18.01.2019, 13:27 - Baxış sayı: 978

20 Yanvar insanlıq tarixinə və milli yaddaşa yeni yanaşmanı zəruri edir


Sənan Həsənov
Fəlsəfə İnstitutunun "Heydər Əliyevin siyais irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Müasir dünyada bəşəri dəyərlərin əxz edilməsi, bilavasitə milli yaddaşların və millətlərin tarixindən çıxarılan nəticələrin öyrənilməsini gündəmə gətirir. Əslində, insanlıq tarixi bəşər tarixinin elə özəyidir. Ona görə də, millətlərin, xalqların həyatında baş vermiş hadisələrə ayrı-seçkilik qoymadan ədalətli qiymətin verilməsi dünyanın gələcək taleyinə çox ciddi təsir edən amildir. Əlbəttə, fərqli yanaşmalar tarixən olub, indi də var, yenə də olacaq. Problem ondadır ki, bu gün dünyada baş verən elə hadisələrə birtərəfli yanaşmalar var ki, bu hadisələr bütün insanlıq tarixi üçün cinayətdir və onun dünyanı qlobal təhlükələrlə üz-üzə qoyduğu çox açıq-aydın görünür. Özü də qabaqcıl dünya ölkələrinin qismində belə laqeydlik, hansısa yanlış siyasətin qurbanına çevrilmiş yanaşmalar və s. bizi narahat edib düşündürməkdədir. Şübhə yox ki, hər bir xalqın özünəməxsus milli keyfiyyətləri onların özləri ücün bir örnək ola bilər. Bəs bu keyfiyyətlərdən bəşəriyyət nə əxz edir? Onların tərəqqiyə, yoxsa tənəzzülə daha çox təsiri vardır? Bu suallara cavabı, hesab edirəm ki, hər bir xalq öz tarixi yaddaşından qaynaqlanan düşüncələrində axtarmalıdır. Tarixə nəzər salarkən, görünür ki, bəzi xalqlar öz dövləti və dövlətçiliyi çərçivəsində bu axtarışı hansısa səviyyədə edib. Lakin bəşəriyyətdə sabitlik və inkişaf naminə tarixi yaddaşlara obyektiv yanaşmanın ifadəsi, təəssüf ki, çox azdır. Əgər hansısa bir dövlət hegemonluq edərək, öz siyasi məqsədlərini həyata keçirmək üçün bütün bəşəri dəyərləri tapdalayıb, milyonların qanına əlini batırırsa, daha sonra isə ona müxtəlif çalarlar verərək, özünə haqq qazandırmağa çalışırsa, onda dünyada mütərəqqi ideyalar ətrafında insanları birləşdirən dəyərlərin və hüquq mexanizmlərinin fəaliyyəti, təbii ki, şübhə altına düşür. Bu səpkili sualları və mühakimələri çox etmək mümkündür. Lakin deməliyəm ki, humanizmdən, haqq-ədalətdən danışarkən, azərbaycanlı milli yaddaşından və onun komponentlərindən sivil dünya qurulması yolunda çox şey əxz edilə bilər. Bunu açıq deməyə haqqımız var. Çünki tarixən siyasi maraqların kəsişdiyi və həmişə düşmənlərin açıq və gizli hərbi-siyasi planlarında agır və məşəqqətli mübarizə meydanına çevrilmiş Azərbaycan hec vaxt sınmamış, mənəvi-hümanist dəyərlərini itirməmiş, bəşəriyyətin taleyinə xələl gətirən, insanlığa zərbə vuran əməllərin qarşısına müdrik fikirləri