23.10.2020, 10:53 - Baxış sayı: 852

Yeni geosiyasi düzənin Tovuzdan Şuşaya çəkdiyi yol


f.ü.f.d. Məhəmməd Cəbrayılov


Bu gün dünyada geosiyasi reallıqların dəyişməsini müşahidə etməkdəyik. Qlobal güc mərkəzlərinin toqquşduğu coğrafi məkanlarda yeni aktorların “ayaq səsləri” Cənubi Qafaqazda da hiss olunur. Cənubi Qafqazda geostrateji mövqeyi, iqtisadi-siyasi güc mərkəzi kimi rola malik olan Azərbaycanı zəiflətməyi, asılı vəziyyətdə saxlamğı, bu bölgəyə marağı olan imperialist qüvvələr tərəfindən tarixən “inşa etdikləri” Ermənistan vasitəsi ilə həyata keçirilib. 30 ilə yaxın bir dövrdə dolayısı və açıq şəkildə böyük dövlətlər tərəfindən yardım edilən Ermənistan Azərbaycanın tarixi torpaqlarıı işğal altında saxlamaqla yanaşı, Azərbaycan xalqına məxsus olan tarixi abidələri, məscidləri, binaları bir sözlə min illərlə torpağın üzərində qurulan, inşa edilən nə varsa hamısını yerlə bir etmişdir. İşğaldan azad olunan ərazilərdən dağılmış şəhərlərin, tarixi abidələrin görüntüləri beynəlxalq konvensiyaların, hüququn işləmədiyi dövrlərin müharibə cinayətləri ilə müqayisədə daha dəhşətli mənzərə yaradır. Bütün bu cinayətlərin fövqündə cəzasız vəziyyətdə özünü rahat hiss edən Ermənistan yeni ərazi iddiaları ilə 14 iyun 2020-ci ildə Tovuz rayonu istiqamətdə hucuma keçmişdir.
Bu hadisədən sonra Azərbaycan Prezidenti və Ali Baş Komandanı tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verildi. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda olan Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində növbəti hərbi təxribat törətməsi və layiqli cavabını alması geosiyasi proseslərə ciddi təsir etdi. Bütün bu hadisələr onu göstərir ki, rəsmi İrəvanın bu riskli və təhlükəli addımının arxasında böyük dövlətlərin geosiyasi və geoiqtisadi maraqları dayanır. BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı çıxardığı qətnamələr və ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımların səmərəsizliyi, yenidən təcavüzkar dövlətin “böyük oyunlarda” “sərxoş oyunçu” təssüratı yaradır. Çünki, Ermənistan dövləti məqsədə çatmaq üçün hansı yolu seçmək lazım olduğu konseptindən çox uzaqdır. Ermənistanın Azərbaycana qarşı son təcavüzkar addımlarını ciddi şəkildə düşünsək və effektiv nəticəyə varsaq, o zaman bizə reallığın sadələşdirilmiş xəritəsi aydın olar. Məsələn, Türkiyəyə və Avropaya gedən enerji marşrutlarının üstündə yerləşən Tovuz rayonuna qarşı Ermənistan tərəfinin böyük iddialara düşməsi və ya bu “təxribatlara zorlanması” böyük geosiyasi oyunlarda qırmızı xəttin keçilməsi idi. Məhz bu baxımdan bu əraziyə ermənilərin hərbi nəzarətini təmin etməklə öz siyasi və geosiyasi şərtlərini irəli sürəcəyində israrlı olan dövlətlərə bir tərəfdən Azərbaycan Respublikasının Ali Baş Komandanının hadisələri milli maraqlara uyğunlaşdırmaq qabiliyyəti və strateq düşüncəsi ilə, digər tərəfdən müasir silah və döyüş qabiliyyəti yüksək olan Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə vuruldu. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu təxribatın arxasında kimlərin durduğunu bilirik” fikrini bəyan etməsində sətiraltı məna Tovuza qarşı aparılan əməliyyatların arxasında olan qüvvələrin planlarını deşifrə edilməsi idi. Faktiki olaraq, Tovuz hadisələrinin böyük geosiyasi-hərbi təxribatla əlaqəli olması şübhə doğurmur. Maraqlıdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıq etiraf etdi ki, təxribatı “Ermənistan törədib və buna görə məsuliyyət daşıyır”. Hadisələrin inkişafı onu göstərir ki, Rusiya Cənubi Qafqazda geosiyasi mövqeyində korrektələr etmək məcburiyyətindədir.
“Sərxoş oyunçu” kimi özünü aparan Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-dən Tovuz hadisələrinə müdaxilə etməsini xahiş etdi. Münaqişə zonasından yüz kilometrlərlə uzaqda olan coğrafi məkanda fəallaşmaq niyyətini və bu məsələdə onun himayədarlarının təhrikedici rolunu analiz etmək imkanlarını itirən Ermənistanın baş naziri Nikol Paşinyan vacib olanla vacib olmayanı fərqləndirmədən KTMT-yə üz tutdu və rədd cavabı aldı. KTMT-ni Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirmək istəyən Nikol Paşinyan Azərbaycanın bu təşkilatda olan dövlətlərlə ikitərəfli münasibətlərin hansı səviyyədə olmasını unutmuşdu.
