20.10.2020, 12:54 - Baxış sayı: 948

Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı


Günel MƏLİKLİ
AMEA-nın YAP İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru


Danılmaz tarixi həqiqətdir ki, Dağlıq Qarabağ problemi Çar Rusiyasının Azərbaycan torpaqlarını işğal etməsi, bu prosesdə Rusiya-erməni əməkdaşlığının qurulması əsasında təşəkkül tapıb.
Erməni millətçiləri Rusiyanın hərtərəfli dəstəyindən yaralanaraq, “Böyük Ermənistan” dövlətini yaratmaq məqsədilə əzəli Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarına məxsus ərazilərin bir hissəsini ələ keçirdikdən sonra bu istiqamətdə zaman-zaman irəliləyib, Qarabağın da “qədim erməni torpağı” olduğunu iddia edərək, tarixi ərazilərimizi Ermənistana birləşdirmək üçün bütün vasitələrə, o cümlədən hərbi təcavüzə əl atıblar.
Halbuki mövcud tarixi mənbələr təsdiqləyir ki, Qarabağ, eləcə də onun dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Azərbaycan Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
XVIII əsrdən etibarən Rusiya Qafqazda strateji maraqlarını həyata keçirmək üçün fəal geosiyasi addımlar atmağa başladı. Regionun zəngin təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi Rusiya üçün cəlbedici idi.
İmperiya feodal çəkişmələrindən məharətlə istifadə edir, sosial-siyasi prosesləri öz maraqlarına uyğun istiqamətə yönəltməyə səy göstərir, İranın və Türkiyənin Qafqazda, Xəzər sahillərində möhkəmlənmək cəhdlərinin qarşısını almaq istəyirdi. Rusiya yerli xristianlarla, ilk növbədə onun dəstəyi ilə öz dövlətini yaratmaq istəyən ermənilərlə əməkdaşlığa daha ciddi önəm verməyə başladı.
Rusiyanın Gürcüstanı tam istila etməsi onun geosiyasi niyyətlərinin reallaşmasında ciddi rol oynadı. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının zəbt olunması prosesi əhəmiyyətli dərəcədə gücləndi. Qarabağ xanı 1805-ci ildə Rusiyanın himayəsinə keçmək haqqında Kürəkçay müqaviləsini imzaladı. Həmin müqavilə aşkar surətdə Rusiyaya birtərəfli üstünlük verirdi.
1905-ci il inqilabi dövründə Bakıda ilk dəfə ermənilər azərbaycanlılara qarşı qanlı qırğın törətdilər. Bu, qısa müddətdə bütün Azərbaycanı, xüsusilə Qarabağı, həmçinin İrəvanı və Tiflisi əhatə etdi. Bu münaqişədən sonra ermənilərin fəallığı daha da artdı, azərbaycanlılara qarşı onların törətdikləri dəhşətli hadisələr, soyqırımları daha geniş miqyas aldı.
Ermənilərin torpaq iddiaları bitmək-tükənmək bilmirdi. Nəhayət, 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret verdi.
Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqilliyi olduqca çətin və ağrılı bir dövrdə edilib. Bu çətinliyi şərtləndirən ən mühüm amillərdən biri 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində ölkəmizdə ictimai-siyasi vəziyyətin gərginləşməsidir. Məhz bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulub.
Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində atəşkəs əldə olundu, müharibə dayandırıldı və problemin sülh yolu ilə həll edilməsi üçün müəyyən imkanlar yarandı. Atəşkəs rejiminin qərarlaşması təxirəsalınmaz vəzifələrin həllinə əlverişli zəmin yaratdı.
Ölkəmizdəki müxalif qüvvələr bu vəziyyəti məqbul saymır, tənqid edir, yaxud da buna qara yaxmaq yolunu tuturdular. Lakin respublika əhalisinin əksəriyyəti bu tədbirə, bu siyasi gedişə tərəfdar çıxır, yeridilən siyasəti bəyənir və dəstəkləyirdi. Heydər Əliyev bu siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində fəal iş aparırdı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında “Bişkek protokolu” imzalandı. Tərəflərə təqdim edilən “Bişkek protokolu”nda məhz Heydər Əliyevin iradəsi ilə Azərbaycanın leyihə bir sıra mühüm düzəlişlər edildi. Belə ki, Rusiyanın nəzarəti altında hazırlanan protokolda Azərbaycanın işğal edilmiş əraziləri sadəcə “tutulmuş ərazilər” kimi ifadə olunurdu. Azərbaycan tərəfi buna sərt etiraz edərək protokolun 5-ci abzasında “tutulmuş ərazilər” ifadəsinin “işğal olunmuş ərazilər” sözləri ilə əvəzlənməsinə nail oldu.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ilə istər ölkəmizin hərtərəfli dinamik inkişafı, istərsə də bu münaqişənin nizamlanması prosesində yeni mərhələ başladı.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, müxtəlif ölkələrlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli prinsiplər əsasında enerji resurslarının ixracı və şaxələndirilməsi prosesinin gerçəkləşdirilməsi dövlətimizin başçısı İlham Əliyevin xarici siyasətində prioritet istiqamətlər olub.
Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.
Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq, bu prosesdə müntəzəm və fəal iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinin göstəricisidir.
Prezident İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur.
Zəif cəmiyyətə malik güclü demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər.
İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident diqqəti Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ, qaçqınlar və məcburi köçkünlər məsələsinə yönəldir. Azərbaycan Prezidenti AŞPA-da, Avropa İttifaqında, NATO-da, BMT Baş Assambleyasının sessiyasındakı çıxışlarında, nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistanın işğalçılıq siyasətini ətraflı diqqətə çatdırır, Dağlıq Qarabağ, qaçqınlar və məcburi köçkünlər probleminin həllinə yönələn çağırışlar edir.
Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyətinin, polad iradəsinin və əzmkarlığının nəticəsidir ki, bu gün həm Azərbaycan Ordusunda, həm də ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi var. Hər kəs qələbəyə köklənib və bunun mümkün olduğunu da Aprel döyüşlərinin timsalında hər bir vətəndaşımız dəqiq bilir, buna inanır.
Bütün bunların əsasında Prezident İlham Əliyevin liderlik fəaliyyətinin aşağıdakı nailiyyətləri sayəsində mümkün olub:
- Prezidentin yüksək diplomatik fəaliyyəti torpaqlarımızın düşməndən azad edilməsi üçün beynəlxalq hüquqi zəmin formalaşdırıb;
- Vaxtında həyata keçirilmiş hərtərəfli islahatlar və düşünülmüş iqtisadi siyasət ölkəmizin bu müharibədən qalib çıxması üçün möhkəm potensial yaradıb;
- Hərbi sahədə həyata keçirilən islahatlar ordumuzun qüdrətini artıraraq, onu Qarabağı düşməndən tam təmizləyəcək səviyyəyə yüksəldib;
- Ali Baş Komandana tam inam və etimad göstərən xalqımız öz liderinin ətrafında yumruq kimi birləşib.
Bütün bunlar Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır. Ermənistanı, onun rəhbərliyini beynəlxalq miqyasda haqsız və nüfuzsuz duruma salan, bölgənin iqtisadi xəritəsindən silən, bütün qlobal layihələrdən təcrid edən Prezident İlham Əliyev təcavüzkarı indi döyüş meydanında da məğlub duruma saldı.
Azərbaycan Prezidentinin “Bölgədə, Qarabağda sülh yaranmasa, Ermənistanın iflası və məhvi daha da tezləşəcək” bəyanatı artıq bu ölkədə geniş əks-səda yaradıb. Dövlətimizin başçısının bu fikrinin reallıqda əksini tapdığını düşmən ölkədə də dərk və etiraf edənlərin sayı durmadan artır.
Çıxışlarında dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib: “Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.
Bəli, Azərbaycanın Ermənistanla bağlı mövqeyi aydın və qətidir: danışıqlar ikitərəfli formatda davam etdirilməli və bu zaman BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlər nəzərə alınmalıdır. Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nizamlanma prosesində əsas şərtdir.
Sentyabrın 27-də Ermənistanın hərbi-siyasi rəhbərliyi öz xislətinə sadiq qalaraq, növbəti dəfə təxribata əl atdı. Bu dəfə Ermənistan silahlı qüvvələri sentyabrın 27-də saat 6 radələrində genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə 60-dan çox mülki şəxs həlak olub, 300-dək insan xəsarət alıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evləri və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başladı.
Cəbhənin ən gərgin Tərtər–Ağdam və Füzuli–Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Bu müddətdə Azərbaycan Ordusu Füzuli və Cəbrayıl şəhərləri də daxil olmaqla 60-dək yaşayış məntəqəsini işğaldan azad edib.
Dövlətimizin başçısının bu həssas və şərəfli günlərdə verdiyi müdrik və qətiyyətli qərarlar xalqımız tərəfindən sonsuz rəğbət və coşqu hissi ilə qarşılanır. Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi sayəsində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Düşmənin sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz vəziyyətə gətirib çıxardı.
Budəfəki təxribatdan sonra artıq düşmənə ordumuzun növbəti dəfə gücünü yenidən göstərməyin zamanı gəlib. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz istiqamətində döyüşləri zamanı əldə edilmiş qələbələrindən sonra Azərbaycan Ordusunun zəfər çalacağına inamımız sonsuzdur.
Bu gün Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirib. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik.
Gəlib çatdığımız məqam bir daha göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəfələrlə ən yüksək beynəlxalq tribunalardan tutarlı faktlarla ittiham edib. Bölgədə sülhə və təhlükəsizliyə ciddi maneə olan, terrora dəstək verən, təcavüzkar siyasət rejimin təxribatlarının qarşısının alınması artıq zərurətə çevrilmişdi.
Azərbaycan Ordusu bu zərurətdən irəli gələrək düşmənə sarsıdıcı zərbələr vurdu, torpaqlarımızın bir hissəsini işğaldan azad etdi.
Bu döyüşlər bir daha təsdiqlədi ki, hər bir azərbaycanlı torpaqlarımızı düşmən işğalından azad etmək uğrunda ön cəbhədə vuruşmağa hər an hazırdır. Artıq bütün dünya Azərbaycanın qəhrəman oğullarının, hərbiçilərimizin vətənpərvərliyinin, yüksək döyüş əzminin və fədakarlığının şahidi oldu.
Onlar bütün dünyaya sözün əsl mənasında igidlik, qəhrəmanlıq nümunəsi göstərdilər. Bu günlər hər birimizin ürəyi səngərdədir, hərbçilərimizlə birgə döyünür.
Bu gün Azərbaycanda elə bir ailə olmadı ki, sevinc göz yaşları axıtmasın. Cəbhədən ard-arda gələn xoş xəbərlər otuz ilə yaxındır düşmən tapdağı altında inləyən torpaqlarımızın azadlıq nəğməsi idi.
Cənab Prezidentin dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Bakı, 19 oktyabr, AZƏRTAC