05.02.2018, 11:08 - Baxış sayı: 1008

Cümhuriyyət tarixinə dair sənədlər akademik Ramiz Mehdiyevin təhlilində


Eynulla Mədətli
AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

“ADR – İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” sənədlər toplusu barədə qeydlər.
Ulu öndər Heydər Əliyev ölkəmizin müasir tarixinin yenidən və hərtərəfli öyrənilməsinin zəruriliyini tövsiyə edir, yaxın tariximizin ibrətamiz dərslərinin günümüz üçün çox gərəkli olduğunu xüsusi vurğulayırdı. O, 1994-cü il mayın 27-də ölkəmizin prezidenti kimi Azərbaycanın istiqlal bayramına – Respublika gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində demişdir: “Güman edirəm ki, bu gün bu bayramı qeyd edərkən, ilk Azərbaycan Demokratik Respublikasının yaranmasına və fəaliyyətinə hörmət və ehtiramımızı bildirərkən bir daha və bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik.”
Ulu öndər bu müdrik fikirlərini davam etdirərək vurğulayırdı ki, biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda , Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri – Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məhəmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik. İlk Azərbaycan Demokratik respublikası ağır və mürəkkəb şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən xarici qüvvələr, böyük dövlətlər Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyərək cürbəcür vasitələrlə bu dövləti boğmağa çalışırdılar. Digər tərəfdən Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş Rusiya imperiyasının ərazisində öz hakimiyyətini tətbiq etmək istəyirdi. Azərbaycan üçün həmişə təhlükəli olan, torpaqlarımıza göz dikən erməni qəsbkarları, daşnaklar bu dövrdə Azərbaycana qarşı öz təcavüzkarlıq hərəkətlərini gücləndirmişdilər...Ancaq bunlara baxmayaraq, həmin ağır şəraitdə Azərbaycan Demokratik Respublikası qısa bir müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması üçün mühüm zəmin yaratmışdır.
Ulu öndərin milli dövlətçilik siyasətini məqsədyönlü şəkildə ardıcıl həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həmçinin 2018-ci ilin ölkəmizdə Cümhuriyyət ili elan edilməsi ilə bağlı imzaladığı sərəncamlarda dövlətçilik tarximizin şanlı mərhələsi olan Cümhuriyyət dövrünün hərtərəfli araşdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Yeri gəlmişkən, geniş ictimaiyyət tərəfindən yüksək təqdirlə qarşılanan bu tarixi sərəncamlarda qoyulan vəzifələrin həyata keçirilməsi üçün ölkəmizdə və onun hüdudlarından kənarda əhəmiyyətli tədbirlərin keçirilməsinə başlanmışdır. Bu işlərdə həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti ilə diplomatik münasibətlər quran, bu və ya digər şəkildə ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələrə malik ölkələrin arxiv sənədlərində, elm mərkəzlərində, kitabxanalarında, tarixi mənbələrində, həmin dövrün mətbuat vasitələrində cümhuriyyətimizin fəaliyyəti ilə əlaqədar materialların araşdırılıb üzə çıxarılması çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, ölkəmizin dövlətçilik tarixində müstəsna yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) tarixinin və fəaliyyətinin öyrənilməsi həm elmi, həm də siyasi baxımdan çox zəruridir. Xüsusilə, həmin illərdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə, Azərbaycan dövlətinin daxili və xarici siyasətinə dair o zamankı diplomatik nümayəndəliklərin sənədlərində əks olunan materialların araşdırılıb üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 1918-1920-ci illərdə Bakıda rəsmən fəaliyyət göstərən səfirlik və konsulluqların, ölkəmizə səfər etmiş xarici ölkə nümayəndəliklərinin yazışmaları, onların öz dövlətləri üçün göndərdikləri arayış və hesabatlar bu gün qiymətli tarixi mənbədir.
Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təşəbbüsü, elmi redaktorluğu və geniş ön sözü (40 səhifə) ilə bu yaxınlarda “Şərq-Qərb” nəşriyyatında İranın Azərbaycan Xalq Cümhuriyyətinə göndərdiyi Qafqaz Fövqəladə Heyətinin sənədlərinin çap edilməsi bu baxımdan olduqca əhəmiyyətli elmi hadisədir. Qeyd edilməlidir ki, adı çəkilən sənədlər 2000-ci ilin sonlarında Tehranda “Heyət-e Fövqəladeye Qəfqaziyye” (“Qafqaz Fövqəladə Heyəti”) adlı sənədlər toplusunda çap edilmişdir. İran Xarici İşlər Nazirliyinin Sənədlər və Diplomatiya Tarixi Mərkəzinin arxiv materialları əsasında tərtib edilmiş bu kitabda 1919-1920-ci illərdə Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə göndərilən İran dövlət nümayəndə heyətinin fəaliyyəti, orada keçirdiyi müzakirələr və imzalanan sənədlər, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin ictimai, siyasi, iqtisadi, mədəni həyatı, daxili, xarici siyasəti və digər məsələlərə dair yazışmalar, sənədlər öz əksini tapmışdır.
Kitabda ilk dəfə nəşr olunan 98 sənədin, demək olar ki, əksəriyyəti Seyid Ziyaəddinin rəhbərlik etdiyi heyətin missiyası və Azərbaycan Xalq Cümhuriyyəti ilə birbaşa bağlı olan sənədlərdir. Məsələn, elə 1 saylı sənəddə İranın Tiflisdəki baş konsulu Müəzzəz-üd-dövlənin İran XİN-ə göndərdiyi məlumat verilmişdir. Burada İran Xarici İşlər naziri Nüsrət- üd- dövlə Firuzun Paris Sülh Konfransına getmək üçün Bakıdan keçdiyi, orada Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanovla görüşdüyü və İran vətəndaşlarının vəziyyətini müzakirə etdiyi barədə məlumat verilir. Kitabın müqəddiməsində Rus çarizminin devrilməsindən sonra Qafqazda başlanan siyasi hərəkatlara, meydana çıxan yeni müstəqil cümhuriyyətlərə qısa bir nəzər salınaraq, vaxtilə İranın nəzarətindən çıxmış Qafqazda gedən yeni proseslərə Şahənşah dövlətinin biganə qalmadığı, bunun üçün həm beynəlxalq səviyyədə, həm də regional çərçivədə mümkün olan vasitələrlə İranın öz maraqlarını yeritməyə səy göstərdiyi şərh edilmişdir. Qeyd olunur ki, bütün bu məsələlər İran XİN-də ətraflı müzakirə olunmuş və qərara alınmışdır ki, İranın iqtisadi və siyasi mənafelərinin təmin edilməsi məqsədilə fövqəladə bir heyət hazırlanıb Qafqaza göndərilsin. İran XİN-in müzakirə və təklifindən sonra Vüsuq- üd- dövlənin başçılıq etdiyi İran hökuməti qərar verir ki, “Rəd” qəzetinin müdiri Seyid Ziyaəddin Təbatəbai başda olmaqla Qafqaza bir heyət göndərilsin.
İran Nazirlər Şurasının sədri 1919-cu il noyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalı münasibətilə Nazirlər Şurasına təbrik məktubu göndərmişdi. Burada ikitərəfli münasibətlərdə dostluq arzusu ifadə olunur və İranın Seyid Ziyaəddin başda olmaqla Azərbaycan Cümhuriyyətinə bir heyət göndərmək arzusu ifadə edilirdi.
Diqqətçəkicidir ki, müxtəlif siyasi, iqtisadi, hüquqi nazirliklərin peşəkar nümayəndələrindən ibarət olan bu heyətə bir qəzet müdiri rəhbər təyin edilmişdi. Böyük ehtimalla, bu, bir tərəfdən Seyid Ziyaəddinin iki il öncə Rusiyada uzunmüddətli ezamiyyətdə olması, çarizmin devrilməsindən sonra keçmiş Rusiya məkanında baş verən proseslərə onun daha yaxşı bələd olması ilə bağlı idi. Digər tərəfdən də, Azərbaycan Xalq Cümhuriyyətinin İran tərəfindən rəsmən tanınmadığı bir şəraitdə hökumətin buraya yüksək vəzifəli bir hökumət adamını göndərməkdən çəkinməsi ilə əlaqədar idi. Bununla əlaqədar kitabda dərc edilən bir sənəd xüsusilə maraqlıdır. Burada Qafqaza heyət göndərilməsi və oradakı dövlətlərlə İranın əlaqələr qurmaq niyyəti ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilinin İran XİN-nə etiraz notası verilmişdir. Bu notadan bir həftə sonra İran XİN məsulları Rusiya diplomatı ilə görüşmüş və ona belə izahat vermişdilər ki, İran yalnız ticari maneələri aradan qaldırmaq və iranlıların mənafelərini qorumaq məqsədilə Qafqaza heyət göndərməyi qərara almışdır və bu heyətin göndərilməsi İran-Rusiya dostluq əlaqələrinə zidd deyildir. Eyni zamanda İran Qafqaz respublikalarını rəsmən tanımamışdır.
Akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə Cümhuriyyətin qarşıdakı 100 illik yubileyi ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixinə, daxili və xarici siyasətinə, xüsusilə də İran dövləti ilə münaisbətlərinə işıq tutan bu maraqlı orijinal sənədlərin fars dilindən Azərbaycan dilinə tərcümə edilməsi, onların hərtərəfli təhlil edilməsi və elmi-siyasi dəyərləndirilməsi müasir dövrümüzün siyasi reallıqları ilə müqayisə üçün əhəmiyyətlidir. Etiraf edilməlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hələ yetərincə tədqiq edilməmiş səhifələri vardır, xüsusilə də Şərqin bu ilk demokratik Cümhuriyyətini qəbul etmək istəməyən bəzi yaxın-uzaq dövlətlərin rəsmi dairələrinin bu respublikanın yaranışı, fəaliyyəti və nəhayət süqutu ilə əlaqədar fərqli yanaşmaları da hərtərəfli elmi tədqiqata cəlb edilməlidir.
Azərbaycan tarixinin çox önəmli konseptual məsələlərinə dair elmi cəhətdən əsaslandırılmış, metodoloji baxımdan Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənəsinə söykənən, tarixi reallığa sadiqlik və obyektivlik sərgiləyən, mötəbər mənbələrə və tərəfsiz qaynaqlara istinad edən akademik Ramiz Mehdiyev tarixdə ilk dəfə Azərbaycanın cənubu və şimalını vahid siyasi-inzibati coğrafiyada birləşdirən Azərbaycan Səfəvi dövləti və Şah İsmayıl Xətainin, Azərbaycanın qəhrəman əfşar tayfasının yetirməsi, böyük hökmdar və fateh Nadir şahın tarixi-siyasi roluna dair orijinal tədqiqatlarında və başqa əsərlərində olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair İran diplomatik missiyasının sənədlərini təhlil edərkən də, həmin dövrün acı reallıqlarını əks etdirən diplomatik yazışmalara, məruzə və hesabatlara, təklif və tövsiyələrə, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti ilə Qacarlar İranı arasında imzalanan sənədlərə öz seçkin münasibətini bildirmiş, bu günümüzün reallıqları üçün də ibrətli nəticələr çıxarmağa imkan verən, düşünməyə vadar edən məsələlərə toxunmuşdur.
Bu kimi sənədlərin və materialların dilimizə tərcümə edilib elmi ictimaiyyətə çatdırılmasını akademik Ramiz Mehdiyev ölkəmizin mənbəşünasları, tarixçiləri, siyasətçiləri qarşısında bir vəzifə olaraq qoymuş və qeyd etmişdir ki, gələcək nəsillərin Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə oynadığı müstəsna rolu aydın şəkildə dərk etməsi, onların bu dövlətin fəaliyyətinə ən kiçik təfərrüatlarına qədər işıq tutacaq sənədlərlə, tədqiqat işləri və digər zəruri mənbələrlə təmin edilməsi xüsusi dqqət mərkəzində olmalıdır.
İranın bu böyük və uzunmüddətli diplomatik missiyasının sənədlərini dərindən təhlil edən Ramiz Mehdiyev haqlı olaraq hesab edir ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsi sahəsində çoxlu təqdirəlayiq işlər görülmüş olsa da, hələ də tədqiqatdan kənarda qalmış boşluqlar vardır, xüsusilə də Cümhuriyyətin xarici əlaqələri sahəsində araşdırılmalı məsələlər qalmaqdadır.
Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində böyük qonşu dövlətlər olan Türkiyə və İranla münasibətlərə xüsusi diqqətlə yanaşılmalıdır. Yeri gəlmişkən vurğulamaq istərdik ki, Azərbaycan Xalq Cümhuriyyəti – Osmanlı Türkiyəsi və Azərbaycan Xalq Cümhuriyyəti – Atatürk Türkiyəsi arasındakı münasibətlər fərqli olsa da, bu münasibətlər birmənalı olaraq dostluq və qarşılıqlı etimad üzərində qurulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi İran dövlətinə qarşı münasibətdə ehtiyatkarlıq nümayiş etdirirdi. İran da öz növbəsində Azərbaycan Xalq Cümhuriyyəti üçün həyati əhəmiyyət kəsb edən “tanımaq” siyasətində öz milli maraqları naminə mümkün olan bütün cəhdləri göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətini tanımadan öz tələb və iddialarını təmin etsin, Azərbaycan Xalq Cümhuriyyətini tanımaqla Sovet Rusiyası ilə münasibətləri korlamasın. Çünki, Şimal qonşu – çarlıq Rusiyasının bağladığı qeyri-bərabər müqavilələrin qüvvədən düşdüyünü bəyan edən, Şərq xalqlarına, müsəlmanlara azadlıq vəd edən yeni Rusiya Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan israrla boyun qaçırırdı, İran dövlətini də belə mövqe nümayiş etdirməyə sövq edirdi.
Təqdim edilən kitabdakı sənədlərdə elə məsələlər vardır ki, üstündən yüz il ötməsinə baxmayaraq, onların bəzi cəhətləri tam bu günümüzlə səsləşir və bu məqamlar dövlətimizin qarşılıqlı fayda üzərində qurulmuş, tarixi-mədəni bağlarla ölkəmizə çox yaxın olan, qonşu, dost, İran İslam Respublikası ilə indiki münasibətlərində nəzərə alınmalıdır. Çünki, tarixin müəyyən inqilabi, köklü dəyişikliklər mərhələlərində bəzən minillik tarixi olan dini-mədəni müştərək dəyərlər, etnik qohumluqlar və qonşuluq əlaqələri dövlətlərin milli maraqlarını güdən siyasətlər nəticəsində bir tərəfə sıxışdırılır və məhz həmin zamanlarda milli liderin və ya liderlərin çiyninə düşən ağır vəzifə ənənəvi iddiaları olan böyük qonşu dövlətlərin əhatəsində, bir tərəfdən də erməni təcavüzünə məruz qalındığı şəraitdə gənc dövlətin varlığını qorumaq, onu dünyaya tanıtmaq missiyasını bütün çətinliklərə sinə gərərək yerinə yetirmək olur. Bu mənada Cümhuriyyət rəhbərlərinin fəaliyyətinə akademik Ramiz Mehdiyevin verdiyi qiymət təqdirəlayiqdir. Ramiz Mehdiyev yazır: “Xalq Cümhuriyyətinin əsas qurucularından və ideoloqlarından olan Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan” qəzetinin 28 aprel 1919-cu il tarixli ( №168) sayında dərc edilmiş “Azərbaycan və İran” adlı məqaləsində Azərbaycan adının sırf tarixi bağlılıq amilinin qorunması, mənəvi, mədəni bağlarının həmişəlik qopmaması naminə seçildiyini vurğulamış, İranın bu səbəbdən hansısa gizli siyasi məqsədlər, yaxud təxribat və iddialar axtarmasını mənasız hesab etmişdi”. Burada qeyd edilməlidir ki, cümhuriyyətimizə “Azərbaycan” adının verilməsinə etiraz edən İran siyasətçiləri əlbəttə, axırda yaranmış reallığı qəbul etmiş, ölkəmizi“Azərbaycan Cümhuriyyəti (Qafqaz) “ adlandırmağa başlamışdılar.
İran diplomatik missiyasının sənədlərini dərindən təhlil edən akademik Ramiz Mehdiyev qeyd edir ki, 1919-cu ilin yazından etibarən Azərbaycan Xalq Cümhuriyyəti – İran münasibətlərində artıq təmaslar başlanmış, bir ildən çox sırf gözləmə mövqeyi tutaraq Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalını tanımaqdan boyun qaçıran, hətta beynəlxalq müstəvidə Azərbaycan Xalq Cümhuriyyətinə ərazi iddiası, yaxud, konfederasiyada birgə dövlət formalaşdırmağı təklif edən Qacarlar dövlətini rəsmi tanımağa qol qoymadan ikitərəfli əlaqələr qurmuşdur. Bu məsələlərə geniş və obyektiv şərhlər verən Ramiz Mehdiyev Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirinin müavini Adil Xan Ziyadxanovun başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Tehrana səfəri, İran tərəfi ilə imzalanan, lakin təsdiqinə yetişməyən sənədlər barəsində obyektiv dəyərləndirmə aparmışdır.