Bir tərəfdən Azərbaycanın regionda baş verən geosiyasi proseslərdə aktiv rol alır, digər tərəfdən mövcud şərtləri diktə edən reallıqların formalaşmasında yaxından iştirak edir. Azərbaycan regionda baş verən yeni geosiyasi proseslərdə fəal rol almasını şərtləndirən amillərdən biri geostrateji məqsədlərə nail olmasıdırsa, digəri Ermənistan və ona havadarlıq edən ölkələrlə birlikdə işğal altında saxladığı ərazilərdən Azərbaycana qarşı provaktiv məqsədlərin həyata keçirilməsinə qarşı Türkiyənin qətiyyətli mövqeyidir.
ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı işğalçını durduran konkret proqramları olsaydı, Tovuz təxribatına ciddi və dərhal reaksiya verməli idi, lakin bu baş vermədi. Ermənistan rəhbərliyinin növbəti hərbi avantürası- həmsədrlərin işğala məruz qalanla işğalçı arasında “bərabərlik” işarəsinin qoyulması və qeyri-obyektiv davranışlarının nəticəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində Minsk qrupunun vasitəçilik missiyasının böhran keçirməsi nəticəsində Tovuz hadisələrindən yaranan gərginlik aradan qalxmamış, 27 sentyabr 2020-ci ildə Ermənistan rəhbərliyi Tərtər şəhərində dinc əhalini atəşə tutmaq haqqında göstəriş verdi.
Azərbaycan Respublikası Ali Baş Komandanından əks hucum əməliyyatına başlama əmri alan Azərbaycan ordusu tərəfindən cəbhədə növbəti dəfə təxribatlar törədən və hücuma cəhd göstərən işğalçı orduya sarsıdıcı zərbələr endirildi və ərazi bütövlüyümüzü təmin etmək üçün əks-hücum əməliyyatı keçirildi. Ermənistanı sülhə məcbur etmə prosesi başladı və artıq Azərbaycan ordusunun uğurlu əməliyyatlarının ilk günlərindən Murov yüksəkliyində, Ağdərənin bir sıra kəndlərində, Suqovuşanda, Cəbrayılın mərkəzində, Hadrutda, Füzuli, Zəngilan və kəndlərində Azərbaycan bayrağı dalğalanmaqda davam edir.
Azərbaycanın sülhə məcbur etmə əməliyyatına Minsk qrupunun həmsədri olan Faransa prezidenti Emmanuel Makron üzvü olduğu qurumun prinsipləri ilə ziddiyyət təşkil edən bir tərəfli mövqe nümayiş etdirmişdi. Azərbaycan tərəfindən Fransanın beynəlxalq qanunlara, Minsk qrupunun prinsiplərinə zidd açıqlamasına rəsmi Bakı tərəfindən ciddi etirazlar onu göstərdi ki, Minsk qrupu münaqişəni həll etmək iqtidarında deyil və başqa vasitəçilərin prosesə müdaxiləsi zəruridir. Məhz bu baxımdan Minsk qrupunun digər həmsədr ölkələri Rusiya və ABŞ-ın Cənubi Qafqazda geosiyasi proseslərə bundan sonra hansı təsirləri göstərə biləcəkləri Azərbaycanın mövqeyindən asılı olacaq. Çünki, Azərbaycan Cənubi Qafqaz regionunda geosiyasi proseslərin inkişafında mühüm aktordu. Digər tərəfdən Minsk qrupunda həmsədr olan dövlətlər, qlobal miqyasda geosiyasi nüfuz uğrunda fəal mübarizə aparan ölkələrdir. Onların Ermənistana münasibətlərində də müəyyən kəsişən məqamlar mövcuddur. Hər üç həmsədr ölkə açıq və dolyayı yolla Ermənistanı dəstəkləyir. Məsələn,1997-ci ildə Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard dollardan çox olan müasir silahların verilməsi haqqında faktlar üzə çıxdı. O zaman Dövlət Dumasının qapalı iclasında general Lev Roxlin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məruzəsində bildirmişdi ki, “yeni silahlar Ermənistana göndərilir”. Sənədlərdə yazılır ki, “həmin silahlar ucuz qiymətə silinir”. Bu prosesə Ermənistan müdafiə nazirinin xarici hərbi əlaqələr üzrə müavini general-mayor A.Stepanyan rəhbərlik edirmiş. Azərbaycan Rusiyanın Ermənistana silah verməsi ilə bağlı narahatlığını Moskvaya dəfələrlə bildirməsinə baxmayaraq, Kreml tam laqeyd münasibət göstərmişdi. Onu da qeyd edək ki, bu silahlar 1993-cü ildən etibarən göndərilməyə başlamışdı. General L.Roxlinə gəldikdə isə, 3 iyul 1998-ci ildə onu Moskva yaxınlığındakı bağ evində müəmmalı şəkildə qətlə yetirildi”...
