13.10.2020, 13:07 - Baxış sayı: 571

Missiyasına sadiq alim


ARZU HACIYEVA
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru


SOLMAZ RZAQULUZADƏNİN XATİRƏSINƏ


Nəyə gərək balıqtək için köpürcək,
üstdən zər-zibaya bürünmək,
Balıqqulağıtək üstün sadə,
için inci mədəni olsun gərək.


Xaqani

Solmaz xanımın ölüm xəbəri onu tanıyan və sevən hər kəs kimi məni də ağrıtdı. Elmə 50-ci illərin ortalarında gəlib Azərbaycan fəlsəfəsinin elm kimi yaradılmasının başlanğıcında duran, bütöv bir epoxanı təmsil edən filosoflar nəslinin sonuncu nümayəndələrindən daha biri fani dünyanı tərk edib əbədiyyətə qovuşdu. O, bizim üçün elmimizin, institutumuzun tarixinin canlı təcəssümü, nəcibliyin, həqiqi alim etikasının canlı örnəyi idi. 60 il Fəlsəfə İnstitutunun “fəlsəfə və ictimai fikir tarixi” şöbəsində çalışmışdı. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə bölməsini bitirib aspiranturaya daxil olduğu gün 23 yaşlı gənc qızın taleyində bəlkə də ən əlamətdar, taleyüklü gün oldu. “Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunu namizədlik işi kimi götürməsi Solmaz xanımın gələcək elmi axtarışlarının istiqamətlini müəyyənləşdirdi. Azərbaycan fəlsəfəsinin çox mürəkkəb və tədqiqi çətin olan orta əsrlər dövrünü onun, necə deyərlər, kəhər atını oynatdığı meydana çevirdi.
Qeyd etmək lazımdır ki, 50-ci illərin ortalarında akademik Heydər Hüseynovun “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” fundamental monoqrafiyasının (1949) aqibəti ilə bağlı faciəvi hadisələr hər kəsin xatirində hələ çox təzə idi və düşmənlərimizin istəyinə rəğmən, cəmiyyətdə azərbaycançılıq duyğularını qaldıraraq, mədəniyyət tariximizə böyük maraq oyatmışdı. Maneələr də az deyildi. Azərbaycan alimləri Avropa, Hindistan, İran şərqşünaslarının tədqiq etdikləri, üstəlik bütün ədəbiyyatlarda İran şairi kimi tanıdılan həmvətənlərinin irsini (onların arasında Xaqani də vardı) elmi cəhətdən öyrənməyə can atırdılar. Lakin bu tədqiqatlara gizli qadağa vardı. Fəhlə-kəndli dövlətində saray şairləri hörmətdə deyildilər. Elə bu vaxt şərqşünas alim, şair Mirzə Mübariz Əlizadənin Xaqaninin bir beytini çox sərbəst şəkildə tərcümə edib, mənasını xeyli dəyişdiyi “İstəmirəm adımı çağıralar Xaqani, mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani” beyti meydana gəldi və dillər əzbəri oldu. Beyt yerinə düşdü, Xaqanini saray şairindən “yoxsullar şairi”nə, proletar şairinə çevirərək, dövrün gözündə “reabilitasiya” etdi. Solmaz xanım bizə danışırdı ki, onu fəlsəfə tarixinə, elmə gətirən də məhz – sonralar ilk mənbələrdə, əlyazmalarda axtarıb tapa bilmədiyi – “İstəmirəm adımı çağıralar Xaqani, mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani” misralarındakı vətənpərvərlik pafosu olmuşdur. Xaqaninin irsinin araşdırmaq üçün isə tədqiqatçı ərəb və fars dillərini bilməli idi. Aspiranturada yalnız ona, ayrıca ərəb və fars dillərini öyrətməsi üçün müəllim dəvət edilməsi mövzuya necə böyük önəm verilməsindən xəbər verir. Bu müəllim isə nə az, nə çox, Azərbaycan ərəbşünaslıq məktəbinin yaradıcısı, dünyada məşhur poliqlot alim professor Ələsgər Məmmədov idi. Ümumiyyətlə, deməliyəm ki, fəlsəfə təhsili və ilk mənbələrlə, əlyazmaları ilə işləmək imkanı verən dil bilgisi Solmaz xanımın orta əsr Azərbaycan fəlsəfəsinin dərin bilicisi, mütəxəssis kimi yetişməsinə kömək edən mühüm amillərdir.
