31.05.2019, 11:04 - Baxış sayı: 2003

Hüququn fəlsəfəsində hüquq və əxlaq arasında oxşar və fərqli cəhətlər


Əntiqə Paşayeva
AMEA-nın Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
pashayeva.ph@mail.ru


Giriş

Hüququn fəlsəfəsi qərb fəlsəfəsində təhlil olunan əsas elmlərdən biridir. Baxmayaraq ki, Almaniyada yaranmış, amma Fransa və İngiltərədə daha çox inkişaf etmişdir. Hal-hazırda da çox geniş formada tədqiq olunur və öyrənilir. Qərb filosofları hüquq və qanunları təkcə praktika ilə deyil, daha çox fəlsəfə ilə əlaqələndirirlər və səy göstərirlər ki, hüququn mühüm məsələlərini fəlsəfi aspektdən təhlil etsinlər. Onları düşündürən əsas məsələlərdən biri də budur ki, hüquq hansı şöbələrdən ibarətdir? Quruluşuna görə neçə hissəyə ayrılır? Hüquq və ona mənsub olan qanunlar ictimaiyyət üçün nə qədər vacib və zəruridir? Hüquq və əxlaqın üstünlüyü nədən ibarətdir? Hüquq və əxlaq arasında hansı uyğun və fərqli cəhətlər mövcuddur? Ümumiyyətlə, yaxşı və pis, nöqsanlı və nöqsansız əməlləri necə tanımaq olar? Bunlar və mövzu ilə bağlı olan digər suallar mühüm olduğu üçün həm elmdə və həm də praktikada bütün bu suallara cavablar axtarılır. Amma bu suallara cavab vermək üçün təkcə əxlaqla bağlı olan məsələlərə diqqət etmək məsələni həlli demək deyil, bunun üçün hüquq və əxlaq birlikdə təhlil olunmalıdır. Çünki burada bəhs edəcəyimiz mövzular hüquqla bağlı olan əxlaqi dəyərlər olmaqla yanaşı, həm də ictimai məsələlərlə bağlıdır. Əlbəttdə bu mövzu ilə bağlı suallar çox olduğu üçün əsas məqsədimiz tədqiqatda diqqəti başlıca məsələlərə yönəltmək və suallara cavab verməkdən əlavə həm də mövzular arasında olan fərqli tərəfləri də göstərməkdir.
Tədqiqatın hədəfi
Hüququn fəlsəfəsində hüquq və əxlaq mühüm mövzulardan biri hesab olunur. Səbəbi odur ki, hüququn əsas məqsədi ictimaiyyətə əxlaqi dəyərləri aşılamaqdır. Filosof və hüquqi filosoflar (legal philosophers) hüququ əxlaqla əlaqələndir və bir çoxları hüququ əxlaq adlandırırlar. Onların fikrincə, hüquq əxladır və əxlaqın bir şöbəsi olaraq təhlil olmalıdır. Amma əgər diqqət etsək görərik ki, biri praktiki (hüquq) və digəri isə mənəvi və ruhi (əxlaq) məsələləri əhatə edir. Məlumdur ki, bunların arasında uyğunluq olduğu kimi fərqli cəhətlər də mümkündür. Bu mövzuya müraciət etməyimiz də elə bu zərurətdən isrəli gəlmişdir. Burada əsas məqsəd hüquq və əxlaq arasında olan uyğun və fərqli məsələləri təhlil etməklə yanaşı, həm də hüquq və əxlaqın fərdi və ictimai üstünlüyünü göstərməkdir.
