26.10.2020, 14:37 - Baxış sayı: 770

Nəriman Nərimanovun publisistikasında milli məsələ


Afaq RÜSTƏMOVA
AMEA Fəlsəfə İnstitutunun “İnformasiya
cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru

Nəriman Nəcəf oğlu Nərimanovun 2020- ci ildə anadan olmasının 150 illiyi tamam olur. Bu yubileyin qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2020-ci ildə xüsusi sərəncam imzalamışdır.
Görkəmli dövlət xadimi, yazıçı, publisist, bacarıqlı həkim, dərin insanpərvərlik ruhuna malik Nəriman Nərimanov bütün həyatı boyu geniş, çoxtərəfli ictimai, ədəbi və siyasi fəaliyyətilə xalqın azadlığı və səadəti uğrunda mübarizələrlə dolu çox zəngin, müəyyən məqamlarda ziddiyyətli həyat yolu keçmişdir.Təəssüflər olsun ki, sözün gerçək mənasında bu böyük insanın fəaliyyətinə bəziləri tərəfindən yanlış yanaşılmış, tarixi hadisələrə səthi münasibət göstərilmiş və mövcud situasiya dərindən dəyərləndirilmədən yersiz ittihamlarla onun Azərbaycan naminə gördüyü əhəmiyyətli işlər heçə endirilmişdir. Yaxşı ki, qadağalara məhəl qoymayan, heç bir təhlükədən qorxmayan Vəli Məmmədov kimi oğullarımız olub. O, arxivləri arayıb-axtarıb, tarixi sənədləri toplayıb ağa ağ, qaraya qara adı verməyi bacarıb. Yeri gəlmişkən, dövlət xadimi, filoloq, yazışı, publisist Vəli Məmmədov qorxmazlığını, Vətəninə, xalqına böyük sevgisini yaşadığı həyatı və ölümü ilə sübut edən insanlardan olmuşdur. O, Qarakənd üzərində vertalyot qəzasında Azərbaycanın say-seçmə oğulları ilə birlikdə 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanı olub. Lakin XX əsr Azərbaycan tarixində Nəriman Nərimanovun göstərdiyi mühüm ictimai-siyasi fəaliyyətinin layiqli qiymətini məhz Ulu Öndər Heydər Əliyev vermişdir. Bu mənada Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin müəllifi Ulu Öndər Heydər Əliyevdir.
Keçən əsrin 30-cu illərində N.Nərimanov barədə çox adam heç nə bilmirdi, əsərləri qadağan olunmuş, tarix kitablarından adı silinmişdi. Halbuki, N.Nərimanovsuz nə tariximizin, nə də ədəbiyyatımızın tam təsviri barəsindən söhbət belə gedə bilməz.
Nərimanovun ədəbi irsində publisistika mühüm yer tutur. XIX əsrin sonlarından ömrünün axırınadək onun dövri mətbuatda bədii əsərləri ilə yanaşı kulli miqdarda felyetonu, ədəbi-tənqidi və publisistik məqalələri çap olunmuşdur. Təsadüfi deyil ki, Nərimanovun ölümü münasibətilə dərc edilən nekroloqda onun bir sıra xidmətləri ilə yanaşı publisistik fəaliyyəti də qeyd edilmişdir: “O, tatar (Azərbaycan) və rus dillərini mənimsəyərək xarici və rus mətbuatı orqanlarında publisistik xarakter daşıyan, xüsusilə ictimai-siyasi mövzularda çoxlu məqalə çap etdirmişdir”.(1)
Nərimanovun publisistikasına nəzər salarkən belə bir faktla qarşılaşırsan ki, o, yazdığı siyasi-publisist xarakterli məqalələrində və nitqlərində dövrünün mənzərəsini yaratmışdır. Burada bir haşiyə çıxmaq istərdik. Belə bir fikir mövcuddur ki, publisistika ən səmimi yazı növüdür, çünki burada insan məsələlərə öz münasibətini ortaya qoyur və beləliklə onun istər gündəlik, istərsə də ictimai-siyasi həyatda başverənlərə şəxsi düşüncə və münasibəti yer ala bilir. Görünür, elə buna görə də Nərimanovun bədii yaradıcılığı ilə publisistikası arasında bağlılıq var. Bədii əsərlərdə qaldırdığı bir sıra məsələlər sonralar publisistikada öz inkişafını tapmışdır.
