16.04.2020, 16:03 - Baxış sayı: 742

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır


Rəna Mirzəzadə,
AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor

Bəşər tarixi XX əsrin sonu, XXI əsrin əvvəlləri əsaslı dünyanın yeni nizamı və milli dəyişikliklərlə müşaiyət olunur. Müasir Azərbaycanın siyasi, fəlsəfi, tarixi və böyük ümumilikdə ictimai elmlər sahəsində müxtəlif problemlərinin dərin elmi təhlilini verən Akademik Ramiz Mehdiyevin çox önəmli yeri və rolu vardır. Bu baxımdan da Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı əsəri bu silsilədən yeni siyasi-fəlsəfi konsepsiyadır. Müəllifin 2002 və 2003-cü illərdə mətbuatda dərc edilən, hazırda isə kitab şəklində nəşr olunan əsərinin adı, onun məzmununu əxz etdirir və günümüz üçün də vacib aktuallıq kəsb edir. Akademikin əsərdə əksini tapan siyasi düşüncə, fəlsəfi fikir və sosiomədəni baxışları, elmi mülahizələri dövrümüzlə tam həmahəngdir, dünyanın bugünki düzənin də geosiyasi reallıqlarıdır.
Kitabda məhz XXI əsrin əvvəllərində dünyanın yeni nizamının formalaşması, inkişaf dinamikası haqqında verilən yeni-modern filosof baxışları, bugün də öz aktuallığını saxlayır. Əsərin aparıcı xəttini Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın Milli inkişaf strayegiyası və modernləşmə xətti təşkil edir. Akademik milli inkişaf siyasətinin proqnozunu verən gələcəyi, yenilənən Azərbaycanı, onun xarizmatik liderini və bu əsasda da milli ideya konsepsiyasını özünün böyük idarəetmə təcrübəsinə istinad edərək təhlil edir. Akademik rəsmi faktlara, statistik dəlillərə əsasən siyasətşünaslıq, fəlsəfə elmi tədqiqatçıları üçün belə bir məntiqi nəticəyə gəlir ki: “Müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətini müəyyənləşdirmək olduqca aktual problemdir”. (s.16)
Əsərin motivi müstəqil Azərbaycanda aparılan demokratik əsaslı dövlət strategiyasından, bu əsasda isə həm iqtisadi, həm də sosio-siyasi inkişaf siyasətinin həyata keçirilməsində Ulu Öndər Heydər Əliyev fenomeni və yeni dövrün yeni lideri Prezident İlham Əliyev haqqında fundamental elmi, nəzəri baxışlar sistemidir. Bu baxışlar fəlsəfəsində dövlət+cəmiyyət paradiqması, real tarixi zamanda şəxsiyyət+Liderin rolu və mövqeyi, eləcə də, hadisə və proseslərdə mövcud inkişaf xətti siyasi nəzəri təfəkkür çərçivəsində təhlil olunur. Kitabın “SSRİ-nin dağılması: yeni imkanlar” bölməsində müəllif yazır ki: “İqtisadiyyatın, ictimai-siyasi proseslərin və dövlət quruluşunun, yeni qlobal dünya nizamının bərqərar olması, panavropa siyasi məkanında sol mərkəzçi qüvvələrin güclənməsi və s. hallar Azərbaycanın müasir siyasi məkanının real vəziyyətini müəyyənləşdirən amillərə çevrilmişdir”. (s.5)
Akademik XX əsrin sonunda baş verən hadisələr, qazanılan müstəqillik, 1990-92-ci illərdə xaos şəklində olan hakimiyyətdəki pərakandəliyi açıqlayaraq, bütün əsas sahələrin böhranını belə göstərir ki, - siyasi sahədə idarəçilik itirildi, iqtisadi sahədə kütləvi işsizlik və əhalinin həyat səviyyəsi kəskin surətdə aşağı düşdü, sosial sahədə böhran nəticəsində sosial qrup və təsisatlar sürətdə dezinteqrasiyaya uğradı. Akademik yazır ki: “Nəticədə bir cəmiyyətdə iki böhran – sosial iqtisadi və mənəvi-əxlaqi, mədəni böhranlar üst-üstə düşdü”.(s.8) Total böhranın isə milli siyasətin formalaşmasına, cəmiyyət və dövlətin müasirləşməsi-nə prblemin törətdiyi vurğulanır.
“Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf ideologiyası” bölümündə XX əsrin sonu Azərbaycan ənənəvi cəmiyyətində gedən modernləşmənin dörd cəhəti fərqləndirilir. Bunlar: “Birinci, ənənəvi cəmiyyətin əsas ideologemləri və ənənəvi normalarının tənqidi təhlili və mərhələ-mərhələ latent (gizli) surətdə dağılması; ikincisi, ənənəvi kommunist ideologiyası dayaqlarının dağılması və başqa ictimai normalara uyğun gələn davranış modelinin formalaşması; üçüncüsü, əvvəlki fəaliyyət modellərinin böhranı; dördüncüsü, yeni ictimai fəaliyyət modellərinin təşəkkülü prosesi, əhalinin daha geniş təbəqələrinin bu prosesə tədricən cəlb edilməsi cəmiyyətin yeni sosial strukturunun formalaşması idi”.(s.9)
Akademik bu cəhətləri geniş təhlil edərək “Azərbaycanda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşmağa başladı” (s.11) məntiqində isə məhz bunu ideoloji quruluş baxımından müasir ideoloji cərəyan olan neokonservatizmə aid edir. Dünya siyasi fikir tarixində liberallıq və neokonservatizm kimi təlimlərdən, onların vəhdətindən söz açan Akademik, bu konsepsiyaların Azərbaycan üçün də ideoloji konstruksiya olmasını elmi-nəzəri, siyasi-fəlsəfi aspektdən əsaslandırır. Böyük dövlət xadimi, filosof Ramiz Mehdiyevin “müasir ideoloji cərəyan olaraq neokonservatizm cəmiyyətə ailənin və dinin mənəvi prioritetlərini, vətəndaşların və dövlətin qarşılıqlı məsuliyyətinə və qarşılıqlı köməyinə, hüquqlara hörmət bəslənilməsinə, möhkəm dövlət intizamına əsaslanan sosial stabillik təşkil edir” (s.11) məntiqi müasir Azərbaycan ictimai fikir tarixində həm sosiosiyasi, həm gender identikliyi, həm hüquqi məsuliyyət fəlsəfəsini əks etdirən elmi-inteqrativ yanaşmadır.
Əsərin elmi məzmunu yeni terminlər, yeni ideoloji baxışlar müstəvisində neokonservatizm və azərbaycançılığın nisbətinin açılması, həmçinin “ideologiya”, “ideya”, “azərbaycançılıq” anlamlarının mənasının izah edilməsi təşkil edir. Əsərdə həm də Azərbaycanın milli ideologiyasının qloballaşma zəminində dərin nəzəri analizi verilir.
Akademik çox maraqlı və müqayisəli təhlil apararaq, neokonservatizmlə azərbaycançılığın fərqli və oxşar determinantlarını qarşılaşdıraraq vurğulayır: “neokonservatorlar dövlətçidirlər, ona görə də “azərbaycançılığın” milli ideyalarımızın üstünlüyünə çalışması mövcud gerçəkliyi neokonservativ tərzdə qavramağın əsasını təşkil edir”. (s.21) Məhz bu baxımdan da Akademik “azərbaycançılığ”ın ideya kimi kökünü, məna və məzmununu verməklə yanaşı, həm də onun terminoloji anlamını da izah edir. Bəs “azərbaycançılıq” nədir, bu anlam özündə nəyi ehtiva edir... Ramiz Mehdiyev fəlsəfi-siyasi yanaşmasında: “Azərbaycan xalqının tarixi potensialını, intellektual fenomenini və mədəni irsini özündə cəmləşdirən, onları gələcəyə ötürən və bu zaman millətin birliyinə, sosiumun ruhunun əzəmətinə və fəaliyyətinin məqsədyönlülüyünə çalışan “azərbaycançılıq” da bu mənada təsəvvür edilir” (s.22).
Təbii ki, bir ideoloji konsepsiya kimi “azərbaycançılıq” müstəqil respublikanın siyasi-fəlsəfi təlimi, etno-geosiyasi və sosiomultikultural aspektlərinin vəhdətidir. Azərbaycançılıq bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik kontekstində fikirləri bir sistemdə birləşdirən davranış qaydası, ideya-nəzəri prinsipdir. Akademik də bu əsərində Ulu Öndər Heydər Əliyevin fikirlərini əsas gətirərək yazır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.(s.22)
Alimin elmi ictimaiyyətə təqdim edilən bu əsərində bir bölmə də “Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində” adlanır. Böyük filosof burada dünyanın yeni düzəni, onu şərtləndirən faktorları sadalayır. “Dünya iqtisadiyyat sərhədlərinin genişlənməsi, ümumbəşəri dəyərlərin bərqərar olması, dünyanın yeni informasiya açıqlığı və İKT-nin sürətli inkişafı yeni dünya nizamının başlanmasını şərtləndirmişdir”.(s.25) Akademik siyasi-fəlsəfi dü-şüncədə qloballaşmanı “daxili sosial münasibətlərin formasını dəyişir”, “cəmiyyəti qərbləşdirir”, “milli mədəniyyəti dağıdır” (s.26) və s. bu kimi yanaşmalarda təqdim edir. Müəllif zaman və transformasion mərhələ çərçivəsində milli mentallıq, milli özünüdərk və milli “Mən”in mahiyyətini qoruyub saxlamağı vurğulayır(s.27) və Dövlət dili, Azərbaycan əlifbası və “Azərbaycan dili günü” haqda Ulu Öndər Heydər Əliyev tərəfindən verilən fərmanların “siyasətdə mühafizəkarlıq deyil”(s.27), milli mənəvi dəyərlərin qorunub saxlanılması kimi xarakterizə edir.
Akademik əsərdə çoxlarını düşündürən belə bir sual qoyur ki: “ Qloballaşma prosesində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli “Mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Bu sualın cavabını da filosof Akademik özü verir. Buradaca modernləşmə ideyasının 1993-cü ildən, yəni Azərbaycanda ən yeni dövrdən – başlanması açıqlanır. İlkin mərhələdə bu ideologiya olmayıb, Azərbaycanın inkişafının strateji konsepsiyası idi. İkinci səviyyədə modernləşmə ideologiyası (1996-cı ildən) fəal və hakim olur ki, burada liberallıq, sosializm və vətənpərvərlik təlimi birləşir, keçmiş sovetlərdən qalma “müstəmləkə şüuru” dağılır. Üçüncü səviyyədə isə, antimodernistlik aradan qaldırılır, ənənəçilik neytrallaşdırılır. Yəni, milli mədəniyyət hifz edilərək (neokonservatizm), iqtisadi səmərəlilik sosial ədalətlə birləşir, sosial müdafiə ilə insan azadlığı təmin edilir (neoliberalizm). Beləliklə də, “Azərbaycanda ictimai və texnoloji dəyişiklikləri həyata keçirmək” (s.29) məhz modernləşməni şərtləndirir.
Əsərin “Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası”nda “siyasətin insan fəaliyyətinin formalarından biri” (s.30) olması, siyasi elita, onun tərifi, səciyyəvi xüsusiyyətləri, yaranması, tipləri və “elitanın xalqın milli sərvəti” (s.30) kimi məziyyətlərindən bəhs edilir.
Məhz siyasi elitadan bəhs edərək də Ulu Öndər Heydər Əliyevin siyasi elitanın ən nümunəvi şəxsiyyəti, geniş qabaqcıl təfəkkürü, ağlı, biliyi, “qəbul etdiyi qərarlara məsuliyyəti olan siyasətşünas “dövlət+cəmiyyət dualizminin sxemini quran Lider” olduğunu bildirilir.(s.30-31)
Akademik ictimai-siyasi prosesləri, demokratik institutlaşma hərəkatını xarakterizə edərək, həm də Azərbaycanın tutduğu bazar iqtisadiyyatı yolunun inkişaf etdirilməsinə də toxunur. Azərbaycanda, uğurlu iqtisadi siyasətin üç başlıca prinsipini: “1) bazar rəqabəti; 2) iqtisadiyyatın idarə olunmasının bütün sahələrinin (valyuta bazarı, ticarət əlaqələri münasibətləri, bank-maliyyə bazarı və s.) sərbəstləşdirilməsi; 3) mülkiyyətin bütün formalarının plüralizmi” (s.35) kimi açıb göstərir. Məhz bu nöqteyi-nəzərdən də, ölkənin milli iqtisadiyyatının perspektivləri, qlobal təsərrüfatda yeri barədə, həmçinin istər neft sənayesi, istərsə də, qeyri-neft sektoru ilə bağlı rəsmi statistik rəqəm və faktlar, orta sinfin formalaşması amili, kiçik və orta biznesin, sahibkarlığın inkişaf istiqamətləri də əsərdə geniş təhlil olunur. Akademik vurğulayır ki, “istər regional, istərsə də ümumdünya kontekstində Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin təhlili və şərhi, formalaşmış sabit siyasi xəttin və mərhələli iqtisadi yüksəlişin olduğunu göstərir” (s.42).
