04.07.2024, 06:52 - Baxış sayı: 26

AZƏRBAYCAN FİLOSOFLARININ YARADICILIĞINDA İNSAN VƏ DÜNYANIN TƏKAMÜLÜ PROBLEMİ


Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent

İnsan, ona münasibət, həyatının mənası və bütün bunların fəlsəfi anlamda mədəniyyətlə qarşılqlı əlaqəsi hər zaman mütəfəkkirləri düşündürmüşdür. Əlbəttə, mütəfəkkirlərin təbiət, kosmos və digər hadisələrə münasibəti insana münasibətdən fərqli xarakter daşımaqdadır. Çünki araşdırdığımız mövzuda insanın pzünün özünə münasibəti daynmaqdadır. O zaman belə bir sual meydana çıxır ki, insan özü özünü necə dəyərləndirə bilər və burada obyektiv olmaq mümkündürmü? Bizcə, bu mövzu olduqca həssasdır və birmənalı fikir yürütmək mümkün deyildir. Birincisi, ona görə ki, insanın özü özünü dəyərləndirməsi, həyatının mənasını müəyyənləşdirməsi və üstəlik, əxlaqi dəyərlər çərçivəsində hərəkət etməsi çox da asan bir məsələ deyildir. Əksinə, insanın özünün özünə münasibətində yetərli qədər ziddiyyətlər vardır. Bu ziddiyyətlərin qaynağı da fərqli coğrafim məkanlarda, fərqli şərtlər altında, fərqli mədəniyyətlərə sahib olmasıdır. Əslində burada son olaraq qeyd etdiyimiz fərqli mədəniyyətlər və onun keçdiyi təkamül yollarının özü də birmənalı deyildir. Yaxud da güclü mədəniyyətlərə (maddi-fiziki və mənəvi-psixoloji) sahib olan toplumların özündən qat-qat zəif olanları özünə bənzmətmələri də bir gerçəklikdir. Hətta, mədəni-əxlaqi anlamda bir qədər geridə olan toplumların özündən “güclü” toplumlar üzərində qalibiyyətdən sonra sonuncuların təsir dairələrinə düşməsinə də tarixdə dəfələrlə rast gəlinmişdir. Belə olduğu təqdirdə yüksək mədəniyyətə sahib insan və insan toplumları haqqında fikir yürüdərkən problemə hərtərəfli yanaşmaq lazımdır. Başqa sözlə, mövzunu dərindən təhlil etmədən hər hansısa hökmlər vermək doğru olmazdı.
Biz bu mövzu ilə bağlı sadəcə olaraq, bir neçə Azərbaycan Türk mütəfəkkirinin düşüncələrinə istinad etmək qərarına gəldik. Həra halda burada qoyduğumuz mövzu ilə bağlı mütəfəkkirlərimizin gəldikləri müəyyən qənaətlər var ki, onların üzərindən bu məsələyə aydınlıq gətirməyi daha məqbul saydıq. Burada dünyanın və insanın təkamül içərisində götürülməsi mühüm əhəmiyyət kəsb edir. O başqa məsələdir ki, insan özünü və dünyanı təkamül məsələsində qabaqlamaqla bəşəriyyət üçün ciddi təhlükələrə, qlobal böhranlara da səbəb olur. Ona görə də, ən doğru olanı insanın təkamül məsələsində dünyanı və özünü təhlükəyə atmamsıdır. Əslində təkamül məsələsində özünü və dünyanı sürətlə qabaqlayan (sıçrayışlara üz tutan) insanlar və xalqlar üçün mədəniyyət, əxlaqi-estetik anlayışlar əhəmiyyətini itirməyə başlayır. Artıq təkamül deyil, sıçrayışlarla dünyanı və özünü idarə etməyə çalışan bəşəriyyət üçün ali mədəniyyət mənasızlaşır. Əgər dünya sürətlə dəyişirsə, onu dəyişən insan özü də sürətlə dəyişir və bununla da dünya və insanın təkamül içində irəliləyişi harmoniyası pozulur. Çünki tərəqqi, dəyişiklik təbiətin qanunlarına antaqonizm dərəcədə zidd olmamlıdır. Bizcə, bununla vağlı Azərbaycan Türk şair-mütəfəkkiri Abbas Səhhət“Tərəqqi və təbiətin qanunu” adlı əsəri olduqca diqqətəlayiqdir. O, həmin əsərində yazırdı:
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat.