Onun dram və povestlərini çıxmaq şərtilə, yerdə qalan bütün ədəbi irsini publisistika təşkil edir. 30 illik yaradıcılığı müddətində o, müxtəlif mətbuat orqanlarında yüzlərlə iri həcmli, dolğun məzmunlu, dövrün aktual problemlərini əhatə edən publisistik məqalələr yazmışdır. Bu əsərlərdə Nərimanov məslək, əqidə və ideyalılığa hər bir insanın vətəndaşlıq simasını müəyyən edən bir keyfiyyət kimi yanaşırdı. Vətənini, xalqını sevən bir şəxsiyyət olaraq o, ölkəsinin azadlığı, tərəqqisi və səadəti uğrunda mübarizə aparmağı bacaran insanları birliyə, ittifaqa çağırırdı. O dövrdə Azərbaycanın ictimai həyatında baş verən fəsadların əsas səbəbini Nərimanov mənsəbpərəst ziyalıların xəyanətində, onların istiqbala dair hər məsələyə laqeyd və ethinasız münasibətində görürdü.
Nərimanov hesab edirdi ki öz mənafeyini qorumaq istəyən hər bir millət, milli mətbuatını yaratmalıdır. O dövrdə bəzi ziyalılar Zaqafqaziyada rus mətbuatı səhifələrində tez-tez məqalələrlə çıxış edirdilər. Lakin bu materiallar rus dilində nəşr edildiyindən geniş xalq kütləsinin bunlardan xəbəri olmurdu. Məlumdur ki, “Əkinçi”dən sonra nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül” qəzetləri o zaman bağlanmışdı və Zaqafqaziyada Azərbaycan dilində heç bir mətbu orqan yox idi. Bu baxımdan xalq arasında maarifləndirmə işi aparmaq məqsədilə Nərimanov 1899-cu ildə Azərbaycan dilində qəzet nəşr etdirmək üçün təşəbbüs göstərir. Bu barədə Qafqaz Senzura Komitəsilə Nərimanov arasında belə bir yazışma olub. Orada deyilir: “İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının sinif rəhbərləri müavini Nəriman Nərimanov nəşriyyat üzrə Baş idarəyə müraciət edərək xahiş etmişdir ki, ona Bakı senzurasının qabaqcadan razılığı ilə tatar (Azərbaycan) dililə yanaşı rus dilində tərcüməsilə burada üzü verilmiş mərəmnamə əsasında “Təzə xəbərlər” (Новости) adlı qəzet nəşr etdirməyə icazə verəsiniz”. (2) Bir qədər keçdikdən sonra Nərimanov “Məktəb” (Школа) adlı jurnal nəşr etdirmək üçün icazə haqqında müraciət edir, lakin çar idarələri bütün bu xahişləri rədd edirlər.
XX əsrin əvvəllərində Nərimanov Azərbaycan dilində çıxan “İrşad” qəzetinin səhifələrində müxtəlif məqalələrlə çıxış edir, ara-sıra “Həyat” qəzetində də məqalələr dərc etdirir. Bu dövrdə onun “Həftə fəryadı”, “Cavaba cavab”, “Yol verin millət gəlir”, “Nə etməli?” və s. məqalələri çap olunur. Qeyd edilən məqalələrin əsas qayəsini xalqı cəhalətdən ayılmağa, ictimai həyata atılmağa çağırışlar təşkil edir. Nərimanov vətəndaş mühərrirlərə (jurnalistlərə) tövsiyə edirdi ki, məsləyini qara pula satan, yaxşını yaman yerinə qələmə verən və beləliklə də milli tərəqqiyə mane olan cızmaqaraçılara qarşı amansız olsunlar, iti qələmlərini öz mənafeyi nöqteyi-nəzərindən yanaşanlara qarşı doğrultsunlar.
