17.05.2019, 12:28 - Baxış sayı: 824

Azərbaycan Prezidenti ölkədə sabitliyin, dinamik inkişafın qarantıdır


Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra qısa tarixi dövr ərzində ümummilli liderimizin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin elm-təhsil sahəsində uğurları, sosial-iqtisadi, siyasi sahələrdə inkişafı reallaşdırılmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi müstəqillik strategiyasını son 16 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı zəruri saymışdır.
Dövlətimizin başçısı Azərbaycan gənclərinin sağlam ruhda böyümələri və layiqli vətəndaşlar kimi yetişmələri, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirmişdir. Yeri gəlmişkən, mən də bu diqqəti daim öz üzərimdə hiss edən bir gənc olaraq ölkə rəhbərinin gəncliyə göstərdiyi xüsusi qayğını yüksək qiymətləndirirəm.
Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Ötən illər ərzində dövlət başçısı İlham Əliyev, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu fəaliyyəti ilə sübut etdi. Son illərdə respublikamızda həyata keçirilən taleyüklü tədbirlər, ölkəmizin qüdrətlənməsi, insanların rifah halının yüksəlməsi, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq arenaya çıxması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması bunun bariz ifadəsidir. Şübhəsiz ki, əldə edilən bütün bu uğurlarda İlham Əliyev fenomeni mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyini, qarşılıqlı münasibətləri, cəmiyyətdə sağlam iqlimin yaradılmasını diqqət mərkəzində saxlamış, şəxsi nümunəsi ilə insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini gücləndirmişdir. Eyni zamanda, vətəndaşlarda öz ölkəsini sevmək, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşmək, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissinin aşılanmasına mühüm önəm vermişdir.
İlham Əliyev Prezident seçildiyi elə ilk gündən uzaqgörən dövlət xadimi olaraq iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasının, sahibkarlığın vüsət almasının, kənd təsərrüfatının dinamik inkişafının, tarixi, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi. Bu, gənc, müstəqil bir dövlətin hərtərəfli inkişafı üçün atılan qətiyyətli addımlar idi.
Dövlətimizin başçısı inkişaf tempi ilə hamını heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən paytaxt Bakıdakı işgüzar ab-havanı regionlara köçürdü. Rayonlarımıza ardıcıl səfərləri, hər bir bölgəni diqqət mərkəzində saxlaması ilə abadlıq-quruculuq işlərinin miqyasını genişləndirdi. Yeni yolların çəkilməsi, sənaye obyektlərinin istifadəyə verilməsi, park və xiyabanların salınması, yeni məktəb və bağçaların öz qapılarını balalarımızın üzünə açması bu vətənpərvər, müdrik dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunu göstərdi.
Yeri gəlmişkən, dünyada ölkə daxilində bu qədər səfərlərdə olan, insanlarla bu qədər yaxın təmas quran, görüşlərə qatılan, qocalara, uşaqlara, kimsəsizlərə diqqət göstərən ikinci bir dövlət başçısı təsəvvür etmirəm.
Keçirdiyi tədbirlərdə insanları səbrlə dinləməsi, onların qayğı və problemlərinə həssaslıqla yanaşması, arzu və təkliflərini diqqətdə saxlaması İlham Əliyevin, həqiqətən, hər bir azərbaycanlının sevimli Prezidenti olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 ildə gördüyü əzəmətli, möhtəşəm işlər, gerçəkləşdirdiyi layihələr, doğrudan da, hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur.
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan idmançılarının qazandığı böyük uğurlar ölkəmizi dünyanın tanınan idman dövlətləri sırasına çıxarmışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında əldə edilən möhtəşəm qələbələrin əsasında, cövhərində əslində diqqət, qayğı, ağır zəhmət dayanır. Ən qısa vaxt ərzində respublikamızda yaradılan nəhəng idman qurğuları, ölkəmizdə keçirilən ilk Avropa və İslam Həmrəyliyi oyunları, “Formula-1” yarışları Azərbaycanın Avropada, dünyada nüfuzunu daha da gücləndirmişdir.
Ötən müddətdə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirmiş, bu sahədə müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olduğunu sübuta yetirmişdir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun zəfəri isə xalqımızda işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasına böyük inam yaratmışdır.
Azərbaycan Prezidenti tarixi İpək yolunun bərpası üçün bütün müqavimətlərə baxmayaraq, qətiyyət nümayiş etdirmiş, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail olmuş, bu strateji layihənin gerçəkləşdirilməsi ilə Azərbaycanı türk dünyası, eləcə də Asiya və Avropa ilə daha da yaxınlaşdırmışdır.
Dövlətimizin başçısı prezidentlik fəaliyyətində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə mühüm önəm vermişdir. İlk dəfə bu təşəbbüslə çıxış edən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı yüksək qiymətləndirən Prezident İlham Əliyev ölkəmizin qaz ehtiyatlarının dünya bazarına ixracı üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılmasına xüsusi diqqət göstərmişdir.
Yeri gəlmişkən, Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu boru kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihələrinin uğurla gerçəkləşməsi Prezident İlham Əliyevin müdrik dövlət xadimi olmasının bariz ifadəsidir.
Bu gün Azərbaycan dünyada milli və dini tolerantlıq mərkəzlərindən biri kimi tanınır. Bütün xalqlara, dinlərə ölkəmizdə hörmət və ehtiramla yanaşılır. Dövlət qeydiyyatına alınmış 529 dini icmadan 29-nun qeyri-müsəlman icması olması faktı xalqımızın necə böyük, nəcib qəlbə malik olduğunun göstəricisidir.
Azərbaycanın dövlət siyasətində multikulturalizm prioritet istiqamət təşkil edir. Bu, təsadüfi deyil. Çünki əsrlər boyu ölkəmiz müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Bununla bağlı dövlət başçısı demişdir: “Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur”.
Prezident İlham Əliyev mətbuata, söz azadlığına da daim əhəmiyyət vermiş, mətbuat işçilərinə həssaslıqla yanaşmış, onların mənzillərlə təmin olunmalarına, fəxri adlara layiq görülmələrinə şərait yaratmışdır. İstər postsovet məkanında, istərsə də dünyada analoqu olmayan bu qayğı bir çox xarici ölkə mediasının, ictimaiyyətin diqqətini çəkmişdir.
Bu gün istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı öz ölkəsi, öz Prezidenti ilə haqlı olaraq fəxr edir. Dövlət başçımız xarici ölkələrə səfərləri zamanı diaspor təşkilatları ilə görüşür, onların qayğı və problemləri ilə dərindən maraqlanır, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, Azərbaycanın bir parçası olması fikrini vurğulayır. Şübhəsiz ki, diaspor təşkilatları da dövlətimizin başçısının bu sahəyə olan diqqətini yüksək dəyərləndirir və xalqımızın tarixi, müasir həyatı, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı məlumatların yayılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndirirlər.
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”-- deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan Silahlı Qüvvələrin yaradılmasına nail olmuş və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində daim diqqəti Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə yönəltmişdir. Şübhəsiz ki, bu uğurlar üzləşdiyimiz ağır problemin-- Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli istiqamətində mühüm rol oynayır.
Prezident İlham Əliyev cəmiyyətdə imkan bərabərliyinin inkişafı çərçivəsində respublikanın həyatında qadınların rolunun yüksəlməsinə yönəlmiş güclü strategiyanın həyata keçirilməsini də uğurla reallaşdırır. O da xatırladılmalıdır ki, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətlərinin genişlənməsi humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlərin şəxsiyyətində parlaq təcəssüm tapan Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
"Xalq qəzeti"