30.05.2024, 06:38 - Baxış sayı: 90

Müstəqilliyin yeni mərhələsi: strategiyada strateq məharəti


Məhəmməd Cəbrayılov
fəlsəfə üzrə fəlsəfə doktoru
Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya
cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri


Qarabağa qayıdış proqramı çərçivəsində reallaşan layihələrə, tikinti və quruculuq arxitekturasına diqqət etdikdə aydın olur ki, Azərbaycanın dövlətçilik tarixində indiki mərhələ bu gün və gələcək nəsillər tərəfindən yeni dövr kimi qiymətləndiriləcək. Ona görə yox ki, “yeni dövr” bizim üçün yalnız zamanın irəliyə doğru axışını göstərən tarixi mərhələ kimi nəzərdən keçirilir. Bu dövr indiki və gələcək nəsillər üçün xüsusi məna kəsb edir və edəcək. Ona görə ki, bu dövr Azərbaycanın dövlətçilik tarixində güc qazanma alətləri, siyasi, iqtisadi, mədəni, mənəvi arxitekturası ilə yenidir, bənzərsizdir və gələcək üçün hər bir vətəndaşın qürur qaynağıdır.
Müstəqillik böyük ideyalardan yaranır, böyük ideyalar isə strateji düşüncəsi olan liderlərdən. Bu fəlsəfə ilə məsələyə yanaşdıqda aydın olur ki, tam müstəqilliyin bərpasında milli birliyi təmin edən “strateji düşüncə” xalqın sosial-mənəvi həyatında fraqmental hadisə deyil, Azərbaycanın bütövlüyünü təmin edən coğrafiyanın üzərində maddi-mənəvi sərvətlərə hər bir vətəndaşın hakim olmasına tanınmış imkandır, gələcəyə daşınan yeni fürsətlərdir.
Azərbaycanın müstəqilliyinin hazırkı və yeni mərhələsinin ictimai şüurda dərkedilmə əsasları bir tərəfdən 200 illik dövlətçilik tarixində ilk dəfə işğala son qoyan Lider və milli birliyin insanlarda yaratdığı qürur hissi ilə bağlıdır, digər tərəfdən bütün coğrafiyanın hüdudları daxilində indiyədək görünməmiş milli nailiyyətləri ifadə edən tikinti-quruculuq işləri ilə əlaqədardır. Əlbəttə, müstəqilliyin yeni mərhələsini işğaldan azad olma və tikinti quruculuq bumu ilə məhdudlaşdırmaq bu dövrü geosiyasi, geoiqtisadi, geostrateji mənasından kənarlaşdırmaq deməkdir. Bu baxımdan Azərbaycanın müstəqilliyinin yeni mərhələsi – müasir ordusu, sənayesi, kommunikasiya xətləri, regional və qlobal nüfuzu, beynəlxalq əlaqələri, məktəbləri, universitetləri, uşaq bağçaları, azad olunmuş ərazilərdə şəhərləri, kəndləri və bütövlükdən, milli birlikdən güc qazanmış qürurlu insanları ilə yenidir. Bu mərhələ güclü mədəni özünəməxsusluq hissi və davam edən çağırışların, istəklərin etirafı ilə dinamik inkişaf edir.
Azərbaycan daha böyük sabitlik, rifah və qlobal inteqrasiyaya doğru irəlilədikcə onun iqtisadiyyatını, infrastrukturunu və sosial sistemlərini müasirləşdirmək və gücləndirmək üzrə strateji təşəbbüslərini əks etdirən bir neçə əsas istiqaməti göstərməklə yeni mərhələnin ümumi konturlarını müəyyənləşdirmək olar. Azərbaycanın enerji ixracında (nəql olunması) seçdiyi strategiya çoxları üçün sadə görünə bilər və bu sadə görünən strategiyanın yeni müstəqillik dövrü ilə əlaqəsinin çətin və görünməyən tərəflərinin ictimai şüurda dərk olunması üçün müqayisəli təhlillərə və izaha ehtiyac var. Bu izahın asan qavranılması üçün təbii sərvətlərini dünya bazarına çıxarmaq istəyən dövlətlərə qarşı qlobal güc mərkəzləri tərəfindən yaradılan baryerlər və təhdidlərlə bağlı ümumi mənzərəni təsvir etmək lazım gəlir.