N.Nərimanov kütlələrin gözünü açmaq, onlara yaxşı ilə yamanı anlatmaq, beləliklə də onlarda milli ləyaqət hissini oyatmaq üçün tənqidi, ən gözəl vasitə hesab edirdi. Məhz buna görə də xalqa xidməti hər şeydən üstün tutan mühərrirlərə (jurnalistlərə) felyetondan kəskin silah kimi istifadə etməyi məsləhət görürdü. Milli-mədəni gerilik, maarifə, teatra, mətbuata etinasız münasibət, dini xurafat, cəhalət qabaqcıl ziyalıları ictimai həyatda əl-qol açmağa imkan vermir, ümumi tərəqqiyə mane olurdu.
Mühüm milli məsələlərdən biri təhsil problemi idi. N.Nərimanov maarif sahəsində acınacaqlı vəziyyəti gənc nəslin tərbiyyəsi məsələsinə etinasız münasibətdə görürdü. O, böyük narahatlıqla bildirdi ki, milli məktəblərdə günün tələblərinə cavab verməyən, köhnə üsullarla dərs deyilir və bu da millətin balalarının fəhmini, zehnini korlayır. O, “Müəllimlər ictimainə dair” silsilə məqalələrində dövrün ən zəruri problemlərindən birinə ̶ maarif və mədəniyyətin inkişafında ziyalıların rolu məsələsinə toxunmuşdur.
“Bu gün” adlı məqalə 1906-cı ilin avqustunda Azərbaycan müəllimləri qurultayının açılışı münasibətilə yazılmışdır. Nərimanov məktəblərdə Azərbaycan dilinin tədrisinə çox böyük əhəmiyyət verirdi. Qurultayda müzakirə olunan mühüm məsələlərdən biri ibtidai və orta rus-Azərbaycan məktəblərində Azərbaycan dilinin tədrisi məsələsi idi. Azərbaycan dilində məktəblərin təşkili və azərbaycanlı müəllim kadrlarının hazırlanması qurultayın diqqət mərkəzində dururdu. Başqa millətlərin dillərinin, o cümlədən Azərbaycan dilinin çarizm tərəfindən sıxışdırılmasına işarə edərək Nərimanov yazırdı: “Ana dilimiz hər halda qüvvət tapacaqdır. Yeni füzulilər, vaqiflər, zakirlər, vidadilər, seyid əzimlər medana gələcəkdir”. Azərbaycan dilinin tarixin çətin, keşməkeşli sınaqlarından keçərək daha zəngin, daha mükəmməl şəkildə nəsillərdən nəsillərə otürülməsi faktı Nərimanova bu fikri ifadə etməyə imkan verirdi.
Nərimanovun “Бакинский рабочий” (Bakı fəhləsi) qəzetinin 1922-ci il 15 iyun sayında rus dilində çap etdirdiyi məşhur “Bəzi yoldaşlara cavab” məqaləsində deyilir: “Son zamanlar bəzi məsul şəxslər məktəblərdə ana dili dərslərinin və teatrlarda Azərbaycan dilində tamaşaların miqdarının azaldılması istiqamətində mətbuatda çıxışlar edirlər. Mövcud ictimai və siyasi səbəblərdən Azərbaycan ərazisini, təbii sərvətlərini güzəşdə gedə bilər, lakin öz dilindən heç vaxt imtina etməz və bu dilin əhəmiyyətini azaltmağa heç kəsə ixtiyar verməz”.
Öz publisistikasında Nərimanov qadın azadlığı məsələsinə xüsusi əhəmiyyət verirdi. Bu mövzuya həsr etdiyi məqalələrdə qadınların çarşaba bürünməsi, qızların erkən ailə həyatı qurması məsələlərini tibbi nöqteyi-nəzərdən əsaslandırmağa çalışırdı. Ümumiyyətlə o, qadının cəmiyyətdə özünəməxsus yer tutmasına böyük əhəmiyyət verirdi. Butün bu məqalələr əsasən “Kaspi”, “İrşad”, “Həyat”, “Астраханский край” (Həştərxan ölkəsi), “Açıq söz”, Hümmət , “El həyatı”, “Известия бакинского Совета” (Bakı soveti xəbərləri), “Жизнь национальностей” (Millətlərin həyatı), “Maarif və mədəniyyət”, “Bakı fəhlə konfransının əxbarı (xəbərləri)”, “Бакинский рабочий” (Bakı fəhləsi), “Известия” (Xəbərlər) və s. qəzet və jurnallarda çap olunmuşdur.
