“Azərbaycanlıların Avropa müqavimət hərəkatında iştirakı” mövzusunda elmi seminar keçirilib
Oktyabrın 11-də Fəlsəfə İnstitutunda növbəti ümuminstitut elmi seminarı keçirilib. Seminarın mövzusuz “Azərbaycanlıların Avropa müqavimət hərəkatında iştirakı” idi. (məruzəçi: İlham Abbasov). Tədbirdə institutun direktoru, f.ü.e.d., prof. İlham Məmmədzadə iştirak edib.
Məruzədə İkinci Dünya savaşı dönəmində Avropanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizə aparmış Azərbaycan vətəndaşları haqqında informasiyaların mövcudluğu ilə bağlı fikirlər səslənib. Bir neçə azərbaycanlı haqqında Avropa və Rusiya mənbələrində yanlış məlumatlar verildiyi vurğulanıb. Onlar ukraynalı, rusiyalı, gürcüstanlı kimi qələmə veriliblər. Hətta bəzi partizanların ad və soyadları təhrif edilib.
Bu kimi halların olması azərbaycanlıların İkinci Dünya Müharibəsində faşizmlə mübarizədəki yeri və rolu barədə doğru olmayan təsəvvürlər yarada bilər. İnformasiyanın müasir dünyada oynadığı rolu nəzərə alsaq, qaldırılan məsələnin ciddiliyi və əhəmiyyəti aydın görünər. Məruzədə təklif olunub ki, həmyerlilərimizin İkinci Dünya Müharibəsində iştirakı ilə bağlı düzgün və dolğun informasiyaların olması istiqamətində çalışmaq lazımdır.
Məruzədə qoyulan məsələ birbaşa yaddaş siyasəti (kommemorasiya) ilə bağlıdır. Seminar iştirakçıları bu kontekstdə maraqlı fikirlər ifadə ediblər. Prof. İlham Məmmədzadənin bununla bağlı apardığı təhlil, gəldiyi qənaətlər və ümumi nəticələri ətrafında seminarda maraqlı müzakirələr gedib. Azərbaycan vətəndaşlarının İkinci Dünya Müharibəsində Avropa Müqavimət Hərəkatının aktiv iştirakçısı olduğunu sübut edən sənədlərin üzə çıxarılması məsələsinin aktuallığı vurğulanıb. Filosof və sosioloqlar isə həmin faktlar əsasında kommemorativ analizlər aparmalı, müəyyən tövsiyələr hazırlamalı və həmin aspektdə müzakirələri genişləndirməyə çalışmalıdırlar.