Akademik Ramiz Mehdiyev yazır: “Diplomatik sənədlərin ümumi təhlilindən görünən odur ki, Tiflisdə və Bakıda fəaliyyət göstərən diplomatlar Qafqazda mövcud olan siyasi vəziyyəti Tehranda əyləşən və keçmişin xülyası ilə yaşayan xəyalpərvər məmurların çoxundan daha aydın şəkildə dərk edir, reallıqdan çıxış etməyi vacib sayırdılar. Onlar öz məktub və hesabatlarında Qafqaz ölkələri, xüsusilə də, Azərbaycanla İran arasında sağlam münasibətlərin yaradılması üçün ilk növbədə dövlətlərarası əlaqələrin formalaşdırılmasının əhəmiyyətini vurğulayır, əks halda Tehranın, bu gedişlə Qafqazdan tamamilə təcrid olunacağına dair narahatlıq ifadə edirdilər”
Sənədlərdən bir daha məlum olur ki, İran şahlıq dövləti hətta Paris Sülh Konfransında 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto olaraq tanınması barəsində qərar veriləndən sonra da Azərbaycan Xalq Cümhuriyyətini tanımaq siyasətində Sovet Rusiyasına verdiyi vədə və özünün hələ də qalmış müəyyən ümidlərinə görə Azərbaycanın tanınmasını, onun ərazi bütövlüyünü, sərhədlərini qəbul etməyi ləngidirdi. Hətta Ermənistan Respublikası ilə münasibətləri pisləşdirməmək niyyəti ilə Naxçıvan bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsinə razılıq vermir, fürsət düşən kimi Naxçıvanın “ana vətənin” (İran nəzərdə tutulur-?) qucağına qayıtmaq arzusunu dilə gətirirdi.
Ramiz Mehdiyev diqqəti Seyid Ziyaəddinin 1920-ci il martın 25-də İranın baş nazirinə yazdığı məktuba cəlb edir. Məktubda deyilir: “Bu müzakirələrdə mənim əsas diqqətim Azərbaycan ilə Ermənistan arasında münaqişə ocağı olan Naxçıvan məsələsinə yönəlmişdi... Nəhayət, anlada bildim ki, sizin aranızda razılıq əldə edilməzdən öncə, Naxçıvanın Azərbaycan ərazisi kimi tanınması İran dövlətinin Ermənistana qarşı tutduğu düşmənçilik mövqeyi kimi görünər... Sonra təklif etdim ki, müqavilədə sərhəd məsəsləsinin öz əksini tapmaması daha yaxşıdır.”
Bu yanaşma, əlbəttə İran şahlıq dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyünü şübhə altına salmaq cəhdi idi, beş gün əvvəl imzalanmış Dostluq müqaviləsinin ruhuna heç də uyğun deyildi.
