07.05.2019, 21:34 - Baxış sayı: 897

Azərbaycanı böyük inkişaf yoluna çıxaran dahi şəxsiyyət


İlham Məmmədzadə
Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

Ulu öndər Heydər Əliyev çağdaş tariximizə müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazıb. Milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial- fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avro- paçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün də cəlbedicidir.
1993-cü ilin iyununda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider Azərbaycanın humanitar və ictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyev həmin görüşdən sonra elm xadimlərinə davamlı qayğı göstərmiş, onların problemlərinin həlli, habelə AMEA-nın elmi-tədqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ümummilli lider yeni ictimai-iqtisadi formasiyada elm xadimlərinin üzərinə düşən vəzifələri düzgün müəyyənləşdirmiş, bu istiqamətdə təxirəsalınmaz problemlərin həlli yönümündə qətiyyətli addımlar atmışdır. Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşü isə xüsusilə unudulmaz hadisəyə çevrilmişdir. Həmin görüşdə Heydər Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu böyük müdrikliklə açıqlamışdır. Heydər Əliyev həmin görüşdə ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də Sovetlər Birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmişdir. Xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır: “İndi mən elmin inkişafı üçün strategiya haqqında ümumi fikirlərimi deyirəm, amma konkret olaraq bu məsələlərlə siz özünüz məşğul olmalısınız. Ancaq bir məsələ barəsində mən konkret təkliflərimi vermək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixi, ya ümumiyyətlə tarix onun ədəbiyyatının, mədəniyyətinin tarixidir. Bu, indi bizim üçün xüsusilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”.
Ulu öndər Heydər Əliyev bu fikirdə idi ki, Azərbaycanın humanitar-ictimai və fundamental elm sahələri sürətlə yeniləşərək yeni dövrün reallıqlarına cavab verməli, dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsində, milli maraq və mənafelərin, milli ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında inkişafında lokomotivə çevrilməlidir. Ulu öndər bu islahatların həyata keçirilməsində AMEA-nın vəzifələrini düzgün müəyyənləşdirərək onun maddi-texniki bazasının, strukturunun təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm sərəncamlar imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla Rəyasət Heyətinin və akademiya işçilərinin əməkhaqları bir neçə dəfə artırılmışdır.
2002-ci ilin 12 avqustunda ulu öndər AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamış, Naxçıvan Ali Məclisinin iclas zalında Heydər Əliyevin iştirakı ilə bu bölmənin yaradılmasına həsr olunmuş geniş müşavirə keçirilmişdir. Müşavirədə Heydər Əliyev blokada şəraitində yaşayan bu qədim Azərbaycan diyarının tarixinin, arxeologiya və etnoqrafiyasının, dilinin və ədəbi irsinin öyrənilməsinə daha çox ehtiyac duyulduğunu qeyd etmiş, habelə AMEA rəhbərliyinə bu sahədə genişmiqyaslı tədqiqatların aparılması, işçi qrupunun yaradılması məqsədilə müəyyən göstərişlər vermişdir.
Ulu öndər Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə Milli Elmlər Akademiyasının statusu müəyyənləş-dirilmiş, nizamnaməsi, habelə AMEA prezidenti təsdiq edilmişdir. Böyük Öndərin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan vermişdir. Beləliklə, dünya ölkələrinin elm sahəsində əldə etdiyi mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat institutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə əlverişli şərait yaranmışdır.
Ümummilli lider Azərbaycanın milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə xalqın, millətin varlığının təcəssümü kimi həmişə böyük diqqət və qayğı göstərirdi. Milli Elmlər Akademiyasının həyatında baş vermiş əlamətdar hadisələrdən biri də 2002-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin ev-muzeyinin açılışında iştirak etməsi və həmin gün Əlyazmalar İnstitutuna Azərbaycan şifahi və yazılı ədəbiyyatının şah əsəri olan “Kitabi-Dədə Qorqud”un ən qədim əlyazması olan Drezden əlyazmasının nəfis şəkildə hazırlanmış nüsxəsini (faksimilesini) hədiyyə kimi şəxsən təqdim etməsi olmuşdur. Ulu öndərin bu maddi və mənəvi dəstəyini alimlərimiz elmə dövlət qayğısının yeni nümunəsi kimi qəbul etmişdilər.
Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair, yazıcılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır.
Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini çoxlu sayda daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı. Bu qəsdlərdə “hakimiyyət xəstəliyi”nə tutulmuş, şəxsi ambisiyaları xalqa məhəbbət hissindən müqayisəedilməz dərəcədə böyük olan, xalqın maraqlarını düşünmədən şəxsi mənafeyinə qurban verməyə hazır olan Azərbaycanın bəzi vətəndaşları ilə yanaşı xarici ölkələrin vətəndaşları, habelə diplomatik toxunulmazlıq hüququ ilə respublikamızda çalışan bəzi xarici ölkələrin vətəndaşları da həlledici rol oynayırdılar. Heydər Əliyevi fiziki cəhətdən məhv etmək məqsədilə peşəkarlıqla hazırlanmış qəsdlər də nəticəsiz qaldı. Azərbaycan əleyhinə çirkin məqsəd birliyinə malik olan bu qüvvələr yüksək dövlət vəzifələri tutan insanları öldürməkdən, kütləvi qırğına səbəb olan müxtəlif partlayış və terror hadisələri törətməkdən də çəkinmədilər. Azərbaycan dövləti əleyhinə hazırlanmış bütün qəsdlərin qarşısı Heydər Əliyev və xalqın birgə səyi ilə alındı. Bu qəsdləri peşəkarlıqla hazırlayan və bu istiqamətdə böyük maliyyə vəsaiti xərcləyənlər Heydər Əliyev və xalq birliyinin hansı gücə malik olduğunu nəzərdən qaçırmışdılar. Hadisələrin sonrakı gedişatında bu gücün nəyə qadir olduğunu tarix dönə-dönə təsdiqlədi.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi- hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.
Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 16 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq.
Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri ardıcıl və sistemli surətdə yerinə yetirmişdir.
Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısının ötən illərdə ölkədə apardığı genişmiqyaslı islahatlar, respublikamızı bölgədə və bütövlükdə Avratlantika məkanında nüfuzlu dövlətə çevirməsi həm daxildə, həm də xaricdə ciddi siyasi dəstək almasına zəmin yaradıb. Bir vaxtlar qeyri-mümkün kimi görünən transmilli layihələrin real həyata vəsiqə alması, paytaxt və regionlarımızın sürətlə abadlaşması insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması məhz bu zaman kəsiyində reallaşıb.
Prezident seçkilərindən ötən 1 il ərzində də bütün sahələrdə aparılan davamlı islahatlar bu siyasi kursa alternativin olmadığını sübut etməklə nüfuzlu qurumlar, eləcə də beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin son bir ildə xalqın maraqlarını ehtiva edən çoxşaxəli islahatlar kursu barədə nüfüzlu reytinq agentliklərindən biri hesab olunan Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirdiyi rəy sorğusu da bu baxımdan diqqəti cəlb edir. Xüsusi vurğulamaq lazımdır ki, adıçəkilən nüfuzlu təşkilat 2018-ci il prezident seçkiləri ərəfəsi də rəy sorğusu keçirmiş və ölkə əhalisi cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirmişdi.
Budəfəki sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şərai-tində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də vətəndaşlar tərəfindən müsbət qarşılanıb.
Bu il də Azərbaycanın xarici siyasət strategiyasında milli maraqlarımızın maksimum müdafiə edilməsi, intensivliyi və məqsədyönlülüyü ilə ehtiva olunub. Son bir ildə Prezident İlham Əliyev xarici ölkələrdə 17 dəfə səfərdə olub, ondan çox ölkənin dövlət və hökumət başçısı ölkəmizə səfər edib. Ötən 1 ildə də xarici siyasətdə Azərbaycanın müstəqil mövqeyinin önə çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial və qətiyyətli xəttin saxlanılması, dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq, beynəlxalq qurumlarda layiqli təmsilçilik belə bir yüksək rəyin ifadə olunmasına gətirib çıxarıb.
- Ötən bir ildə Avropa İttifaqı ilə Yeni Tərəfdaşlıq Prioritetləri müəyyənləşdi, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı.
- 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldı, Naxçıvanda uğurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olundu.
- Ötən ilin mayında Cənub Qaz Dəhlizinin, iyunda isə onun mühüm hissə-lərindən biri olan TANAP-ın Trans- Anadolu Boru Kəmərinin açılışı oldu.
“Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşdirilmiş nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük şəxsiyyət olmaqla Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı şəkildə sübuta yetirib. Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında populizm və psevdovətənpərvərlik kimi amillər yoxdur. Əksinə, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi və məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Bir sözlə, dövlət başçısının alternativsiz olan Heydər Əliyev siyasi kursunu reallaşdırmaqla bu gün Azərbaycan Cənubi Qafqazda lider statusunu qoruyub saxlamaqla dünyada sözü eşidilən dövlətə çevrilib.
"Respublika" qəzeti