Təhlil olunan məsələlər
Məlum olduğu kimi hüquq humanitar elmlərlə aiddir nəinki təbii və inkar etmk olmaz ki, hüquq normativ olaraq ideal bir reallığdır nəinki təbii bir reallıq. Bəzən hüququ təbiətdən ayırırıq və deyirik ki, hüquq təbii elm deyil. Bu ideal məsələ hüququ digər ideal məsələlərdən, o cümlədən normativi digər növlərdən ayırır. Bütün bunlar bir daha hüquq və əxlaq arasında olan bağlılığın olmasını göstərir. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, hüququn əxlaqla bağlılığı heç də hüququn əxlaqi olması demək deyil, çünki hüquq əxlaqla yanaşı digər məsələləri də ehtiva edir ki, bunlar ancaq hüquq daxilindədir. Bəlkə burada deyilən məsələlər elə məsələlərdir ki, biz hüquq sözünün düzgün mənasını əxlaq olaraq anlayırıq. Buna görə də hər bir hüquq, hüquq olmaq baxımından məna və müəyyən hədd daxilində əxlaqi hesab olunur. Hüququ əxlaqın bir hissəsi adlandırmaq kifayət deyil, həm də ona əxlaqi forma vermək lazımdır. Çünki hüquq əxlaqın bir şöbəsi olaraq həqiqətən də əxlaqın mahiyyətini əks etdirir. Kant “Əxlaq” adlı əsərində hüququn əxlaqla sıx bağlı olduğunu yazır. Onun fikrincə, əxlaqın kompanentləri tam olaraq hüququ əhatə edir və buna görə də hüquq əxlaq deməkdir. Etik qaydalar təkcə insanın ruhu ilə deyil, həmçinin əməli ilə də bağlılığı vardır. Hüquq əxlaqi dəyərlərin ictimaiyyətdə tətbiq olunmasını əmr edir və əxlaqın prinsipləri barəsində deyilən bütün bunlar hüquqa verilən mütləq dəyərdir. (1.İmmanuel Kant, pp. 65-68).
Sosiologiya elmində etik (əxlaq) məsələlərindən bəhs edərkən daha çox davranış qaydalarına diqqət olunur. Amma əxlaqın fəlsəfi mənasına gəlincə isə əxlaq əməllərin dəyərləndirilməsindən əlavə həm də yaxşı və pis əməlləri tanımaq qaydalarından ibarətdir. Mövzunu təhlil etdikdə ilk olaraq zehnimizdə mühüm bir sual yaranır: hansı qaydalar əxlaqa aiddir və bu hansı qaydalardır ki, hüquq hər hansı bir məsələdə məhz bu qaydaları rəhbər tutur? Məlumdur ki, əxlaq qaydaların məcmuəsindən ibarətdir və insan yaxşı əməllərə sahib olması və təkmilləşməsi üçün məhz bu qaydalara riayət etməlidir. Daha dəqiq desək, əxlaqla bağlı olan qaydalar qəbul olunan (yaxşı) və qəbul olunmayan (pis) əməlləri müəyyənləşdirir. İslamın böyük mütəfəkkiri Əbu Hamid Qəzali əxlaqla bağlı olan qaydaları belə tərif edər: “əxlaq nəfsin adətidir və bu adət insanın əməllərində baş verərsə xulq adlanır. Bu xulq ola bilər həm yaxşı və həm də pis olsun” (2.Əbu Hamid Qəzali, s. 99). Qəbul olunan və qəbul olunmayan əməllər dedikdə, yəni o əməllər ki, qanun daxilindədir və qanunlar bu əməlləri yerinə yetirməkdə müəyyən yollar göstərir və bundan sonra həmin əməllər yaxşı əməllər hesab olunur. Amma o əməllər ki, qanundan kənardır, qanun nəinki onların yerinə yetirilməsini qadağan edir, hətta ona tərəf gedilməməsi üçün əmrlər verir. Qanun baxımından bunlar (yəni qanundan kənar əməllər) qəbul olunmayan əməllər hesab olunur. Şübhəsiz ki, nəinki əxlaq, əgər biz hər hansı bir məsələni məna və hətta məfhum baxımından təhlil etsək belə yenə də müəyyən meyara və ya ölçüyə ehtiyacımız vardır. Çünki bu meyar və ölçü olmasa heç bir məsələ elm əsasında aydınlaşmır. Hər bir sözü adi bir məna ilə mənalandırmaq olar, amma onu elmi sübutlar əsasında isbat etmək üçün ölçü və meyar adlandırdığımız müyyən normativ həddə ehtiyacımız vardır; nəinki ehtiyacımız vardır, hətta hər hansı bir terminin təhlili belə müəyyən ölçü və meyarsız mümkün deyil. Ona görə də deyləndə ki, hüquq əxlaqa daxildir, bu nəzər tam deyil, nisbidir; doğrudur ki, hüquq əxlaqi məsələləri qoruyur, amma bu o, demək deyildir ki, əxlaq olmadan hüquq özünü tanıtdıra bilməz; əksinə hüquq nəinki özün tanıtdırır, hətta əxlaqın tanınıb qəbul olunmasını reallaşdırır. Fikrimizi əsaslandırmaq üçün deməliyik ki, əgər hüquqi normativlər və dəyərlər olmasa əxlaq söz olaraq mövcudur. Əxlaqı mənalandıran və onun işlənməsinə və qəbul olunmasına yol açan məhz hüquqdur. Ona görə ki, əxlaqın ən üstün keyfiyyəti hüquq əhatəsindədir və bu üstün dediyimiz keyfiyyət ədalətdir ki, hüquqi prinsiplərin təzahürünə çevrilib. Baxmayaraq ki, hüququn bütün prinsipləri əxlaqi məsələləri əks etdirir, amma bu o demək deyildir ki, əxlaq olmadan hüquq qəbul olunmazıdır. İstər məfhum və istərsədə məna baxımından təhlil etsək görərik ki, əxlaq elə hüququn özüdür ki, müəyyən normativlərə ayrılaraq əxlaq adı altında tanınır.
