06.05.2020, 19:36 - Baxış sayı: 770

Pandemiya mərhələsində fəlsəfə: şüur kontekstində baxış


Füzuli Qurbanov,
f.e.d., AMEA Fəlsəfə İnstitutunda şöbə müdiri


Artıq “pandemiya” anlayışı fəlsəfi təfəkkürü həm daha çox maraqlandırır, həm də qıcıqlandırır. Maraqlandırır ona görə ki, tarixi baxımdan çox qısa bir zamanda bəşəriyyətin taleyini həll edə biləcək bir prosesi ifadə edir. Qıcıqlandırır ona görə ki, insanlığın tərəqqi, inkişaf, qloballaşma, qaşılıqlı faydalı əməkdaşlığın yeni modellərini arzuladığı bir zamanda bütün qaydaları alt-üst edə biləcək bir mənzərənin formalaşdığını seyr edir. Amma yenə də bu dəyişikliyin fəlsəfi refleksiyası çox əhəmiyyətlidir və bəlkə də bütün digər dərketmə formalarının önündə getməlidir. Biz bu kiçik məqalədə həmin tezisi əsaslandırmağa çalışacağıq.
“Pandemiya” termininin iki mənada işlənməsi bizi daha çox maraqlandırır. Bu, söz yunancada “bütün xalq” deməkdir. Onu adətən çox güclü epidemiya, bütün bəşəriyyəti əhatə edən təhlükə (xəstəlik növü) kimi işlədirlər. Sən demə, bu terminin maraqlı bir tətbiqi də mövcuddur. Almaniyada 2008-ci ildə “pandemiya” stolüstü oyunu yaradılıb. Onun müəllifi Metti Likokdur. Bu oyunda 4 təhlükəli xəstəliyin dünyaya yayılması ilə bağlı mübarizə əks olunub. Oyunda 2-4 oyunçu iştirak edə bilir. Onlar dispetçer, təbib, alim, tədqiqatçı və inşaatçı rollarını ifa edirlər. Bu oyunun digərlərindən fərqi rəqabət əsasında bir adamın qələbəsinə nail olmaq deyil, qarşılıqlı yardım və əməkdaşlıq əsasında xəstəliyə kollektiv surətdə qalib gəlməkdən ibarətdir. Burada şərt kimi uduzmaq ssenarisi reallaşana qədər oyunçular bütün xəstəlikləri yenə biləcək dərmanı kəşf etməlidirlər.
Bu gün bizlərin gördüyü mənzərə, iradəmizdən asılı olmayaraq içində olduğumuz hadisələr, hiss etdiyimiz təhlükələr prizmasında düşündürücü və həm də qıcıqlandırıcı deyilmi? Həm də proseslər stol üstündə getmir. Orada da maksimum 4 nəfər oyunçu yoxdur. İndi real olaraq dünya miqyasında konkret təhlükə yaradan “karona virus”la (COVİD-19) mübarizədən bəşəriyyətin qalib çıxa bilməsi yollarını aramaq qarşıda durur. “Oyunda da bütün dünya dövlətləri və əhalisi “iştirak edir”. Amma stolüstü oyundakı əsas prinsip gerçəklik üçün də çox əhəmiyyətlidir: COVİD-19-a ancaq qarşılıqlı əməkdaşlıq, dayanışma və yardımlaşma əsasında qalib gəlmək mümkündür. Və bu qələbə yalnız bütün bəşəriyyətin ola bilər! Bizcə, pandemiya mərhələsinin fəlsəfəsinin başlıca qayəsi məhz bu üç termin üzərində formalaşmalıdır: dayanışma, əməkdaşlıq və yardımlaşma! Buna nail olmaq fəlsəfəsinin mərkəzi prinsipi isə rəqabət deyil, birgə fəaliyyət nəticəsində kollektiv qələbəni əldə etməkdən ibarətdir! Biz məsələnin bu tərəfinə şüur kontekstində yanaşmağa çalışacağıq.
Bunun üçün vurğulanan prinsiplər və müddəalar prizmasında COVİD-19-la bağlı yaranmış pandemik vəziyyətə iki səviyyədə baxaq. Birinci, qlobal miqyasda dövlətlərin bu vəziyyətə münasibəti. Burada hələlik əməkdaşlıq və kollektiv dayanışmaqdan danışmaq çətindir. Əksinə, supergüclər arasında bir rəqabət və hətta qarşılıqlı ittiham müşahidə edilir. Son günlər isə rəsmi Vaşinqton açıq şəkildə Çini virusu hazırlamaq və yaymaqda ittiham edir. Digər böyük dövlətlər bu istiqamətdə fəallıq göstərmirlər. Lakin Beynəlxalq Səhiyyə Təşkilatının da çağırışlarına baxmayaraq, kollektiv fəaliyyət müşahidə edilmir. Bu təşkilatın hazırkı rəhbəri birbaşa “dövlətlər bir-birini ittiham etməyə deyil, əməkdaşlığa və birgə fəaliyyətə üstünlük verməlidirlər” dəvətinə gerçək müsbət reaksiya hələ görünmür. Deməli, betynəlxalq miqyasda hər kəsi təhdid edən bir təhlükəyə qarşı dünya birləşə bilmir. Bu, nə anlama gəlir? Dünya bəşəriyyət üçün təhlükə olan bir riskə, təhdidə və fəlakətə qarşı hələ də ortaq mövqe formalaşdırmaq, yəni ümumi dayanışma etmək keyfiyyətinə malik deyil. Belə bir vəziyyət fəlsəfi olaraq dünyanın kollektiv reallıq qismində bütövləşə bilmədiyini göstərir. Hələ də dünyanın xəritəsi yalnız coğrafi olaraq ayrı-ayrı qitələrə, regionlara və milli dövlətlərə bölünməyib, həm də korporativ maraqlara daha çox meyl edən “fraqmentar düşüncə”nin üstünlük təşkil etdiyi geosiyasi təfəkkür dominantdır.
Əlbəttə, alimlər, strateqlər, siyasi liderlər arasında mövcud yanaşmalardan ümumdünya miqyasında düşüncə mövqeyinə keçmək zərurətini vurğulayanlar da vardır (Azərbaycan Prezidenti də birmənalı bu mövqeni fəal irəli sürənlərdəndir). Hələ 1992-ci ildə alman alim Ulrix Bek “ümumdünya risk cəmiyyəti”ndən yazır və alimlərin bəşər səviyyəsində səmərəli olan yanaşma hazırlamaları zərurətini vurğulayırdı (1). O, bu zərurəti yaradan faktorlar sırasında gözlənilmədən meydana çıxan və qlobal miqyasda təhlükə yaradan faktları da göstərirdi (məsələn, Fukusimada nüvə fəlakəti). E.Bek hazırkı sosioloji yanaşmanı “köhnə” və “əyalətçi” adlandıraraq planetar yanaşmanın nəzəri-metodoloji əsaslarını işləməyi təbliğ edirdi. Bunun üçün “əyalətçi” yanaşmadan “kosmopolitik” (burada “kosmopolitik” termini “ümumdünya miqyasında yeni qarşılıqlı münasibətlər sisteminin yaradılması” anlamında işlənir) yanaşmaya dönüş olmalıdır (2, s. 70-81). XXI əsrin başlanğıcından bu və ya digər kontekstdə başqa alimlər də eyni fikri ifadə etməkdədirlər. Lakin COVİD-19 təhdidi, yəni yeni pandemiya prosesi göstərdi ki, siyasi elitalarda hələlik bu yanaşma konkret yerini tutmayıb.
Belə nəticə çıxarmaq olar ki, pandemiya mərhələsi ümumdünya miqyasında “kollektiv məsuliyyət” hissinin bəşəriyyətin dayanıqlığını və təhlükəsizliyini təmin edəcək səviyyədə olmadığını göstərir. Bu isə dünya üçün qeyri-müəyyənliyin saxlanması ehtimalının yüksək olması anlamına gəlir.
