20.07.2020, 18:33 - Baxış sayı: 641

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi beynəlxalq simpoziumda iştirak edib


Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi beynəlxalq simpoziumda iştirak edibAMEA-nın Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisi f.f.d., dosent Anar Qafarov Ankara Yıldırım Beyazıt Universitetinin təşkilatçılığı ilə 13-17 iyul tarixləri arasında onlayn şəkildə keçirilən “XIV-XV əsrlər İslam Düşüncəsində Fəlsəfə, Kəlam və Təsəvvüf” adlı beynəlxalq simpoziumda iştirak edib. Xarici ölkələrin universitetlərini təmsil edən alimlərin də iştirak etdiyi beynəlxalq simpozium prof. dr. Murat Demirkol (simpoziumun təşkilatçı rəhbəri), prof. dr. Mehmet Ünal (Ankara Yıldırım Beyazıt Univertitetinin İslami Elmlər fakültəsinin dekanı), prof. dr. Musa Kazım Arıcan (Ankara Sosial Bilimlər Universitetinin rektoru) və prof. dr. İbrahim Aydınlının (Ankara Yıldırım Beyazıt Universitetinin rektoru) açılış məruzələri ilə başlamışdır. Daha sonra simpozium müxtəlif ölkələrin universitetlərinin professor və alim heyətinin fəlsəfə, teologiya və təsəvvüf müstəvisində müzakirə obyektinə çevirdikləri metafizik, epistemoloji, etik və sosial-fəlsəfi məsələlərin məruzəsi ilə öz işinə davam etmişdir.
Qeyd edək ki, Fəlsəfə İnstitutunun dosenti Anar Qafarov da hazırlamış olduğu “Ahlakın kaynağı problemi: Celaleddin Devvani merkezli bir analiz” (“Əxlaqın mənbəyi problemi: Cəlaləddin Dəvvani aspektindən təhlil”) adlı elmi-fəlsəfi məruzəsi ilə simpoziumda çıxış etmişdir. A. Qafarov ilkin olaraq əxlaqın mənbəyi problemini fəlsəfi və teoloji müstəvidə müzakirə obyektinə çevirməsinin günümüzün etik problemləri müsətəvisində əhəmiyyətini əsaslandırmağa çalışmış, daha sonra dahi İslam alimi, filosof Cəlaləddin Dəvvaninin kosmoloji anlayışına əsaslanaraq Tanrı, insan, nəfs, ruh və ağıl konsepsiyaları müstəvisində əxlaqın metafizik, psixoloji və epistemoloji mənbəyini müzakirə obyektinə çevirmişdir. A. Qafarov öz məruzəsində Dəvvaniyə görə əxlaqi propozisiyaların psixoloji və epistemoloji mənbəyinin insan, metafizik mənbəyinin isə Tanrı olduğu tezisini irəli sürmüşdür. A. Qafarovun professor və alim tərəfindən maraqla qarşılanan məruzəsi, mövzu ətrafında sual və müzakirələrlə başa çatmışdır. Qeyd edək ki, AMEA-nın Fəlsəfə İnstitutunun beynəlxalq səviyyədə tanınan gənc alimlərindən biri olan A. Qafarov 50-yə yaxın elmi-pedaqoji əsərin müəllifidir. O, eyni zaman Türkiyə universitetlərində üç nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvüdür.