03.12.2020, 18:37 - Baxış sayı: 617

Bolqarıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib


Bolqarıstan Elmlər Akademiyasının təşkilatçılığı ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyinə həsr olunmuş  onlayn konfrans keçirilib03 dekabr 2020-ci il tarixində Bolqarıstan Elmlər Akademiyasının təşəbbüsü və Bolqarıstanın Sosial-Humanitar, Elmi və Mədəni Əlaqələrinin təşkilatçılığı ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illiyinə həsr olunmuş onlayn beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, keçən yüzilliyə nəzər saldıqda məlum olur ki, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu fəlsəfə, tarix, etika və estetika, sosiologiya sahəsində böyük nailiyyətlər əldə etmişdir. Heç də təsadüfi deyil ki, bu il Fəlsəfə İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılmışdır.
Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə geniş və dərin elmi əlaqələrə malikdir. Mən bu dostluğu və elmi əməkdaşlığa görə bolqar alimlərinə və Elmlər Akademiyasına təşəkkür edirəm. Əlbəttə, bu elmi əməkdaşlığı gələcəkdə daha da genişləndiriləcəkdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitunun direktoru İlham Məmmədzadəyə belə bir əlaqələr yaratdığına görə təşəkkür edən akademik İsa Həbibbəyli hər iki institutun alimlərinə fundamental elmi əməkdaşlığın genişləndirilməsində uğurlar arzuladığını qeyd edib.
Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya institutunun direktoru, professor Veselin Petrov çıxış edərək öncə həm Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun birgə əməkdaşlığı sayəsində bir çox elmi konfransların keçirildiyini, eyni zamanda bir-birilərinin elmi tədbirlərində iştirak etdiklərini və bu elmi əlaqələri bundan sonra da davam etdirəcəklərini bildirərək, yubileyi münasibəti ilə institutun direktoru və əməkdaşlarını təbrik edib.
Bolqarıstan Elmlər Akademiyasi Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Albena Nakova öz çıxışında bildirib ki, biz elmi əməkdaşlığımızla ömürlük elmi və milli dostluğumuzun təməlini qoymuşuq. Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə hələ SSRİ dövründən elmi əməkdaşlıq edir. 2020-ci ildə AMEA-nın Fəlsəfə İnstitutunun tədqiqat sahəsi daha da genişləndirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılmışdır. Bundan sonra da sosiologiya sahəsində elmi-tədqiqat işlərimizi genişləndirəcəyik. Yeni elmi mübadilələri genişləndirməklə birgə nailiyyətlər əldə edəcəyik.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə onlara göstərilən diqqətə görə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə və Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor Veselin Petrova minnətdarlığını bildirib və BEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə elmi əlaqələrinin bundan sonra da davam edəcəyini qeyd edib.
“Müasir fəlsəfənin əsas meylləri” mövzusunda məruz ilə çıxış edən İlham Məmmədzadə müasir dövrdə, Azərbaycan cəmiyyətində insanların birgə yaşayışının təmin edilməsi və onların bir-birinə mədəniyyətlərinin mübadiləsi barəsində çıxış etmişdir. Eyni zamanda İpək yolu ölkələrinin mədəniyyətlərinin qarşılıqlı təsirinə toxunmuş və fəlsəfi əlaqələrin rolunu xüsusi qeyd etmiş və kontinental fəlsəfəsini öyrənməklə yanaşı öz fəlsəfəsinə də malik olduğunu diqqətlərə çatdırmışdır.
Xüsusi olaraq öz çıxışında süni intellektin yaranması və onun inkişafı, fəlsəfə elminin başqa səhələri ilə birbaşa əlqələrinə toxunaraq, bu barədə fikirlərini bildirmişdir.
Sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, f.ü.f.d., dos. Zöhrə Əliyeva, Bolqarıstan Elmlər Akademiyasi Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Albena Nakova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi katibi, f.ü.f.d., dos. Sevinc Həsənova, AMEA Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov, prof.f.e.d. İvan Katzarski, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov, dos. İva Manova, Bolqarıstan Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu “Sosial nəzəriyyələr, strategiya və proqnozlar” departamentinin rəhbəri, professor Boqdano Todorova, f.e.d., professor Zümrüd Quluzadə, f.e.d. Rəfiqə Əzimova və digər çıxışçılar mövzu ilə bağlı çıxış etmişlər.