola biləcəyindən əndişələnən Qərb ölkələrinin narahatlığı başadüşüləndir. Lakin, onların bəziləri tərəfindən kobud xarici müdaxilələr edilməsəydi və “demokratiya ixracı” siyasəti yeridilməsəydi, bu acı nəticələr də yaranmazdı. Xalqların əsrlər boyu formalaşıb sabitləşmiş nizamının, idarə üsulunun və həyat tərzinin geosiyasi maraqlar xatirinə dəyişdirilməsi yolverilməzdir. Tarixin təcrübəsi göstərir ki, bir qayda olaraq, xalqlar özlərinin layiq olduğu hakimiyyətə malik olurlar və bu hakimiyyətlər hər nə qədər ədalətli, ya zalım olsalar da, onlar xalqın həmin tarixi vətəndə yaşamasını, varlığını sürdürməsini pis-yaxşı təmin edir, yeri gəldikdə isə asayiş, sülh və bütövlük naminə ən sərt addımlar atmaqdan da çəkinmirlər. Bu da çıxılmaz xaosdan, qanlı qarşıdurmadan daha yaxşıdır.
Miqrasiya böhranının səbəbləri və doğurduğu nəticələr heç şübhəsiz ki, həm beynəlxalq aləmin və regional siyasətin fəal aktoru kimi, həm də məcburi köçkünlüyün və qaçqınlığın acısını birbaşa çəkən ölkə olaraq Azərbaycan dövlətini, ölkəmizin bütün əhalisini illərdir ki, ­narahat edir. Ermənistanın hərbi təcavüzü və ölkəmizə qarşı elan edilməmiş müharibəsi nəticəsində həm tarixi yurdlarımız olan Ermənistan ərazisindən, həm də işğal edilmiş Azərbaycan torpaqlarından ölkəmizin digər bölgələrinə məcburi köç etməyə və canını qaçıb qurtarmağa vadar edilmiş 1 milyon soydaşımız və vətəndaşımızı qəbul edib yerləşdirmək bir ölkənin təkbaşına görə biləcəyi iş deyildi. Bununla yanaşı, müxtəlif siyasi-hərbi səbəblər üzündən ölkəmizə pənah gətirən qonşu region sakinlərinə də Azərbaycan xalqı qucaq ­açmışdı. Ulu öndər Heydər Əliyev bu məsələlərin həlli üçün ayrıca Dövlət Komitəsi yaratmışdı.
İndi də beynəlxalq humanitar yardımlar sahəsində BMT xətti ilə və birbaşa bu bəladan əziyyət çəkən ölkələrə, müxtəlif səbəblərdən zərərçəkən xalqlara öz xeyirxah insani dəstəyini əsirgəməyən Azərbaycan dövləti dünyada baş alıb gedən zorakı miqrasiyaya biganə qala bilmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin oktyabrında hökumətin iclasında dediyi aşağıdakı fikirlər dünya ictimaiyyətini düşündürməlidir. Prezident demişdir: “Mən miqrasiya böhranı haqqında dəfələrlə fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir... Bu da sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur... Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir”.
Prezident İlham Əliyevin miqrant böhranı ilə əlaqədar toxunduğu bütün məsələlər təqdim olunan kitabda tədqiqata cəlb edilmiş, XXI yüzilliyin əvvəllərində başlayan miqrasiya böhranının Avropa İttifaqı dövlətləri arasında dərin fikir ayrılığı yaratması vurğulanır, qitənin müstəmləkəçi keçmişə malik olan dövlətləri ilə Şərqi Avropa ölkələrinin baş verən proseslərdə heç də eyni məsuliyyət daşımadıqları ilə bağlı mövqeyi müqayisə edilir. Burada həmçinin Cənubi Qafqazda tarix boyu baş verən miqrasiya proseslərinin episentri kimi Azərbaycana ayrıca diqqət yetirilir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinin kökündə çar Rusiyasının müstəmləkəçi köçürmə siyasəti, bu zaman güdülən məqsəd və strategiya geniş təhlilə cəlb edilir. Kitabda vurğulanır ki, 1828-ci ildə Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra hakimiyyət orqanları sistemli şəkildə Azərbaycan torpaqlarına digər xalqları yerləşdirməyə başladılar. Çar Rusiyası hökuməti Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra İran və Osmanlı dövlətindən erməni əhalini kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürməyə başladı. Beləliklə, Cənubi Qafqazda XX əsrin əvvəllərində ermənilərin sayı 1 milyon 300 min nəfərə çatdırılmış oldu. Bununla da, ermənilərin iddialarına zəmin yaradılmış oldu. 1988-ci ildə isə, son 70 ildə mərhələ-mərhələ həyata keçirilən azərbaycanlıların Ermənistandan köçürülməsi siyasəti başa çatdı, azərbaycanlı əhali də zorla öz tarixi yurdlarından çıxarıldı. Bu hadisələr kitabda tarixi faktlar əsasında elmi təhlil edilmişdir.
Kitabda Novruz Məmmədovun gəldiyi nəticə və verdiyi tövsiyə də olduqca diqqətçəkicidir: “Vəziyyət nə qədər mürəkkəb olsa da, çıxış yolu kifayət qədər aydındır. Artıq beynəlxalq birlikdə gedən proseslərdə dünyaya köhnə “müstəmləkə eynəyi” ilə baxmaqdan imtina etməyin, ədalət anlayışını öz maraqları çərçivəsində həyata keçirməyə çalışmaqdan əl çəkməyin vaxtı çatmışdır.” Çünki, dünya birliyi miqrasiya böhranının həllinə yalnız beynəlxalq ədalət və hüquq prinsiplərinə əməl etməklə nail ola bilər.

Xalq qəzeti