Amma burada yenə mühüm bir sualla üzləşirik: o əxlaq ki, müəyyən hədd və ölçüdən kənardır onu əxlaq adlandırmaq olarmı? Nəzərdə tutduğumuz müəyyən hədd və ölçü ancaq hüquqa aiddir. Baxmayaraq ki, biz bunu məna baxımından deyil, məfhum baxımından təhlil edirirk. Amma etik məsələlərin mənasına varsaq görərik ki, əxlaq hüquqsuz qeyri-mümkündür. Belə olan halda iddia oluna bilməz ki, əxlaq olmadan hüquq mümkün deyil. Əksinə, əxlaqı tərif edərkən demək lazımdır ki, normativlər (hüquq) olmadan heç bir etik məsələlərin təhlilindən və tətbiqindən söhbət gedə bilməz. Çünki müəyyən həddi (norma) olmayan etik məsələlər heç bir təsirə malik deyldir. Biz bəzən hədd, norma, ölçü və bəzən də meyar sözlərini işlədirik ki, bunların hamısı hüquqda birləşir.
İnsanın mənəviyyata sahib olması müəyyən tələblər əsasındadır və əgər diqqət etsək görərik ki, bu tələblər birbaşa olaraq hər hansı bir meyara ehtiyacı vardır və bu meyar hüquqa söykənir, çünki hüquqdan başqa elə bir sistem yoxdur ki, qarşıya çıxan meyarları müəyyənləşdirsin. Hüquq dedikdə, təkcə qanunlar toplusu nəzərdə tutulmamalıdr; düzdür hüquq ilk olaraq qanunlar məcmuəsi adlanır amma bu onun zahiri mənasını əks etdirir, yəni hüququn işi təkcə qanunlar və onların ictimaiyyətdə işlənmə mexanizmi deyil, hüquq həm də bütün varlıq aləmini özündə birləşdirən və bu varlıq aləmini müəyyən ölçüyə (yəni həmin normalara) tabe edən vahid bir sistemdir. Əgər hər hansı bir varlığa və hətta əşyaya diqqət etsək görərik ki, onun özünəxas meyarı və ölçü vahidi mövcuddur. Mövcud aləmdə hər hansı bir şey, hətta kiçik bir zərrə də müəyyən olunmuş ölçüyə tabedir. Elə buna görə də qədim yunan düşüncəsində hüquq tanrılara nisbət verilirdi və onlar hesab edirdilər ki, tanrılar qanunlar əsasında mövcud aləmi nizama salmışdırlar. Bəşəriyyət aləmini nizama salan mütləq hakim (haqlar) ona görə mütləq hakimdir ki, irəli sürdüyü əmrlər zamana görə dəyişmir və tam olaraq sabitdir. Onun əmrləri əxlaqi məsələlərlə məhdudlaşmır, bu müqəddəs amal (hüquq) əxlaqı da özündə birləşdirərək müxtəlif adlarla (əxlaq, ədalət, vicdan, insaf, iradə, siyasət, psixologiya ...) həm insanın daxilində və həm də insanın zahirində mövcuddur. İstənilən hər hansı bir məsələ əgər həllini tapırsa, bu təkcə cismin sakitliyi deyil, bu həm də ruhun rahatlığıdır. Məlum olur ki, istər hüquq əxlaq əhatəsində olsun və ya əxlaq hüquq əhatəsində olsun, bütün bunlar bir o qədər də hüquqa verilən üstün dəyər deyil, çünki hüquq öz üstünlüyünü və dəyərini əxlaqi məsələlərlə bağlı olduğu üçün deyil, məhz əxlaqın da ehtiyacı olduğu müqəddəs ruhdan almışdır.
