02.11.2020, 11:33 - Baxış sayı: 532

Vətən müharibəmiz fars mətbuatında: Əli Əkbər Vilayətinin müsahibəsinə ictimai-siyasi baxış


Əntiqə PAŞAYEVA,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi
şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


Bu gün torpaqlarımız uğrunda gedən mübarizədə müstəqil Azərbaycan Respublikası təkcə güclü və şanlı ordusu ilə deyil, həm də diplomatiya meydanında qələbə qazanmaqdadır. Məlum olduğu kimi, illərdir torpaqlarımız düşmən əhatəsindədir, yüzlərlə şəhid vermişik, amma buna baxmayaraq, bizə olan haqsızlıqlar dünya dövlətləri tərəfindən istənilən formada müdafiə olunmayıb və bizim haqlı mübarizəmizə ciddi və rəsmi reaksiya verilməyib. Bu gün verilən bəyanatlar və müsahibələr heç də bizə olan tərəfdaşlıqdan və ya sülh sevərlikdən irəli gəlmir, burada əsas məsələ ondan ibarətdir ki, bu gün çox güclü dövlətə sahibik və bütün hallarda haqlıyıq, güclü Ali Baş Komandanımız, güclü, dönməz və sarsılmaz ordumuz, qüdrətli və tükənməyən iqtisadiyyatımız, günü-gündən inkişaf edən və gözəlləşən Azərbaycanımız var! Məhz bu səbəbdəndir ki, bizə qarşı olan maraq daha da artır və dünya liderləri bizi dəstəkləyir. Vaxtı ilə bizə arxa çevirən və düşməni bütün vasitələrlə təchiz edənlər, indi üzüqara vəziyyətdə bizə tərəf gəlməkdədirlər. Hər halda tarix öz işini görür və vaxt gələcək özlərini lider adlandıranları, haqsız düşüncə sahiblərini, ikiüzlü, qəsbkar, cinayətkar, terrorçuları özünün zibil qutusuna atacaq.
Diqqət etsək görərik ki, son illər ərzində ölkəmizin bütün sahələrdə apardığı hərtərəfli və anlayışlı siyasəti dünya ictimaiyyətinə təsir etmiş, əvvəlki dövrlərdən fərqli olaraq, bu gün Azərbaycan xalqı və onun ərazi bütövlüyü həm rəsmi orqanlarda və həm də həmin ölkələrin ictimaiyyəti tərəfindən müdafiə olunaraq ciddi şəkildə dəstəklənməkdədir. Belə ölkələrdən biri də yaxın qonşumuz olan İran İslam Respublikasıdır. Bu ölkənin rəsmi dairələri əvvəlki illərlə müqayisədə bu gün Azərbaycanın haqlı olduğunu dilə gətirir və rəsmi bəyanatlar verirlər. Fars mətbuatına nəzər saldıqda məlum olur ki, bu ölkənin əhalisi, xüsusilə türklər ölkəmizə qarşı olan təcavüzü pisləyir və daim xalqımızın yanında olduqlarını bildirirlər.
İranın dövlət liderlərinin verdikləri bəyanatların səbəblərindən biri də budur ki, (əlbəttə digər səbəblər də mövcuddur) İranda yaşayan türklərin bizim haqlı mübarizəmizi dəstəkləməsidir. İranda yaşayan türk xalqının çoxluğunu nəzərə alsaq, həm də bu ölkədə bütün sahələrdə geniş və istedadlı fəaliyyətləri olan türk xalqı İran dövləti üçün əvəzolunmaz bir potensialdır. İranın hakim rəhbərləri belə bir potensialı əldən verməmək, onların etimadını qazanmaq və ən əsası isə günü-gündən güclənən Azərbaycan dövləti ilə əlaqələrini yeni formatda qurmaq və inkişaf etdirmək üçün belə bəyanatların verilməsini vacib hesab edirlər və təbii ki, bu da özlərini tərəfdar kimi göstərməsi məqsədini güdür. Otuz ildən sonra axır ki, İran İslam Respublikasının rəsmi nümayəndələri Azərbaycanın haqq səsini eşitmək məcburiyyətində qaldılar. Onlar verdikləri bəyanatda və müsahibələrində işğal olunmuş torpaqlarımızın bizə geri qaytarılmasını bildirilər.
İranın xəbər saytı olan “Mudara”nın yazdığına görə (6 oktyabr 2020) İran İslam Respublikasının beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti bu məsələyə münasibətini bildirmişdir: “Azərbaycan Respublikasının təxminən yeddi şəhəri Ermənistan tərəfindən işğal olunmuşdur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının da dörd qətnaməsi qəbul olmuş və bu qətnamələr bunu deməyə əsas verir ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsinlər. Biz, Birləşmiş Millətlər Təşkilatının üzvü olaraq göstərilən bu prinsiplərə tabe olmalıyıq. Bizim də istəyimiz budur ki, Ermənistan işğal olunmuş əraziləri Azərbaycana qaytarsın. Bu ərazilərdə bir milyondan artıq azərilər didərgin düşmüşlər və bunlar gərək tezliklə öz torpaqlarına qayıtsınlar. Digər bir məsələ isə ondan ibarətdir ki, bu iş heç bir halda hərblə deyil, bəlkə siyasi yolla həll olunmalıdır”.
Amma verilən müsahibələrlə yanaşı, yaxşı olar ki, İran liderləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələrinə (30 aprel 1993-cü il 822 saylı qətnaməsi, 29 iyul 1993-cü il 853 saylı qətnaməsi, 14 oktyabr 1993-cü il tarixli 874 saylı qətnaməsi, 11 noyabr 1993-cü il 884 saylı qətnaməsi) rəsmi olaraq mövqelərini ortaya qoysunlar. Çünki tərəfdar və obyektiv yanaşmalar təkcə sözlə deyil, rəsmi sənədlərə əsaslanmalıdır. Ümid edirik ki, İranın ali hakim dairəsi bu qətnamələrlə bağlı bəyanatlarını ümumi sözlərlə deyil, rəsmi şəkildə bəyan edəcəklər.
Cənab müşavir çox yaxşı bilir ki, 30 ildir Azərbaycan dövləti siyasi, danışıqlar yolu ilə bu məsələni həll etməyə çalışmışdır. Amma bəzi dövlətlərin və siyasi qüvvələrin Ermənistana olan açıq-aydın dəstəyi, onları müxtəlif yollarla həm siyasi və həm də iqtisadi cəhətdən təmin etməsi bu məsələnin siyasi və danışıqlar yolu ilə həll olmasının nəinki qarşısını aldı, hətta vəziyyətin mürəkkəbləşməsinə və daha çox uzadılmasına gətirib çıxartdı. Bütün bunların nəticəsində Azərbaycan xalqı öz torpaqlarını qəsbkarlardan azad etmək üçün ayağa qalxdı, öz gücünə irəli gedərək haqlı və qalib olduğunu dünyaya göstərdi.
İndi sual olunur, hörmətli müşavir, əgər siz məsələnin siyasi yolla həllini mümkün hesab edirsinizsə, bəs niyə bu otuz ildə rəsmi dövlət nümayəndəsi kimi bir dəfə də olsun siyasi mövqeyinizi bildirmədiniz? Əksinə, sizin mənsub olduğunuz dövlət və digər dövlətlərin Ermənistan rəhbərləri ilə (onlara dövlət demək olmaz, çünki dövlət zor gücünə, özgə torpaqlarını zəbt etməklə yarana bilməz və əgər bu prinsipə əsaslanarsa, belə bur qurum hüquqi statusa malik deyil) isti münasibətləri, onlarla bütün sahələrdə əlaqələri, əməkdaşlıqları və açıq-aydın dəstəkləri səbəb oldu ki, məsələ gəldi 30 ilə çatdı. Bunun da nəticəsində bu gün Azərbaycan ordusu öz qanı və canı bahasına torpaqlarını qəsbkarlardan, cinayətkarlardan və terrorçulardan təmizləyir. İndi siz hansı siyasi yoldan danışırsınız? Düşünürəm ki, siyasi dərəcəsindən və mövqeyindən asılı olmayaraq fikir bildirəndə qarşı tərəfin kim olduğunu, onun beynəlxalq aləmdə yerini və dərəcəsini nəzərə alıb fikir bildirmək lazımdır. Daha aydın desək, bizim düşüncəmiz 1988-ci ilin düşüncəsi deyil. Gələn dəfə fikir söyləyəndə bunları nəzərə almanız tövsiyə olunur, hörmətli müşavir!
İran rəsmisinin dediyi digər fikir isə Türkiyə ilə bağlıdır. O, müsahibəsində bildirir: “bəzi xarici qüvvələr müharibəni qızışdırırlar, məsələn, Türkiyə. Türkiyə niyə müharibənin davam etməsində israrlıdır? Bu ölkə çalışmalıdır ki, müharibə dayansın, bu şərtlə ki, Azərbaycanın işğal olunmuş əraziləri azad olunsun. Biz Türkiyədə olan dostlarımıza tövsiyə edirik ki, odun üzərinə neft tökməkdənsə, kömək edin biz, siz və bölgədəki digər ölkələr məzlumu müdafiə edək və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunmasına yardımçı olaq. Biz Türkiyənin dostu olaraq tövsiyə edirik ki, iki tərəf arasında olan bu münaqişəni müharibəyə cəlb etməkdənsə, tərəfləri sülhə təşviq etsin. Burada tərəflərin qəsb edilmiş hüquqlarının bərpası, xüsusi ilə şəhərləri işğal olunmuş çoxlu sayda Azərbaycan vətəndaşları yurdlarına qayıtsınlar”.
Əvvəla Türkiyə Azərbaycan üçün təkcə qardaş ölkə deyil, eyni zamanda bütün sahələrdə strateji əməkdaşdır. Belə bir əməkdaşın ölkəmizdə baş verən proseslərə diqqət etməsi, münasibət bildirməsi təbii bir haldır və buna təəccüblənmək və ya qısqanclıqla yanaşmaq lazım deyil. Türkiyə dövlət olaraq təkcə indiki vəziyyətdə deyil, həmişə Azərbaycanın yanında olduğunu rəsmi olaraq bəyan etmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə bildirmişdir: “Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək mübarizəsinə bütün qəlbimizlə və imkanlarımızla dəstək verdik, verəcəyik”.
Biz həmişə bunun şahidi olmuşuq ki, Türkiyə dövlət olaraq bütün hallarda haqqı tapdalanan tərəflərin yanında olmuşdur və təbii ki, bu ancaq türkə xas olan bir xislətdir. Türkiyənin müdafiə mövqeləri, rəsmi bəyanatları təkcə Azərbaycan xalqına deyil, bu gün dünyada baş verən hadisələrdə haqqı tapdalanan, yurd-yuvalarından didərgin salınan bəşəriyyətin məzlum insanlarınadır və o insanlardan biri də Azərbaycan vətəndaşlarıdır ki, otuz ildir ata-baba yurdlarından qovulmaqdan əlavə, həm də çox böyük təcavüzə məruz qalmış – terrorçu erməni cinayətləri nəticəsində ən əziz insanlarını itirmişlər.
Elə bu səbəbdən də sayın başqan nəinki, Azərbaycanda, digər ölkələrdə də baş verən hadisələri nəzərə alaraq bildirir ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu davam edəcək: “Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər əli kəsirik və kəsəcəyik”.
Həmçinin Türkiyənin Xarici İşlər naziri hörmətli Mövlud Çavuşoğlu Azərbaycanın haqlı mübarizəsi ilə bağlı dünya liderlərinin susmasını və fikirlərini bəyan etməmələrini qınamış və onların bu məsələdə ortaq olduğunu bildirmişdir: “Ermənistanın törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinə ortaq olmaqdır”. Verilən bu bəyanatlar bir daha onu göstərir ki, Türkiyə həm bir dövlət və həm də strateji əməkdaş olaraq “odun üzərinə neft” tökmür, əksinə verdiyi bəyanatla demək istəyir ki, Azərbaycan və zülmə məruz qalmış digər ölkələr (yuxarıda adları sadalandı) tək deyil, yeri gələrsə biz bütün gücümüzlə onları müdafiə edəcək, biz onların yanındayıq və olacağıq da.
Türkiyənin belə bəyanatlarla çıxış etməsi təkcə İranın deyil, digər dövlətlərin də narahatlığına səbəb olub və bu narahatlıqların səbəblərini də biz çox gözəl anlayırıq. Diqqət etsək görərik ki, dünya liderləri və dövlət rəhbərləri verilən bəyanatlarda və müsahibələrdə bir dəfə də olsun faktiki olaraq Ermənistan və onun quldur dəstəsini (cinayətkar və quldur dəstəyə ordu demək olmaz, çünki orduda müəyyən olunmuş qaydalar mövcuddur) təcavüzkar, cinayətkar, terrorçu kimi tanımır. Bu, çox diqqət olunası bir məsələdir və burada olduqca ayıq-sayıq olmağımız tələb olunur. Çünki bu gün dünya liderləri, rəsmi nümayəndələr tərəfindən Ermənistana qarşı olan cüzi narazılıqlar, onun cinayətkar, terrorçu və təcavüzkar olmasını rəsmi olaraq elan etməyən qüvvələr, təbii ki, sabah yenidən erməni rəhbərləri ilə müttəfiq ola bilərlər. Sadəcə olaraq gözdən pərdə asmaq üçün belə müsahibələrlə və “bəyanatlarla” özlərini bizə tərəfdar kimi göstərməyə cəhd edirlər. Amma bunu unudurlar ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə təkcə siyasi və diplomatik gücü ilə deyil, həm də humanist dəyərlərə sahib olan bir dövlət kimi tanınır. Bu gün Azərbaycan hakimiyyəti və xalqı haqq mübarizəsində kimin dost, kimin ikiüzlü – iki tərəfli mövqe tutmasını çox gözəl anlayır və gələcəkdə də bunları bütün fəaliyyətində diqqətdə saxlayacaq.
"Science.gov.az"