02.04.2020, 13:04 - Baxış sayı: 650

"Bəy"i bəyənmədik, "Müəllim"i də hörmətdən salırıq


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Adlar və soyadlar kimi insanların bir-birinə və ətrafdakılara, başqa xalqların nümayəndələrinə müraciət formaları da milli-mənəvi ənənələr və dəyərlər məcmusuna aiddir, milli kimlik və etnik mənsubiyyətlə əlaqədardır.
Xalqımızın əsrlər boyu işlətdiyi müraciət formaları olmuşdur. Hələ tayfa münasibətlərinin mövcud olduğu orta çağlarda yaxın adamlar bir-birinə qohumluğu bildirən əmi, dayı, əmioğlu, dayıoğlu, xala, bibi, baba, nənə və sair bu kimi müraciətlərdən istifadə etmişlər. Bu da təbii idi, hətta qohumluq bağları olmayanda belə insanlar tanıdıqları şəxsləri yaşına, cinsinə uyğun olaraq bu kimi adlarla çağırmışlar. Lakin tanımadıqları şəxslərə bəy, ağa, xanım, bəyim kimi müraciət etmişlər. Xalq dastanlarımızda bunun nümunələri çoxdur.
Dünya və zaman dəyişdikcə hər bir xalqda qəbul edilmiş müraciət formaları yaranmış və oturuşmuşdur. Dünyanın əksər ölkələrində, istər Qərbdə, istərsə də Şərqdə yaxın və tanış olmayan hər kəsə münasibətdə, necə deyərlər, məlum standart müraciət normaları işlədilməkdədir. Mister, müsyö, mis, madam, senyor, senyora və sair kimi Qərb ölkələrindəki müraciət formaları hər kəsə məlumdur və bu, çox adidir. Ruslarda yetmiş illik "tovariş"dən asanca əvvəlki "qospodin"ə, "qospoja"ya keçdilər. Ukraynada ənənəvi "pan" və "pani" yenidən əsas müraciət formasına çevrildi. Belə nümunələr onlarladır.
Mətləb üstünə qayıdaq. Müstəmləkə illərində hakim dövlətin diktəsi ilə onların dilini və müraciət təbirini qəbul etməyə məcbur idik. Seyid Əzim Şirvaninin dediyi kimi, "bilməsək dil, əlacımız yox" idi. Çarlıq Rusiyasında yerli zadəganları xalqın gözündən salmaq məqsədilə milli-mənəvi ənənələri və nəsillərarası bağları qırmaq məqsədilə bəylik, ağalıq ləğv edilmiş, bir rus jandarmı belə yerli zadəganlardan üstün hala gətirilmişdi. Bolşevik və Sovet Rusiyası az sonra SSRİ cildində hamını "yoldaş" edərək bu müraciət formasını xalqa qəbul etdirdi. Sovetlər İttifaqı vahid vətən hesab edildiyinə görə "vətəndaş" müraciəti də formalaşdırıldı. Amma "yoldaş"dan fərqli olaraq, əslində, dərin məna tutumlu və gözəl səslənən bu söz yalnız məhbuslara, müttəhimlərə müraciətdə və onların qarşı tərəfə müraciətində işlədilirdi. Rəsmi dairələrdə "yoldaş"la yanaşı, misal üçün, Qulam Səmədoviç, Məryəm Abbasovna kimi milli ruhumuza yad müraciət forması qəbul edilmişdi.
Lakin 1991-ci ildə dünyanın sonuncu imperiyalarından biri dağılandan sonra müstəqillik qazanan xalqlar öz milli müraciət formalarını, soyadlarını yenidən bərpa etməyə, ya da formalaşdırmağa başladılar. Bizim nəslin gözü qarşısında və bir sıra hallarda iştirakı ilə baş verən bu prosesdə xalqımızda təbii olaraq "bəy" və "xanım" müraciətinə qayıtmaq istəyi özünü göstərdi. 1988-ci ildən yavaş-yavaş danışıq dövriyyəsinə daxil olan bəy və xanım sözləri tezliklə cəmiyyətimizdə qismən qəbul edildi, əlbəttə, yaşlı nəsil əvvəlki müraciətlərə o qədər adət etmişdi ki, bu proses kütləviləşə bilmədi, lakin yenə də özünə yol açırdı.