İkinci səviyyə, insan şüurunun yeni pandemiya mərhələsində fərd-kollektiv (toplum, cəmiyyət, dövlət, hakimiyyət) münasibətlərinin məzmununda oynadığı rolla bağlıdır. Təcrübə göstərir ki, yeni pandmeiya prosesinə dövlətlər fərqli reaksiya verdilər. Bir sıra ölkələr vəziyyətin ciddiliyi və miqyasını nəzərə alaraq son dərəcə ehtiyatlı, düşünülmüş və tibbin tələbləri çərçivəsində işlərini qurmağa çalışdılar. Digərləri bunu daha çox “xüsusi oyun” və ya “təxribat” kimi qəbul edərək, xeyli laqeyd və hətta saymazyana reaksiya verdilər. Bir qrup Avropa ölkəsi isə vətəndaş məsuliyyətinin yüksək səviyyədə olduğunu arqument kimi gətirərək, yaranmış vəziyyətə sistemli və ciddi münasibət göstərmədilər. Nəticəsi onlar üçün ağır oldu və bu, davam edir. Deməli, ayrı-ayrı ölkələrin bütün bəşəriyyət üçün təhlükə olan prosesə yanaşmaları fərqlidir. Bu mozaikanın dünya üçün hansı nəticələr verəcəyini zaman göstərəcək. Fəlsəfi baxımdan isə daha düşündürücü məqamdan bəhs etmək olar. Müxtəlif ölkələrin ortaq təhlükəyə fərqli münasibətinin səbəbləri nə ola bilər? Yuxarıda vurğuladığımız “şüuri olaraq fraqmentar yanaşma”dan başqa hansı konkret səbəbi göstərmək olar?
Məsələnin bu tərəfi geosiyasi dinamika və şüurun manipulyasiyası aspektlərində maraqlı görünür. Bu pandemiya prosesində səbəbin (virusun) substantiv özəlliyindən çox, onun təbliğati və funksional tərəfləri gündəmi aldı. Dərhal informasiya sahəsində təhlükəni aradan qaldırmaqdan çox, “virusu kim yaratdı?” sualını yayıb onun ətrafında “stəkanda informasiya fırtınası” yaradıldı. Belə təəssürat yarandı ki, hansısa dairələr (və ya ölkə) xüsusi məqsədlə bu bəlanı ortaya atıb və bunda məqsədi bütün dünyanı öz marağı naminə ölümə atmaqdan ibarətdir. Konkret olaraq bu ittihamlar ABŞ-la Çin arasında olmaqdadır. Belə ittihamların fonunda müxtəlif ölkələrdən ölümlər haqqında informasiyalar yayıldıqca proses sürətlə real həyat situasiyalarından “uzaqlaşıb” şüurda “yuva” saldı. Sanki savaş tibbi nəticələri olan konkret virus növü ilə deyil, beyinlərə hakim olub hansısa hədəfə nifrət oyatmaq müstəvisində aparıldı. Bununla təhlükənin substantiv aspekti təhrif olunmaq hesabına informasiya-funksional aspektdə sepkulyasiyalar (və deməli, şüuri manipulyasiyalar) dominant oldu. Bu, özlüyündə yeni pandemiyanın obrazına bir sünilik gətirdi. Əlbəttə, müxtəlif ölkələrin həmin vəziyyətə fərqli yanaşması tamamilə mümkün olan ssenari idi ki, bu da reallaşdı. Nəticə nələrdən ibarətdir?
Bu günə olan vəziyyət göstərir ki, bəşəriyyət qloballaşmada böhrandadır və onun fonunda antiqlobal əhval-ruhiyyə güclənməkdədir. Obrazlı desək, bir qədər əvvəl şüurda qlobal qarşılıqlı əlaqələrin səmərəli modelinin axtarışı dominant idis., indi sanki “özünütəcridin səmərəli modeli” axtarışı vüsət alıb. Siyasilər, müxtəlif peşə sahibləri, mütəxəssislər daha etibarlı təcridolma formulu axtarışında rəqabətə giriblər.
Düşündürücüdür ki, bu vəziyyət yalnız sosial-siyasi aktorlar dairəsində mövcud deyil, həm də tədqiqatçı yanaşmasında da özünü hiss etdirir. Onun əlamətlərindən biri, problemə minlərlə araşdırma həsr olunsa da, tədqiqatçılar arasında ortaq qənaətlərin formalaşmamasıdır. Belə ki, hələ də virusun tibbi, bioloji, fiziki və funksional özəllikləri barədə tədqiqatçıların ortaq mövqeləri formalaşmayıb. Yəni COVİD-19 virusu hələlik Lüdvik Flek mənasında elmi fakta çevrilməyib(3).