Böylə qoyulmuş aləmin banisi,
Dəyişməkdir tərəqqinin əsası.
Dəyişmək olmasa tərəqqi olmaz,
Təbiətin bu qanunu pozulmaz.
Hər zaman fəlsəfi-etik anlamda insan¬lıq vəzifəsini millət və vətən anlayışları ilə bərabət tutan, hətta ondan üstün tutanlar da tapılır. Bəs, Səhhət üçün insanlıq, yüksək dəyərlərə sahib insan nə deməkdir və o, milli-dini anlayışlardan nə ilə fərqlənir, ya da üst-üstə düşür? O, yazırdı:
Namusi-rəayani çəkən bir ümarəyə,
Əlbəttə, dilü canla itaət gərək olsun.
İnsanlara xidmət edən ərbabi-dühayə,
Təkrim edilib şəni, riayət gərək olsun.

Xüsusilə də, o, “Şair, şeir pərisi və şəhərli” əsərində insanlıq məsələsinin üzərində xüsusi dayanmışdır. Çünki ümmət, mil¬lət və vətən naminə çalışdığı bir zamanda bəziləri şairə qənim kəsilirdilər ki, bu da Səhhətə təsirsiz ötüş¬mürdü. Səhhət əvvəlcə “Şeir pərisi”nin “insanlıq” fəlsəfəsinə uyub ümmət, millət, vətən dərdindən uzaqlaşmaq istəsədə, ancaq bunu yenə də son anda bacarmır. Çünki “Şəhərli”nin dili ilə desək, ziyalı millətin, vətənin halına görəndə yanmırsa, onun dərdinə şərik olmağı özünə borc sayıb çarə tapmağa çalışmırsa, o şair, ya da ziyalı deyil. Səhhət belə bir qənaətə gəlirdi ki, əslində ümumi insanlıqdan danışanlar deyil də, ümmət, millət, vətən naminə, onların azadlığı naminə həqiqəti yazanlar daima incidilmiş, təqib və təzyiqlərə məruz qalmışdır.Səhhət hesab edirdi ki, digər sahələrdə olduğu kimi, əxlaq məsələsində də tənəzzüldə olmağımıza əsas səbəb bir tərəfdən islam dininin artıq tələblərə cavab verə bilməməsi və ruhanilərin əlində oyuncağa çevril¬məsi, digər tərəfdən Qərb xalqları tərəqqiyə üz tutduğu bir zamanda onlardan çox geri qalmağımızdır. Səhhətə görə, bununla da hazırda millətin rəisi-füqərası, yaşlı-cavanı, dindarı-dinsizi, cahili-alimi olsun demək olar ki, əsasən milli-dini dəyərələrə, o cümlədən milli əxlaqi dəyərlərə əməl etmirlər.
