27.09.2017, 14:21 - Baxış sayı: 1168

Lütfi Zadəyə həsr olunmuş elmi seminar keçirilib


Lütfi Zadəyə həsr olunmuş elmi seminar keçirilib
Sentyabrın 27-də AMEA Fəlsəfə İnstitutunda görkəmli alim Lütfi Zadənin “Qeyri-səlis məntiq nəzəriyyəsinin işığında elm və fəlsəfənin əsas anlayışları” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı Fəlsfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq qeyd etdi ki, hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə Vətənində - Azərbaycanda L.Zadə hörmətlə anılır.
İ.Məmmədzadə həmçinin alimin irsini yaşatmaq məqsədilə elmi məqalələrin yazılıb dünya mətbuatında dərc edilməsi təklifini irəli sürdü.
Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov alimin elmi fəaliyyəti və dünya elminə gətirdiyi yeniliklər və qeyri-səlis məntiq nəzəriyyəsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi.
Məruzə ilə çıxış edən fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyətindən danışaraq bildirdi ki, qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyətində mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir.
Z.Quluzadə onu da qeyd etdi ki, L.Zadə ABŞ-da yaşamış Azərbaycan alimidir. Onun vətəni Azərbaycandır. Biz alimlər də görkəmli alimimizin irsini yaşatmalı və davam etdirməliyik.
Daha sonra seminar AMEA İdarəetmə Sistemləri İnstitunun əməkdaşı tex.elmləri doktoru, professor Ramin Rzayev, Fizika İnstitunun əməkdaşı f.r.e.n. Elmira İsayeva və Fəlsəfə İnstitutunun əməkdaşlarının qarşılıqlı müzakirələri ilə sona çatdı.