20.05.2024, 09:00 - Baxış sayı: 132

Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub


Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin ikinci hissəsi işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında buraxılmış nəşrdə XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və tanınmış mütəfəkkirlərin yaradıcılığından bəhs olunur. Müəllif xalqımızın fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını mərhələ və məfkurəvi yönlər üzrə təhlil etmişdir. Kitabın II cildinin 2-ci kitabında öncə milli maarifçilik fəlsəfəsi: romantizm və realizm, onun nümayəndələrinin (H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi, C.Cabbarlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir və başqaları) dünyagörüşləri araşdırılmışdır. Daha sonra kitabda marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilikdən, onun nümayəndələrindən (N.Nərimanov, R.Axundov, S.M.Əfəndiyev, H.Hüseynov, S.Ağamalıoğlu, F.Q.Köçərli və b.) bəhs olunmuşdur. Kitab AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur. Əsərin çapına professor Sakit Hüseynov, qabaqcıl maarif xadimi, dosent Müstəqil Ağayev rəy veriblər.