Təhlilə ehtiyacı olan mühüm məsələlərdən biri də budur ki, elə əməllər də vardır ki, əxlaq çərçivəsindən kənardır, baxmyaraq ki, bu əməllər ağılın vasitəsilə yerinə yetirilir. Onda belə bir sual yaranır: ağıl və əxlaq arasında ziddiyyət ola bilərmi? Nəzərə almaq lazımdır ki, insanın rəftarında əxlaqın olması insanın iradəsi və azadlığı ilə sıx əlaqəsi vardır. Tomasa görə əxlaq insanla bağlı olan rəftar qaydalarıdır. Burada insanla bağlı olan rəftar dedikdə, yəni hər hansı bir ağıllı insan ağılın göstərişi əsasında düzgün bir hədəfə çatmaq üçün müstəqil olaraq (azad) hərəkət edir. Buna görə də, o məsələlər əxlaq mövzusuna aid ola bilər ki, burada azadlıq (və ya müstəqillik) yerini tapsın; iradəyə, xasiyyətə, insan təbiətinə (instinkt) və məcburiyyətə aid olmayan əməllər (o əməllər ki, istər yaxşı və ya istər pis olsun) hər hansı bir istək və meyillə bağlılığı yoxdursa bu əməllər əxlaqi sifət hesab olunan bilməz. Ağıl vasitəsilə hərəkət edən hər bir insan bilir ki, etdiyi əməllərinin bir hissəsi hədəfə uyğun və digər hissəsi isə hədəfə müxalifdir. Amma insan işinin dəyərləndirilməsi və qəbul olunması üçün birinci əməlini, yəni hədəfə uyğun olanını seçməlidir. Bunları təhli etdikdə digər mühüm bir sual qarşıya çıxır: ağıl əxlaq baxımından qəbul olunmayan və pislənilən hər hansı bir işə necə göstəriş verə bilər? Bu suala cavab vermək üçün mühüm bir məsələni nəzərdən qaçırmamalıyıq; yaxşı və pis əməl nisbi olduğu üçün, hər hansı çirkin bir əməl də mənsub olduğu kateqoriyada yaxışı hesab oluna bilər. Buna görə də, ağıl bu kateqoriyalardan birini əsas tutaraq verdiyi göstərişi düzgün hesab edir, amma məsələni təhlil etdikdə bu əməlin pis olduğu aydınlaşır. Burada məşhur mütəfəkkir Nəsirəddin Tusinin fikrinə diqqət etmək faydalı olardı. O, əxlaqın hədəfini insan iradəsinə başçılıq edən təbii hall adlandırmışdır. Onun nəzərində, əxlaq insan iradəsində böyük təsirə malikdir: “əxlaq insan iradəsinə başçılıq edən təbii bir haldır. Amma bu halda mümkündür ki, iradə ilə baş verən hər hansı bir əməl bəyənilmiş olsun” (3.Xacə Nəsirəddin Tusi, s. 12). Bu fikrə əsasən demək olar ki, insanın etdiyi hər hansı bir səhvi və ya qeyri-iradi olaraq baş verən hər hansı bir hərəkəti əxlaqi dəyər hesab etmək olmaz. Əxlaqın hədəfi təkcə insanın fayda və ziyanını müəyyənləşdirmir, bəlkə daha mühüm hesab edilən amil odur ki, düzgün əməllərin istiqamətini müəyyənləşdirib bu əməllərə başçılıq edir; insan varlığında ədalət prinsiplərini yaradır və ən əsası isə bu prinsipləri qoruyur. Məlum olduğu kimi insan ictimai bir varlıqdır və ictimai hədəflərə çatmaq üçün etik qaydalara ehtiyacı vardır; digər tərəfdən isə iki qütb (yəni hiss və onun nəzarəti) arasında da ziddiyyətlər mövcuddur və insan təbiəti bu ziddiyyətlərin çoxluğundan əxlaqi dəyərlərə ehtiyac duyur. Əxlaqın üstünlüyü ondadır ki, böyüklük və islah etmək qüdrətinə malikdir və heç vaxt insana tərəf getmir, əksinə insan ona tərəf gəlir və istəyir ki, əxlaqın üstün keyfiyyətlərinə sahib olsun. Bunun səbəbi odur ki, insanda mövcud olan instinkt onun valığını tam olaraq təmin edə bilmir və O, daha çox üstün kefiyyətlərə sahib olmaq istəir və çalışır ki, gözəl və bəyənilmiş əxlaqa sahib olsun və elə buna görə də əxlaqa üz tutur.