Nərimanovun publisistikasında Zaqafqaziyada, Azərbaycanda, Rusiyada baş verən hadisələrə həsr olunmuş məqalələrlə yanaşı beynəlxalq həyata dair məsələlərin işıqlandırılması da öz əksini tapmışdır. “Səsə səs” adlı məqaləsində ədib öz səsini imperialistlər əleyhinə qaldırır və məzlum müstəmləkə xalqlarına azadlıq tələb edir. Bu məqalədə Nərimanov Fransa imperialistlərinin Əlcəzairin məzlum xalqlarına etdikləri zülmün bütün dəhşətlərini açıb göstərir. O, Əlcəzair xalqının milli azadlıq mübarizəsini bəyənir və onlara həmrəy olduğunu bildirirdi. Nərimanov mübariz Əlcəzair xalqının Fransa müstəmləkəçiləri tərəfindən qırğına məruz qaldıqlarını şiddətlə pisləyirdi.
XIX əsrin axırı XX əsrin əvvəllərində Qərbi Avropada Afrika və Asiya torpaqlarını zəpt edib, öz aralarında bölmək üçün qızğın mübarizə gedirdi. Bu mübarizələrin düyün nöqtələrindən biri Mərakeş idi. Mərəkeş məsələsində Fransa ilə Almaniyanın mənafeləri toqquşurdu. Bununla əlaqədar olaraq Nərimanov dərc etdirdiyi “Mərakeş məsələsi” və “Quzğunlar cəmdək üstə” məqalələrində imperialistlərin yırtıcı niyyətlərini şərh edir və onların müstəmləkəçilik, zorakılıq siyasətini ifşa edir. Nərimanov göstərir ki, vaxt olacaq bu müstəmləkə xalqları ayağa qalxacaqlar və özlərini azad edəcəklər.
Nərimanov publisist kimi Zaqafqaziyadan kənarda da yaxşı tanınırdı. Onun imperializm və milli müstəmləkə zülmünü ifşa edən məqalələri Türkiyə, Hindistan, İran və başqa ölkələrin qəzetlərində çap olunub.
Nərimanovun publisistik fəaliyyətinin əhatə dairəsi ölduqca genişdir. O, yaşadığı dövrün ortaya qoyduğu bütün problemləri çılpaqlığı ilə ifşa etməklə yanaşı, ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı apardıqları təcavüskar siyasətinin tənqidini də diqqətdən kənarda qoymamışdır. Nərimanov hələ 1922-ci ildə “Заря Востока” (Şərq şəfəqi) qəzetində rus dilində dərc etdirdiyi “Biz və onlar” məqaləsində bu məsələnin tarixi və sinfi mahiyyətinə ətraflı münasibət göstərmişdir. Bu məqalədə o, bildirir ki, daşnak millətçilərinin bağrağını 70 ildən sonra bugünkü millətçilər yerdən götürüblər. Məqalədə deyilir: “Ramişvilinin (siyasi xadim, inqilabçı, Gürcüstan Demokratik Respublikası Hökumətinin birinci naziri) kabinetində bir sıra yoldaşlarla bərabər Piterdə (indiki Sankt Peterburq) erməni nümayəndələrinin çıxışlarına qarşı möveyin müəyyənləşdirilməsi məsələsini müzakirə edirdik. Erməni nümayəndələri son zamanlar “Böyük Ermənistan” ideyasını ortaya atmışdılar. Başqa sözlə desək, Azərbaycanın, Gürcüstanın və Rostova qədər Rusiya torpaqlarının zəpt edilməsindən söhbət gedirdi. Məndən soruşdular ki, bu işə sizin münasibətiniz necədir? Mən cavab verdim ki, bu bizi Böyük Azərbaycan haqqında, sizi isə Böyük Gürcüstan haqqında düşünməyə vadar edir”.
