16.01.2020, 09:59 - Baxış sayı: 711

“İndi Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir”


“İndi Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir”Günel Məlikli: "Zamanımın böyük əksəriyyətini elmi fəaliyyətə ayırıram ki, gənclik illərimi bada verməyim”

AMEA Fəlsəfə İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” şöbəsinin böyük elmi işçisi, BDU-nun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli 2019-cu ildə Azərbaycanın qazandığı uğurlarla bağlı danışıb, ölkədə gənclərə göstərilən qayğı barədə fikirlərini bildirib. Gənc elm adamı müsahibəni təqdim edirik:

- Günel xanım, 2019-cu il nələrlə yadda qaldı?
- Bütün ölkələrdə yaşayan azərbaycanlı gənclərə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Hesabe dirəm ki, vidalaşdığımız 2019-cu il Azərbaycan xalqı üçün uğurlu olub.
Biz əldə etdiyimiz bu uğurlarımıza görə möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin strateji xəttini yaradıcı şəkildə davam etdirərək, Azərbaycanın qloballaşan dünyada layiq olduğu yerini möhkəmləndirmək üçün ölkənin iqtisadi potensialını intellektual kapitala çevirmək istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. İlham Əliyevin Prezident kimi fəaliyyətinin 16-cı ilində Azərbaycanın keyfiyyətcə tam yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Onun dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat, güclü və müasir Azərbaycandır. Məhz İlham Əliyevin gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər gedir. Bizim düşüncəmizə görə, bu dəyişikliklər sırasında mühüm bir məsələ var ki, onun haqqında hələ də çox az danışılır. Bu, müasir dövlətdə və vətəndaş cəmiyyətinin inkişafında əsas faktora çevrilmiş insan kapitalıdır. Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, indi bu, insan kapitalıdır. Keyfiyyətcə yeni vəziyyətə, sabitlikdən innovasiyalı, sosialyönlü mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin inkişaf strategiyasının, yeni siyasətinin və prioritet təşkil edən milli layihələrinin əsas mahiyyəti bundan ibarətdir.
- Günel xanım, sizi hər zaman gənclərin yanında görürük. Həm də pedaqoq kimi fəaliyyət göstərir, gənclərə dərs deyirsiniz.
- Mənə tələbələrlə ünsiyyətdə olmaq çox rahatdır, onları çox sevirəm. Silahlı Qüvvələrin Hərbi Akademiyasında gənc yaşımda professor vəzifəsində işləmək böyük şərəfdir. Gənclər, hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. Gənclər, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycan dövlətinin də prioriteti gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir.
İndi Azərbaycan gəncliyi bütün sahələrdə aparıcı qüvvə kimi iştirak edir, yaradıcılıq eşqi, səylə dövlətimizin inkişafı naminə çalışır. Və bu, elmdə də belədir. Bu gün yüzlərlə istedadlı gənc alimimiz var ki, onların gələcəyinə güvən də sonsuzdur.
- Elm sahəsində çox qısa zamanda xeyli uğur qazanıbsınız. Özünüzün "Uğur formulu”nu gənclərlə bölüşə bilərsiniz?
- Əslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günün gəncliyinə ünvanlanmış, "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm» sözləri Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir. Bizim üzərimizə düşən isə daha da əzmlə çalışmaq, biliyimizdən, potensialımızdan lazımınca istifadə etməkdir.
Məktəb vaxtlarından fəallıq göstərməklə müxtəlif olimpiadalarda iştirak edir, ələlxüsus, riyaziyyatdan qalibiyyətlər əldə edirdim. Amma yüksək riyazi biliyə malik olmağıma baxmayaraq, siyasətə tükənməz istəyim var idi.
Hələ 5-6-cı sinifdə oxuyarkən diqqətlə Heydər Əliyevin çıxışlarını izləyir, balaca not dəftərində qeydlər aparır, qeydlərimi yazırdım.
Və sonradan həmin qeydlər nəfis bir kitaba çevrildi. Həmin əlyazmalar indi də məndə durur. Bu mənim içimdən gələn bir istək idi və heç kəs məni bu yönə istiqamətləndirməmişdi. Heydər Əliyev dühasına, siyasətçiliyinə heyranlığım var idi. Mən də böyüyəndə onun kimi siyasətçi olmaq istəyirdim...
- Belə görünür ki, daim öz üzərinizdə işləməyi inkişafın əsas səbəbi sayırsınız...
- Bu işləri görməkdə heç zaman çətinliyim, problemim olmur. Çünki bütün səyimi, zəhmətimi işlərimə yönəltmişəm. Elmi biliyim, savadım, təcrübəm, ən əsası da zəhmətkeşliyim və üzərimdə daim işlədiyimə görə, bütün bunları bacarıram. Təbii ki, bunun arxasında yuxusuz gecələr, istirahətə az vaxt ayırma, gənclik əyləncələrindən, sosial şəbəkələrdən uzaq durmaq da var. Zamanımın böyük əksəriyyətini elmi fəaliyyətimə ayırıram ki, gənclik illərimi bada verməyim. Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət eyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək və başqaları üçün nümunə olmaqdır.
Mən də dahi liderimiz Heydər Əliyevin söylədiyi hər bir kəlməni özümə nümunə bilərək, siyasətçi oldum.
Hazırda "Müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyev şəxsiyyəti” kitabını tamamlamaqdayam.
Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamlılığını son 16 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayır, fəal milli maarifçilik xətti yeridərək, dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır. Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi, intellektual səviyyəsinin yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişləndirilməsi Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Biz gənc xanımlar üçün də, bütün sahələrdə Mehriban xanım idealdır.
- Ölkədə elm və təhsilə, gəclərə hərtərəfli diqqət və qayğının göstərilməsi də prioritet hədəflərdəndir.
- Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin, təhsilin, mədəniyyətin inkişafına diqqət və qayğısı bu sahələrdə sözün əsl mənasında inqilabi dəyişikliklərə səbəb olmuş, gəncliyin qarşısında geniş üfüqlər açmışdır. Və bütün bunlar əks-sədasız ötüşməmişdir. Azərbaycan Prezidenti gənclərin yaxın dostu, məsləhətçisidir. Onu həmişə gənclərin əhatəsində görmək olar.
Ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda, onun hüdudlarından kənarlarda gördüyü əzəmətli işlər hər bir vətən övladında qürur hissi doğurur. Azərbaycan musiqisinin, xüsusilə muğamlarımızın dünya miqyasında təbliğ olunması, böyük şöhrət qazanması Mehriban xanımın adı ilə bağlıdır. Məktəblərə, təhsil ocaqlarımıza, uşaq müəssisələrimizə, kimsəsiz körpələrə, qocalara, xəstələrə Mehriban xanımın göstərdiyi kömək, yardım ümumxalq məhəbbəti doğurur.
Bütün bu uğurlar ölkə başçısına yeni qüvvə, yeni stimul, Azərbaycan uğrunda mübarizə aparmaq əzmi verir. Çünki cəmiyyətdə hər bir ailə kiçik bir dövlətdir. Bu dövlətin möhkəmliyi, möhtəşəmliyi bütövlükdə cəmiyyətin, dövlətin sarsılmazlığına, möhtəşəmliyinə gətirib çıxarır.
Gənclərə demək istəyirəm ki, səylə çalışmaq, digər işlərə az zaman ayırıb, məqsədə çatmaq üçün gərgin işləmək lazımdır. Şair «Bu günü olmayanın nə dünəni olub, nə sabahı olacaq» deyib. Dünəni yaşatmaq bu günün salnaməsini yazacaq istedadlı gəncliyin şərəfli borcudur.
"kaspi.az"