Akademik, həmçinin “Müxalifət” adlı hissədə “milli müxalifətin” formalaşma tarixini (1987), hakimiyyət uğrunda mübarizəni, müxalifətdaxili çəkişmələri, partiya quruculuğu tarixini və s. bu kimi siyasi-ideoloji məsələləri həm elmi, həm də politoloji baxış parametrindən nəzərdən keçirir.
Əsərin “Yeni dövrün siyasətçisi” yekun bölümündə Prezident İlham Əliyev, onun siyasi liderlik keyfiyyətləri, siyasi mədəniyyət və davranışı, ailə tərbiyəsi, təhsili, həyat yolu, intellekti, ciddiliyi ilə paralellikdə böyük insanpərvərliyi, vətənsevərliyi, milliliyi “şüurlu həyatı boyu topladığı bütün qiymətli və müsbət nə varsa, hamısını faydalı şəkildə sintezləşdirmək bacarığının mühüm rol oynaması” (s.53) kimi gerçəkliklər paradiqmalarında açıqlanır.
Akademik bu əsərdə öz böyük idarəetmə təcrübəsinə, zəngin ümumləşdirmələr bacarığına istinadən yenə çox məntiqli siyasi bir sual verir: “Azərbaycan gələcəkdə necə olacaqdır?(s.62) Və belə cavab verir: “Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” – İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi bax, bunlardır. Bunlara, məsələn, Ulu Öndər Heydər Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar” (s.65). Yəni, modernləşməni iqtisadi islahatla məhdudlaşdıran proses və bu paralellikdə demokratikləşdirmə ideyasının önəmli olmasıdır.(s.65) Bəli, Akademik də təsdiqləyir ki, gələcəyin Azərbaycanı demokratik ideyalı, sabit, iqtisadi inkişaflı, modern, Güclü dövlət olacaqdır.
Akademik Ramiz Mehdiyevin bu əsərində ikinci ən vacib aktual və qiymətli yazı “Əsl vətəndaş, böyük şəxsiyyət və Qüdrətli lider haqqında bəzi düşüncələr” adlanır. Adından da bəlli olduğu kimi söhbət qüdrətli lider – Ulu Öndər Heydər Əliyevdən, müstəqil Azərbaycanın Qurucusu, Yaradıcısı olan Dahi Strateqdən gedir. Akademik ölkənin Birinci vitse prezidenti Xanım Mehriban Əliyevanın “Həyat dərsi” məqaləsinə diqqət yönəldərək göstərir: “Mehriban Əliyeva yazır ki, onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bugün də öyrənirlər. Heydər Əliyev – Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı” (s.67-68).
Bu fikirlər ölkənin Birinci vitse prezidenti Xanım Mehriban Əliyevaya məxsusdur. Məhz Akademikin diqqətini də çəkən bu fikirlərdir: “Heydər Əliyevin Azərbaycan üçün varlığı “taleyin tanrı payıdır” (s.68). Həqiqətən də, müəllif də vurğuladığı kimi “Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi” (s.68).
Tarixi Sima, Hakimiyyət Ustadı, Fenomen Yaddaşlı Strateq, Uzaqgörən Siyasətçi, Dövlət Xadimi – Böyük Öndər Heydər Əliyevdir.
