21.11.2019, 19:59 - Baxış sayı: 975

“AZƏRBAYCANIN ƏZƏLİ VƏ ƏBƏDİ TORPAĞI - İRƏVAN XANLIĞI”


“AZƏRBAYCANIN ƏZƏLİ VƏ ƏBƏDİ TORPAĞI - İRƏVAN XANLIĞI”Milli faciəmizi əks etdirən salnamə

Hazırkı dünya siyasətində siyasi ideologiyaların böhranı daxilində mənəvi-əxlaqi dəyərlərin darmadağın edildiyi, sələmçi kapitalizmin hökmranlığı altında humanizmin sıradan çıxarıldığı, beynəlxalq təşkilatların formallığı fonunda hüquqi aktların arxa plana keçirildiyi, milli dövlətlər üzərində geopolitik maraqların dominantlığı, bir sözlə, siyasi ədalətin yoxluğu şəraitində öz mövcudluğu uğrunda çarpışan xalqlar-millətlər üçün informasiya siyasəti əsas xətdir və aparıcı qüvvədir. Nəzərə alsaq ki, bütün qarşıdurmalar, mübarizələr, münaqişələr, müharibələr ilk növbədə informasiya, xüsusən, koordinasion informasiya əsasında idarə edilir, demək olar ki, artıq (XX əsrdən etibarən) dünyada daha çox “informasiya müharibəsi” aparılır. Hadisənin dözülməz tərəfi odur ki, bu informasiya müharibəsi “dezinformasiya” üzərində aparıla, uydurmalar silah qismində işlədilə və haqlı tərəfin həqiqətləri qaranlıqda qala.
Tarixi ərazisinin 100-də 80 %-i zəbt edilən, xüsusilə, son 200 il boyunca parçalanan, talanan, Azərbaycan üçün informasiya siyasəti prioritet məsələdir. Uzun illərdi xarici havadarların manipulyasiyası altında Azərbaycan ərazisində yaradılan, Azərbaycana qarşı işğalçı, təcavüzkar siyasət aparan terrogen Ermənistan dövləti, onun siyasi sistemi, geniş sferada isə erməni lobbisi, erməni diasporu və erməni diplomatiyası dezinformasiya ilə dünya ictimaiyyətinə təsir etməkdədir. Başqa sözlə, “xristianlıq” elementlərinə köklənən, buna görə də qlobal “simpatiya” qazanan “ermənilik” bütün daxili və xarici resurslarını bütövlükdə Türk millətinə, “real planda” isə Azərbaycan türkünə qarşı səfərbər edib. Məhz, dezinformasiya üzərində...
Ermənistan siyasi sisteminin daxili və xarici siyasətə hesablanmış, biri-digərinə tamamilə zidd olan, daxildə mif, xaricdə dezinformasiya siyasəti əsasən iki istiqamətdədir:
I. Daxili siyasətdə; daimi olaraq əhalini “şanlı keçmiş”, “cəngavər əcdad” simptomları vasitəsilə “Böyük Ermənistan” mifinə inandırmaq, bununla da (balayanların ideoloji fəaliyyəti ilə) kütləvi pisxoz fenomeninə uğramış kütləni mövcud vəziyyətdə sabit təsirdə saxlamaq.
II. Xarici siyasətdə isə; “düşmən türk” obrazı fonunda “zavallı”, “yazıq”, “məzlum” maskası ilə dilənçilik xislətini öndə tutub dünya dövlətlərindən imtiyaz almaq və himayə edilmək.
Olduqca gərgin zəhmətlə, yurd yanğısı və Vətən vəfası ilə tərtib edilən “Azərbaycanın əzəli və əbədi torpağı İRƏVAN XANLIĞI” adlı (siqnal nüsxədə) genişhəcmli dördcildlik ensiklopedik kitabla tanış oldum. Görkəmli ziyalı Xanlar Vəliyevin ideya rəhbərliyi, Teymur Əhmədovun tərtibatı və elmi redaktorluğu ilə nəşr olunan dördcildlik kitab Azərbaycan ictimaiyyəti üçün ciddi hadisədir. Ona görə də həmin toplu barədə geniş ictimaiyyətin məlumatlanması olduqca zəruridir.
Ensiklopedik toplu struktur etibarilə iki metodologiya əsasında təsnifatlaşdırılmışdır:
1. Məntiqilik. Topluda irəli sürülən ideyalar ilk növbədə əqli mühakimələrə uyğun olaraq tarixi həqiqətlərə, rəsmi sənədlərə və arxiv materiallarına əsaslandırılmışdır.
2. Ardıcıllıq. Topluda, qələmə alınan mövzular uzlaşdırılmış şəkildə ardıcıl tərtib edilmişdir.
Hazırkı nəslin və gələcək nəsillərin öz tarixi keçmişi barədə dürüst maariflənməsi milli mövcudluğun vacib şərtlərindəndir. Bu baxımdan topluda əsaslandırılır ki, “tarixi həqiqətlə qurmaq üçün təkcə hadisələrin və faktların tarixini deyil, həm də bunları nəzəri cəhətdən, aşkar - necə və hansı yöndə şərh edildiyini və ermənilərin xristian dünyasına öz şəxsi qurumlarını necə təqdim etdiklərini bilmək lazımdır”. Azərbaycanın ümummilli problemi olan erməni təcavüzü ilə əlaqədar əsərlərin konseptuallığına dair bir neçə istiqamət nəzərdə tutulur:
- dünya miqyasında ermənilər bir cinayətkar etnos kimi ifşa edilməli, onlar bəşəriyyətə yüzlərlə yalan və saxta informasiyalar yaymaqla haylar bir tərəfdən özləri haqda, digər tərəfdən Azərbaycan türkləri və ümumiyyətlə müsəlmanlar haqda yanlış, heç bir əsası olmayan təsəvvürlər formalaşdırmasının qarşısı alınmalı, o saxta fikirləri alt-üst etmək əsas vəzifə olmalıdır;
- xalqın maarifləndirilməsi üçün təhsil sisteminə yardım məqsədilə Azərbaycan dilində ermənilərin cinayətlərini ifşa edən və son informasiyanı özündə əks etdirən yeni kitablar yazılmalıdır;
- yazılan kitabların oxunmasını, tədqiqatçılar tərəfindən təhlil edilməsini, ayrı-ayrı strukturlarda, təşkilatlarda və qurumlarda ermənilərin ifşasının metodları geniş təbliğ olunmalıdır.
Əhatə olunan mövzuların müəyyən məqamlarını ümumiləşdirilmiş şəkildə diqqətə çatdırmağa zərurət vardır. Topluda İrəvan xanlığının əhali və ərazisinə dair dəqiqliyə uyğun əhatəli məlumatlar (etibarlı mənbələrə əsasən) yer almışdır. Beləliklə, erməni tarixçilərinin “Albaniya tarixi”nə dair ermənilərin inhisara aldığı Moisey Kalankatuklunun əsərinə dair akademik Ziya Bünyadovun tədqiqatları, o cümlədən “Azerbaidjan v VII-IX vv. Bakı, 1965” monoqrafiyası albanistika istiqamətində ermənin inhisarını sarsıdan mötəbər mənbə kimi qiymətləndirilir. Ziya Bünyadovun 1993-cü ildə Azərbaycan dilinə tərcümə etdiyi “Albaniya tarixi” Azərbaycanda nəşr edilmişdir. Bu istiqamətin açılması Qafqaz tarixinin qaranlıq tərəflərini aydınlatmışdır.
İrəvan xanlığının taleyindəki tənəzzülün başlanğıcı kimi Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında gedən müharibələr göstərilir. Səfəvi dövlətinin ərazisində, bəylərbəyliyində olan Çuxursəd adlandırılan İrəvan xanlığı ərazisinin iki dəfə Osmanlı tərəfindən fəth edilməsi, İrəvan xanlığı ərazisi (Çuxursəd) XVI əsrin sonu, XVII əsrin əvvəllərində və XVIII əsrin 20-30-cu illərində Osmanlı dövlətinin tərkibində olması, Osmanlı hakimiyyət orqanları İrəvan əyaləti üçün iki müfəssəl, dörd icmal və iki sicil dəftəri tərtib etməsi, onlardan biri, “Dəftəri-sicil-livayi-Rəvan” (1603-cü il) Sofiyada, qalanların isə İstanbulda saxlanılması əsaslandırılır. Göstərilir ki, Sicil dəftəri 1590-cı və 1728-ci illərdə tərtib edilmiş iki müfəssəl, habelə, təqribən, 1595-ci ildə və 1728-ci ildə tərtib edilmiş iki icmal dəftərlər əldə olunmuş və onların axırıncısı 1728-ci ildə icmal dəftər kimi çap etdirilmişdir. “İcmal dəftər” bir çox məsələni, xüsusən İrəvan xanlığının 1590-cı ildə və 1728-ci ildə inzibati-ərazi məsələsini əks etdirir.
1590-cı ildə İrəvan xanlığı iki hissədən, İrəvan və Naxçıvandan ibarət olmuşdur. İrəvan nahiyəsi Karbi, Vedi, Aralıq, Talin, Ərmus, Abnik, Abaran, Şərəbxana, Naxçıvan nahiyəsi isə Ağcaqala, Mavaziyul-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zəbil, Əlincə, Sisyan, Azadçiran, Ordubad, Şorlut, Dərənürküt adlanan əraziləri əhatə etmişdir. Mənbələr göstərir ki, həmin dövrdə Ordubad Təbrizin tərkibinə daxil edilmişdir. Lakin XVIII əsrin əvvəllərində bu bölgüdə xeyli dəyişiklik edilmişdir. Maku, İğdır, Sürməli nahiyələri əyalətə daxil edilmiş, Bərgüşad Gəncə-Qarabağ əyalətinə qatılmış, Göyçə, Məzrəə, Xınzırək, Qırxbulaq, Dərəçiçək nahiyələri Sürəgəl livası yaradılmış, Talin, Ərmafi, I Abnik, Şərəbxana, Bazarçayı və Ağcaqala nahiyələri ləğv edilərək onların kəndləri yeni yaradılmış nahiyələrə verilmişdir. Yer alan mənbələrin bir hissəsində İrəvan xanlığı ərazisi üzrə 1172 abad, 307 heç kimin yaşamadığı kənd, ayrıca olaraq Zarzəmin nahiyəsində 172 kəndin qeydə alındığı göstərilirsə, digər tərəfdən, dəqiqliyə uyğun məlumatlara əsasən abad kəndlərin sayı 1423, heç kimin yaşamadığı kəndlərin sayı isə 89 olmuşdur.
Topluda erməni kütləsinin İrəvan xanlığına köçürülməsi ilə əlaqədar xarici ölkələrdə nəşr edilən ədəbiyyatlarlardan geniş istifadə edilmiş, hətta erməni müəlliflərinin yazılarından da sübutlar gətirilmişdir. Məsələn, “erməni tarixinin bəzi məsələlərində obyektivliyi itirməyən erməni müəllifləri vardır. Fəlsəfə doktoru B.İşxanyan 1913-cü ildə Berlində alman dilində, 1916-cı ildə isə Peterburqda rus dilində nəşr olunan “Narodnosti Kavkaza” kitabında yazmışdır: “Ermənilərin həqiqi vətəni, qədim tarixi “böyük Ermənistan” Kiçik Asiyadadır, yəni Rusiya hüdudlarından kənardadır və ermənilər Zaqafqaziyada (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşmışlar” kimi nümunələr göstərilir.
Erməni kütləsinin İrəvan xanlığı ərazisinə tədricən məskunlaşması barədə olduqca mötəbər tarixi sənədlərə müraciət edilir. “İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xan 1519-cu ilin oktyabrında Şah İsmayıl Xətaiyə yazmışdır. “Ulu şahım, Tanrı atan Heydər Səfiyə qəni-qəni rəhmət eləsin. Sən nökər bəndəni bu oğuz-türk diyarına bəylərbəyi təyin edərkən, adamlar içrə Şahmərdan Əli kimi ədalətsevər olmağı, möminlərə İmamımız Hüseyn kimi insanpərvər davranmağı dönə-dönə tövsiyə etmisən. Mən qulluq meyarının dairəsindən çıxmamışam. Lakin son illər müşahidəmə görə, əhalinin bir qismi, yəni Beynəlnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyindəki torpaqlara yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə (Eçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katalikosu 2-ci Qriqori zünnarına (təyinatına-R.R.) xas olmayan fəaliyyəti ilə təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katalikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarını kəndlərin kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq (xırda-R.R.) kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orda üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hayk qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, qədim peşəliklə könüllər ovundurur, oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım vətənin dışına. Sənin qulun Rəvan xan”. Əlbəttə, bu məktubun məzmunu özündə bir sıra hadisələri əks etdirir: ermənilərin Qafqaza necə ayaq açmalarından, İrəvan xanlığına hansı yollarla, vasitələrlə məskunlaşmalarından xəbər verir. Məktubun mühüm bir cəhəti də XVI əsrdə “Qafda qədim mövcudiyyəti təsəvvürü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər” kimi proqnazlaşdırılan, gələcəkdə baş verəcəyi ehtimal edilən hadisələrin XX əsrdə reallaşmasıdır.
Topluda təqdim edilən əsərlərdə erməni nümayəndələrinin etiraf xarakterli fikirlərini aşkarlayan (nümunə olaraq aşağıdakı kimi göstərilən) məqamlar geniş yer almışdır:
- “tarixdə erməni dövləti olmadığına görə erməni nümayəndələri birmənalı olaraq öz tədqiqat işlərinin adını “Ermənistan tarixi” deyil, “Erməni xalqının tarixi” adlandırırlar”;
- “ermənilərin öz həmcinsləri - tarixçi K.Patkanyan etiraf edir ki, “Ermənistan... bu, ermənilərin yayılıb səpələndikləri bir regionun adıdır”;
- “erməni tarixçisi Mabeqyan bu məsələni bir qədər fərqli formada qoyur. “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə və etnik tərkibinə kim, necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”.
Yuxarıda qoyulan “haradan və hansı yollarla o, buraya gəlib” sualı məhz elə erməni tərəfindən cavablanır. “1951-ci ildə nəşr edilən “Erməni xalqının tarixi” kitabında yazılır: “Qədim erməni tayfaları Zaqafqaziyada deyil, məhz yuxarı Fərat vadisində məskunlaşmışlar”. Halbuki, digər bir məqamda isə “Azərbaycandakı türklər barəsində qədim mənbələr” adlı tədqiqat əsərində tarixçi Z.Yampoliskinin “mixi yazıları”, habelə, ilk mənbələrin məzmunu bunu deməyə imkan verir ki, “türkdilli xalqlar Azərbaycanda eramızdan əvvəlki dövrdə peyda olmuşdur” arqumenti irəli sürülür.
Toplunun əsas məziyyətlərindən biri də ermənilərin İrəvan xanlığına nə vaxt, necə, hansı şəraitdə köçürülməsini son dərəcə aydın mənbələr əsasında sübut edilməsidir. Məsələn, “N.K.Şavrovun “Zaqafqaziya rus işinə yeni təhlükə” adlı kitabında tarixi faktlara istinadən göstərdiyi kimi, “1826-cı ildən 1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84 min Türkiyə ermənisi köçürərək, onları erməni əhalisi cüzi olan Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında, habelə Tiflis, Borçalı, Axalsix və Axalkalaki qəzalarında yerləşdirdik. Yelizavetpol (Gəncə) quberniyasının dağlıq hissəsi və Göyçə gölü sahələrində bu ermənilər yurd salmışlar. Onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı”. Yaxud, “ABŞ professoru C.Makkarti “Genosid olmuşdurmu” adlı kitabında “İrəvan quberniyasında 1828-ci ilə kimi əhalinin 80 faizi azərbaycanlı müsəlmanlar olmuşdur. 1828-1830-cu illərdə ermənilər bu ərazilərdə yerləşdirildikdən sonra Qarabağda azərbaycanlıların sayı azaldılıb 64,8 faizə, Naxçıvanda 50,6 faizə, İrəvanda isə 46,2 faizə enmişdir” kimi zəngin məlumatlar öz əksini tapmışdır. Toplunun səciyyəvi cəhətlərindən biri də 10 fevral 1828-ci ildə “Türkmənçay müqaviləsi” bağlandıqdan sonra, Naxçıvan və İrəvan xanlığında idarəetmənin dəyişdirilməsi və I Nikolayın sərəncamı ilə 21 mart 1828-ci ildə həmin ərazidə, Azərbaycan torpaqlarında “Erməni vilayəti”nin yaradılmasının əsas mahiyyətinin açılması məsələsidir. Rusların işğal etdiyi Azərbaycan torpaqlarında erməni-xristian vilayəti yaratma planı nəticəsində (Qacarlarla Osmanlılar arasında) bir sədd çəkildi. Nəhayət, 1917-ci il fevral inqilabından sonra İrəvan quberniyasında hakimiyyət orqanlarının formalaşdırılması ilə Quberniya İcraiyyə Komitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin yerli orqanı elan etdi, bir müddət sonra isə Quberniyada sovetlər yarandı... Bu minvalla RSFSR İrəvan quberniyasında və Osmanlıda olan erməniləri öz siyasi maraqlarına uyğun istifadə etmək üçün daşnakları xeyli dərəcədə silah-sursatla gücləndirərək rus hərbi hissələrini Qafqaz cəbhəsindən geri çəkməklə ermənilərin müsəlmanlara qarşı qətliam və soyqırımı aktlarının aparılmasına şərait yaratdı və rəvac verdi. Bununla da, Qafqazda türk-müsəlman əhalinin ərazisi üzərində rus-erməni birliyi fonunda yeni erməni əhalisi yaratma planı həyata keçirilirdi. Yalnız İrəvan quberniyası deyil, bütövlükdə Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması erməni millətçi və terror təşkilatlarının əsas hədəfi idi.
Tarixi tənəzzül nəticəsində Azərbaycan Milli Şurası nəzərdə tutulan Azərbaycan Cümhuriyyətinin reallaşmasına növbəti əngəllərinin yaradılmaması zərurətini əsas götürərək erməni şərinin qarşısının alınması baxımından İrəvan xanlığı ərazisini ermənilərə güzəştə getməli oldu. Əlbəttə, bütün zərurətlərə baxmayaraq, bu güzəşt birmənalı olaraq tarixi-siyasi xəta idi... Beləliklə də ermənilər I Dünya müharibəsi nəticəsində Qafqazda güc sahibi olan xarici qüvvələrin himayəsi altında “Ararat” yaratmağa müvəffəq oldular. Bununla belə, ermənilər daimi olaraq “etnik təmizləmə” siyasəti aparır, öz ata-baba torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı təxribatlar və təcavüzlər törədirdilər. “Etnik təmizləmə” və terror siyasəti 1918-20-ci, 1948-53-cü, 1988-ci illər ərzində aparılmaqla İrəvan xanlığı ərazisində bir nəfər də olsa, aborigen əhalinin nümayəndəsi olan türk-müsəlman qalmamışdır. Bundan daha öncə, I Dünya müharibəsindən bir az sonra İrəvan xanlığındakı 575 min türk-müsəlman əhalinin bir hissəsi qətlə yetirilmiş və 565 mini öz yurdundan çıxarılmışdır. Hətta kütləvi soyqırıma məruz qalan əhalinin demoqrafik göstəricisi konkret rəqəmlərlə erməni müəlliflərinin yazılarında da əks olunmuşdur. “Z.Korkadyanın yazdığına görə, daşnakların hakimiyyətindən sonra 1920-ci ildə sovet hökuməti dövründə (yuxarıda göstərilən 575 min nəfərdən) 10 min nəfər türk-müsəlman əhali qalmışdır. A.Lalayanın etirafına görə “erməni-daşnak hökuməti 30 aylıq (1918-1920, noyabr) hakimiyyəti dövründə türk-müsəlman əhalisinin 60%-ni qırmışdır”.
Sovet hakimiyyəti dövründə Ermənistanda rəsmi “addəyişmə əməliyyatları 1935-ci ildən 1980-ci ilə kimi Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. Ermənilərə belə ixtiyarı, əlbəttə ki, Stalinin ətrafındakı ermənilər, Stalindən sonrakı dönəmdə isə sovetlərin ermənipərəst siyasi nümayəndələri vermişdir. 1988-ci ildən 2000-ci ilədək dövlət səviyyəsində Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adı dəyişdirilmişdir. Hər dəfə Ermənistan Ali Sovetinin fərmanı ilə yaşayış məskənlərinin adları dəyişdirilməklə yanaşı, kəndləri birləşdirmək adı altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistan yaşayış məntəqəsinin siyahısından çıxarılmışdır. 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 türk-müsəlman yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla və deportasiya edilməklə) yaşayış məntəqəsi siyahısından silinmişdir. Erməni Qriqorian kilsəsinin tarixi saxtalaşdırma fəaliyyəti xüsusi bəhs edilməli əsas mövzulardan biri kimi təhlil edilir. Erməni kilsəsinin “fəaliyyəti” saxtalaşdırma prosesi ilə məhdudlaşmayıb. Kilsə bir tərəfdən ideoloji təbliğatlar aparırdısa, digər tərəfdən də gizli terror təşkilatları, silahlı dəstələr yaradıb türk-müsəlman əhaliyə qarşı qətliam və soyqırımı aktları planlarını hazırlayırdı. Topluda ardıcıl olaraq, (coğrafi və siyasi kontekstdə) “böyük Ermənistan” mifi düzəldən müəlliflərin yazıları mənbələr üzərində dərin məzmunlu dəlillər ilə ifşa edilir. Məsələn, erməni tarixçilərinin atası hesab edilən Moisey Xorenskinin 1893-cü ildə Moskvada, 1940-cı ildə İrəvanda nəşr edilən “Ermənilərin tarixi” adlı kitabında etiraf edir: “...Biz çox azsaylı, zəif və adətən başqalarının hakimiyyəti altında yaşayan xalqıq”. Bir məqam xüsusi vurğulanmalıdır: bir tərəfdə “Şərqi Ermənistan”, “Qərbi Ermənistan”, sonra isə “Böyük Ermənistan” kimi mifləşdirilən ərazi, digər tərəfdə isə (öz ifadələri ilə) az və zəif xalq... hər halda bu ziddiyyətin özü həqiqətin nədən ibarət olduğunu isbat edir.
Toplunun əsas qayəsi İrəvan xanlığının qədim türk-müsəlman torpağı olmasını və yaxın tarixdə ermənilərin həmin əraziyə köçürülməsini sübut etməkdən ibarətdir. Ona görə də bu missiya daha çox təqdim və təqdir edilməlidir.
Ermənilərin İrandan Azərbaycan torpaqlarına köçürülməsi, onlara vətən yaradılması üçün fəaliyyət göstərən Çar Rusiyası ordusunda xidmət edən çoxsaylı zabitlər sırasında mənşəcə erməni, polkovnik Qazaros Lazaryan (Lazarev) tərəfindən köçürülən ermənilərə müraciətən yazılmış məktubu da ermənilərin necə, hansı şəraitdə köçürüldüyünü ifşa edən amillərdəndir. Onun yazdığı məktubun mətni aşağıdakı kimidir. “... Siz xristianların yaşadığı yeni vətən tapacaqsınız... Xristianlar birləşdiklərini görəcəklər və siz bilirsiniz Rusiyanın Böyük Monarxı sizin sədaqətinizi necə mükafatlandıracaq? Tələsin! Vaxt qiymətlidir. Tezliklə Rusiya qoşunları İran sərhədlərindən çıxacaq, o zaman sizin köçməyiniz çətinləşər və biz sizin yolunuzun təhlükəsizliyinə cavabdehlik gücündə olmayacağıq. Az sayda qurban verməklə qısa vaxtda hər şeyi həmişəlik alacaqsınız”. Bu barədə A.S.Qriboyedovun 1828-ci ildə çara ünvanladığı məktubda köçürmə prosesinə geniş izah verir və Lazarevin erməni xislətini və bu xislətindən irəli gələn fəaliyyətini belə şərh edir: “... Polkovnik Lazarev özünü bu mühacirliyin əsas təşfiqedicisi saymışdır, bu barədə, bizə məlum olduğu kimi, o kifayət qədər aşkar, lakin öz fikrini əsassız izah etmişdir. Ona görə ki, onun barəsində ermənilərin heç bir anlayışı yox idi, onlar təkcə Rusiyaya etibar etməklə və onun qanunları altında olmaq arzusu ilə hərəkət edirdilər”. A.S.Qriboyedovun məktubunda vacib məqamlardan biri də bu gün Azərbaycanın üzləşdiyi Qarabağ faciəsi ilə bağlıdır. “Polkovnik Lazarev yalnız olduqca yersiz proklamasiyalar (bəyannamələr) uydurulması, nizami erməni könüllü qoşunları formalaşdırılması barədə düşünürdü... Qarabağın özünü və digər vilayətləri öz niyyətləri dairəsinə daxil etməyi fikirləşirdi”. Digər bir məqam: “ermənilərin çox hissəsi müsəlman mülkədarların torpaqlarında məskunlaşdırılmışdır”. Məktubun bu məqamı ermənilərin nə vaxt Qarabağa köçürülməsini və ora hansı şəraitdə, necə yerləşdirilməsinə aydınlıq gətirir. Köçürülmə prosesi yalnız İrandan deyil, Osmanlı ərazisində məskunlaşan ermənilərə də şamil edilmişdir. Osmanlıdan köçürülən ermənilərin bütün (iqtisadi-sosial) göstəriciləri təfsilatı ilə verilmişdir. Maraqlı məqamlardan biri də Paskiyeviçin köçürülmə planı və köçürülən ailələrin məskunlaşdırma planı üzrə təsis etdiyi komitənin fəaliyyətini müəyyənləşdirən 12 maddəlik fəaliyyət planında köçürülənlərin coğrafi relyef və iqlim qurşağı baxımında ən əlverişli yerlərə yerləşdirilməsi qərarıdır. Deməli, erməni dövləti yaratmaq üçün İrandan köçürülən erməniləri Qarabağ xanlığının ən dilbər guşələrində yerləşdirilmişdisə, Osmanlıdan köçürülən ermənilər Gəncə və İrəvan xanlığının ən füsunkar ərazilərində yerləşdirilməliydi... Məhz elə də olmuşdur.
S.N.Qalinkanın “Pyotr erməniləri gözdən qaçıra bilməzdi... O, erməniləri faydalı vətəndaşlar kimi Rusiyaya çağırır və onları dindaşları kimi himayə edəcəyinə və qoruyacağına əmin edirdi” təhlili xüsusi maraq doğurur. Buradakı “faydalı vətəndaşlar” və “dindaşları” ifadələri həmin dövrdən etibarən türk- müsəlman əhalinin başına gətirilən müsibətləri aşkarlamaq üçün açar sözlərdir. Azərbaycan torpaqlarına köçürülən ermənilərin harada yerləşdirilməsi ilə bağlı S.N.Qalinka qeyd edir ki, “Naxçıvan xanlığında dövlətə məxsus torpaqların azlığı səbəbindən o, (Lazarev) erməni köçkünlərin böyük hissəsini yol xərci ilə təmin edib onları İrəvan və Qarabağ xanlığına getməyə sövq etdi... Üç ay yarım vaxt ərzində 8000-dən çox ailə Arazı keçdi. Onlara maddi yardıma və gözlənilməz xərclərə görə 14.000 əşrəfi və gümüş pulla dörd yüz rubl verilmişdi”. Erməni kütləsinin, tarixi Azərbaycan torpaqlarına köçürülməsi real mənbələr və rəsmi arxiv materialları əsasında sübut edilir.
Vacib məqamlardan biri də Kremldəki ermənilərin və erməni xislətlilərin fitnəsi, təhriki nəticəsində 23 dekabr 1947-ci ildə İ.Stalin tərəfindən imzalanan “kolxozçuların və digər azərbaycanlı (türk-müsəlman R.R.) əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin qərarı” adlı 11 bənddən ibarət sənəddir. Həmin sənədin siyasi tematikasını açıqlamaq üçün birinci və sonuncu bəndlərə (ixtisarla) nəzər salaq. Əgər birinci bənddə “1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün” hökmü qoyulursa, sonuncu (11-ci) bənddə, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı (türk-müsəlman R.R.) əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-ə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə edilməsinə icazə verilsin” hökmü qoyulur... Burada iki nəticə var.
I. İrəvan xanlığı ərazisində mərhələli və süni surətdə yaradılan erməni dövlətinin coğrafiyasının genişləndirilməsi üçün türk-müsəlman əhalini öz tarixi torpaqlarından çıxarıb onların yurduna xaricdən erməni kütləsi axıtmaqla Türkiyə ilə Azərbaycanın arasında xristianlıq formalaşdırmaq.
II. Qafqazda erməni dövləti yaratmaq siyasəti menşeviklərlə bolşeviklərin üst-üstə düşən geopolitik marağı olmuşdur. Başqa sözlə, bu maraq Kremlin ənənəvi marağı olaraq qalır.
Bura qədər qeyd edilənlər əsərin mahiyyətini (ümumiləşdirimiş surətdə) ifadə edir. Əsərin əhəmiyyəti olduqca mühüm məsələdir. Ona görə də əsərin əhəmiyyətinə dair öz mülahizələrimi dəyərli oxucuların diqqətinə çatdırmaq istərdik. Azərbaycanda öz təqdirəlayiq əsərləri ilə erməni mifinə və dezinformasiyasına qarşı informasiya mücadiləsinə qalxan, qaranlıqda qalan tarixi-siyasi həqiqətləri işıqlandıran bir sıra nümayəndələr vardır. Həqiqət naminə qeyd edilməlidir ki, erməni yalanlarını, uydurmalarını və dezinformasiyasını ifşa etmək, əks-hücuma keçmək istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının müstəsna xidməti vardır. Bu xüsusda isə az sayda olan müəlliflərin fədakar fəaliyyəti və dəyərli əməyi nəticəsində yazdıqları əsərlər milli sərvət hesab edilə bilər.
Hər bir əsər iki mühüm amillə əlamətdardır: özünün mahiyyəti və əhəmiyyəti ilə. Bu yazıda müvafiq əsəri təqdim etmək əsas niyyət olduğundan onu geniş təhlil etmək məqsədi qoyulmamışdır və ona görə də mahiyyəti barədə adekvat təsəvvürün yaradılması üçün əsasən iqtibaslara yer ayırmaq nəzərdə tutulur. Əsərin əhəmiyyəti isə onun mahiyyəti, yəni mövzusu ilə üzvü şəkildə bağlıdır. Başqa sözlə, əsərin əhəmiyyəti təyinatı ilə müəyyənləşir. Bütövlükdə İrəvan xanlığının ensiklopediyası olan bu əsərin əhəmiyyətini əsasən üç istiqamətdə vurğulamaq olar:
I. Milli özünüdərk. Əsər, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığına dair pərakəndə məlumatların koordinasiyası ilə sözügüdən ərazinin məişətindən tutmuş siyasi idarəetməsinədək, yəni maddi-iqtisadi, sosial-ictimai, ədəbi-mədəni, hüquqi-siyasi, əxlaqi-mənəvi vəziyyətinə, bir sözlə, mövcud həyat şəraitinə dair külli informasiyaların sistemliliyi ilə milli özünüdərk üçün əhəmiyyətlidir.
II. Milli özünümüəyyənlik. Əsər, Azərbaycan ərazisini zəbt edən, əhalisini soyqırıma məruz qoyan, onun özünə inamına və milli hakimiyyət ruhiyyəsinə təcavüz edən, deməli, dövlətçiliyinə və dövlətinə qarşı açıq qəsdə duran, hiyləgər, qəddar, mənfur düşməni tanımaq, bu minvalla da milli özünümüəyyənlik üçün əhəmiyyətlidir.
III. Milli özünütəşkil. Əsər, xalqın, xüsusən, hazırkı gənc nəslin öz yaxın tarixi keçmişini dürüst öyrənməsi, ümummilli faciələrini anlaması, ibrət alması, düşmənə qarşı həm ideoloji-siyasi, həm də hərbi mübarizəsi, torpağını vandal etnosun tapdağından azad etmək uğrunda səfərbərliyi və milli özünütəşkili üçün əhəmiyyətlidir.
IV. Milli özünütəsdiq. Əsər, tarixən Azərbaycan türkünə qarşı terror və soyqırımı aktları törədən, onun ata-babalarının uyuduğu torpaqları işğal edən düşməni işğal altındakı ərazilərdən qovmaq, Ermənistan siyasi sistemində təmsil olunmuş cinayətkar qruplaşmaları, barbar birləşmələri layiqli cəzalandırmaq və ərazi bütövlüyünü təmin edib milli özünütəsdiqi üçün əhəmiyyətlidir.
Nəticə etibarilə qeyd edilməlidir ki, qlobal böhranların girovuna çevrilən bəşər cəmiyyətinin ən ciddi problemi həm də “terror” problemidir. Elə bir problem ki, “idarə edilən xaos” kimi bütün ölkələri, cəmiyyətləri öz xofuna qərq edib. Terror (bütün növləri və tam mahiyyəti) yalnız yaxın illərdə xarabalığa çevrilən İraqın, Suriyanın timsalında müəyyənləşmir: bu, uzun illərdən bəri Azərbaycan torpaqlarında, xüsusilə, İrəvan xanlığında, son dövrdə Qarabağda türk-müsəlman əhaliyə qarşı aparılan siyasi-hərbi qanlı aktların xüsusiyyətlərində müəyyənləşir. Elə bir qanlı aktlar ki, zaman-zaman vandal erməni birləşmələri tərəfindən Azərbaycanın tarixi ərazilərində torpaq qatı, flora-fauna, canlı aləm daxil olmaqla türk-müsəlman memarlıq abidələri- məqbərələr, türbələr, yüksək səviyyədə inşa edilmiş maddi mədəniyyət nümunələri qalalar, məscidlər, karvansaraylar, körpülər, saraylar və digər milli sərvətlər üzərində, eyni zamanda, bu deyilən səltənətin qurucusu olan yüz minlərlə günahsız insanların, mülki əhalinin üzərində aparılıb...
Heç şübhəsiz ki, haqqında bəhs edilən dördcildlik toplu erməni uydurmalarını ifşa etməkdə və Azərbaycan həqiqətlərini dünya ictimayyətinə çatdırmaqda real və təsirli vasitə olacaq.

İlham MƏMMƏDZADƏ,
fəlsəfə elmləri doktoru, professor,
Ruşan RUŞANZADƏ,
siyasi elmlər üzrə fəlsəfə doktoru.

"Respublica-news.az"