O dövrdən Ermənistanın əvəzi ödənilmədən (havayı) silahlandırılması bu gün II Qarabağ savaşında açıq-aydın hiss olunur. Azərbaycan Respublikasının Prezidenti müsahibəsində qeyd etdiyi kimi: “kasıb Ermənistanın bu qədər silah-sursat almağa pulu hardandı?”
Amerika əsas olaraq maliyyə və diplomatiya sahəsində İrəvana himayədarlıq edir. N.Paşinyanın hakimiyyətə gətirilməsində “narıncı inqilabların” maliyyə donoru olan Corc Sorosun və ABŞ-ın rolu danılmazdır. Münaqişənin həllində gizli siyasi, iqtisadi və hərbi texniki alətlərlə Ermənistana dəstək verən Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində necə ədalətli, qərəzsiz və tərəfsiz ola bilər?
Digər geosiyasi aspekt Türkiyənin regionda fəallığı ilə bağlıdır. Türkiyə vətən müharibəsində birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bunu rəsmi Ankara konkret əməldə də göstərdi. Azərbaycana lazım olan dəstək siyasi və diplomatik kanallarla göstərildi. Türkiyə Prezidenti Rusiya rəhbərliyi ilə vəziyyəti açıq müzakirə etdi və sabitliyin təmini ilə bağlı ortaq qənaət əldə edildi. Rusiya ilk dəfə etiraf etdi ki, Cənubi Qafqazda Türkiyənin maraqlarının olduğunu qəbul edir. Bu, ciddi siyasi-diplomatik uğur idi.
Azərbaycan Respublikasının Prezidenti Türkiyənin Cənubi Qafqazdakı roluna kifayət qədər önəm verərək qeyd edir ki, “Minsk qrupunun həmsədr ölkələrində erməni diasporlarınının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük imkanlara malikdir. Bu siyasi imkanlar nəticəsində onlar o ölkənin vəzifəli şəxslərinə təsir edirlər. Bu nə qədər ədalətlidir? Türkiyə nə üçün həmsədr olmasın? Bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var. Geosiyasi reallıqlar dəyişib. Bu gün Türkiyə nəinki bölgədə, dünya çapında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmir. Türkiyə söz sahibidir və bu reallıqdır. Bununla hesablaşmaq lazımdır”.
Minsk qrupunun həmsədr ölkəsindən biri olan Rusiyanın təşəbbüsü ilə Moskva danışıqlarında “humanitar atəşkəslə” bağlı razılaşmadan bir neçə saat sonra Ermənistan ərazisindən Azərbaycanın ikinci şəhəri olan Gəncədə dinc əhaliyə qarşı gecə saatlarında ballistik raketlə Cenevrə və Nürinberq konvensiyaları gobud şəkildə pozaraq insanların ölümü və yaralanması ilə nəticələnən terror aktı həyata keçirildi. Dünya dövlətlərindən bir çox ölkələrin bu hadisəyə səssiz qalması Ermənistanın yenidən Gəncə şəhərində daha böyük miqyasda terror aktı həyata keçirməsinə zəmin yaratdı. İkinci dəfə Ermənistan dincə əhaliyə qarşı qadağan olunmuş ballistik raketlərdən istifadə etməklə Gəncə şəhərində insanlar evlərində yatdığı yerdə terror aktı törətdi. Hər iki terror aktı nəticəsində uşaqlarda daxil olmaqla 24 insan həyatını itirdi, çoxlu sayda insan yaralandı. Lakin, bu terror hadisələri Azərbaycan insanının haqlı mübarziə əzminə, iradəsinə təsir etmədi, əksinə daha böyük qələbələrə inamını artırdı.
27 sentyabr Azərbaycanın başladığı əks hucum əməliyyatı nəticəsində Ermənistan ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Hərbi mənbələrdən gələn xəbərlərdən, ortadakı faktlardan aydın olur ki, Erməni hərbçilər döyüşə girmək istəmir, qorxduqlarını bildirir, onların birbaşa ölümə göndərilməsinə etiraz edir, ordunun müqavimət qabiliyyəti tam tükənib. Cəbhədə ardıcıl məğlubiyyətdən sarsılan ermənilər bir tərəfdən də aclıq, səfalətlə üzləşir, digər tərəfdən iqtisadiyyatın çökməsi, əhalinin ciddi sosial problemlərlə üzləşməsi təbii olaraq Ermənistanda siyasi böhranı daha da dərinləşdirib.
Azərbaycan Vətən savaşını qələbə ilə yekunlaşdırdıqdan sonra milli maraqlarını rəhbər tutaraq regional güc balansını dəyişəcək, yeni dünya nizamı quruculuğunda, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir vaxtda strategiyanın mərkəzində Türkiyə-Azərbaycan birliyi duracaq. Hədəf birinci mərhələdə ölkəmizin yeni geosiyasi vəziyyətə uyğun olaraq ərazi bütövlüyünü təmin etmək və strateji məqsədlərə nail olmaqdır. Tovuzdan başlayan “strateji yol” Azərbaycan xalqının özgüvən hissinin, tarixinin, dəyərlərinin mədəniyyət mərkəzi Şuşaya daşınması deməkdir.