Başlanğıc belə qoyuldu. 1961-ci ildə “Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik (indi fəlsəfə doktoru) dissertasiyasını müdafiə etdi, 1962-ci ildə eyniadlı monoqrafiyası çap edildi. Ardınca “Baba Kuhinin dünyagörüşü” (Bakı, 1978) və “XI-XII əsrlərdə Azərbaycanda panteizm tarixindən” (Bakı, 1982) adlı monoqrafiyaları işıq üzü gördü. Rus dilində yazılmış bu kitablar artıq raritetdirlər, kitabxanalarda belə tək-tək nüsxələri qalmışdır. Solmaz xanımı biz həmçinin orta əsrlər dövrünün nəzəri-metodoloji və konkret problemlərinə həsr edilmiş çoxsaylı sanballı məqalələrin müəllifi, Müsəlman Şərqində fəlsəfi fikrin inkişafında müstəsna xidmətləri olan Zəncani, Baba Kuhi, Bəhmənyar, Xaqani, Məhsəti, Şihabəddin Sührəverdi, Eynəlqüzat, Şəms Təbrizi, Nəsirəddin Tusi, Məhəmməd Təbrizi, Şəms Məğribi, Abbasqulu ağa Bakıxanov kimi onlarla Azərbaycan mütəfəkkirinin fəlsəfi görüşlərini araşdıran istedadlı tədqiqatçı kimi tanıyırıq. Solmaz Rzaquluzadənin məqalələri dövrün sanballı toplularında yer almışdır. Beşcildlik “Fəlsəfə ensiklopediyası”nın üçüncü cildində (Moskva, 1964) “Məhsəti Gəncəvi”, beşinci cildində (Moskva, 1970) “Xaqani Şirvani”, ASE-də “Azadfikirlilik” (I cild, 1971), “Vəhdət əl-vücud” (II cild, 1977), “SSRİ-də fəlsəfə tarixi” toplusunda (I cild, M., 1968) dərc edilən “Xaqani Şirvani” məqalələri onun qələminin məhsuludur. “Azərbaycan fəlsəfə tarixi”nin I (Bakı, 2002) və II cildlərindəki (2008) elmi materialın xeyli hissəsi onun tədqiqatlarının nəticələrini əks etdirir. Yeri gəlmişkən, Solmaz xanım bu cildlərin həm də məsul katibi idi.
Solmaz Rzaquluzadənin araşdırdığı problemlərə ciddi elmi əsaslara söykənən özünəməxsus yanaşma tərzi vardır. Fəlsəfi irsini tədqiq etdiyi mütəfəkkirlərin irsini bir tərəfdən, mümkün qədər adekvat şərh etməyə çalışır, digər tərəfdən, insanı, elə öz müasirini də, daim düşündürən və narahat edən dünyagörüşü səciyyəli suallara cavab axtarır. Tədqiqat obyekti olan mütəfəkkirin dünyagörüşünün hər hansı bir tərəfini deyil, bütövlükdə tam mənzərəsini canlandırmaq — onun yaradıcılığına xas olan daha bir özəllikdir. Solmaz xanım onların varlıq və idrak haqqında təlimlərini, sosial-siyasi, etik-estetik görüşlərini mümkün qədər geniş şərh və təfsir etməyə, burada idealist və materialist ünsürlərin sintezini, rasionalizmin irrasional və mistik məqamlarla əlaqəsini, təlimlərinin fəlsəfi təməli olan vəhdəti-vücudun xarakterindən doğan dünyaya, hadisələrə dialektik baxışlarını açıb göstərməyə cəhd edir.
Çoxdan bəridir ki, vəhdəti-vücudun panteizm olub-olmaması filosoflar, şərqşünaslar arasında mübahisə mövzusuna çevrilmişdir. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də Solmaz xanımın öz mövqeyi vardı. O, bu iki anlayış-istilahın müxtəlif mədəniyyətlərdə yalnız zahirən fərqlənməsinə baxmayaraq, eyni mahiyyət daşıdığına əmindi və bunu əsaslandırırdı. “XI-XII əsrlərdə Azərbaycanda panteizm tarixindən” əsərində panteizmi Qərbə aid edib, vəhdəti-vücudla bir-birinə əks təlimlər olduğunu iddia edən məşhur türk tədqiqatçıları Ferit Kam, J.Fenninin fikirləri ilə oxucusunu tanış edir, Hayri Bolayın mülahizələri üzərində xüsusi dayanıb, onları tutarlı dəlillərlə təkzib etmişdir.
