AMEA-da “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir keçirilib
Oktyabrın 15-də AMEA Rəyasət Heyətinin və AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir keçirilib.Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın Azad Həmkarlar İttifaqının rəhbərliyi və aparatının işçiləri, elmi müəssisə və təşkilatların həmkarlar ittifaqlarının nümayəndələri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, AMEA-nın Qadınlar Şurasının və YAP ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilmiş və xalqına ləyaqətlə xidmət edəcəyinə and içmiş İlham Əliyev fenomeninin ötən 21 il ərzində böyük tarixi uğurlara imza atdığını, çoxəsrlik zəngin dövlətçilik tariximizə xalqımıza Qələbələr bəxş etmiş Müzəffər Ali Baş Komandan olaraq düşdüyünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirən müstəqil dövlətin qüdrətli rəhbəridir və bu günün reallıqlarını obyektiv şəkildə qiymətləndirdiyi kimi, sabahın üfüqlərini də dəqiq proqnozlaşdıran liderdir.Prezident İlham Əliyevin yüksək idarəetmə bacarığı ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrinin sürətlə inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli bu gün Azərbaycanın liderinin və dövlətinin beynəlxalq arenada söz sahibinə çevrildiyini söyləyib. AMEA rəhbəri vurğulayıb ki, Azərbaycanın COP29 kimi nüfuzlu bir tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin ölkəmizdə və beynəlxalq arenada həyata keçirdiyi uğurlu siyasətin nəticəsində reallaşıb.AMEA AHİ-nin sədri s.e.ü.f.d., dosent Sənan Həsənov isə çıxışında uğurlu siyasi varisin yetişdirilməsi ilə müasir güclü Azərbaycanın həyatında lider amilinin əhəmiyyətinə diqqət çəkib. Prezident İlham Əliyevin Ulu Öndərin ideyalarını inkişaf etdirərək Azərbaycanı güclü dövlətə çevirdiyini bildirib.Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru t.e.ü.f.d., dosent Hüseyn Hüseynov çıxış edərək Ulu Öndərin ölkəmizdə yenidən siyasətə qayıdışı ilə Azərbaycanın inkişafının və tərəqqisinin bərqərar olduğunu deyib. Natiq Prezident İlham Əliyevin vətənimiz uğrunda canından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə diqqət və qayğısından danışıb.Sonra çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova bildirib ki, Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə möhkəm iradə ilə çalışaraq bütün ərazilərimizdə dövlət suverenliyimizi bərpa etmişdir. O, xalqla lider arasında möhtəşəm birliyin əbədi olacağına əminliklərini ifadə edərək, gənc alimlərin cənab Prezidentin ətrafında sıx birləşdiklərini diqqətə çatdırıb.Sonda akademik İsa Həbibbəyli AMEA-nın çoxminlik kollektivi adından Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevə vətənimizin inkişafı naminə yorulmaz fəaliyyətində bundan sonra da müvəffəqiyyətlər arzulayıb. O, AMEA-nın kollektivinin hər zaman olduğu kimi, bundan sonra da Ulu Öndərin layiqli siyasi varisi cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bildirib.
science.gov.az
science.gov.az