Azərbaycan Türk mütəfkkirlərindən Məhəmməd Hadi isə insan, dünya və təkamül məsələsində bir qədər fərqli yol tutmuşdu. O, dünyada gedən dəyişilmələri ibtidadan aliyə doğru hesab etsə də, ancaq bu “ibtida”nın özünün nisbi olduğunu yaxşı anlamışdır. Əslində Yer kürəsi ilə bağlı “ibtida”dan “ali”yə doğ¬ru hərəkətin, dəyişilmənin özü zaman zaman fərqli olmuşdur, buradakı təkamül, ya da sıçrayış prosesləri, böyük ehtimala yalnız daxildən qaynaqlanmamış, onun “qonşular”ın da burada müəyyən rolu olmuşdur.Maraqlıdır ki, Yer kürəsindəki dəyişikliklər, xüsusidən “ibtida”dan “ali”yə doğru gedən yolda baş verənlərin təkamüldən çox, sıçrayışla izahlarında səmavi dinlər önə çıxır və Yaradan ideyası aktuallıq kəsb edir. Sıçrayış prosesində Yaradan ideyasının aktuallığı isə “qonşular”ın (Yer kürəsinin də yer aldığı Ulduzlar sistemindəki digər ulduzlar nəzərdə tutulur) da, burada “əməy”ini gündəmə gətirir. Hər halda səmavi dinlərdə də Yaradan Yer kürəsindəki bəşəriyyətə qayda-qanunlarını “Göy”dən, Kainatdan mələkləri vasitəsilə çatdırır. Bu zaman istisna etmək olmaz ki, digər “qonşu” ulduzlarda sivilizasiyalar var və “mələklər”, ya da digər şüurlu varlıqlar onlardan birində, ya da bir neçəsində məskunlaşmışlar.
Ancaq Yer kürəsində gedən hadisələri, prosesləri təkamüllə izah etsək, o zaman Yaradan ideyası arxa plana keçir və burada “ibtida”idən “ali”yə yüksəlmə dövri olaraq təbiətin, cəmiyyətin öz daxili qanuna¬uyğunluqları ilə izah olunur. Burada cismani və mənəvi nə varsa Yer kürəsinin daxili qanunauyğunluğu kimi təkamül vasitəsilə “tərəq¬qi”dən “tənəzzü”lə, “tənəzzül”dən “tərəqqi”yə, “ibtida”dan “ali”yə, “ali”dən “ibtida”ya doğru durmadan baş verməkdədir. Hadi yazırdı:
Dirilmək arzusilə ölür, öldükdə millətlər,
İnanmışdır buna dünyadakı əhli-həqiqətlər.
Ölənlər, öldürənlər həp bu məqsədlə mübarizdir,
Bu qanuni-təbiətdir, bütün aləmdə barizdir.
Hadi digər tərəfdən də iddia edir ki, inkişaf ancaq irəliyədir, geri dönməzdir, yəni hər şey “ibtida”dan “ali”yə, sadədən mürəkkəbə doğru getməkdədir. Ancaq Yer kürəsinin “ibtida”dan “ali”yə doğru hərəkətinin özü cəmiyyətlərə görə dəyişir. Hər halda ayrı-ayrı cəmiyyətlər eyni dövrdə “ibtida”dan “ali”yə doğru getməmişdir və indi də aşağı-yuxarı getmir. Burada iki məsləni fərqləndirmək lazım gəlir. Birincisi, ümumilikdə Yer kürəsinin “ibtida”dan “ali”yə, ikincisi ayrı-ayrı cəmiyyətlərin, sivilizasiyaların “ibtida”dan “ali”yə doğru inkişafıdır. Bu heç də eyni məsələ deyildir və ola da bilməz. Hər halda Hadi özü də “ibtida”dan “ali”yə doğru hərəkəti bir tərəfdən dünyəvi olaraq, digər tərəfdən islam dini çərçivəsində izah etməyə çalışmışdır. O, bu məsələni dünyəvi şəkildə qiymətləndirməyə çalışarkən dini dünyagörüşdən, o cümlədən idealizmdən kənara çıxır, müsəlman olaraq ələ aldığı zaman isə islam fəlsəfəsi əsasında idealist mövqe tuturdu. Bu ikisinin arasında tərəddüd edən Hadi hərəkət və inkişaf konsepsiyasını əsasən Qurani-Kərim fəlsəfəsi ilə izah etməyə çalışsa da, bununla yanaşı qeyri-ixtiyari “dünyəvi” misallar gətirir. Bu zaman məlum olur ki, insan Adəmdən deyil heyvandan insana çevrilmiş, ancaq heç zaman “heyvani xisləti”ndən tam uzaqlaşamamış, bunun nəticəsində də insanlıq tarixi müharibələr, cinayətlər tarixidir. Çünki insan nə qədər “heyvan xisləti”ndən uzaqlaşıb saflaşmaq, mərifətləşmək istəsə də, əsasən bunlar faydasız olmuşdur.
