26.10.2020, 21:12 - Baxış sayı: 638

Milli birliyimizi təmsil edən 3 vacib məhfum


Vüsalə Gülmalıyeva
Məntiq şöbəsinin elmi işçisi

Azərbaycan xalqının tarixində şanlı səhifələr yazılır. Bu qürurlu və eyni zamanda çox çətin günlərimizdə milli birliyimizin təməlindəki 3 sarsılmaz amil - Ali Baş Komandanın iradəsi, Ordunun gücü və Xalqın həmrəyliyi mənəvi qaynağımız oldu desək yanılmarıq.
Fəlsəfə də sistem-element və struktur anlayışlarının tərifində deyilir ki, qarşılıqlı əlaqədə olan elementlərin məhdud çoxluğu sistemi yaradır və Sistemin elementləri arasındakı əlaqələrin müəyyən qaydası struktur adlanır. Yəni sistem o zaman mükəmməl şəkildə fəaliyyət göstərir ki, onun strukturunu təşkil edən edən elementlər qarşılıqlı sürətdə fəaliyyət göstərsin. Məhz bu tərifi hal-hazırda bizim cəmiyyətə şamil etsək görərik ki, Xalq-Ali Baş Komandan-Ordu struktur kimi aralarındakı qarşılıqlı əlaqə bütövün, sistemin mükəmməl şəkildə olduğunu ortaya qoyur. Bu şərəfli və çətin günlər xalqımızın yenidən güclü duyğularla birləşmiş bir millət halına gətirə bildi. Məhz belə zamanlarda fərdlər aralarındakı ortaq bağları hiss edərək, mənliklərinin dərinliklərindən qopan hərarətlə bir millətin övladları olduqlarının mahiyyətini daha da dərindən anlayırlar. Xalqın təməlində olan bu istiliyi, birliyi yenidən millətə xatırladan məhz Ali Baş Komandandır. Ali baş Komandanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı uzaqgörən siyasəti və mövqeyi hamımıza və eləcə də beynəlxalq aləmə məlumdur. Dövlət başcısı problemin beynəlxalq hüququn norma və prinsipləri çərcivəsində aradan qaldırılması barədə mövqeyini dəfələrlə danışıqlar prosesində bildirib. Prezidentin xarici dövlətlərə rəsmi səfərlərinin hamısını xronoloji ardıcıllıqla izləsək, bütün çıxışların formatı münaqişənin sülh yolu ilə həll olunması istiqamətində olduğunu görərik. Bu da Cənab Prezidentin nə qədər humanist və rasional düşüncəyə malik olduğunun birbaşa göstəricisidir.
Lakin Ermənistanın istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün danışıqlar prosesində, istərsə də müxtəlif beynəlxalq təşkilatların keçirdiyi iclaslarda qeyri-konstruktiv mövqeyi
Prezidentin hərb variantının istisna olunmaması fikrini söyləməyə əsas verdi. Belə ki, 2009-cu il Prezident İlham Əliyev Moskvada Ermənistan Prezidenti ilə görüşündə qeyd etmişdir ki, “Eyni zamanda əfsuslar olsun ki, mən bu gün hərb variantını da istisna edə bilmərəm. Çünki, birinci, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünü müdafiə etmək hüququna malikdir və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Azərbaycan güclü və müasir silahlarla təchiz olunmuş hərbi müdafiə imkanlarına malikdir. Ordumuz ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bununla belə rəsmi Bakı münaqişənin dinc vasitələrlə həlli səylərini davam etdirəcək.” Buna baxmayaraq Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və saymazlıq etməsi hər zaman müxtəlif formalarda göstərmişdir. Buna misal olaraq son hadisələri, 21 may 2020-ci ildə Azərbaycanın qədim şəhəri Şuşada Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Arutunyanın “andiçmə mərasimi”nin keçirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın bu tədbirə qatılması, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma - Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasəti və 13-14 iyul 2020-ci il Tovuzda baş verən hadisələr birbaşa Azərbaycana qarşı təxribat və müharibəyə dəvət kimi qiymətləndirmək olar. Məhz Tovuz döyüşlərində General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayevin ölümü xalqımızı elə sarsıtmışdı ki, minlərlə insan bir şüarla “Ali Baş Komandan Mənə silah ver” devizi ile küçələrə axışmışdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə basqınından və ordumuzun düşmənə layiqli cava¬bından sonra Azərbaycanda Ali Baş Komandan və Xalq birliyinin şahidi olduq.
Sentyabrın 27-dən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və ordumu¬zun sürətli əks-hücuma keçməsi barədə xəbərlərin gəldiyi ilk gündən Prezident İlham Əliyevin milli iradədən güvən alaraq öz siyasi iradəsində birmənalı, dəyişməyən, qətiyyətli mövqeyi və əsl sərkərdələrə məxsus mətinliyi insanlarda “30ildi itirilmiş torpaqların geri qayıda bilməyəcəyi” mifini darmadağın etdi və cəmiyyətdə “qalib insan obraz”ı əhval-ruhiyyəsini yaratmış oldu. Son tarixə nəzər salsaq, biz millət olaraq elə bil “məğlub olma” psixologiyasına qapılmışdıq. Lakin şanlı Vətən müharibəsi bizim öz güvən hissimizin yerinə qayıtmasına, qalib, güclü, əzmli insan və qələbə psixologiyasını yaratmış oldu. İndiyə qədər dildə, sözdə deyilən “Vətən-mənim son amalım, son sevgim” ifadələri bu gün özünü əməldə göstərmiş oldu. Bu bizim son illərdə demək olar ki, ilk və ən böyük birliyimizdir.
Burada Milli Ordumuzun gücünü və qətiyyətini də qeyd etmək lazımdır. Məhz Ali Baş Komandan və Xalq Birliyi Ordunun əzəmətini daha da artırır. Bir tərəfdən möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı, digər tərəfdən mərd və qorxmaz oğullarımız sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir. Samidlərin, Fəridlərin, Mübarizlərin, Poladların qələbə ruhunu yaşadan əsgərlərimiz Ali Baş Komandanımızın dediyi kimi: "Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir”.
Xalq-Ali Baş Komandan-Ordu birliyi və bərabərliyi bizim ən böyük gücümüzdür. Bu birlik Elə AZƏRBAYCAN adlanır. Biz tariximizi, mədəniyyətimizi birlikdə yazan, ortaq bir dinin, əqidənin övladlarıyıq. Eyni havanı, eyni taleyi, eyni sevinci, eyni kədəri yaşayanlarıq. İşğal edilmiş Azərbaycan torpqlarının geri qaytarılması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizə görə eyni kədərlənirik və alınan hər bir qarış torpaqlarımıza görə eyni sevinc hisslərini yaşayırıq. 30 ildi Vətən həsrətli dərdimiz eyni idi. Artıq bu həsrət bitir. Cənab Prezidentin dediyi kimi, “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Yaşasın Azərbaycan Xalqı, Ali Baş Komandanı və Milli Ordumuzun vətənpərvər oğulları!