Məsələn, “Dəyişən dünya nizamı” adlı məşhur əsərin müəllifi Edvard Said dünyanın qlobal güc mərkəzlərinin digər dövlətlər üçün yaratdığı inhisar və təhdidləri beş istiqamət üzrə qruplaşdırır: “Təbii sərvətlərin dünya bazarına sərbəst çıxışına olan inhisarlar; qlobal maliyyə mərkəzlərinə çıxış imkanlarına qarşı olan inhisarlar; yüksək texnologiyalara çıxış imkanlarına qarşı inhisarlar; qlobal media mərkəzlərinə çıxışa qarşı olan inhisarlar; kütləvi qırğın silahlarına qarşı olan inhisarlar”. Edvard Saidin məşhur əsərindən sitat gətirməkdə məqsəd Azərbaycanın qlobal güclərin tətbiq etdiyi inhisar və təhdidlərə qarşı qurduğu strategiyanın qavranılması çətin olan məqamlarını diqqətə çatdırmaq və müstəqilliyin yeni mərhələsinin faktoloji əsaslarını göstərməkdir.
İndi yuxarıda qlobal güclərin inhisarla bağlı qeyd etdiyimiz istiqamətlər üzrə yaratdığı baryerə qarşı Azərbaycanın seçdiyi strategiyanın dayanıqlıq vəziyyətini yoxlayaq:
Birincisi, Azərbaycan bu strategiya ilə öz resurslarını özünün müəyyənləşdirdiyi xətlə dünya bazarına çıxardı.
İkincisi, risk daşıyan bir dövrdə nəhəng şirkətlərin Azərbaycana investisiya yatırmasına, onların yeni texnologiyalarından və maliyyə resurslarından istifadə etmək imkanı əldə etdi.
Üçüncüsü, 44 günlük müharibədə Azərbaycan həqiqətlərini çatdırmaq üçün dünyanın qlobal media mərkəzləri ilə əməkdaşlıq edildi və informasiya müharibəsində əhəmiyyətli üstünlük qazanıldı.
Dördüncüsü, qlobal mərkəzlərin kütləvi qırğın silahlarının əldə olunması ilə bağlı inhisarçılıq siyasətinə qarşı Azərbaycanın hər hansı bir strateji məqsədi olmasa da, müharibədə üstünlük qazanan yeni texnologiyalara nail ola bildi.
Bu gün dünya bazarına enerji məhsullarını ixrac edən ölkələrin (hətta qlobal güc Rusiya, regional güc İran və s.) hansı çətinliklərlə üzləşdiyini nəzərə aldıqda Azərbaycanın seçdiyi strategiyanın önəmi üzə çıxır. Qeyd olunan baryerlər və təhdidlər qarşısında Azərbaycanın seçdiyi strategiyanın geosiyasi, geoiqtisadi üstünlükləri, özünəməxsus keyfiyyətlərini nəzərə aldıqda aydın olur ki, bu strategiyanı qlobal səviyyədə həyata keçirən Prezident İlham Əliyevin strateq bacarığı müəyyənləşdirilən hədəfə təhlükəsiz çatmağa əlavə üstünlüklər qazandırır.
Bütün təsirlərə baxmayaraq, öz sərvətlərinə sahib olmaq, onu dünya bazarına özünün inşa etdiyi və müəyyənləşdirdiyi xətlə çıxarmaq, yeni texnologiyaları əldə etmək (neft və qazçıxarma sənayesi, 44 günlük müharibədə istifadə edilən süni intellekt texnologiyaları və s.), maliyyə imkanları olan nəhəng (BP- British Petroleum) şirkətləri investisiya layihələrinə cəlb etmək, alternativ yaşıl enerji layihələri ilə Avropanın gələcək enerji təhlükəsizliyində təminatçı rolunu qazanmaqla Azərbaycanın tam müstəqil dövlət kimi taleyini müəyyənləşdirən bu strategiyanın müəllifi və onu məharətlə yönəldən strateq Prezident İlham Əliyevdir.
Qarabağda tikinti və quruculuq arxitekturasının inkişafı regionun sosial-iqtisadi dirçəlişi və dayanıqlı inkişafı üçün vacibdir. Tarixi və mədəni irsin qorunması ilə yanaşı, müasir infrastrukturun və yaşayış mühitinin yaradılması əhalinin rifahının və həyat keyfiyyətinin artırılmasına xidmət edir. Bu proses, həmçinin regionun iqtisadi potensialını artıraraq uzunmüddətli sabitlik və inkişaf üçün bünövrə yaradır.
Beynəlxalq sistemin mövcud təzyiq alətlərinə qarşı milli maraqların və təhlükəsizliyin təminatı olan Prezident İlham Əliyevin strateji kursu Azərbaycanın tam yeni müstəqilliyinin qlobal meydanda qəbul edilməsi, dərk olunmasıdır.

"Azərtac"