Alimlər bu virusun SARS+COVİD2 sintezini tam qəbul edirlər. Lakin, məsələn, onun fəaliyyət özəlliyi tam aydınlaşmayıb, hansı temperaturda məhv olduğu barədə fərqli fikirlər mövcuddur (deyək ki, öncə, 25-30 dərəcə dedilər, sonra 56 dərəcədən danışdılar, son olaraq da fransız alimlər 92 dərəcə selsidə virusun fəaliyyətini və yayılmasını dayandırdığından bəhs edirlər). Bütün bunlara görə, virusa qarşı dərman hazırlaya bilmirlər, onun peyvəndi ilə bağlı çeşidli mövqelər mövcuddur. Təkcə ABŞ-da son məlumatlara görə 10-dan çox peyvənd variantı hazırlayıblar və onu sınaqdan keçirməyə hazırlaşırlar. Rusiya, Türkiyə, Almaniya və başqa ölkələrdə də öz peyvənd üsullarından bəhs edirlər.
Bütün bunları nəzərə alanda COVİD-19-un elmi fakt kimi məzmununun hələ formalaşmadığı nəticəsini çıxara bilərik. COVİD-19-un siyasi obrazı var, informasiya funksiyası mövcuddur, lakin elmi obrazı hələlik yoxdur. Fəlsəfi-elmi şüur siyasi, təbliğati, təşviqi və digər şüur növlərindən pandemiya kontekstində geridə qalmaqdadır! Bunu ciddi problem hesab edirik.
Deməli, bütövlükdə pandemiyanın aradan qaldırılması istiqamətində də aydın mənzərə hələlik formalaşmayıb. Bu vəziyyət, təbii ki, dünyada qeyri-müəyyənliyin və riskin qaldığı qənaətinə yol açır. Qeyri-müəyyənlik və risk həm də dünyanı bir geosiyasi, siyasi, sosial-mədəni və iqtisadi sistem kimi ən kiçik dəyişikliklərə həssas etməkdədir. Dünya bütövlükdə dayanıqlığı və tarazlığı itirmək ərəfəsindədir. Sinergetik təsəvvürlərə görə, belə vəziyyətdə olan istənilən mürəkkəb, qeyri-xətti və açıq sistem kiçik fluktuasiya sayəsində fərqli bir təkamül xəttinə keçə bilər və ya ümumiyyətlə, sistem kimi məhv olar. Görünür, E.Laslonun “bəşəriyyət özünün üçüncü və ən həssas dəyişiklik mərhələsində-makrokeçid mərhələsindədir” tezisi öz təsdiqini tapır (bax: 4).
XXI əsrin astanasında E.Laslo yazırdı ki, “indi biz pis hazırlandığımız şərtlərdə yaşayırıq” (4, s. 12). COVİD-19 bu tezisin bariz təsdiqlərindən biridir. Deməli, pandemiya fəlsəfəsini xeyli dərəcədə “qeyri-müəyyənlik və böhranlı şəraitdə risklər fəlsəfəsi” adlandıra bilərik. Bu fəlsəfənin başlıca tezisini aşağıdakı kimi formalaşdıra bilərik: yeni pandemiya təsdiqləyir ki, bəşəriyyətin mövcudluğu şüurdan asılıdır! Niyə? Əgər hazırda mövcud olan qlobal miqyasda böhranlar yaradan proseslərə ümumi nəzər salsaq, onların çox müxtəlif sahələrə aid olduğu və hər birinin özəl təhlükə yaratdığını, fərqli risk xarakterinə malik olduğunu görərik. Onların hamısını birləşdirən isə insanın mövcud olma şərtlərini dəyişmə təhlükəsidir. Zəlzələlər, sunamilər, torpaq sürüşmələri, nüvə sızıntıları, kütləvi vurucu gücə malik silahların yeni nəslinin yaradılması, kütləvi xəstəliklər yarada bilən virusların çeşidinin artması, informasiya savaşının yeni növlərinin ixtirası və s. bütün bunlar fərqli təbiətə malikdirlər. Onların substantiv aspektdə ümumləşdirilməsi imkansızdır. Ancaq funksional olaraq eyni missiyanı yerinə yetirirlər: bəşəriyyəti məhv etmək!