Akademik bu əsərində müasir Azərbaycan tarixinin siyasi dövrləşməsini verərək, həm də onun ictimai-siyasi mərhələlərinə də açıqlama verir. Akademik Ramiz Mehdiyev yazır ki, “Heydər Əliyevin Azərbaycan tarixinə təsiri çox böyükdür. O, müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. İllər keçəcək və çiçəklənən Azərbaycanın vətəndaşları bir gün deyəcəklər: “Heydər Əliyev ölkəni idarə edib, onun ideyaları zamanın sınağından çıxmışdır və bugün də insanların şüurunda və qəlbində yaşayır. Ölkədə fəaliyyət göstərən siyasi və iqtisadi sistem əsl Vətəndaşın, böyük Şəxsiyyətin, qüdrətli Liderin əməyinin bəhrəsidir” (s.130). Bəli, Akademik Ramiz Mehdiyev məntiqi real həqiqətə, gerçəkliyə söykənir. Yekunda nəzərə yetirək ki, Akademik Ramiz Mehdiyev bu əsərdə əsasən aşağıdakıları siyasi fəlsəfi fikir müstəvisində diqqətə yetirmişdir:
- Cəmiyyət+dövlət və hakimiyyət+xalq və dövlət+Lider həyatının siyasi fəlsəfəsindən, tarixi inkişaf mərhələsində Azərbaycanda zaman- zaman aparılan siyasətdən bəhs edilmişdir, bu siyasət istiqamətində Ulu Öndər Heydər Əliyev fenomen şəxsiyyəti haqqında real siyasi tarix açıqlanmış, Yeni dövrün siyasətçisi Prezident İlham Əliyevin Liderlik keyfiyyətləri göstərilmişdir;
- XX əsrin 70-ci illərindən hazırki zamanadək Azərbaycanda və bu əhatədə baş verən hadisələr və proseslərin, həmçinin sosiosiyasi, ictimai-ideoloji, siyasi-iqtisadi şəraitin təzahür formalarına nəzər yetirilmişdir;
- Dəyişən dünyanın yeni nizamı, yeni düzənində milli ideyanın formalaşması, necə yaranması, azərbaycançılıq ideologiyasının tərifi, məzmunu, onun neokonservatizmlə uyğun cəhətləri verilmişdir;
- Prezident İlham Əliyevin modern, balanlaşdırılmış strateji siyasəti, Azərbaycanın gözləgörünəcək sosiomədəni, humanitar, siyasi inkişafı, sivilizasiyalar arası dialoq məkanı, multikultural dəyərlər modeli ilə dünyaya nümunə olması təkzib olunmaz faktlarla nəzərə yetirilmişdir.
Bəs milli ideya nədir formulunu Akademik belə xarakterizə edir: “İnsan dünyaya baxışında dərk etməlidir ki, təkcə milli ənənəyə deyil, həm də sivilizasiyaya mənsub olmaq vacibdir. Ailə, nəsil, kənd, etnos və dil birliyi – bütün bunlar bilavasitə verilmiş ümumiliklərdir. Bu milli ideyadır, milli ideologiyadır”.(s.22-23)
Beləliklə, “Dünyanın yeni düzəni və milli ideya” əsəri çox geniş siyasi məzmunu, yeni terminoloji anlamları, Qərb və Şərqin görkəmli nümayəndələrinin fikirləri ilə zəngindir. Akademik müasir Azərbaycanın siyasi mənzərəsini yeni siyasi - fəlsəfi baxışlar nöqteyi-nəzərindən açmaqla, həm də ölkənin siyasi-iqtisadi, tarixi-ideoloji mənzərəsini dünyanın yeni düzəni kontekstində araşdırır.
Akademik Ramiz Mehdiyev bu əsərində milli ideya, ideologiya məhfumlarını azərbaycançılıq konsepsiyası ilə vəhdətdə elmləşdirərək, müasir siyasətşünaslıq elmi üçün nəzəri paradiqmalar mənbəsi yaradır. Əsər ümümilikdə müasir Azərbaycan siyasətşünaslıq, fəlsəfi baxış sistemi üçün gərəkli bir elmi istinad ədəbiyyatıdır.
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri nəinki milli siyasətşünaslıq elmində, həmçinin dünya siyasi elmi üçün də zəngin elmi mənbə, modern sistemli ictimai, siyasi, fəlsəfi, tarixi baxışlar paradiqmasıdır.