Qeyd etmək lazımdır ki, bu diplomatik sənədlərdə, yazışmalarda Ramiz Mehdiyevin vurğuladığı məqamlardan biri çox diqqətçəkicidir. Bu da Tehrana göndərilən bir sıra məlumatların bir sıra hallarda diplomatik yox, kəşfiyyat xarkterli olması idi. Məsələn, Seyid Ziyaəddinin İran Nazirlər Kabinetinin sədrinə yazdığı məlumatların birində Azərbaycan Xalq Cümhuriyyətinin hökumət rəhbərliyi barəsində aşağıdakı məlumatlar maraq doğurur: “Rusiya inqilabından sonra meydana çıxan Müsavat partiyası türk birliyi əqidəsinin tərəfdarıdır və Azərbaycan dövlətinin təsisçisi kimi tanınır. Bu firqənin üzvləri İrana xoş münasibətdə deyil, xüsusilə də Rəsulzadənin təbliğatı vasitəsilə İranı zəif və gücsüz hesab edir və öz müstəqilliklərini Osmanlılarla ittifaqda görürlər. Lakin bir illik təcrübədən sonra bu gün artıq həmin əqidənin təəssübkeşi deyillər. Öz müstəqillikləri üçün faydalı olan hər bir yolu seçəcəklər. Rəsulzadə və onun səmimi silahdaşları İranın yardım və dəstəyini özləri üçün faydalı hesab etsələr belə, yenə də, İrana qarşı ehtiram və səmimiyyətləri yoxdur. Bitərəf partiya isə ümumiyyətlə İran üçün əlverişlidir. Onların bəzi nüfuzlu şəxsləri İrana ümid və dostluq yeri kimi baxırlar. Müsavatçıların özündən hesab etdiyi, Azərbaycanın Parisə göndərdiyi və bir neçə gündür geri qayıdan nümayəndələrindən biri və növbəti kabinetdə daxili işlər naziri olacaq Məhəmməd Həsən Hacınski fövqəladə dərəcədə İran üçün əlverişlidir. Mən bir neçə dəfə onunla görüşdüm, İranın durumu, İran - İngiltərə müqaviləsi haqqında ona izahlar verəndən sonra çox şad oldu. Azərbaycanın İrana yaxınlaşmasına səbəb olan hər cür müzakirə və güzəştlərə hazırdır.” Akademik Ramiz Mehdiyevin fikrincə, həmin məlumatların Azərbaycan tarixçiləri üçün o dövrün hadisələrinin qaranlıq tərəflərini işıqlandırmaqdan ötrü müəyyən maraq kəsb edəcəyi şübhəsizdir.
Akademik Ramiz Mehdiyevin həmin sənədləri bir-bir araşdırıb təhlil etməsi, ayrıca tədqiq edilməyə ehtiyac olan məsələləri xüsusilə qabartması, tarixçilərə Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici siyasətinin İranla bağlı çox incə və mürəkkəb çalarlarına diqqətlə yanaşmağı tövsiyə etməsi bu sahədə yeni araşdırmalara rəvac verəcəkdir. Çünki, İran diplomatik missiyasının məruzələrində bir çox hallarda ictimai-siyasi proseslərə, dövlət quruculuğu məsələlərinə birtərəfli yanaşılır, konseptual xarakterli təhriflərə də yol verilirdi. Məsələn, Fövqəladə Qafqaz Heyətinin 23 dekabr 1919-cu il tarixində İran hökumətinə göndərdiyi məktubda deyilirdi: “Osmanlılar Badkubəni (Bakını nəzərdə tutur- red) tərk etdikdə və ingilislər daxil olduqda Badkubə hökumətinə milli görkəm vermək üçün Nuru paşa bir parlamentin təsis edilməsini zəruri hesab etdi və Azərbaycan rəhbərlərinə bu məsələni xatırlatdı...” Halbuki, hələ 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura o vaxt yaranmış şərtlərə görə özünün buraxıldığını və bütün dövlət səlahiyyətlərinin Fətəli Xan Xoyski hökumətinə dövr etdiyini bəyan etdiyi zaman şərt qoyulmuşdu ki, hökumət 6 ay ərzində Müəssislər Məclisinin çağırılmasını təmin etməli, olkə parlamenti formalaşdırılmalıdır. Göründüyü kimi, parlament ideyası heç də birdən-birə Nuru paşa tərəfindən irəli sürülən ideya deyildi. Bu müstəqil dövlət quruculuğunun qanunauyğun mərhələsi idi.
Sənədlərdən məlum olur ki, Fövqəladə Heyətin Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti ilə keçirilən axırıncı iclasında Azərbaycan tərəfindən xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri Məhəmməd Həsən Hacınski, yollar naziri Xudadad bəy Məlikaslanov, poçt-teleqraf naziri Cəmo Hacınski iştirak etmişlər. Müzakirələrdə bir sıra məsələlər barəsində razılığa gəlinmiş və aşağıdakı yeddi məsələ üzrə müqavilələr imzalanmışdır: tranzit, konsulluqlar məsələsi, poçt rabitəsi, poçt sifarişləri və göndərişləri, teleqraf, gömrük və dostluq müqaviləsi.
20 mart 1920-ci il tarixində imzalanmış sənədlər içərisində, şübhəsiz, iki ölkə arasındakı Dostluq Müqaviləsi xüsusilə əhəmiyyətlidir. Burada Şahənşah İran dövlətinin Azərbaycan Xalq Cümhuriyyətini tanıdığı rəsmən elan edilirdi. Kitabdakı 68-ci sənəddə həm həmin Dostluq Müqaviləsinin mətni, həm də İranla Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın təkmilləşdirilməsi sahəsində Seyid Ziyaəddinin İran hökumətinə təklifləri verilmişdir.
