03.12.2020, 09:55 - Baxış sayı: 470

“Bir millət – iki dövlət” formulunun fəlsəfi-tarxi təhlilinə həsr edilmiş əsər


“Bir millət – iki dövlət” formulunun fəlsəfi-tarxi təhlilinə həsr edilmiş əsər
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdirləri f.e.d.Füzuli Qurbanov və t.e.d.Eynulla Mədətlinin həmmüəllifliyi ilə “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı elmi monoqrafiya çapdan çıxıb. Tədqiqat əsəri Ulu öndər Heydər Əliyevin məşhur “BİR MİLLƏT – İKİ DÖVLƏT” formulunun tarixi kontekstdə fəlsəfi təhlilinə həsr olunub.
Dörd fəsildən ibarət olan əsərə ön sözü akademik İsa Həbibbəyli yazıb. Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadə monoqrafiyanın elmi redaktorudur.
Ulu öndərin məşhur formulunun fəlsəfi təhlilinə müəlliflər müasir fənlərarası metodologiya prizmasında yanaşıblar. Problemin fəlsəfi aspektinə Azərbaycan dövlətçiliyinin təkamülü fonunda baxılıb. Kitabın məntiqi düzümü və irəli sürülən fikirlərin təkamül özəllikləri bu bağlılıqda ifadə edilib. Monoqrafiyanın strukturu (fəsillərin sayı və adları, altfəsillərin sayı və adları) vurğulanan elmi məqsədə çatmağa xidmət edir.
Bu çərçivədə fəsillər məntiq və məzmunca bir-biri ilə sıx əlaqəlidir. Kitabın məntiqi düzümünün əsasında fənlərarası metodologiyanın başlıca prinsipləri, qaydaları və fəlsəfi-kateqorial aparatının özəllikləri dayanır.
Həmin kontekstdə birinci fəsildə “Bir millət – iki dövlət” formuluna fəlsəfi-metodoloji yanaşma əsaslandırılır. Bu məqsədlə “millət” və “millətçilik” anlayışları fəlsəfi-tarixi aspektə analiz edilir və ona müəlliflərin münasibəti formalaşdırılır.
İkinci fəsildə həmin fikirlər inkişaf etdirilərək millət və millətçiliyin sistemyaradıcı parametrləri “Bir millət – iki dövlət” formulu bağlılığında müəyyənləşdirilir. Bu zaman Azərbaycan dövlətçilik ənənəsinin başlıca prinsiplərinin fəlsəfi məzmununa baş vurulur. Həmin aspektə bir millətin iki dövlətinin olmasının sosial-fəlsəfi, ideoloji və tarixi-siyasi şərtləri fənlərarası metotodoji çərçivədə analiz edilir.
Üçüncü fəsildə əldə edilən ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq Ulu öndərin “Bir millət – iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələrin fəlsəfəsi araşdırılır. Bu zaman Azərbaycan dövlətçilik ənənəsi kontekstində Birinci Respublika (1918-1920), İkinci Respublika (1920-1991) və Üçüncü Respublika (1991-ci ildən bu yana) qarşılıqlı əlaqədə fəlsəfi təhlil edilir. Təhlil Ulu öndərin formulu aspektində İki İmperiyadan (Osmanlı və Səfəvi) iki Respublikaya (AXC və Türkiyə Cümhuriyyəti) və bu mərhələdən də İki Müstəqil Dövlətə (Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası) keçid prosesinin geosiyasi, siyasi, ideoloji və mədəni parametrlərini nəzərə almaqla reallaşdırılır.
Nəhayət, dördüncü fəsil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir millət – iki dövlət” formulunu böyük uğurla inkişaf etdirməsinin fəlsəfi-tarixi analizinə həsr edilib. Bu fəsildə İkinci Qarabağ Savaşı da daxil olmaqla Azərbaycan dövlət başçısının həmin istiqamətdə həyata keçirdiyi proqramların təhlilinə baş vurulub. Müəlliflər İlham Əliyevin fəaliyyətinin “Bir millət – iki dövlət” formuluna XXI əsrin çağırışları fonunda yeni məzmun çalarları verdiyi qənaətinə gəliblər. Bu bağlılıqda Azərbaycan Prezidentinin dövlət quruculuğunda siyasi institutlaşma, intellektin milli sərvətə çevrilməsi, azərbaycançılıq, multikulturalizm və dövlət millətçiliyi aspektlərində yüksək xidmətlərinin konkret məzmununun fəlsəfi ifadə edilməsinə cəhd göstərilib.
Kitabda böyük Atatürkün, Türkiyənin prezidentləri olmuş S.Dəmirəlin, H.Sezərin, qardaş dövlətin bir sıra nazirlərinin və Türkiyə Cümhuriyyətinin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki dövlət arasındakı münasibətlərə “Bir millət – iki dövlət” formulu bağlılığında yanaşmalarını ifadə edən çoxlu sayda faktlar yer alıb. Təbii ki, kitab boyu Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ifadə etikləri fikirlər də öz yerini tutub.
Kitabın geniş oxucu kütləsi üçün faydalı olacağına ümid edirik.