Bunun konkret reallaşma üsulunda informasiya faktoru çox ciddi rol oynayır. O halda yeni pandemiya mərhələsinin şərtlərinin də diqtə etdiyi kimi, insanı ancaq onun dünyaya baxışı, özünə, topluma və bütövlükdə dünyaya münasibəti xilas edə bilər! Deməli, insanın problemləri də şüurda yaranır, onun həlli yolları da ilk olaraq oradan başlayır. E.Laslonun “makrokeçid” anlayışının təməlində də məhz şüurda baş verən dəyişikliklər durur. Onu da vurğulayaq ki, E.Laslo “makrokeçid” üçün kritik dönəmi 2012-2020 aralıqda proqnozlaşdırmışdı (3). Bundan başqa o, Dünya Planetar Şüur Günü və Dünya Etika Günü keçirmək təşəbbüsünü irəli sürüb. Onun Ümumdünya Meditasiya (dua) Günü ilə bağlı çıxardığı nəticələr də yeni pandemiya prosesi fonunda maraqlı görünür.
E.Laslo belə bir fakt gətirir ki, Budapeşt Klubunun İtaliyadakı Bani-di-lukk şəhərindəki mənzil-qərargahında 8, ondan 200 kilometr aralı olan Milan şəhərində də 8 adam meditasiya edəndə onların şüurlarının sinxronlaşmasını texniki vasitələrlə ölçməyə çalışıblar. Nəticə maraqlı olub. Təcrübə göstərib ki, meditasiya edənlərin şüurları 5,4% sinxronlaşa bilib. E.Laslo bunu vacib nəticə sayır və hesab edir ki, planetar səviyyədə insan şüuru cəmiyyətə və təbiətə təsir edə bilir. Əgər onları harmoniya halına gətirmək mümkün olsa, şüurda ciddi müsbət dəyişikliklər baş verə bilər və problemlərə ortaq mövqe formalaşdırmaq şansı çoxalar (5).
Alimin bu mövqeyindən yanlış nəticə çıxarılmamalıdır. Yəni heç kəs tövsiyə etmir ki, insanlar oturub dua etsinlər və bununla dünyanın problemləri həll olunacaq və ya COVİD-19 yox olacaq. Məsələ burada vurğunun insan şüurunun fərdin, kollektivin, bəşəriyyətin həyatında və insanın təbiətə olan münasibətinin xarakterində oynadığı rolla bağlıdır. Bütün problemlərin şüurdan qaynaqlandığını konkret təcrübə əsasında sübut etmək cəhdi ilə bağlıdır. Əlbəttə, məsələnin geosiyasi, iqtisadi, mədəni, hərbi, ekoloji və digər aspektləri olduqca vacibdir və birbaşa praktiki əhəmiyyət kəsb edir. Lakin bəşər üçün xilas yolunun başlanğıcı şüurdadır. Yeni pandemiyanın gətirdiyi qeyri-müəyyən və riskli dinamika da bu tezisi təsdiq edir. Yəni pnademiya mərhələsi fəlsəfəsinin başlıca tədqiqat problemi şüura yeni yanaşma əsasında onu daha fərqli kontekstlərdə öyrənməklə bağlıdır. Burada təbii ki, hər bir dövlətin bu mübarizədə iştirakı da prinsipial əhəmiyyət daşıyır. Ancaq bu məqam başqa yazının mövzusudur.

Mənbələr
1. Бек У. Общество риска. На пути к другому модерну. / Пер. с нем. В. Седельника и Н. Фёдоровой, М.: Прогресс-Традиция, 2000, 384 с
2. Бек У. Жизнь в обществе глобального риска – как с этим справиться: космополитический поворот. Вестник Института Кеннана в России. 2012, вып.22, с. 70-81.
3. Флек Л.. Возникновение и развитие научного факта. Москва: Идея-Пресс, Дом интеллектуальной книги, 1999, c. 220.
4. Ласло Э. Макросдвиг (К устойчивости мира курсом перемен)/ [Предисл. Артура Ч. Кларка]. М.: время знаний, 2011, 208 с.
5. Ervin Laszlo.May 20th 2007: The First Global Peace Meditation/ Prayer Day// http:// www.shiftinaction.com/node/4431(Müraciət tarixi: 05.05.2020)