22.06.2022, 10:55 - Baxış sayı: 498

Azərbaycanın tarixi zəfəri həm də yeni ideoloji baxışlara etibarlı təməl oldu


Hüseyn İbrahimov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçısi, fəlsəfə üzrə fəlsəfə doktoru

Ermənistan üzərində tarixi Qələbəmiz Azərbaycanı yeni bir yola çıxardı. Bu yol milli qürur və iftixar hissləri ilə bərabər, ədalətin qələbəsinə inamı, separatizmin məğlubiyyətinə ümidi, regional balansda Azərbaycanın rolu məsələlərini qətiləşdirdi.
Otuz ilə yaxın bir dövr ərzində Azərbaycan həm də erməni separatiz­minin acı nəticələrindən əziyyət çəkmiş, əraziləri işğal edilən ölkəmizdən düşmən (Ermənistan) qoşunlarının çıxarılması ilə bağlı BMT-nin dörd qətnaməsinin icra edilməməsi isə artıq regional balansın pozulması risklərini artırırdı. Məhz 44 günlük müharibə beynəlxalq münasibətlərin regional qütbündə əhəmiyyətli dəyişiklik yaratdı – ədalət bərqərar oldu. Zəfər günü ideologiyası milli mənlik, milli qürur, milli kimlik kimi dəyərlərə aydınlıq gətirmiş və onları əlçatan etmişdir. İnsanların ümid və arzularının dövlətin vahid strategiyası ilə vəhdəti xüsusi əhəmiyyətli bir hadisədir. Xalqımızın qələbə sevinci bu vəhdətin ideya əsasında əbədi paradiqmaya çevrildi.
Bu gün hava nəqliyyatı kommunikasiyaların əsasını təşkil edir, hava limanının açılması gələcəkdə turizmin də geniş inkişafına imkan verəcək, Azərbaycanın müxtəlif şəhərləri arasında hərəkət zamanı sərf olunan vaxtı azalacaq və təbii ki, bütövlükdə, regionun inkişafı baxımından effekti böyük olacaq. Zəfər yolu Füzulini Şuşa şəhəri ilə birləşdirir. Bu da istismara verilmiş ən yüksək səviyyəli infrastruktur obyektidir. Bütün bunlar kommunikasiyanı daha sərfəli edir, sürətləndirir və təbii ki, çox güclü regional-liberal-iqtisadi səmərə deməkdir.
Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Azərbaycanın regional sülhə və liberal iqtisadiyyata imkan­lar açan ideoloji kursu müvəffəqiyyətin əsasında dayana bilər. Ermənistan rəhbərləri son müsahibələrini təhlil etdikdə aydın görmək olur ki, inkişafın Azərbaycan ideya və prinsipləri ilə razılaşmadan qaçmağın qeyri-mümkünlüyünü başa düşürlər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün hansı ölkədə keçirilməsindən asılı olmayaraq, rəsmi İrəvan müharibənin nəticələrinə aid imzaladığı razılığı tam yerinə yetirməlidir.
Bu gün rəsmi Bakı da, Ankara və Moskva da bölgədə davamlı sül­hün və hərtərəfli normallaşmanın tərəfdarıdır. Bu ərazidən keçəcək avtomobil və dəmiryolu xətləri təkcə Azərbaycan, Türkiyə və Rusiyaya deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticarət imkanları yaradacaq. Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyimiz bir dəhlizin təməlini qoyan – 9 noyabr Bəyannaməsindən irəli gələn yeni ideoloji kurs beynəlxalq münasibətlər nəzəriyyəsində yeni mövzu olaraq diqqəti çəkir. Bəyannamə liberal iqtisadiyyatların bölgədə davamlı inkişafına geniş şərait yaradaraq regionda yeni ideoloji kursun təməlini möhkəmləndirmişdir.
Postmüharibə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri sürətlə davam edir. Türkiyə qardaş ölkə kimi bu prosesdə Azərbaycanın yanındadır. Cənab Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, Türkiyə olaraq biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik. Qısa müddətdə investisiyalar yatırmaq və bu işləri həyata keçirmək isə, təbii ki, həm də keçmiş məcburi köçkünlərimizin geri qayıtmasını sürətləndirir.
