20.06.2022, 12:48 - Baxış sayı: 431

“Şuşa Bəyannaməsi”- sülhün və təhlükəsizliyin qarantına çevrilən müttəfiqlik


Sənan Həsənov
YAP Yasamal rayon təşkilatının AMEA Fəlsəfə və Sosiologiya institutunun ərazi partiya təşkilatının sədri

44 günlük Vətən müharibəsinin Ermənistanın kapitulyasiyasi ilə başa çatmasından bir neçə ay sonra 2021-ci il 15 iyun tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa şəhərində imzaladıqları Bəyannamə xüsusi tarixi əhəmiyyətinə görə hazırda beynəlxalq arenada bir çox analitiklərin təhlil obyektinə çevrilmişdir. Azərbaycan xalqının qəhrəmanlıq simvolu olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətlərinin çoxtərəfli istiqamətlərini əhatə edən Bəyannamənin Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin də xüsusi rəmzi mənası vardır. O biri tərəfdən hər iki müttəfiq ölkə tarixi hadisələrin hazırkı dönəmində bölgədə müşahidə olunan xarici qüvvələrin maraq və mənafelərinə tutarlı cavab olaraq zəruri tarixi missiyanın həllinə bu Bəyannamədə qarşıya qoyulan vəzifələrlə nail oldular. Azərbaycan-Türkiyə müttəfiqliyinin miqyası və potensial imkanları bir sıra qüvvələrin özlərinə ölçü götürməsini gündəmə gətirdi. Biz regionun geosiyasi mənzərəsində həmişə müşahidə edirik ki, tarixin təkrarlanması, oxşar hadisələrin baş verməsi əksər hallarda Azərbaycanın mənafeyinə zidd olan qüvvələrin məkrli cəhdlərinin fonunda özünü göstərmişdir. Sirr deyil ki, indi də bölgə uğrunda bir sıra region və Qərb dövlətləri öz maraqları baxımında müxtəlif mübarizə üsulları seçməkdədirlər. Fərqli zamanlarda bu maraqların qurbanına çevrilmiş bir sıra milli problemlərimiz sonralar çətin tarixi vəzifələrin həllini qarşımıza çıxarmışdır. Ona görə də Şuşada Türkiyə lideri ilə Bəyannamənin imzalanması zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Qars müqaviləsinə və onun sonrakı hadisələrə təsirinə xüsusi diqqət çəkmiş və demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Azərbaycan, Türkiyə, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Fərqli zamanlarda və tarixi şəraitdə mövcud olan hər iki müqavilələrin mahiyyətində bizi düşündürən o hal olmalıdır ki, Azərbaycan 100 il bundan əvvəl böyük təzyiqlərin altında dərin siyasi böhran yaşadığı halda bu gün qardaş Türkiyə Cumhuriyyəti ilə Şüşa şəhərində Zəfər bayramını qeyd etməklə, həm də bölgənin taleyini həll edən strateji müttəfiqliyin əsası qoyulmuşdur. Uzaqgörən siyasətin nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa edərkən, həm də Şuşa Bəyannaməsi ilə dünyanın tarixi gerçəklikləri qəbul etməsinə nail oldu. Bu mövqe ilə son iki yüz ildən sonra Azərbaycanın yeni geosiyasi reallıqlara başlanğıc verdiyini söyləmək tamamilə haqlı və əsaslıdır.

sia.az/az