21.11.2020, 17:19 - Baxış sayı: 585

İkinci Qarabağ Savaşı: DÖYÜŞƏN Azərbaycanın QALİB imici


Füzuli Qurbanov
fəlsəfə elmləri doktoru

Hazırda oxunan: İkinci Qarabağ Savaşı: DÖYÜŞƏN Azərbaycanın QALİB imici
Cənubi Qafqazın geosiyasi dinamikası “qaynayır”. İnformasiyanın yayılma və dəyişmə intensivliyi o səviyyədədir ki, turbulent (qarışıq, xaotik, burulğanlı) vəziyyətdən belə danışmaq olar.
Ekspertləri daha çox Azərbaycanın regionda formalaşan yeni geosiyasi statusu maraqlandırır. Yanaşmalar fərqlidir. Ekspertlərin bir qismi əslində daha çox qazanan tərəfin Rusiya olduğunu iddia edir.
Digərləri Türkiyəni əsas qalib sayır. Avropalı ekspertlər hesab edirlər ki, Ankara-Bakı-Moskva “xətti” Qərbi regiondakı münaqişələrin həlli prosesindən, ümumiyyətlə, kənara atdı.
Bunlar təbiidir. Çünki həqiqi mənada cəmi 44 günə Azərbaycan siyasi rəhbərliyi, diplomatik korpusu və Ordusu Cənubi Qafqazda elə “fırtına” qopardı ki, bütövlükdə geosiyasi-hərbi mənzərə və təhlükəsizlik panoramı dəyişdi.
Yuxarıda ifadə edilən mövqelərin hər birinə hörmətimizi saxlamaqla deməliyik: bu proseslərin başlıca memarı Azərbaycan Prezidenti, xalqı və ordusudur! Səbəbləri də aydındır.
Onları dərk etmək üçün keçən əsrin 90-cı illərinin əvvəllərindən 2020-ci il sentyabrın 27-ə qədər olan müddətdə Cənubi Qafqazda, postsovet məkanının bir hissəsi kimi, geosiyasi-hərbi dinamikanı və təhlükəsizlik parametrlərini xatırlamaq kifayətdir.
XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan regionun ən çox siyasi, hərbi, geosiyasi və iqtisadi zərbəsi alan ölkəsinə çevrilmişdi. Hətta onu ərazicə parçalayıb, öz aralarında bölmək fikrinə düşənlər vardı
Müstəqil dövlət kimi özünü təsdiq etmək məsələsində Azərbaycana nisbətən Ermənistan və Gürcüstan daha perspektivli görünürdü.
Heydər Əliyev bu tənəzzül prosesini 1993-cü ilin ikinci yarısında dayandırdı və 1994-1995-ci illərdə çətin sınaqlardan dövləti, ölkəni və cəmiyyəti salamat çıxara bildi. Ulu öndər 1993-1995-ci illərdə həm hərb meydanında erməni ordusuna əks-zərbələr endirdi, həm də iki dövlət çevrilişi cəhdinin qarşısını aldı.
Azərbaycan Füzuli istiqamətində bir neçə uğurlu əməliyyat həyata keçirdi və Tərtər istiqamətində Ermənistan ordusunun hücumlarını dəf edərək onu ağır itkilərə məruz qoydu. 1994-1995-ci illərdə isə iki dövlət çevrilişi cəhdinin qarşısını qətiyyətlə aldı. Bununla Azərbaycan daxili sabitliyi təmin etməyə başladı.
Hər kəs anladı: Azərbaycan müstəqil dövlət ola bilər! Beynəlxalq aləmə, regionun böyük geosiyasi oyunçularına və qonşu ölkələrə bu, Bakının “mən varam!” ilk siqnalı idi.
Buna paralel olaraq sürətli dövlət quruculuğu prosesi aparılırdı. Heydər Əliyev konkret olaraq:
İqtisadi infrastrukturu sürətli yeniləşdirdi;
“Əsrin Müqaviləsi”ni imzaladı;
Ordu quruculuğunu genişləndirdi və sürətləndirdi;
Demokratik islahatlar həyata keçirdi;
Enerji siyasətini ardıcıl həyata keçirdi;
Bütün bunlar Azərbaycanda güclü dövlət quruculuğu modelinin reallaşdırdığı anlamını verdi.
Erməni əsilli Amerika tarixçisi, Miçiqan Universitetinin professoru R.Syüni 1998-ci ildə yazdığı məqaləsində açıq fikir bildirirdi. Tarixçi alim ayrıca vurğulayırdı ki, bu prosesin memarı Heydər Əliyevdir!