Hadinin düşüncəsindəki insan Yaradana məxsus insan deyil, bu insan Yer kürəsinin, təbiətin məhsuludur. Deməli, şairin fəlsəfi dünyagörüşündə insana münasibətdə ikilik var; bir tərəfdə heyvandan insana çevrilən təbiətin yaratdığı insan, digər tərəfdə səmavi dinlərdə ortaya qoyulan Yaradanın yaratdığı Adəmdən törəmiş insan. Bizcə, Hadinin daha çox tənqid etdiyi Təbiətə məxsus insandır, çünki Yaradanın yaratdığı insanda o, Allahın zərrəsini görür. Ancaq maraqlıdır ki, o, bir tərəfdən insanın Allah tərəfindən yaradıldığına inanmaqla yanaşı, ancaq darvinistlərin düşüncəsindən çıxış edərək 40 milyon il bundan əvvəl təkümül yoluyla insanın balıqdan quruda yaşa¬yan heyvana, daha sonra da heyvandan insana çevrildiyini yazırdı.
İnsan, dünya və təkamül məsələsində Azərbaycan Türk mütəfəkkiri Hüseyn Cavid belə qənaətə gəlirdi ki, yüksək dəyərələrə sahib insan, cəmiyyət arzu edənlər dini əfsanələri bir kənara qoyub bu dünyanın özündə məscidləri, kilsələri, sinaqoqları məktəblərə, kitabxanalara çevirməli¬dir. Onun fikrincə, yaınız mərifətli, bilikli bir cəmiyyətdə cənnəti yaratmaq; şərəf və qürurla yaşamaq mümkündür. Əlbəttə, Cavidin bu dediklərində xeyli dərəcədə həqiqət olmaqla yanaşı, elmlə, biliklə yəni maariflənməklə hər şeyin öz həllini tapacağına ümid etmək də doğru deyil. Biz bunu, maariflənmiş “sovet cəmiyyəti”ndə də gördük. Deməli, əsas problemi yalnız hərf tanımaqla, ya da müxtəlif kitablardan müxtəlif biliklər almaqla həll etmək çox zordur. Bu, yəni bütün cəmiyyətin hərf tanıyıb maariflənməsi ən yaxşı halda, insanlıq yolunda gediləcək yolun başlanğıcı ola bilər. Ancaq işin çox çətin olanı insanlıq fəlsəfəsinin bütün insanlar tərəfindən qəbul edilməsidir. Yəni müharibə yox sülh olsun, şər deyil xeyir olsun, nifrət deyil sevgi olsun deməklə, insanlıq fəlsəfəsi olmur. Çünki insanlıq fəlsəfəsinin özü elə bütün bunları: sülh üçün savaşmağı, sevgi üçün nifrəti öldürməyi, xeyir üçün şəri dəf etməyi tələb edir. Bu zaman da məlum olur ki, insanlar da, cəmiyyətlər də Tanrılardan, dinlərdən, Ədalətli cəmiyyətdən, Demokratiyadan, Sosializmdən çıxış edərək bu ikili mübarizələrdə məhz özünün doğru yolda olduğunu iddia edirlər. Caviddə bu cür ziddiyyətləri göstərərək, bir çox hallarda sülh deyənlərin əslində müharibə üçün, müharibə deyənlərin isə əslində sülh üçün çalışmaları kimi qəribəlikləri ifadə etmişdir.
