19.04.2019, 12:19 - Baxış sayı: 1141

Gənc alimlərə qayğı elmin inkişafına xidmət edir


Gənc alimlərə qayğı elmin inkişafına xidmət edirPrezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və dayanıqlı islahatlar keçirilir. Bu islahatlar, eyni zamanda, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycanın gələcəyi naminə onların layiqli işlə təmin olunmaları, həmçinin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal rol almalarına mühüm təsir göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasında da (AMEA) gənclər siyasəti uğurla reallaşdırılır, gənclərə yüksək diqqət və qayğı ilə yanaşılır. AMEA-da bu yaxınlarda “Gənc qadınlar elmdə” adlı müsabiqənin keçirilməsində əsas məqsəd akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatları, əldə etdikləri nailiyyətləri stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaq olub.
Sözügedən müsabiqənin nəticələrinə görə, qəzetimizlə əməkdaşlıq edən Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə əyani doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli I yerə layiq görülüb.
Xatırladaq ki, G.Məlikli hələ 2009-cu ildə ictimai işlərdə fəallığına görə “İlin tələbəsi” adına layiq görülüb, Yeni Azərbaycan Partiyasının, “İrəli” İctimai Birliyinin, respublika Tələbə Gənclər Təşkilatının fəal üzvü olub.
Hazırda AMEA-nın Fəlsəfə İnstitunun “Azərbaycan milli inkişaf sistemi İlham Əliyevin siyasi strategiyası kontekstində” mövzusu üzrə doktorantı olan G.Məlikli indiyədək müxtəlif elmi jurnallarda dərc edilən 80-ə yaxın məqalənin, habelə “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” və “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı monoqrafiyaların müəllifidir.
Bütün bunlar bir daha onu göstərir ki, dövlət gənclər siyasəti və Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə, o cümlədən gənc alimlərə diqqət və qayğısı onların sosial rifahının yüksəlməsi ilə yanaşı, həm də elmimizin inkişafına xidmət edir.

"Xalq qəzeti"