24.09.2020, 12:58 - Baxış sayı: 790

Professor Ənvər Əhmədovun 100-illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib


Professor Ənvər Əhmədovun 100-illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda tanınmış maarifçi filosof, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədovun 100-illik yubileyinə həsr olunmuş “Dövr və Azərbaycanda maarifçilik” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Ənvər Əhmədovun elmi fəaliyyətinə qısaca nəzər salaraq, konfrans iştirakçılarına əhatəli məlumat verdi. Ənvər Əhmədovun öz elmi fəaliyyəti ilə Azərbaycan fəlsəfəsini keçmiş sovetlər məkanında layiqincə təbliğ etydiyini deyən İlham Məmmədzadə, maarifçilik istiqamətində də gördüyü işlərə diqqət çəkib.
“Maarifçilik məsələsi 60-cı illərdən Azərbaycan sovet fəlsəfəsində xüsusi yer tutmuşdur. Ənvər Əhmədov da bu istiqamətdə böyük işlər görmüş filosoflarımızdan biridir. Ümumiyyətlə, maarifçilik məsələsi Ənvər Əhmədovun elmi yaradıcılığında xüsusi yer tutur” – deyə İlham Məmmədzadə qeyd edib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva “A.Bakıxanovun irsinin tədqiqi və təbliğində professor Ənvər Əhmədovun xidmətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimai fənlər kafedrasının müəllimi, dosent Yaşar Əhmədov “Ənvər Əhmədov tədqiqatçı alim və görkəmli pedaqoq”, “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, f.e.d., professor Sakit Hüseynov “Gənc filofosofların yetişməsində professor Ənvər Əhmədovun rolu”, “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Rəşad Əsgərov “Azərbaycan maarifçiliyi Ənvər Əhmədovun tədqiqatlarında”, “Etika” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d. Aytək Məmmədova “Ə.Əhmədov məntiqçi alim kimi” mövzusundan çıxış etmişlər.