İlham Əliyevin ölkəyə rəhbər seçilməsi ilə Azərbaycan üçün yeni üfüqlər açıldı. Siyasi varislik prinsipinə tam əməl edən gənc və enerjili Prezident qısa zamanda Azərbaycanın siyasi, iqtisadi, geosiyasi və mədəni potensialından XXI əsrin tələblərinə uyğun istifadə etməyi bacardığını göstərdi.
İlham Əliyev Heydər Əliyev kursunu bütün istiqamətlərdə inkişaf etdirərək konkret uğurlara nail oldu:
Sosial-iqtisadi islahatlar yeni mərhələyə yüksəldi;
Beynəlxalq təşkilatlarda Azərbaycan daha fəal olmağa başladı;
Azərbaycan informasiya sferasında müdafiədən hücum taktikasına keçdi;
Beynəlxalq təşkilatlar bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkarın işğal etdiyi ərazilərdən dərhal çıxarılmasını nəzərdə tutan sənədlər qəbul etdilər;
Azərbaycan BMT TŞ-yə üzv seçildi;
Enerji siyasətini daha da inkişaf etdirən İlham Əliyev yeni layihələr irəli sürdü;
Azərbaycan əməkdaşlığa xidmət edən yeni formatlar irəli sürdü;
Ölkə istisadi cəhətdən daha sürətlə inkişaf etdi – bütün sferalarda yüksəliş baş verdi;
Dövlət idarəçiliyi daha da təkmilləşdirildi;
Azərbaycanın valyuta ehtiyatları sürətlə artdə və hazırda 53 milyard ABŞ dolları həcmindədir və s.
Artıq 2010-cu ilə Azərbaycan Cənubi Qafqazın lideri, sürətlə inkişaf edən, modernləşmənin yeni mərhələsinə keçən və yeni beynəlxalq əməkdaşlıq formatlarının təşəbbüskarı olan dövlət kimi bütün dünyada qəbul edilməyə başladı.
Hər kəs gördü ki, əslində “Diriliş Azərbaycan” prosesi gedir. Beynəlxalq təşkilatlarda ölkənin nüfuzu dinamik olaraq artırdı və BMT TŞ-nin üzvü seçilməklə rəsmi Bakı ciddi uğur qazanmış oldu. Aydın görünürdü ki, Azərbaycan yalnız müstəqil dövlət deyil, həm də bu müstəqilliyi hüquqi müstəvidə təsbit edə bilən suveren dövlətdir.
2016-cə ilin Aprel döyüşləri dünyanı geosiyasi-hərbi aspektdə yenidən silkələdi. Azərbaycan cəmi 4 günə özünün hərbi, informasiya gücünü göstərdi.
Bu, “Diriliş Azərbaycan”dan “Quruluş Azərbaycan”a keçidin mühüm punktlarından biri idi! Onu isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixində Azərbaycanın bir müstəqil dövlət kimi regionda qopardığı siyasi, diplomatik, hərbi, informasiya və geosiyasi fırtınası sübut edəcəkdi.
44 gün ərzində dünyanın sayılan ekspert dairələri bir reallığa heyran qaldılar: Azərbaycan ordusu çox güclü dövlətin ordusu kimi savaşır! Yüksək texnologiya ilə təchiz olunmuş yüksək Vətənəprəvliyə, cəsarətə və peşəkarlığa sahib əsgərlərə malikdir. Şuşanın azad edilməsi XXI əsr hərb tarixinin ən parlaq səhifələrindən biri kimi qəbul edilməkdədir.
İndi əsas sual: hazırda Cənubi Qafqazda müşahidə edilən yeni geosiyasi-hərbi nəfəsin, regional əməkdaşlıq perspektivinin memarı kimdir?
Cavab aydındır: “Diriliş” mərhələsindən “Quruluş” mərhələsinə keçən Azərbaycan! Daha çox qazanan da Azərbaycan dövləti, cəmiyyəti və xalqıdır!
Məhz Azərbaycanın “kül”dən yenidən özünü yaratması Türkiyə kimi güclü müttəfiqi hərəkətə keçirdi. Rusiyanı bir daha düşünməyə məcbur etdi! Qərbə bu regionun əsl demokratik, güclü dövlətçilik ənənəsinə malik və müasir dövrün ruhuna tam uyğun siyasət yeridən dövlət olduğunu sübut etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin perspektivli, müasir düşüncəli və uğurlu lider olduğunu nümayiş etdirdi! Hardan baxsan, bu proseslərin qalibi Azərbaycandır!

"Bizim.media"