İctimai əxlaqın mahiyyət və prinsiplərindən bəhs etdərkən əxlaqın ictimai prinsiplərinə diqqət etmək daha çox tələb olunur. Çünki əxlaq və hüquq elmində bəhs olunan mühüm məsələ əxlaqın ictimai prinsipləridir. Bu nəzəriyyə tərəfdarları daha dəqiq desək, sosioloqlar əxlaqı adət və ən-ənələrlə bağlı olan elm kimi qəbul etmişlər. Onların fikrincə, əxlaqla bağlı olan qaydalar ictimai prinsipləri əks etdirir, yəni bu qaydalar ictimai bazadan qaynaqlanır, nəinki ümumi göstəricilərdən. Məsələ daha aydın olsun deyə misal olaraq demək lazımdır ki, məsələn, etik normalara zidd olan hər hansı bir əməl təkcə əxlaq qaydalarına görə deyil, bəlkə insanların bu hərəkətə nifrət etməsinə görədir. Hər zaman ictimaiyyətdə bu cür məsələlər ənənəvi olsa qəbul olunandır və bu halda heç vaxt ümumi əxlaqın geriliyindən şikayətlənmək olmaz. Hər şeydən əvvəl, gərək müəyyən zamanda ictimaiyyətdə insanların müştərək hisslərinin nədən ibarət olduğunu, kütlə şüurunun necə formalaşdığını və necə nəticəyə gəldiklərinə diqqət etməliyik. Necə ki, məşhur sosioloq Durkheym əxlaq elminin ictimai tərəflərini təhlil edən metoda tənqidi yanaşaraq yazır: “əxlaqla bağlı olan prinsipləri təhlil edən alimlər təfəkkürlə bağlı olan fuksiyaların sadə təhlilini verməkdə çətinlik çəkirlər. Bizi əhatə edən və ətraf aləmdə mövcud olan əşyalar eyni əşyadan yaranır və yaranan hər bir əşya digər əşyalardan biri hesab olunur. Bizim əxlaq barədə olan düşüncəmiz gözlərimizin qarşısında baş verən hər hansı bir işin və ya əməlin qaydalarından qaynaqlanır” (4.D. E. Durkheim, p. 47).
Bu mövzuda digər mühim bir məsələ də hüquq və əxlaq arasında olan bağlılıqdır. Hüquq və əxlaq arasında olan əlaqədən danışarkən adət və ən-ənəni unutmaq olmaz. Adət və ən-ənə ümumi əxlaqın əsası hesab olunur və insan öz vicdanına əsasən adətlərə əməl edir və belə güman edir ki, bu ədalətli bir işdir. Etiraf etməliyik ki, cəmiyyətdə əxlaqa zidd olan adətlər də az deyil, amma hakim hüquqi qaydalar adı altında bəyənilməyən adətləri qəbul etmir. Hüquqla bağlı olan adət qeyri-normallıqdan kənar olaraq hər bir millətin mədəni irsini ifadə edir. Digər tərəfdən isə, əxlaq adətə əsaslanaraq hüquqi sistemə bağlanır və dövlətin prinsiplərini nizamlayır. Bu məsələlərin həllində hakimin göstərişləri də diqqət mərkəzində olmalıdır. Hüquq və əxlaq arasında olan bağlılıqdan danışarkən hüquqi filosofların nəzəriyyəsinə də diqqət etməliyik. Çünki bu mövzu ilə bağlı olan bir sıra mühüm məsələlər onları düşündürmüş, hüquq və əxlaq arasında olan uyğun və fərqli cəhətlərdən bəhs etmişlər. Almaniyanın məşhur hüquqşünası və beynəlxaq hüquq üzrə professor Fredman qanun nəzəriyyəsini şərh edərkən Kantın fikirlərini təhlil edərək yazır: “Kantın nəzərində əxlaq və qanun arasında fərq vardır. Onun fikrincə (yəni Kantın), əxlaqdan fərqli olaraq qanunda məcburiyyət zəruridir və haqlar məhz güclü məcburiyyət əsasında xarakterizə olunur” (5.Wolfgang Gaston Friedmann, p. 66). Diqqət etsək görərik ki, bu fərqin olmağı təkcə nəzəriyyədə deyil, praktikada da özünü göstərir. Bundan əlavə, Kant əxlaq və hüquq prinsiplrini ayrı-ayrılıqda təhlil edərək bildirir ki, bunların da arasında mühüm fərq mövcuddur. O, əxlaqın əsaslarını qanunvericiliyin kökündə axtarır; yəni hər bir əməlin başlanğıcı qanunun əsasları üzərində yarandığı üçün hüquqa aiddir. Kantın nəzərində, əgər hər hansı bir şəxs faydalı bir işi yerinə yetirirsə amma burada məqsəd əxlaqi vəzifənin yerinə yetirilməsi deyilsə onda həmin iş etik normalara əsasən dəyərli hesab oluna bilməz. Çünki hər hansı bir işin yerinə yetirilməsində əsas məqsəd əxlaq normalarına riayət olunmasıdır. Amma bilməyərəkdən baş verən hər hansı bir əməl də əxlaq normalarına əsasən qüsurlu sayıla bilməz. (6.Friedrich, Carl Joachim, pp. 125 & 126). Göründüyü kimi əxlaqi vəzifənin tələbləri praktiki işdən daha yaxşıdır. Ona görə ki, fərd hüquqi vəzifəni dərk edərək yerinə yetirir. Buna baxmayaraq Kant heç vaxt siyasi cəhətdən əxlaqi qaydanın hüquqi qaydadan üstün olmasını iddia etməmişdir. Onun fikrincə, hər hansı bir şəxsin atdığı addım əgər qanunlara uyğundursa düzgün və əgər qanunlarla uyğun deyilsə onda düzgün hesab olunmur (7.Patterson, Edwin. W. p. 385 & 386).
Hüquq və əxlaq arasında olan əlaqədən danışarkən bunların arasında ayrılığın mümkün olub olmamasına da diqqət etməliyik və aydınlaşdırmalıyıq ki, hansı hallarda bu iki məfhum arasında ayrılıq yaranır. Amma bu suala cavab verməzdən əvvəl digər mühüm bir sual qarşıya çıxır: ümumiyyətlə, hüquq və əxlaq arasında ayrılıq mümkündürmü? Bu sualın cavabında demək olar ki, hüquqi qaydalar məcburidir və hüquqla bağlı olan öhdəliklər hətta insanlar qəbul etməsələr belə bunlara riayət olunması məcburi hesab olunur. Amma əxlaqla bağlı olan vəzifələr məcburi deyil, bəlkə bu insanda mövcud olan daxili qüvvələrlə (ədalət, vicdan, insaf, şücaət, həya və ...) bağlıdır və elə buna görə də məcburi hesab oluna bilməz. Kant hüquq və əxlaq arasında ayrılığın mövcud olmasını qəbul edir. Onun fikrincə, yaxşılıqları tanımaq iradənin müsbət tərəflərindən irəli gələrək müəyyən bir meyara əsaslanır. Əxlaq mənfəət və ziyanla bağlı olan işlərə göstəriş verir ki, qanunlara tabe olaq. Burada görürük ki, əxlaqın işi bizə aid olan vəzifələrə riayət etməkdir, nəinki mənfətin güdülməsi. Amma hüquq isə kənar əməllərin fəaliyyətinə diqqət edir və onların dəyərini mövcud istiqamətdə müəyyənləşdirir (8.Morris R. Cohen and Felix S. Cohen, p. 73). Digər mühüm bir fərq də ondadır ki, fərd əxlaqla bağlı olan hər hansı bir əməli nəfsin və ağlın hökmü ilə yerinə yetirir; daha aydın desək, əməl əmr və göstərişlə deyil, nəfsin və ağlın hökmü ilə baş verir, amma hüquqi vəzifə isə cəza və qanun tərəfindən təyin olunan öhdəliklərdən qorxaraq yerinə yetirilir. Bundan başqa, əxlaq əqidə və adətlərə bağlıdır və bu hüquqda da özünü göstərir, amma hüquq siyasi qüvvəyə- hakimiyyətə əsaslanır və onun qərarları məhz dövlət tərəfindən müəyyən olunur və tənzimlənir. Bütün bu hallar istisna olmaqla, hüquq və əxlaq arasında olan bağlılıq və bunalar arasında olan əlaqə dəyişməzdir. Çünki bunların bir-birinə ehtiyacı vardır. Bu iki məfhum arasında olan bağlılığın əsas səbəbi ondan ibarətdir ki, insan varlığı adi canılardan fərqlənsin və bütün hallarda dəyərləndirilsin.
