28.10.2020, 13:52 - Baxış sayı: 510

Qüdrətli Azərbaycan müstəqilliyini qələbələrlə qeyd edir


BİZİ BÖYÜK QƏLƏBƏYƏ APARAN YOL
Hər bir xalq və millət üçün müstəqillik əvəzedilməz nemətdir. Xalqların öz taleyini müstəqil şəkildə müəyyən etməsi, suveren dövlət halında təşkilatlanması onun milli potensialının, maddi və mənəvi resurslarının tam gücü ilə üzə çıxarılmasına imkan yaradır, iqtisadi, siyasi, intellektual, mədəni qüvvələrinin maneəsiz inkişafına təkan verir, xalqın və millətin nəyə qadir olduğunu nümayiş etdirir.
Xalqın müstəqil dövlət halında yaşamaq qabiliyyəti, milli təsisatların inkişafı, dünya birliyində müstəqil dövlətin yeri bu halda bütün əyaniliyi ilə üzə çıxır.
Azərbaycan xalqı daim müstəqillik arzusu ilə yaşayıb, ona çatmaq uğrunda mübarizə aparıb.
1917-ci ildə Çar Rusiyası dağıldıqdan sonra XX əsrin əvvəllərində, yəni 1918-ci ildə tarixi müstəqilliyin şirinliyindən Azərbaycan xalqı da daddı.
Həmin dövrdə yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi, bayrağı, himni olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə, prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi.
Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.
İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.
Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
1991-ci il... Meydanlar kükrəyirdi.
Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi.
Xalqımız Azərbaycanın ən gərgin anlarını yaşadığı bir vaxtda ulu öndər Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla nəticələnəcəyi barəsində söylədiyi fikirlərə daim böyük ehtiyac hiss etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Ümummilli Lider zirvəsində təkcə buna görə qərar tutmayıb. İlk əvvəl Konstitusiyada adı həkk olunacaq “Müstəqil Azərbaycan dövləti”ni yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana bu prinsip əsasında rəhbərlik edib. O, suveren, müstəqil Azərbaycan Respublikasının ən nüfuzlu, müdrik dövlət başçısı kimi özünün inkişaf strategiyasının mahiyyətini belə ifadə etmişdi: “Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum yoxdur. Bütün varlığımı mən bu amala həsr etmişəm”.
Xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib.
Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Cənab İlham Əliyev Prezident seçiləndən sonra Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirməsini bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi isə ilk növbədə əldə edilən uğurların daha da çoxalması, dövlətçiliyimizin əbədiliyi deməkdir.
Cənab İlham Əliyev Prezident seçildiyi elə ilk gündən ağıllı dövlət xadimi kimi iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasını, sahibkarlığın vüsət almasını, kənd təsərrüfatının dinamik inkişafını, tarixi, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz işlərin həyata keçirilməsini tələb etdi.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur.
Bu gün Azərbaycan tarixi günlər yaşayır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad edir, qəhrəmanlıq tariximizə yeni səhifələr yazır.
Azərbaycan sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv edilir.
Vətən torpağı uğrunda şəhid gedən oğullarımız o əqidəylə, o saflıqla sonuna qədər getməsəydilər, onlara şəhidlik nəsiblik olmazdı.
Uca zirvəni qazandıqlarından tarix hər zaman onların ruhu önündə baş əyəcəkdir.
15 yaşlı Bahar, 13 yaşlı Şəhriyar. Balaca Fariz kimi, Zəhra kimi...
Övlad ata-anasıyla öyündüyü kimi, mən də sənin dünənin, bu günün, sabahınla öyünür, qürur duyuram, əziz Vətənim!.
Qoy bu günlərdə hər bir Vətən övladının arzuları, ümidləri, istəkləri çin olsun. Şəhidlərimizin ruhu şad olsun.
Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcək. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.

Günel Məlikli,
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru


"İkisahil.com"