Azərbaycan 44 günlük savaşda qalib gəlməklə bölgənin əsl potensia­lının həyata keçirilməsinə mane olan səbəbi aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq münasibətlərin tənzimlənməsində apardığı praqmatik siyasi kurs regional sabitliyin yeni ideoloji xəttini müəyyən etdi. Bu gün Qarabağda təməli qoyulan layihələr, hava limanları, avtomobil yolları bölgədə görülən işlərin miqyasını göstərir. Zəngilan rayonunda təməli qoyulan ilk özəl sərmayə layihəsi regionda yeni ideoloji xəttin nümunəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Bakı və Ankara çiyin-çiyinə, bir yerdə irəliləyir. Qonşu Rusiya da bu münasibətlərdə Ermənistanın onlar üçün yaratdığı qeyri-müəyyənliyi təhlil edərək, birmənalı öz mövqeyini ortaya qoymuşdur.
Azərbaycan Prezidentinin xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə böyük diqqət yetirilir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM, Parlamentlərarası İttifaq, BMT-nin İnsan Hüquqları Şurasının və digər beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər qurumlarla da sıx əməkdaşlıq edir. Göründüyü kimi, Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə hədəfləri dostluq, əməkdaşlıq, kommunikasiya, humanizm, iqtisadi rifah paradiqmaları ilə əhatə olunmuşdur. Bu gün Qarabağda rəsmi Bakının mövqeyi məhz qeyd etdiyimiz inkişaf paradiqmalarını sürətlə reallaşdırmaq ideyalarına istiqamətlənmişdir. Bu baxımdan, Qarabağda quruculuğa dəstək verən dövlətlərin Azərbaycanın yanında olması təbiidir və bu proses daha da genişlənəcəkdir.
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə də fəal mövqe nümayiş etdirir. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi, dövlətimiz bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə geniş əməkdaşlıq edir. Prezident İlham Əliyevin diplomatik səyləri və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin yaradılması prosesinə ya­xından cəlb edilmiş, dünyanın müxtəlif nöqtələrində olan münaqişələrin aradan qaldırılması istiqamətində sülhməramlı proqramlarda iştirakını genişləndirmişdir. Təsadüfi deyil ki, hava məkanına hücumlara və digər terror aktlarına qarşı Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya olunması və ölkəmizin, ümumilikdə, terrorizmlə mübarizəyə dair 12 beynəlxalq konvensiyanı və protokolu ratifikasiya etməsi beynəlxalq birlik, eləcə də ABŞ Dövlət Departamenti tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlət Departamentinin terrorizmə qarşı mübarizəyə dair hesabatında Azərbaycan hökumətinin terrorçu təşkilatların Qafqaz ərazisindən istifadə edəcək fəaliyyətinin qarşısının alınmasında böyük uğurlar qazandığı vurğulanmışdır. Bu gün Azərbaycan Ermənistan sərhədi boyunca sabitliyin davamlı təminatı ətrafında ölkəmizin mövqeyi genişlənə biləcək terrorizmin də qarşısını almaqda yeni və aydın ideoloji xətdir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin digər bir mühüm prioriteti Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsindən, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın dərinləşdirilməsindən ibarətdir. Bununla əlaqədar olaraq dövlət başçısının xarici ölkələrə səfərləri zamanı iqtisadi əlaqələrin genişləndirilməsi barədə danışıqlar aparılmış, beynəlxalq maliyyyə qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mühüm işlər görülmüş, müxtəlif sahələrdə infrastruktur sosial institutsional yönümlü layihələrin həyata keçirilməsi ilə bağlı sazişlər imzalanmış, habelə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqlar davam etdirilmişdir. Eyni zamanda, iqtisadi yönümlü beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 9-cu Zirvə toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların mühüm tədbirləri Bakı şəhərində keçirilmişdir. Azərbaycanın siyasi ideoloji baxışları həm də beynəlxalq dəyərləri yaşadan multikulturalizmə söykənir. Ermənistan üzərində qazandığımız tarixi Zəfər, həm də multikulturalizmin regional balansda mühüm rol oynayacagına etibarlı təməl oldu.

xalqqazeti.com