Sənədlərdən məlum olur ki, Seyid Ziyaəddin bütün müqavilələri və iclasların yazılarını bir heyət üzvü vasitəsilə İran Nazirlər Şurasının sədri Vüsuq-üd-dövləyə göndərmişdir. Burada heyətin başçısı Nazirlər Şurası sədrindən bağlanmış müqavilə və sazişlərin İran dövləti tərəfindən ən qısa müddətdə təsdiqlənməsini və həmin heyət üzvü ilə Bakıya göndərilməsini xahiş edirdi. Həmin sənədlər Vüsuq-üd-dövləyə yetişən kimi göstəriş vermişdir ki, müvafiq nazirliklərin mütəxəssisləri həmin sənədləri yoxlayıb müzakirə etsinlər. Müzakirələr zamanı həmin sənədlərdə bəzi məqamların İran dövlətinin mənafeyinə zərərli olduğu bildirilmiş və Nazirlər Şurası aprelin altısında məktubla həmin məqamları Seyid Ziyaəddinə göndərmişdir.
Seyid Ziyaəddin məktubu alandan sonra, vaxtın darlığına görə fürsətin əldən çıxacağından narahat olaraq, heyəti Bakıda qoyub, məktubda göstərilən iradlarla əlaqədar müvafiq izahatlar vermək məqsədilə gəmi ilə Ənzəliyə, oradan isə aprelin 20-də Tehrana gəlir. Həmin gün Nazirlər Şurasının sədri ilə görüşür və müvafiq izahatlar verir, bağlanmış sənədlərin tezliklə təsdiqlənməsinin vacibliyini şərh edir. Lakin bir neçə gündən sonra, aprelin 28-də Azərbaycan Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz qalaraq süqut etdi, Seyid Ziyaəddin daha Bakıya qayıda bilmədi, iki ölkə arasında bağlanmış sənədlər də təsdiq olunmamış qaldı.
Sənədlərdən məlum olur ki, Qafqaza ezam edilmiş heyətin vəzifələrindən biri də Azərbaycanla münasibətləri sahmana saldıqdan sonra, Gürcüstan və Ermənistan Cümhuriyyətlərinə də yol açmaq, onlarla da lazımi müqavilələr bağlamaq idi. Ancaq İran və Azərbaycan Cümhuriyyətləri arasında müzakirələr çox uzun çəkdiyindən, sonra da bu cümhuriyyətlər bolşeviklər tərəfindən süquta uğradıldığından, həmin missiyanı həyata keçirmək mümkün olmadı.
Akademik Ramiz Mehdiyevin gəldiyi və haqlı olaraq təlqin etdiyi bu fikir olduqca önəmlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, həmçinin XX əsrin əvvəllərində fəaliyyət göstərən maarifçi ziyalılarımızın, ideoloqlarımızın əzmkar mübarizəsi olmasa idi, 1917-ci il fevral inqilabından sonra yaranmış əlverişli, eyni zamanda mürəkkəb siyasi şəraitdə Azərbaycanda müstəqil, özü də demokratik bir dövlətin yaranması arzu olaraq qalacaqdı. Ən əsası isə, əgər həmin dövlət qurulmasa və dünya dövlətləri tərəfindən tanınmasa idi, bu gün mövcud sərhədlər daxilində heç bir müstəqil Azərbaycan Respublikasından söhbət belə gedə bilməzdi.
Akademik Ramiz Mehdiyevin ilk dəfə geniş oxucu dairəsinə təqdim etdiyi Fövqəladə Qafqaz Heyətinin sənədlər toplusunda Azərbaycan Cümhuriyyətinin ictimai-siyasi vəziyyəti, daxili və xarici siyasəti barəsində bu gün üçün də çox aktual sayılan, diqqətəlayiq məlumatlar və dəyərləndirmələr cəmlənmişdir. Bunlar bəzən subyektiv yanaşma və təhriflərdən xali olmasa da, şübhəsiz, çox əhəmiyyətlidirlər və ölkəmizin tədqiqatçıları tərəfindən diqqətlə araşdırılıb dəyərləndirilməlidir.