və ədalətli addımları ilə çıxmışdır. Tarixin belə mürəkkəb prosesləri bizim xalqımıza cox faciələr yaşatmış, milyonlarla günahsız soydaşıımız zaman-zaman haqsızlığın qurbanına çevrilmişdir. Ən yeni tariximizin daha bir qanlı səhifəsi 1990-cı ilin 20 yanvar tarixində Sovet imperiyasının günahsız insanlarımızı görünməmiş təcavüzə məruz qoyması, insanlığa, bəşəriyyətə qarşı qanlı cinayət törətməsi ilə yazılmışdır. Bu insanların meydana neçə, kimin təhriki ilə gəlməsi ayrı məsələdir. Buna görə də imperiya, əgər günahı vardısa, 3-5 təşkilatçını cəzalandıra bilərdi. Lakin əsas tələb bu idi ki, əsrlərlə haqqı tapdanan, təcavüzə, torpaq itkisinə məruz qalan Azərbaycan xalqı öz tarixi əraziləri hüdudlarında müstəqilliyini bərpa etmək istəyirdi. Bu, həmin vaxt idi ki, digər xalqlar da imperiyanın əsarətindən azad olmaq ücün mübarizəyə qalxmışdılar. XX əsrin 90-cı illərində Dağlıq Qarabağda milli zəmində ziddiyyətlərin dərinləşməsi və onun ağır nəticələri, tarixi torpaqlarımızdan növbəti dəfə yüz minlərlə soydaşıımızın köçürülməsi imperiyanın apardığı şövinizm siyasətini pik həddə çatdırmışdı. Belə bir zamanda xalqın haqlı tələbi, heç kimin haqqına girmədən öz müqəddəratını özünün təyin etmə istəyi ortaya qoyulmuşdu. Bunu istəməyən imperiya günahsız insanlarımızı səhv siyasi ideologiyanın qurbanı edərək, genosid siyasətini həyata kecirməkdən cəkinməmişdir. Halbuki Sovet imperiyası öz səhvləri üzündən daxili və xarici amillərin təsirindən çökmüşdür. Bu süqutun labüdlüyü və qarşısıalınmazlığı mərkəzi hakimiyyətə də çox yaxşı məlum idi. Bəs onda çürümüş Sovet rejimi nədən narahat idi və bu qırğınları törətməkdə məqsəd nə idi? Yaxud ona ehtiyac var idimi? Bu qanlı cinayətləri törətməkdə məqsəd, şübhəsiz ki, imperiyanı qoruyub-saxlamaq cəhdi deyildi. Çürümüş və çirkabla pərdələnmiş imperiyanın xalqlara olan münasibətinin iç üzü idi ki, bu obrazı göstərməklə özünü sübut etdi. Lakin bu qırğının imperiya tərəfindən törədilməsi, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının müstəqillik əzmini qırmaq mümkün deyil. Bu tarixi cinayətə genosid deməyə əsalarımız coxdur. Onların ən dəhşətlisindən biri budur ki, azğınlaşmış silahlı imperiya qüvvələrinə rəhbərlik edənlər insanlarımızı vəhşıcəsinə öldürdükləri bir tərəfə, onların cəsədlərinin kütləvi şəkildə dənizə tökülməsi haqqında əmr vermişlər. Bu da həmin hadisənin izinin itirilməsini qarşıya qoymuş əsas məqsəd idi. Bu zaman xalqımızın möhkəm iradəsini sındıra bilməyən imperiya qüvvələri insanlarımız tərəfindən dəniz kənarında cəkilmiş sipərlə qarşılaşmışdılar. Bu sipəri yara bilmədilər.
