21.11.2019, 15:40 - Baxış sayı: 896

“İmadəddin Nəsiminin fəlsəfəsi və YUNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


“İmadəddin Nəsiminin fəlsəfəsi və YUNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, həmin sənədlər Nəsiminin şəxsiyyətinə, irsinə verilən yüksək dəyərin göstəricisidir və sənətkarın həyat və yaradıcılığının, həmişəyaşar ideyalarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına imkan açır.
Ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına xüsusi önəm verdiyini vurğulayan akademik Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun tədbirləri siyahısına daxil edildiyini deyib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyevin qayğısı nəticəsində böyük şairin əsərləri geniş şəkildə tədqiq və təbliğ olunub.
Nəsiminin zəngin yaradıcılığından bəhs edən akademik İsa Həbibbəyli qeyd edib ki, böyük şair Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli sənətkarlar sırasında özünəməxsus yer tutur. Nəsimi ümumşərq miqyasında görkəmli şair kimi tanınan və qəbul olunan sənətkardır. O, Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar olub. Şair kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf edib.
Akademik İsa Həbibbəyli respublikamızda və xarici ölkələrdə böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş tədbirlərin keçirildiyini bildirib.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə İmadəddin Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz zəngin irs qoyduğunu qeyd edib. O bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İran və Anadoluda ən tanınmış simalardan birinə çevrilib.
“İmadəddin Nəsiminin fəlsəfəsi və YUNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilibAlim ümummilli lider Heydər Əliyevin İmadəddin Nəsimi yaradıcılığına böyük diqqət göstərdiyini deyib.
İlham Məmmədzadə Nəsiminin dərin məntiqi və fəlsəfi baxışlarının dünyanın qabaqcıl alimlərinin həmişə diqqət mərkəzində olduğunu da vurğulayıb.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Azərbaycan-UNESKO əlaqələrindən danışıb, bu əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Elnur Sultanov Nəsimi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıb.
“İmadəddin Nəsiminin fəlsəfəsi və YUNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilibMədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva bildirib ki, Nəsimi irsinə qiymət ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib və 1973-cü ildə şairin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd olunub, Bakıda onun heykəli ucaldılıb, böyük mütəfəkkirə həsr olunan bədii film çəkilib.
S.Məmmədəliyeva, həmçinin cari ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kiçik planetlərdən birinə Nəsiminin adının verildiyini xatırladıb.
Nazir müavini böyük şair Nəsiminin ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz ölkəsi ilə Azərbaycan əlaqələrinin əhəmiyyətini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının ümumbəşəri dəyərlərindən bəhs edib.
“İmadəddin Nəsiminin fəlsəfəsi və YUNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilibAMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasına mühüm yeniliklər gətirmiş böyük söz ustadıdır. Alim böyük sənətkar Nəsiminin ölməz əsərlərinin əhəmiyyətindən danışıb.
Konfransda çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, Türkiyə Səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Ciftci, Rusiya Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, AMEA Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə, Qalatasaray Universitetinin professoru Pol Andre Balanfat, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri Könül Bünyadzadə, (Əlcazair) Universitetinin Fəlsəfə fakültəsinin dekanı Mövlud Xələfullah və digər konfrans iştirakçıları Nəsiminin poeziyası, onun fəlsəfi düşüncələri və Nəsimi poeziyasının fəlsəfəsinin Azərbaycan fəlsəfəsninin sonrakı inkişafına və Nəsimi poeziyasının humanizmi və ümumbəşəri dəyərləri haqqında çıxış etmişlər.
Konfransın materialları "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" kitabında toplanaraq çap olunub.