Bir sözlə, Cavidin təbrincə desək, “insan olursa insanlar” kainatda sevgi, ədalətlilik, bərabərlik hökm sürər. Bu isə heç bir zaman olmamışdır, bu gün də gerçək deyil və görünən odur ki, gələcəkdə də olmayacaq. Ən yaxşı halda ayrı-ayrı cəmiyyətlərdə bu olmuşdur, indi də bəzi cəmiyyətlərdə az-çox var, gəlcəkdə də hansısa toplumlarda olacaqdır, deyə bilərik. Ancaq yenə də Cavid ümid edir ki, ağıl insanın rəhbəri olsa, nə zaman müharibə, nə zaman sülh etməyin yerini bilsə insanlıq qalib gələcək. Başqa sözlə, qüvvəti ağıl ilə idarə etməklə digər yalançı, zərərli ideyaları aradan qaldırmaq mümkündür. O, yazırdı:
Bən derim: “Həpsi laf, inanma saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikdə sülh üçün çabala,
Öylə yer var ki, hərbi alqışla.
Quzu gördünmü sev, o, kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz.
Qüvvət üstündə varsa əqli-səlim,
Sana kainat olur təslim”.
Cavidə görə, ağıllı insan üçün önəmli olan “yaşatmaq” ideya¬sıdır, “yaşatmamaq” yox. Onun fikrincə, insanın yonulmuş heyvan, meymun hesab olunmasında müəyyən həqiqət payı olsa da, ancaq bunu tam eyniləşdirmək də doğru deyil. Çünki insanın zəkası var, ancaq bu zəkanı hansı məqsədə xidmət etməsi məsələsi də istisna olunmamalıdır. Cavid yazırdı:
İnsan yonulmuş bir heyvan olsa da,
Endirilməz hiçə ondakı zəka.
O yalnız düşünməz, düşündürər də,
Kəşf edər gündə bir qaranlıq pərdə.
Hər gün beynində bir yıldırım çaqar,
Dilərsə bir anda bir cihan yıqar.
İnsan pək tuhafdır, o hər şey yapar,
Onda yaşatmaq da, yaşatmaq da var.
“Yaşatmam, yaşarım” deyən səfillər
Qan içən vəhşilər yolunu izlər.
Beləliklə, Cavidə görə, ağıllı insan həyat və ölümün mənasını vaxtında anlamalı, heç bir şeydə ifrata varmamalıdır. Bir sözlə, insan bilməlidir ki, bəzən yaşamaq kimi, ölmək də xoşbəxtlikdir. Sadəcə, hər bir şeydə anlam olmalıdır. Cavidə görə, insan ancaq böyük bir eşq üçün hər şeyi gözə ala bilər. Bunun üçün insan ali bir idealın daşıyıcısı olmalı, nəfsinə xor baxan qəhrəman olmalıdır.
Cavid bir tərəfdən hər adətin köhnəlmiş, çürümüş hesab olunub atılmasının da, hər yeniliyə də mədəniyyət deyilib qəbul olunmasının da əleyhinədir. Bir sözlə, köhnə adətlərlə yeni adətlər məsələsində ifrata varmamaq üçün insan doğru seçim etmək iqtidarında olmalıdır. O, yazırdı:
Dəmin güləşməyə “əski adət”dedin,
Bən şaşırdım, bəlkə onu fərq etmədin.
Əski olsun, bu xoş adət ən mədəni,
Ən yaldızlı adətlərdən daha yeni..
Cahil-alim həp çarpışır, həp güləşir,
Meydanda tək qalmaq için pənəcələşir.
İnsan var ki, gülüb durukən qüvvətə,
Qarşı gəlsə məcbur olur itaətə.
O, belə bir qənaətə gəlirdi ki, hər hansı təhlükələrə üstün gəlmək üçün ali dəyərlrə sahib bəşər övladı qorxusuz olmalı, mücadilə aparmalıdır. Çünki qorxu içində yaşamaq insanı da, cəmiyyəti də yavaş-yavaş öldürür.