Yaxşı yadımdadır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında Ali Məclisin sədri Heydər Əliyevə müxtəlif adlarla müraciətlər edirdilər. "Heydər bəy", "Heydər Əliyev", "Yoldaş Əliyev", "Heydər Əliyeviç"... Deputat həmkarlarımızdan biri soruşdu ki, yoldaş Əliyev, Sizə necə müraciət edək, Ulu öndər dedi ki, "Heydər Əliyeviç" deməyin, necə müraciət edirsiniz, edin. O zaman deputatların, mən də daxil, böyük bir qismi - yəni Demokratik bloka daxil olan bütün deputatlar və digər bəziləri, yəni Ali Məclis deputatlarının təqribən yarısı "Heydər bəy" müraciətini işlədirdilər və Heydər Əliyev bunu təbii qarşılayırdı, özü də müraciətində "bəy" ifadəsini işlədirdi. Beləliklə, "bəy" keçmiş mənası olan əsilzadə, bəy nəsil-nəcabətinə mənsubluqdan çıxaraq günümüzün çağdaş milli-mədəni müraciət formasına çevrilmişdi. "Xanım" isə ilk gündən əksəriyyət tərəfindən qəbul edildi və xoşbəxtlikdən bu gün də zərif cinsə yaraşan bu ənənəvi müraciət formamız işləkdir. Bəs sonra "bəy"in başına nə gəldi?
1990-cı illərin əvvəllərində baş verən ictimai-siyasi hadisələr, SSRİ-nin dağılması ilə əlaqədar Azərbaycanın öz müstəqilliyini elan etməsi və milli dövlət quruculuğuna keçid heç də rəvan, mütəşəkkil və ardıcıllıqla baş tutmadı. Xaricdən mənəvi-ideoloji təxribatlar və təsirlər, Ermənistanın işğalçı siyasəti və Dağlıq Qarabağın və ətraf ərazilərinin işğal edilməsi, kənar güclərin hər tərəfdən ölkənin daxili işlərinə qarışmaq cəhdləri, müxtəlif siyasi, dini, ayrımcı qrupların fəallaşması, Xalq Cəbhəsi və Müsavat qruplaşması hakimiyyətinin dövlət idarəçiliyindəki səriştəsizliyi və bacarıqsızlığı, yaranmış mürəkkəb vəziyyətdə acizlik nümayiş etdirməsi ölkədə çıxılmaz böhran vəziyyəti yaratmışdı. Xarici düşmənə qarşı mübarizədən daha çox daxildə hakimiyyət uğrunda mübarizəyə kilidlənən "bəy"lərin çoxu qısa müddətdə xalqın gözündən tamam düşdülər. "Bəy" müraciəti də bu zaman əvvəlki cazibədarlığını itirməyə başladı.
Fəlakət anında hakimiyyət və xalq tərəfindən ölkəni xilas etməyə təkidlə çağırılan Ulu öndər Heydər Əliyev böhranı dayandırdı, sabitliyi təmin etdi və qorudu, dövlətin daha çox ərazilərinin düşmənin işğalına düşməməsi üçün atəşkəsə razılıq verdi, yaranmış tənəffüsdən istifadə edərək ölkəni inkişaf yoluna çıxardı, nizamlı ordu quruculuğuna başladı, daxili və xarici maneləri bir-bir aradan qaldıraraq müstəqil dövlətçiliyin etibarlı və möhkəm təməlini qoydu, müstəqilliyin əbədi və dönməzliyinin təminatçısı oldu.
Müstəqil dövlətçiliyə keçid illərində əlbəttə, ən çox zərər görən mənəviyyat aləmi oldu. Məlum iqtisadi çətinliklər təlim, tərbiyə, təhsil sahələrini, insanların qarşılıqlı münasibətlərini xeyli zədələdi. Cəmiyyətdə fürsətcil insanların əxlaqı dominantlıq qazanmağa başladı. Bir zamanlar halal və şərəfli peşəsi ilə maddi və mənəvi baxımdan təmin olunan müəllimlər daha pis duruma düşmüş oldular və bu vəziyyətdən çıxmaq üçün hələ illər lazım gələcəkdi. Beləliklə, 1990-cı illərin əvvəllərində az qala əsas müraciət formasına çevrilməkdə olan "bəy" müraciəti bir sıra "bəylər"in uğursuz nümunəsində sanki bu müraciət üsuluna marağı azaltmış oldu. Halbuki "bəy" müraciəti heç də bir qrupun inhisarında deyildi və sivil müraciət forması olaraq yadlaşdırılmamalıydı. Bu, artıq xalqın mənəvi-psixoloji durumu ilə bağlı idi. "Bəy" deyə müraciət edənlərə sanki "cəbhəçiymiş kimi" baxanlar var idi. Əlbəttə, nə hökumətin, nə ölkə rəhbərliyinin "bəy" müraciətini qadağan etmək, ya məhdudlaşdırmaq siyasəti olmamışdı, indi də, az-az təsadüf edilsə belə, bu müraciət istifadə edilməkdədir və heç kimdə də mənfi reaksiya doğurmur.