Bura da əliyalın xalqın iradəsi öz sözünü dedi və silahlı imperiyaya qalib gəldi. Məkrli qüvvələr bu hadisələrin tərkib hissəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasını, ölkəni daxildən parcalamaq ücün tarixi planın həyata kecirilməsini əsas məqsəd kimi qarşıya qoymuşdur. Bunun ücün milli zəmində qırğınlar törətmək, dünyada məzlum erməni obrazı yaratmaqla Sumqayıt, Bakı, Əsgəran və s. yerlərdə erməni və Azərbaycan xalqını bir-birinə qarşı qoymaqla bərabər, daxili sabitliyin pozulması dövlət çevrilişlərinə edilən cəhdlər ön plana cıxmışdır. Tarix sübut etdi ki, bu işə maraqlı qüvvələr yenə də zəif ermənicilk sindromundan məharətlə istifadə etdilər. Çünki Qafqazda bu sindrom tarixən Azərbaycan xalqına qarşı əldə vasitə kimi istifadə olunmuşdur. Çox təəssüf ki, hakimiyyətdə olan o zamankı rəhbərlər, belə siyasi gedişləri düzgün dərk etmədilər ki, düşmən qüvvələr Azərbaycanı parçalayaraq, bir dövlət kimi məhv etməyi qarşısına məqsəd olaraq qoyub. Az bir vaxtda həmin plan açıqca özünü göstərməyə başladı. İmperiyanın və bir sıra xarici kəşfiyyatın təsiri ilə ölkəmiz addım-addım tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Deyərdim ki, bu yaxın tariximizin acı və bizə açıqca göstərdiyi həqiqətlərdir. Bu zaman Ulu Tanrı Dahi Öndər Heydər Əliyev dühasını xalqımızın köməyinə gətirdi. Tamamilə öz məcrasından çıxmış, hümanizmi tapdamış, insani və bəşəri dəyərləri məhv etmiş avantürist bir siyasətin caynağından Azərbaycanın qurtulmasının ağır yükü, məhz bu dahi şəxsiyyətin üzərinə düşdü. Bu gün, bir çox region dövlətləri bilməlidirlər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanla yanaşı, bu çirkin siyasətin girdabında boğularaq, onun təsiri altına düşmüş böyük bir regionun taleyinin xilaskarlıq missiyasını həyata keçirdi. Öz siyasi iradəsi ilə dünyaya bir həmrəylik, regiona sabitlik, inkişaf və tərəqqi çağırışları etməklə bunu yenilməz siyasi iradəsi, özünün dünyadakı şəxsi nüfuzu sayəsində praktiki baxımdan tətbiq etdi. Bəşəriyyətin və insanlığın tarixində xüsusi bir mərhələyə yol açdı. Əslində, biz obyektiv tarixi yaddaşı belə hadisələrə məntiqi düşüncələrlə, obyektiv müqayisəli təhlillərlə yaratmalıyıq.
Dünya tarixindəki belə hadisələrə əsaslanaraq, deməliyik ki, indi tarixi yaddaşlara qayıdış və ondan nəticələrin cıxarılmasına çox böyük zərurət vardır. Fransız tarixçisi Pier Nora yazır ki, "tarix yaddaşlarda transformasiyaya uğrayır. Eynu zamanda, insanlar indi tarixi yaddaşdan, ona görə danışmalıdırlar ki, o, getdikcə azalıb". Deməli, millətin öz yaddaşını necə dəyərləndirməsindən, baş verənləri öz yaddaşında necə yerləşdirə bilməsindən, habelə, onun müsbət tərəflərini necə təqdim edə bilməsindən, hətta dünyanın gələcəyi çox asılıdır. Əslində, belə münasibət, deyərdim ki, xalqların bəşəriyyət qarşısında hesabatı, insanlığa olan obyektiv münasibətidir. 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Ulu Öndər Heydər Əliyev hələ Moskvada olarkən, imperiyanın mərkəzində verdiyi bəyanatla bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bu cinayətin əsl mahiyyətini çox böyük cəsarətlə onların öz gözlərinin içərisinə deməklə, bu əsasda bir tarixi yaddaş yaratmış oldu. Həmin bəyanat imperiyaya sübut etdi ki, Azərbaycan xalqı kimsəsiz və müti xalq deyil və dünya tarixinə, eləcə də, Sovet imperiyasının hökm sürdüyü vaxtda bütün sahələrə əvəzsiz töhfələr vermiş böyük bir xalqa qarşı edilən genosid siyasətinin səbəbləri bir zaman soruşulacaqdır. Odur ki, bizim üçün 20 Yanvar faciəsinin əsl mahiyyətini dərk etmək, yaddaşlarımızda onun yerini düzgün müəyyənləşdirmək, hər zaman xüsusi əhəmiyyətə malik bir məsələdir. Ona görə də, millətin tarixi yaddaşında belə hadisələrin düzgün yerləşdirilməsi üçün, müntəzəm olaraq, alimlərin əməyinə və rəsmi qərarların verilməsinə böyük ehtiyac vardır. Əgər haqsızlığa qarşı millətimiz silahlı qüvvələrlə əliyalın mübarizə aparmış, ölüm-dirim mübarizəsinə girmişlərsə, bu, tarixi yaddaşımızın yeni qəhrəmanlıq səhifəsi deyilmi?! Bəli, bu mübarizə insanlığa edilən cinayətə qarşı çıxmaq və öz-özlüyündə dünyanı haqqa-ədalətə iti gözlə baxmağa bir cağırış idi. Təkcə öz azadlığı uğrunda mübarizə deyil, bütövlükdə, insanlığın azadlığı naminə edilən ideoloji mübarizə idi.
Həmin tarixi şəraitdə Qafqazdakı siyasi proseslərin Ulu Öndər Heydər Əliyev kimi müdrik siyasi xadimin nəzarəti altında keçməsi regionda öz siyasi məqsədlərini həyata keçirməkdə maraqlı olan bir sıra ölkələri narahat etməyə başladı. Onun, qısa zamanda, həyata keçirdiyi sülh siyasəti, humanizm, ədalətlilik prinsipinə əsaslanan dövlətçilik konsepsiyası həmin dövlətlərin məkrli planlarının qarşısına sədd çəkdi. Əks-tərəflər isə Qafqazda yaradılacaq sülhə və sabitliyə maneə olmaq üçün yeni siyasi gedişlər etməyə başladılar.
Bu gedişlərdən biri də bir sıra dövlətlərin Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmadığını qabartmağa calışması idi. Daha sonra mübahisəli ərazi tendensiyası hökm sürməyə başladı, bir qədər sonra ümumdövlət prinsiplərinin olması zərurətini ortaya qoymaq cəhdləri edildi. Belə cətin tarixi şəraitdə dünyadakı erməni lobbisinin və onların himayədarlarının Azərbaycana qarşı siyasi -ideoloji hücumlarına Ulu Öndər Heydər Əliyev böyük zəkası ilə cavab verdi. Dahi siyasi xadim, ilk olaraq, bir tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və tarixi kökləri ilə dünyanı yaxından tanış etdi. Həmin vaxta qədər Azərbaycan haqqında formalaşmış bütün neqativ fikirləri puça çıxardı. Digər tərəfdən isə, xalqın mütəşəkkiliyini təmin edən vahid həmrəylik və güclü dövlətin qurulması yolunda xalq-lider bağlılığını formalaşdırdı. Bu atılan ilk addımlar Azərbaycanın dövlətçilik tarixində zəngin tarixi yaddaşının özünə qaytarması və onun əsasında yenidən bəşəriyyətdə hümanist, demokratik dövlətin qurulmasının möhkəm bünövrəsini qoymuş oldu. Dövlətçilikdə tarixi yaddaşın kök salması üçün keçmişimizi, ənənənələrimizi və milli dəyərlərimizi özündə əks etdirən azərbaycancılıq ideologiyasının zamanında dərk olunmasını ölkəyə rəhbərliyinin ilk vaxtlarında mühüm ideoloji vəzifə kimi qarşıya qoydu. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etmişdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra, ilk olaraq, Şəhidlər Xiyabanını ziyarət edərək, tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu... Az sonra 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu..."20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı hadisəsi-20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi.