Hüseyn Cavidə görə, dünyada ən yüksək dəyərələrə sahib millətlərdən biri türklər, türk xalqlarıdır. Çünki türklər müharibədə olduğu kimi, siyasətdə, elmdə və mədəniyyətdə də hiyləgərlik nədir bilməzlər. Ona görə də, hərb meydanında yenilməslər də, siyasətdə yenilmişlər. Cavid yazırdı:
Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonda siyasətdə basılmış da bunalmış.
İdraki sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
Turana qılıcdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
Cavidin fikrincə, millətin həyatında özəlliklə, elm və mədəniyyət elə bir anlayış, ünsürdür ki, bu sahədə görülən hər iş irəliyə doğru bir addımdır. Hər kəs mədəniyyət və elmin təməlinə bir daş atmalıdır ki, gələcək nəsillər ondan qidalansın. Başqa sözlə, elm və mədəniyyətdə geridə qalmaq bir millətin gələcəyi üçün çox təhlükəlidir. Ona görə də, bir millətin savaşda məğlub olması deyil, elm və mədəniyyətdə geridə qalması fəlakətdir. Cavid Əmir Teymurun dilindən yazırdı: “Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru, bir addım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”.
Azərbaycan Türk mütəfəkkiri Abdulla Şaiqin dünyagörüşündə isə ali mədəniyyətli insan üçün “hamımız bir Günəşin zərrəsiyik”dir. Əslində bütün insanların bir Günəşin zərrəsi olması İnsanlıq fəlsəfəsinin təzahürüdür. İnsanlar tək bir Günəşin zərrəsi olub, müxtəlif dillərə və dinlərə bölünüb ayrı-ayrı yerlərdə məskən salqıdlarını bilməli, bir-birləri ilə savaşmağı dayandırmalı-dırlar. Şaiq yazırdı:
Hamımız bir günəşin zərrəsiyik!
Hamımız bir yuva pərvərdəsiyik!
Ayıramaz bizləri təğyiri-lisan,
Ayıramaz bizləri təbdili-məkan.
Ayıramaz bizləri İncil, Quran,
Ayıramaz bizləri sərhəddi-şəhan,
Ayıramaz bizləri ümmanü-mühit,
Ayıramaz bizləri səhratyi-bəsit,
Ayıramaz bizləri həşmətli-cibal,
Ayıramaz: şərq, cənub, qərb, şimali.
Bizcə, Şaiq “İdeal və insanlıq” pyesində də ali mədəniyyətə sahib insan, yəni insanlıq məsələsinin mahiyyətini açmağa çalışır. Burada “İnsanlıq” üçün problem oğlu “İdeal”ın “xəstə” və ümidsiz olmasıdır. Üstəlik, “İnsanlığ”ın davamçısı olan “İdeal”ın belə bir vəziyyətdə olması üçün ana rolundakı “İnsanlıq” günahkardır. Şaiqə görə mübarizənin bir tərəfində Ədalət, Səadət, Mərhəmət, Vicdan, digər tərəfində isə Şeytan, Fəlakət və Zülm durmuşdur. Şeytan üzünü “İdeal”a tutaraq deyir ki, ona hər şey: mal-dövlət, məmləkətlər, şan-şöhrət vermişdi. Ancaq bütün bunların müqabilində “İdeal” könlünü başqasına vermişdir. Zülm və Fəlakət də Şeytanın sözlərini təsdiq edirlər.“Bu aləmdə insan insan gəmirir. Yer, göy bütün qandır, ana, qandır, qan!” deyən, İdeal İnsanlığa sarılaraq onlardan uzaqlaşmaq istəyir. İnsanlıqda Ədalət, Səadət, Mərhəmət və Vicdandan yardım istəyir. Vicdan İdeala diqqətlə baxaraq deyir:
Dəhşətlidir bu xəstənin əhvalı,
İnsanlığın ölgün, solğun idealı!
Milyon illik tarix alnında zahir,
Gələcək də dumanlıdır kim bilir?!
Halın isə acınacaq bir haldır.
Ədalət, Səadət, Mərhəmət və Vicdan birləşərək Şeytan, Fəlakət və Zülm üzərində qalib gəlirlər. İnsanlıq bundan sevinib İdealı bunu görməyə səsləsə də, anca İdeal onu tələsməməyə çağırır. İdeala görə, bütün zülmün kökündən həll etməyin yeganə yolu hər bir insanın özü özünü islah etməsi, yüksək mədəniyyətə sahib olmasııdır:
Var, ana, bu dərdə yalqız dərman,
İslah etsin özünü hər bir insan.
Uymasın öz içindki iblisə,
Bir yamanlıq eyləməsin heç kəsə.
İnsanlığın mənasını öyrənsin,
Sağlam əqlə, təmiz qəlbə güvənsin.
Sarılsın bu sevimli qüvvətlərə,
Zülmətlərdən uzaqlaşsın bir kərə.
Şaiq başqa bir əsərində də artıq insanları real həyatda mübarizəyə səsləyirdi. Başqa sözlə, xəyallar aləmindəki “həqiqət aləm”ini obyektiv aləmdə əldə etmək üçün mübarizə aparmağı məsləhət görürdü. O, yazırdı: “Zalimləri yaşadan məzlumlardır, zülmə boyun əymək, insanlığı alçaltmaqdır, zülmə qarşı zülmə ədalətdir”. Eyni zamanda, o, artıq bir məsələnin həllini sabaha ümid edərək saxlamağın deyil, həmin anda və zamanın şərtlərinə uyğun həll etməyin tərəfdarı idi. O, yazırdı: “Bugünkü məsələni bu gün həll etmək lazımdır. Zaman nə doğsa, ona görə iş görməlidir”. Artıq bu düşüncələr onu göstərir ki, Şaiqin insanlıq fəlsəfəsində bəşəriyyətin zalımla məzluma bölünmüş hissəsi arasında mübarizə gedir və bu mübarizədə həlledici rol məzlumların özü ilə bağlıdır. Başqa sözlə, xeyrin şərə qalib gəlməsi üçün, insan özündə güc tapmalı, daxili problemlərini – içgüdülərini həll edib, daha sonra da şərə qarşı mübarizəyə başlayıb onu məğlub etməlidir.
Biz¬cə, Azərbaycan Türk mütəfəkkiri Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” etik-fəlsəfi əsəri insan, dünya və təkamül mövzusuna aid ən dəyərli kitablardan biridir. Həmin əsərində Ağaoğlu yazırdı ki, insanın söz aləmi ilə iş aləmi, təsəvvürdəki fəaliyyətlə həqiqi fəaliyyət arasında çox dərin fərqlər olur, onlar nəinki bir-birinə bənzəyir, hətta bir-birini inkar edirlər. Kənardan baxanlar isə belə adamları “dəyişkən”, “qeyri-sabit” adlandırırlar. Halbuki burada gunahkar insan deyil, bütün bunlar onun İçilə Çölü arasındakı təzaddan irəli gəlir. Ağaoğlunun fikrincə, əslində buruda problem insanın İçi ilə bağlı deyil, çünki insanın İçi xeyirə xidmət edir. O, yazırdı: “Doğrusunu söyləmək lazım gəlsə, mənim İçim çox yaxşı təbiətli, xoş niyyətli, yaxşılıq sevən, başqaları üçün xeyir istəyən, qəhrəmanlığa aşiq, sədaqətə, doğruluğa məftun bir varlıqdır; elə buna görədir ki, mən danışıq və təsəvvür aləmində qəhrəmanlıqdan, doğruluqdan, sədaqətdən, vətəndaşlara yaxşılıq eləməkdən hərarətlə, həyəcanla söz açır, yazıram və sizi inandırram ki, bunları edərkən çox səmimiyəm.
Onun fikrincə, insanın İçilə Çölü arasındakı bütün təzadların bircə qaynağı var – Eqoizm! O yazır: “Çölümün ən canlı səciyyəsi özünü istəməkdir, öz nəfsini və faydasını hər şeydən üstün tutmaqdır. Əsas bəla budur, digər təzadlar bundan doğur”. Yoxsa, insanın İçi çox yüksək, nəcib, əsil insani duyğularla doludur; insaniyyət, haqq, Vətən və vətəndaş uğrunda mal və nəfs fədakarlığı onun ən çox sevdiyi şeylərdir. Bir sözlə, insan İçində qüvvətli bir altruizm, yəni başqalarının yaxşılığı uğrunda özünü qurbanvermə eşqi vardır. Ancaq insanın İçi nə qədər altruistdirsə, Çölü də bir o qədər eqoistdir.
İnsanın İçi ilə Çölü arasındakı bu təzadları araşdıran Ağaoğluya görə, eqoizm və altruizm insanda sonradan əmələgəlmə xüsusiyyətlər deyil, bunlar bioloji, yəni lap əzəldən varlıqla bərabər doğulan amillər imiş. Hətta bu xüsusiyyətlər heyvanlarda da var. O, yazırdı: “Xülasə, canlı kainat bu iki əsas üzərində bərqərar olmuşdur. Lakin varlıqlar təkamül etdikcə altruizm xüsusiyyəti eqoizm üzərində qələbə çalır. Hətta heyvan növləri yüksəldikcə, bunun müqabilində fədakarlıq və bərabərlik kimi altruizm əlamətləri də qüvvətlənmişdir. Əksinə, altruizm xüsusiyyəti az olan heyvan növləri isə dəyişilməkdədir”. O qeyd edir ki, bu iki amillə bağlı instinkt hərəkət edən heyvanlardan fərqli olaraq, şüurlu insanlar təcrübələrindən, müşahidələrindən nəticə çıxarmaq etibarilə özlərində altruizmi inkişaf etdirməyə çalışırlar. Ancaq bəzi millətlər, xüsusilə Qərb cəmiyyətləri altruizm instinktini inkişaf etdirdikləri halda, Şərq xalqları eqoizmə yuvarlanmışdır. Belə ki, Şərqdə bir şəxs milyonların arasında yaşadığı halda heç kəs ona diqqət yetirmir, təkbaşına buraxılır.
Beləliklə, insan, dünya və təkamül məsələsində birmənalı nəticələrə gəlmək mümkün deyildir. Çünki sosial-tarixi proseslərdə bu məsələyə münasibət hər zaamn fərqli olmuşdur. Bizcə, insan və dünyanın təkamülündə harmoniyanəın gözlənilməsi mütləqdir. Yalnız bu harmoniya çərəçivəsində yüksək mədəniyyətə sahib olan insanlar və cəmiyyətlər formalaşdırmaq olar. Əgər dünya təkamül məsələsində irəli gedib sıçrayışlara üz tutursa o zaman insanlar v toplumlar təbii axarından çıxır. Eyni fikirləri insana da aid etmək olar ki, dünyanı təkamül məsələsində qabaqlamamalıdır. Ancaq son əsrlərdə biz insanın dünya ilə birlikdə təkamülünü müşhahidə etmirik. Artıq insan dünyanın təkamüllə inkişafını pozur və sıçrayışlar edir. Belə olduğu təqdirdə də, yüksək mədəniyyətə sahib insanlar və toplumlar formalaşa bilmir. Ona görə də yeganə çıxış yolu insanın dünya ilə təkamül içində olması vacibdir.
Eyni zamanda, bir çox hallarda “mədəniyyət” anlayışı altında əslində əxlaqi dəyərlərdən uzaqlaşmaq da çox təhlükəlidir. Xüsusilə də, mövcud olan milli və dini adət ənənələrin “müasir bəşəri mədəniyyət” adı altında dəyərsizləşdirilməsi doğru deyildir. Hər bir toplumun özünəməxsus dəyərləri qorunub saxlanmalı, sadəcə burada uzlaşdırma yolları tapılmalıdır.