Təəssüf ki, soyadlarımızın müəyyənləşdirilməsi kimi, müraciət formalarımızın da sərbəst buraxılması, bunlarla əlaqədar parlament tərəfindən müvafiq qanunlarının qəbul edilməməsi bir boşluq yaratdı. Boşluqlar isə hər zaman xoşagəlməz şəkildə zərərli vərdişlər, yabançı dəyərlərlə doldurulur. "Yoldaş" və "bəy" nəzərdən düşüncə adi adamlar bir-birini ən müxtəlif şəkildə: "ay qardaş", "ay bacı", "ağsaqqal", "rəis", "əmoğlu" və sair çağırmağa başladılar. Cəmiyyətdə ən hörmətli bilinən şəxslərə "müəllim" deyə müraciətlər yarandı. "Müəllim" müraciəti ilk vaxtlar xeyli məhdud işlənirdi və ancaq hörmətli, ziyalı və vəzifəli şəxslərə daha çox aid edilirdi. Lakin get-gedə müəllimliklə, ziyalılıqla heç bir əlaqəsi olmayan şəxslərə də aid edilməyə başladı. Müstəqilliyimizin 30-cu ilində, yəni bu gün isə "müəllim" artıq "ayə", "ay kişi", "ay adam" və sair tərzində işlədilir. Nazirdən, akademikdən tutmuş, sıravi zəhmət adamınadək hər kəsə adı ilə, ya adsız "müəllim" deyə müraciət edilir. Düşünürük ki, bu hal yolverilməzdir və belə davam etməməlidir. Çünki müraciət forması həm də cəmiyyətin, xalqın tarixi ənənəsinin, onun mədəni səviyyəsinin və mənəvi dəyərlərinin göstəricilərindən biridir.
Uzun illər yüksək diplomatik xidmətdə olduğum iki ölkədən misal gətirmək istərdim. Bizin ən yaxın qonşumuz, bir çox hallarda əsrlərcə müştərək tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduğumuz, əhalisinin təqribən 40 faizinin azərbaycanlıların (Azərbaycan türkləri) təşkil etdiyi İranda bir qayda olaraq ümumi müraciət kişilərə "ağa", qadınlara "xanım"dır. Bu kişi-ağa yüksək vəzifə sahibi və cəmiyyətdə müəyyən məqama malikdirsə, ona "cənab ağa filankəs" də deyilir, xanıma da əgər peşəsi, dərəcəsi bəllidirsə, ona uyğun artırmalar edilir: xanım-doktor, sərkar xanım və sair. Pakistanda da kişilərə sahib, cənab, qadınlara isə sahibə, bəyim (biqam) müraciətləri rəsmi müraciət formalarıdır. Digər müsəlman Şərq ölkələrində də bənzər müraciətlər mövcuddur. Belə olan halda, biz Şərqdə ilk demokratik respublikanı quran, bütün insanları bərabər elan edən, qadınlara ilk seçib-seçilmək hüququ verən, yüz faiz savadlılığa malik, sekulyar, sürətlə inkişaf edən, Asiya və Avropa dəyərlərinin inteqrasiyası nəticəsində modern bir cəmiyyətə malik olduğumuz halda, nədən özünəməxsus müraciət formalarına sahib olmayaq?
Yada salaq ki, uzun zaman əvvəldən son 30 ilədək cəmiyyətimizdə yalnız məktəbdə və universistetlərdə, bir sözlə, elm-tədris ocaqlarında müəllimlik edənlərə bu adla müraciət edərdilər. Bu ad çox uca, şərəfli və iftixarlı idi, çünki müəllim ziyalı təbəqəsinin əsas nüvəsini təşkil edirdi. Eyni zamanda, bütün peşələrin mütəxəssisləri, dahi şəxslər məhz müəllimlərin yetirməsi idilər və onlar öz müəllimləri ilə fəxr edirdilər. Hüseyn Cavidin balaca qız Gülbahara həsr etdiyi şeirində qızcığazın ən çox sevdikləri arasında Allah, Peyğəmbər, ata, ana ilə yanaşı, müəllim də yer alırdı.
Ulu öndər Heydər Əliyev hətta ömrünün ahıl vaxtlarında belə müəllimlərini böyük ehtiramla xatırlayırdı... Yadımdadır, uzun illər öncə, Xalq artisi Zeynəb Xanlarovanın "Heydər müəllim" deyə Ulu öndərə müraciət etdiyini televiziyada seyr edəndə bu adı Ümummilli liderimizə çox yaraşdırmışdım. Axı Heydər Əliyev ixtisasca da, cəmiyyətdəki və dövlətdəki yüksək missiyasına görə də həmişə öyrədən idi, böyük mənada müəllim idi. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində hamımızın müəllimi olmuş, vətəndaşlığı, ziyalılığı, dövlətçiliyi öyrətmişdi. Bunları yada salmaqda məqsədim odur ki, müəllim müraciəti istisna hal kimi cəmiyyətin ən ziyalı, mötəbər şəxsiyyətlərinə şamil edilə bilər. Amma kütləvi, normativ müraciət formaları, şifahi, ya yazılı cənab, bəy və xanım kimi qəbul edilməlidir. Eyni zamanda, birisinə adı ilə müraciət edəndə xanım, ya cənab, ya da bəy müraciət edilməsi məqsədəuyğun olardı. Məsələn, Zeynəb xanım, Elçin bəy, cənab Kərimli və sair. Dilimizi öyrədə bilərik ki, biz də addan sonra bəy, xanım, soyaddan əvvəl cənab, xanım deyək. Adını bilmədiyimiz şəxsə müraciətimizdə cənab, xanım işlədək, hər kəsə "müəllim" deməyək.
Bəziləri belə düşünür ki, "cənab" müraciəti yalnız yüksək vəzifəlilərə aid ola bilər. Bu, tamamilə yalnışdır, çünki "cənab" ağa, yaxud bəy anlamındadır və qarşıdakına ehtiramı özündə ehtiva edir. Buna görə bu müraciət forması hər kəsə şamil edilə bilər, yüksək dövlət adamlarına şifahi, ya yazılı müraciətlərdə də "cənab" müraciətinin işlədilməsi daha məqsədəuyğundur.
Dövlət başçısına "Zati-aliləri" müraciəti artıq institutlaşmışdır və yaxşı haldır. Bu müraciətlə bizim xarici ölkələrdəki səfirlərimizi də çağırırlar, biz də ölkəmizdəki xarici səfirlərə "Zati-aliləri" deyə müraciət etməliyik. Bu, dünya praktikasında belədir. Kütləvi informasiya vasitələri mənsubları xarici ölkə səfirlərinə müraciətdə bu vacib məqamı unutmamalıdırlar. Televiziya verilişlərində və müsahibələrdə hörmətli səfirlərə sadəcə, adı ilə "bəy" deyilməməlidir. Məsələn, qardaş Türkiyə Cümhuriyyətinin səfirliklərində hər diplomata adıyla bəy deyə müraciət edilir, lakin səfirə "bəy əfəndi" deyilir, xanımına da xanım əfəndi. Bunlar bizim üçün ən yaxşı nümunələrdir. Vəzifəsi və cəmiyyətdəki yerindən asılı olmayaraq müraciətlər aid olan şəxslərin şəxsiyyətinə dəyər verməyi tələb edir. Fikrimizcə, birbaşa bizə dərs deyib, elm öyrədən şəxsə müəllim deyə bilərik, bu halda bu ad "cənab"dan da üstündür. Qalan hallarda "cənab" və ya "bəy" işlədilməlidir.
Arzu edərdim ki, müvafiq müraciət formalarımız yeni formalaşan Parlamentdə müzakirə edilib lazımi qanun qəbul olunsun.
Bu da arzuolunandır ki, Rusiyanın, Türkiyənin, İranın, Avropanın, Asiyanın müraciət təcrübələrindən faydalanaq - gündəlik ünsiyyətimizdə "salam", "sağol"la kifayətlənməyək, "günaydın", "xahiş edirəm", "zəhmət olmasa", "lütfən", "buyurun" və bu kimi gözəl sözlərimizi işlədək, başqalarının gülüşünə səbəb olan xarici sözlərlə qarışdırılmış danışıq tərzimizdən uzaqlaşaq. Dilimizin, soyadımızın və müraciət mədəniyyətimizin qayğısına qalaq, təəssübünü çəkək, müraciət formalarımıza diqqət edək. Axı, yaxşı deyiblər ki, bir milləti məhvə aparmaq üçün onun müəllimlərini nüfuzdan salmaq lazımdır. Müəllimlik də müəllim adından başlayır. Torpaqlarımızı bir gün işğaldan azad edəcəyimizə əminik, lakin gəlin dilimizi də işğala düşməkdən qoruyaq, bir-birimizlə yad dildə danışmayaq, şəhər lövhələrində adları, məlumatları ana dilində yazaq, müraciətlərimizə, gündəlik ünsiyyətimizə dilimizin şirinliyini və zənginliyini qataq. Müvafiq qanunlar olacaq, ya olmayacaq, buna baxmadan müraciət formalarına həssaslıqla yanaşaq, xüsusən də "müəllim" adını hörmətdən salmayaq.

"525.az"