24.06.2020, 13:18 - Baxış sayı: 826

Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli onlayn Beynəlxalq elmi konfransda iştirak edib


Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli onlayn Beynəlxalq elmi konfransda iştirak edibAMEA-ın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli 22 iyun 2020-ci il tarixində Ukrayna Milli Elmlər Akademiyasının Dilçilik və Ədəbiyyat İnstitutları, Ukrayna Pedaqoji Elmlər Akademiyasının Psixologiya İnstitutu, Taras Şevçenko adına Kiyev Milli Universiteti, M.Draqomanov adına Milli Pedaqoji İnstitut və Dmitri Buraqo Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə Kiyevdə onlayn keçirilən 29-cu Beynəlxalq elmi konfransda iştirak etmişdir.
Konfransı Ukrayna MEA-nın humanitar elmlər üzrə akademik-katibi, Akademiyanın T.Şevçenko adına Ədəbiyyat institutunun direktoru, akademik M.Q. Julinski açmış, Azərbaycandan, Qazaxstandan, Almaniyadan, İsveçrədən, ABŞ- dan, Slovakiyadan, Belorusiyadan, Rusiyadan videokonfransa qatılan tədqiqatçıları salamlamışdır.
Dil və mədəniyyətin fəlsəfəsi və psixologiyası, milli dillər və mədəniyyətlər, mədəniyyətləarası əlaqələr, cəmiyyət və tarixi yaddaş, kulturoloji məsələlərin yer aldığı konfransın plenar iclasında “1920-ci ilin 27 aprelində Bakıda Sovet Rusiyasının işğalı və İranda bolşevik təxribatları” mövzusunda məruzə edən E. Mədətli 1918-ci il mayın 28-də yaranmış, dünyanın aparıcı dövlətləri tərəfindən tanınmış müstəqil Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süquta uğradlımasından, bu işğal nəticəsində Azərbaycanın öz müstəqil dövlətçiliyindən məhrum edilməsindən, eyni zamanda İranda, o cümlədən Cənubi Azərbaycanda Sovet Rusiyasının həyata keçirdiyi təxribatlardan, orada baş verən milli-demokratik hərəkatlardan bolşeviklərin sui-istifadə cəhdlərindən söz açmış, Azərbaycan xalqına qarşı yüz il bundan əvvəl törədilmiş cinayətlərin acı nəticələrini təhlil etmişdir.
On bölmədə öz işini davam etdirən konfrans 24 iyun 2020-ci il tarixində öz işini tamamlamışdır. Yekun plenar iclasda Təşkilat komitəsinin katibi, “Buraqo” Nəşriyyat Evinin rəhbəri Dmitri Buraqo nəşriyyatın yeni kitabları ilə iştirakçıları tanış etmiş, bu konfransın materiallarının da ənənəyə uyğun olaraq cari ilin sonunadək nəşr ediləcəyini bildirmişdir.
Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli onlayn Beynəlxalq elmi konfransda iştirak edib