20.10.2020, 12:56 - Baxış sayı: 844

Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək


Günel MƏLİKLİ
AMEA-nın YAP İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru


Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.
Digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Yeri gəlmişkən, Azərbaycan Respublikası işğalçı dövlətin-Ermənistanın hərbi təcavüzünə məruz qaldığından yaranmış mürəkkəb şəraitdə milli ordu quruculuğu müstəqilliyin qorunmasının əsas amillərindən birinə çevrilib.
2016-cı il oktyabr ayının 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdəki çıxışında cənab İlham Əliyev ordu quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək deyib ki, ordu quruculuğu sahəsində Azərbaycanda böyük addımlar atılıb və bu iş davam etdirilməkdədir. Azərbaycan Ordusu öz gücünü
2016-cı ilin aprelində Ermənistan hərbi qüvvələrinin təxribatına qarşı həyata keçirdiyi əks-hücumlarda nümayiş etdirdi. Son dövrlər istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində bir-birinin ardınca acı məğlubiyyətlərə düçar olan Ermənistanın siyasi rəhbərliyi yenidən militarist bəyanatlar verməyə başlamış, “yeni ərazilər uğrunda yeni müharibə” tezisini irəli sürmüşdür. Siyasi səbatsızlıq və təcrübəsizlik şəraitində atdığı addımların fərqində olmayan Paşinyan hakimiyyəti, eləcə də Ermənistan dövlətinin həyata keçirdiyi işğalçılıq siyasəti bu dəfə fiaskoya uğradı.
2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən Ermənistan silahlı qüvvələrinin çirkin niyyətlərinin qarşısı Ali Baş Komandanımızın müdrik qərarları, qətiyyətli tapşırıqları ilə dərhal alındı, əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz uzun illərdir, işğal altında olan tarixi torpaqlarımızın bir hissəsini azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayraqları yenidən və əbədi dalğalanmağa başladı.
Hər zaman özünün ədalətli, məsuliyyətli və qətiyyətli mövqeyi ilə seçilən Azərbaycan status-kvonun saxlanılmasının yolverilməz olduğunu qətiyyətlə bəyan edib.
Dövlətimiz hər addımda sülhü təhdid edən, beynəlxalq hüquq normalarını tapdalayan Ermənistanın 30 ildən artıq davam edən işğalçılıq siyasətinə birdəfəlik son qoymaq niyyətində və əzmindədir. Bu gün ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyi, dünyaya örnək olan siyasi həmrəylimiz, ordumuzun döyüş qabiliyyəti və yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, apardığımız ədalətli müharibə ən yaxın müddətdə işğal altında olan torpaqlarımızın hər qarışının azad edilməsi ilə nəticələnəcək.
Ölkəsində onsuz da olmayan dayaqlarını tamamilə itirən Paşinyan hakimiyyəti bu proseslərdə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən dəstək ala bilmir, artıq dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi qəbul edir və zəbt etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmalı olduğunu bildirir.
Bunun tam əksinə olaraq, Azərbaycan dövləti dost və tərəfdaş ölkələrdən, dünya birliyindən ciddi siyasi dəstək alır, eyni zamanda, ölkədə fəaliyyət göstərən və müxtəlif ideoloji xətləri təmsil edən siyasi qüvvələr də iqtidarla birmənalı şəkildə həmrəylik nümayiş etdirirlər.
50 siyasi partiyanın birgə bəyanat verərək Ali Baş Komandanımızın, şanlı ordumuzun yanında olduğunu ifadə etməsi bu gün dünyaya örnək olacaq siyasi həmrəyliyin və milli birliyin bariz nümunəsidir.
Xüsusi vurğulamaq gərəkdir ki, bu gün Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti təmin edir, yəni işğal altında olan torpaqlarımızı azad edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq.
Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.
Azərbaycan xalqı əmindir ki, qüdrətli Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirəcək, işğal altında olan ərazilərimiz tam azad olunacaq. Ümumiyyətlə, bu gün beynəlxalq hərbi reytinqlərdə Azərbaycan Ordusu Cənubi Qafqazın alternativsiz hərbi gücü sayılmaqla yanaşı, hərbi arsenalına, potensialına, təminatına, hazırlığına görə dünyanın öndə gedən silahlı qüvvələrindən biri hesab edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Sabunçu rayonunda hərbiçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışı zamanı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir: “Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.
Azərbaycan Ordusunun erməni təxribatına qarşı əks-hücumlarının başlamasından çox az vaxt keçməsinə baxmayaraq, uğurlarımız hər bir azərbaycanlıda böyük qürur hissi doğurur. Xalqımızda işğal altındakı torpaqlarımızın azad olunacağına böyük inam yaranıb.
Bu inamı möhtərəm Prezidentimiz İlham Əliyevin cəsarətli, qətiyyətli və müdrik siyasəti yaradıb. Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.
Ümumiyyətlə, bu gün hər birimiz dövlətimizin yanında olmalıyıq, dövlətimizin apardığı haqq işinə dəstək olmalıyıq. Siyasi əqidəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq ürəyimiz bir yerdə döyünməli, yumruğumuz bir yerə vurulmalıdır. Bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.
Bütövlükdə, döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim azərbaycanlı olaraq hər birimizin üzərinə vəzifə düşür. Bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır.
İnformasiya müharibəsində qalib, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq.
Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir, səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir.
Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, onların ruhunu şad edəcək. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır.

"Yeni Azərbaycan" qəzeti, 16 oktyabr 2020.