Bundan sonra Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək, həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" Fəxri adı verildi, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli Sərəncamla əlil olmuş şəxslərə imtiyazlar müəyyənləşmiş, bu istiqamətdə davamlı olaraq qərarlar qəbul edilmişdir. 2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi, həmin ailələrin maddi təminatının yaxşılaşdırılması üçün ardıcıl islahatlar həyata kecirirlmiş və keçirilməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində Memorial Abidə Kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə kompleksin açılışı oldu. Bununla yanaşı, Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşılaraq, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində, müntəzəm olaraq, mühüm işlər görülməkdədir. Bütün bu işlərin görülməsi, deməyə əsas verir ki, tarixi yaddaşımızın düzgün dərk edilməsi və ondan doğu nəticənin cıxarılması vətəndaş olaraq bizim hər birimizi daim düşündürməlidir.
Burada təəssüflə onu qeyd etməliyik ki, obyektiv həqiqətlərin dünyaya catdırılmasına baxmayaraq, işğaldan əziyyət cəkən Azərbaycan Respublikası 30 ilə yaxındır ki, beynəlxalq normaların və prinsiplərin fəaliyyətsizliyi ucbatından, hələ də dünyada haqq-ədalət uğrunda mübarizədə böyük maneələrlə qarşılaşmaqdadır. Bu gün dünyadakı özbaşnalıqların əsas səbəbi də, məhz bu prinsiplərin işləməməsidir. Ulu Öndər Heydər Əliyev və Onun siyasi varisi Prezident İlham Əliyev haqlı olaraq dünyanın mötəbər tribunalarından bu fəaliyyətsizliyin bəşəriyyət ücün acı nəticələrini dəfələrlə bəyan etmişlər. Beynəlxalq hüquq normalarının işləməməsi analoji olaraq, yüksək insani keyfiyyətləri özündə birləşdirən mənəvi-humanist ideyalara müraciətin olmasını zəruri etmişdir. Prezident İlham Əliyev dünyada bu sahədə prinsipal mövqeyə malik bir siyasi lider kimi sülhə və sabitliyə dair irəli sürülmüş Azərbaycan modelinin örnək olmasını göstərmişdir. Millətlərin hüquqlarına hörmət etmək kimi ideyada toleriantlığın və mültikultural dəyərlərin rolunu önə cəkmişdir. Lakin bu da faktdır ki, toleriantlıqdan danışarkən, bütün dünya bilməlidir ki, bu məcburi dözümlülük deyil, buna mənəvi hazırlıq olmalıdır. Hesab edirəm ki, mənəvi cəhətdən sağlam, işğalcılıq niyyəti olmayan, hümanizmi dərindən dərk edən xalqlar bu prinsipə daha yaxındırlar. Bu, elə bir tarixi təkamül prosesidir ki, o, mənfi sterotiplərin düşüncələrdə və təfəkkürlərdə qarşısının alınmasını formalaşdırmalı, onun praktiki baxımdan tətbiq edilməsinə mənəvi dayanıqlıq yaratmalıdır. Çünki dünyadakı haqsızlığın və ədalətsizliyin zamanında qarşısının alınmaması, insanların taleyinə biganəlik, beynəlxalq hüquq mexanizmlərinin işləməməsi toleriantlıgın və multikultural dəyərlərin düzgün dərk edilməsini zəruri etmişdir. Tarixi təcrübə göstərir ki, indiyədək silah və hərb gücünə baş qaldırmış münaqişələrin acı nəticələrinin hələ də yaşanılması növbəti qarşısıalınmaz faciələrə yol acmaqdadır. Buna görə də, beynəlxalq qanunların və hüquq mexanizmlərinin işləmədiyi məqamda mənəvi dəyərlər öz sözünü deməlidir ki, dünya insan taleyinə biganə qalmasın, bəşəriyyət ucuruma getməsin. Beləliklə də, Prezident İlham Əliyevin müasir dünyaya etdiyi cağırışlar xalqımızın milli iradəsinin ifadəsi olaraq həm bu amillərin düzgün dərk edilməsini, həm də bəşəriyyətdə sağlam, sabit gələcəyin bərqərar olması ücün tarixi yaddaşlarda işğalcılığa və ədalətsizliyə son qoyulmasını tələb edən yanaşmanı zəruri edir.