Solmaz Rzaquluzadənin əsərlərində hər bir müddəanın dalında dərin düşüncə və elmi əsaslılıq dayanır. Təsadüfi deyil ki, bu əsərlər dünyada müsəlman Şərqinin mədəniyyətini, o cümlədən fəlsəfəsini tədqiq edən müəlliflərin diqqətini həmişə özünə cəlb etmişdir, indi də edir. Yeri gəlmişkən, mən özüm də orta əsrlər dövrünə aid hər hansı bir fəlsəfi məsələ haqqında qənaətimdə möhkəmlənmək üçün onun əsərlərinə daima müraciət edirəm.
Solmaz xanım bir çox fəlsəfi əsərlərin ciddi, diqqətli redaktoru olmuşdur. Onların arasında orta əsrlərin böyük Azərbaycan filosofu Bəhmənyarın “Ət-təhsil” traktatının F.V.Saqadeyev tərəfindən ərəbcədən ruscaya tərcüməsi də vardır. O, 1998-ci ildə nəşr edilməyə başlayan “Şərq fəlsəfəsi problemləri” jurnalının ərsəyə gəlməsinə uzun illər baş redaktor müavini kimi böyük əmək sərf etmişdi.
Bilmirəm, ailədən gələn ziyalılıqdandırmı, yoxsa əhatəsində olduğu orta əsr Şərq müdriklərinin humanist ideyalarındanmı Solmaz xanımın təbiətində insana xas olan ən nəcib sifətlər cəmlənmişdi; o, səmimi, geniş ürəkli, həssas qəlbli, qayğıkeş, xeyirxah, başqasının — istər yaxını olsun, istərsə də ilk dəfə gördüyü bir şəxs— sevincinə də, dərdinə də şərik olmağı bacaran, əlindən gələn köməyi əsirgəməyən, eyni zamanda prinsipial, ədalətsizliyə qarşı barışmaz və hədsiz dərəcədə təvazökar inşandı. Özünəməxsus incə yumor hissinə malik idi. Yadımdadır anadan olmasının 80 illiyinə həmkarları özündən xəbərsiz onun çap olunmuş və olunmamış əsərlərini bir yerə toplayıb “Azərbaycan fəlsəfi fikir tarixindən” (Bakı, 2011) başlığı altında nəşr etdirmişdilər. Kitabın təqdimatı zamanı ona söz verilərkən, çox qısa danışdı, həm təşəkkür, həm də kitabın başqa tədqiqatçıların əsərlərinin çap növbəsinə mane ola biləcəyinə görə üzrhaqlıq etdi, sonra, kitabda ən xoşuna gələn şeyin, onun qalın üz qabığı olduğunu deyib, tədbir iştirakçılarını güldürdü. Amma düşünsən gülməli də deyildi, bəlkə zarafatının arxasında bir kinayə vardı, kim bilir?! Axı bu, bütün həyatını elmə həsr etmiş alimin qalın karton üzlü ilk kitabı idi.
Onun doktorluq müdafiə etməməsi, hətta şüurlu şəkildə bundan imtina etməsi, öz əməyinə görə heç vaxt və heç kimdən mükafat gözləməməsi çoxlarını təəccübləndirirdi. İnstitutun elmi Şurasının qərarı ilə ona fəxri doktor adı veriləndə bir söz deməsə də, çox narazı qalmış, hətta qızı bu barədə bir neçə aydan sonda başqalarından xəbər tutmuşdu.
Solmaz xanım çox ünsiyyətli insan idi. Onunla dünyada olan hər şey barədə: siyasətdən tutmuş “şor tikə”yə qədər, tarixdən tutmuş ailə qayğılarına qədər hər mövzuda şirin söhbət etmək olurdu. İncəsənəti çox sevirdi. Konsertində olduğu Rastropoviçin vilançel ifasından aldığı zövqdən elə həvəslə danışırdı ki. Qarabağ dərdi onun böyük dərdi idi. Bəzən xəstəliklərdən şikayətlənərdi, amma tez də “gəlin, pis şeylərdən danışmayaq” deyə mövzunu dəyişər, həmsöhbətini nikbin əhvala kökləməyə çalışardı.
“Nəyə gərək balıqtək için sıfır (yəni qovuq, köpürcək), üstdən zər-zibaya bürünmək, balıqqulağıtək üstün sadə, için inci mədəni olsun gərək” — Solmaz xanımın ilk monoqrafiyasında insanın dəyərinin onun sərvətində, bahalı geyimlərində deyil, mənəvi aləminin zənginliyində olduğu barədə Xaqanidən gətirdiyi bu iqtibasda onun öz idealını görmək olar. Bu idealı özündə daşıyan, Azərbaycan fəlsəfə tarixi elminin inkişafında böyük xidmətləri olan görkəmli alim və zəngin mənəviyyata malik sadə, təvazökar insan Vətən qarşısında missiyasını sədaqət və şərəflə yerinə yetirərək artıq tarixə adlamışdır. Bu tarixi yaşatmaq isə bizim və gələcək nəsillərin borcudur.