19.09.2024, 10:09 - Baxış sayı: 103

Professor Adil Əsədovun fəlsəfi sistemi XXV Dünya Fəlsəfə Konqresi çərçivəsində xarici ölkə filosoflarının marağına səbəb oldu


Professor Adil Əsədovun fəlsəfi sistemi  XXV Dünya Fəlsəfə Konqresi çərçivəsində xarici ölkə filosoflarının marağına səbəb oldu

1-8 avqust 2024-cü il tarixlərində İtaliya Respublikasının paytaxtı Roma şəhərində XXV Dünya Fəlsəfə Konqresi keçirilmişdir.
Bir çox dünya filosoflarının bir araya toplaşdıqları həmin Konqresdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov “Fəlsəfənin missiyaları onun bölümləri kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir.
İngilis dilində səsləndirilmiş həmin məruzə maraqla qarşılanmış, suallar verilmiş və professorun həmin suallara verdiyi cavablar yalnız sual verənlərin deyil, digər əcnəbi alimlərin də diqqətini cəlb etmişdir.
Professor Adil Əsədovun XXV Dünya Fəlsəfə Konqresində çıxışı


Bundan başqa Konqres çərçivəsində türk dünyasında fəlsəfə tematikası üzrə təşkil olunmuş xüsusi simpoziumun iştirakçıları sırasına onun da adı daxil edildiyi üçün professor həmin simpoziumda iştirak və çıxış etmiş, bu səpkidə öz mülahizələrini simpozium iştirakçılarının diqqətinə çatdırmışdır.
Konqresin proqramı Ümumdünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının rəsmi saytında yerləşdirilmişdir.
Buraya onu da əlavə edək ki, Dünya Fəlsəfə Konqresi Ümumdünya Fəlsəfə Cəmiyyətləri Federasiyası tərəfindən hər beş ildən bir dünyanın görkəmli şəhərlərinin birində keçirilir. Növbəti konqres 2028-ci ilin avqust ayında gündoğan ölkə olan Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcəkdir.