12.02.2020, 14:44 - Baxış sayı: 752

AMEA-nın elmi müəssisə və təşkilatlarında koronavirusa dair maarifləndirici tədbirlər keçirilib


AMEA-nın elmi müəssisə və təşkilatlarında koronavirusa dair maarifləndirici tədbirlər keçirilibAMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə akademiyanın Ədəbiyyat, Fəlsəfə, Tarix, İqtisadiyyat, Fizika və Torpaqşünaslıq və Aqrokimya institutlarının əməkdaşları üçün koronavirusa dair maarifləndirici tədbirl keçirilib.
Tədbirdə Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri Sevinc Ağalarova, epidemioloqlar Kəmalə Cəlilova və Səbirə Məmmədova virus və ondan mübarizə yollarına dair məlumat veriblər. Ölkə başçısının müvafiq tapşırığına əsasən, Çindən başlayaraq dünyaya yayılan koronavirus və ondan qorunma metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığı, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyi bildirilib.
AMEA-nın elmi müəssisə və təşkilatlarında koronavirusa dair maarifləndirici tədbirlər keçirilibDiqqətə çatdırılıb ki, ilk dəfə 1960-cı ildə heyvanlarda aşkarlanan xəstəlik növbəti illərdə insanlara da yoluxub və 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) formasında üzə çıxaraq, yuxarı tənəffüs yollarını zədələməklə 774 nəfərin, 2012-ci ildə isə Orta Şərq Respirator Sindromu (MERS) şəklində 862 nəfərin ölümünə səbəb olub. Tədbirlərdə koronavirusun Çinin Uxan şəhərində aşkarlanan yeni növünün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 adlandırıldığı, immuniteti zəif olan insanlara tez yoluxmaqla əsasən aşağı tənəffüs yollarını zədələdiyi qeyd edilib. Bundan əlavə, Çinin dövlət orqanlarının rəsmi məlumatlarına əsasən, virusa yoluxanların sayının 44,6 min nəfəri ötdüyü, ölənlərin isə 1113 nəfərə çatdığı vurğulanıb.
Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması, nəfəs çatışmazlığı və digər halların xəstəliyin ilkin simptomlarından olduğu, belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyi bildirilib. Epidemioloqlar virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəminə toxunublar.
Eyni zamanda AR Səhiyyə nazirinin əmrinə əsasən, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, eləcə də Kliniki Tibbi Mərkəzdə koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə xüsusi palataların ayrıldığı diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin xəstəliklə bağlı geniş müzakirələr aparılıb, alimlərin sualları cavablandırılıb.
AMEA-nın elmi müəssisə və təşkilatlarında koronavirusa dair maarifləndirici tədbirlər keçirilib