05.06.2024, 10:36 - Baxış sayı: 178

“Klassik ədəbiyyat və Qurani Kərim” mövzusunda seminar keçirilib


“Klassik ədəbiyyat və Qurani Kərim” mövzusunda seminar keçirilib

May ayının 25-də “Aydınlığa Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, professor Könül Bünyadzadə “Klassik ədəbiyyat və Qurani Kərim” mövzusunda seminar vermişdir. Əvvəlcə İctimai Birliyin sədri, tanınmış jurnalist və ictimai xadim Solmaz Əmirli ölkənin tanınmış ziyalıları ilə keçirdikləri görüşlərin cəmiyyət, xüsusilə gənclər üçün əhəmiyyətindən danışdı. O, gələcək nəsillərin yetişməsində Qurani Kərimin və ədəbiyyatın xüsusi bir rolu olduğunu da vurğulayaraq təqdim ediləcək mövzunun günümüzdə nə qədər aktual olduğunu bildirdi. Daha sonra o, sözü mühazirəçi Könül Bünyadzadəyə verdi.
Könül Bünyadzadə təqdimatını ədəbiyyatın rolu və əhəmiyyəti haqqında qeydlərlə başlayıb daha sonra bəşəriyyətin sonuncu dini olan İslamın müqəddəs mətni – Qurani Kərimin yaradıcılığın bu növündəki inikasına keçdi. Əvvəlcə o, Qurani Kərimin bəşəriyyət üçün rolunun əsas istiqamətlərini vurğuladı və onun insanın şəxsiyyətinin formalaşmasında, insan və cəmiyyət, insan və təbiət münasibətlərinin düzgün qurulmasında olan rolundan danışdı. Daha sonra o, şair və mütəfəkkirlərin Qurani Kərimə müraciətlərinin səbəbləri arasında təsnifat aparaq onları iki qola ayırdı: öz düşüncələrinə dəstək axtarmaq və ayələrin təfsirlərini vermək naminə.
“Klassik ədəbiyyat və Qurani Kərim” mövzusunda seminar keçirilibKönül Bünyadzadə klassik ədəbiyyatda şair və mütəfəkkirlərin əsasən Qurani Kərimin hansı ayələrinə, hikmətlərinə müraciət etdiklərini vurğulayaraq onlara şərh verib, bu müraciətlərin mahiyyətini açıqladı. O, Qurani Kərimin hər bir yaradıcı insanın düşüncəsində daha geniş üfüqə keçmək və universal həqiqətdən pay almaq, zaman və məkan fövqünə qalxan ədəbiyyat nümunələri yaratmaq üçün əvəzedilməz bir vasitə olduğunu vurğuladı. Burada o, xüsusilə mənası çətin anlaşılan və “mütəşabih” ayələr kimi tanınanları önə çəkib, onları təhlil etdi, klassik ədəbiyyatdan gətirdiyi nümunələrlə dediklərini təsdiqlədi. Bunlar arasında “ələst məqamı”, “qabə qauseyn”, “hurufu mukatta” kimi ayılır dinləyicilərin xüsusi marağına səbəb oldu.
Mühazirəsi boyu Könül Bünyadzadə klassik ədəbiyyatın IX əsrdən başlayaraq XX əsrə qədər bir zaman kəsiyində yaşayıb yaratmış Həllac Mənsur, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Mahmud Şəbüstəri, Qasimi Ənvar, Fəzlullah Nəimi, Yunus Əmrə, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir və başqa nümayəndələrinə müraciət etdi və onların yaradıcılıqlarından nümunələr göstərdi.
Sonda iştirakçılar Könül Bünyadzadəyə müxtəlif suallar verdilər və qarşılıqlı fikir mübadiləsi apardılar.
“Klassik ədəbiyyat və Qurani Kərim” mövzusunda seminar keçirilib