Bir neçə kəlimə də Nəriman Nərimanovun oğluna yazdığı məktub-vəsiyyətnamə haqqında söyləmək istərdik. Məktub Moskvada 28 yanvar, 1925-ci ildə yazılmışdır. Məktubun mətnindən hiss olunur ki, Nərimanov sanki ölümünün yaxınlaşdığını duyurdu və son vəsiyyətini edirdi. Bu məktubda Nərimanov öz həyat yoluna qiymət verməyə çalışır. Nəyi etdiyini, nəyi isə edə bilmədiyini etiraf edir və oğlunu özündən daha yaxşı, vətənə daha faydalı görmək istəyir.
Məktubda deyilir ki, hakimiyyət çoxlarını pozur. Bu dəfə də belə oldu. Bir çox görkəmli rəhbərləri hakimiyyət puça çıxardı. Mən bu sətirləri sənə yazdığım zaman iş o yerə çatıb ki, hətta ən yaxın kommunist dostlar dövləti idarə edə bilmədiklərindən böyük problemlərdən belə danışmağa qorxurlar. Bütün bunlar haqqında sən mənim Mərkəzi Komitəyə yazdığım geniş məruzədən məlumat ala biləcəksən. Bu məruzə bir çox mətləbləri aşkar etməyə sənə imkan verəcək və elə bu məruzədən sənə məlum olacaq ki, çoxlarının vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxub demədiklərini sənin atan deməyə cəsarət tapdı. Bu fikirlərdən sonra belə bir qənaətə gəlirsən ki, bir ölkənin zəngin təbii sərvətləri ola bilər, yaxud qeosiyası cəhətdən uğurlu mövqedə yerləşə bilər və ya o ölkədə çox bacarıqlı, savadlı, istedadlı insanlar yaşaya bilər və s. Lakin əkər orada yaşayan xalqa düzgün yol göstərən, onu tərəqqiyə, inkişafa aparmağa qadir olan şəxsiyyətlər yoxdursa, o xalq zamanın tapdağı altında qalar, dünyada öz yerini tapa bilməz, geç-tez uçuruma yuvarlanar. Buna ən bariz nümunə ermənilərdir. Çünki tarix boyu başbilənləri xəstə təxəyyülə malik olublar.
Azərbaycan öz tarixi inkişafında hər zaman yolunu düzgün seçməyi bacarıb, çünki atalar ustadına əhsən deyiblər. Yəni bu yolu xalqa göstərə bilən şəxsiyyətləri çox olub. Bu gün isə qürur hissilə deyə bilərik ki, xalqımız tamamilə yeni bir tarix yazır. Başverən hadisələr mahiyyəti etibarilə yalnız bu ərazinin deyil, bütün dünyanın siyasi mənzərəsini dəyişir və əsrlər boyu yığılıb qalmış münaqişələrin həll edilməsində tamamilə yeni paradiqma ortaya qoyur. Bunu isə yalnız mükəmməl savada, geniş erudisiyaya, situasiyanı bütövlükdə dəyərləndirmə bacarığına malik, strateji və taktiki gedişləri zamanında və necə edəcəyini yaxşı bilən bir lider edə bilər. Bu yolu cızan Ulu Öndərimiz Heydər Əliyev olub, onu siyasi, diplomatik, hərbi detallarının ən incə məqamlarına qədər müəyyənləşdirərək gerçəkləşdirən prezidentimiz cənab İlham Əliyevdir! Situasiyanın fəlsəfəsinə gəldikdə isə bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend informasiya agentliyinə müsahibəsində (22.10.2020) belə ifadə edir: “Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm”.
Qəlbi Vətən sevigisilə dolu olan, bugünkü qələbələr naminə həyatlarını belə əsirgəməyən, ömürlərini ölkəmizin inkişafına qurban verməyi bacaran Azərbaycan xalqının böyük oğullarının ruhu şad olsun.

1. İzvestiya qəzeti, 20 mart, 1925-ci il, № 64 (2397)
2. Azərb.SSR EA Azərb. tarixi muzeyi, Sovet dövrü fondu. N.Nərimanovun qovluğu.
3. Bax:https://az.wikisource.org/wiki/N%C9%99riman_N%C9%99rimanovun_o%C4%9Flu_N%C9%99c%C9%99f%C9%99_bitm%C9%99mi%C5%9F_m%C9%99ktubu