Nəticə
Aparılan tədqiqatda belə nəticəyə gəlmək olar ki, əxlaq iki hissəyə bölünür: fərdi əxlaq və ictimai əxlaq. İctimai əxlaq elmə və fəlsəfəyə əsaslanır. Amma fərdi əxlaq isə əxlaqın fəlsəfəsindən kənardır və bu ümumi topluya deyil, ancaq insana aiddir və hüququn da əsaslandığı məzh ictimai əxlaqdır. Hüquq və əxlaq arasında olan əlaqəni təhlil etdikdə iki mühüm məsələ ilə qarşılaşırıq. Əgər hüquqa baxsaq, hüquq bizə deyir ki, olmalı və olmamalıdır; yəni qanunlara tabe olmaq və qanuna zidd olan əməllərə tabe olmamaq. Amma əgər əxlaqın prinsiplərinə diqqət etsək görərik ki, onun da özünə xas tələbləri vardır və əxlaqın bu tələbləri hər bir insanın həyatında mühüm amil hesab olunur. Biri əmr edir (hüquq) və digəri isə (əxlaq) müsbət və mənfi əməlləri göstərməklə insanı iki yolun ayrıcında qoyur. Hüquq və əxlaq arasında olan ayrılığa gəlincə isə bu fərqlər onların daxilindədir, yəni iki tərəf arasındadır və bunların arasında da həll olunur. Elə buna görə də hüququn fəlsəfəsində hüquq və əxlaq arasında olan ayrılığa o qədər də diqqət olunmur. Filosof və hüquqşünasların əksəriyyəti bu iki məfhumun bir-birlərilə bağlılığından bəhs etmişlər, amma bu mövzunun daha çox tədqiq olunmasına ehtiyac vardır.
Hüquq və əxlaq arasında olan əlaqə (əlbəttdə, bəzi hallar istisna olmaqla) bunların hər ikisinin üstünlüyünü göstərir, çünki biri əməli və digəri isə ruhi dəyərləri aşılayır və elə buna görə də bütün əmrləri müqəddəs və toxunulmazdır. Amma digər tərəfdən yanaşsaq məlum olar ki, bunların (hüquq və əxlaqın) qəbul etdiyi və qəbul etmədiyi əməllər vardır. Hüququn ən üstün dəyəri odur ki, həddə və müəyyən meyara əsaslanır, amma əxlaqi məsələlərdə meyar və müəyyən hədd göstərilmir, yəni insan nə qədər üstün keyfiyətlərə sahib olsa, bir o qədər yaxşı qəbul olunur və bəyənilir. Əsil həqiqətdə bunların birlikdə olması ictimai asayişin təmin olunmasını şərtləndirən mühüm məsələlərdir. Qəbul olunmayan əmələri qanunlar islah edir və bundan sonra o əməllər ictimaiyyət tərəfindən yaxşı qəbul olunur. Amma o, əməllər ki, qanuna ziddir və qanun bunların yerinə yetirilməsini qadağan edir və çalışır ki, insanları ona tərəf getməkdən çəkindirsin. Hüquq və əxlaq arasında olan əlaqənin mühüm tərəfi ondadır ki, bunlar təkcə insanın bu gününü və gələcəyini müəyyənləşdirmir, burada əsas məqsəd odur ki, ictimai varlıq bütün hallarda həm daxildə və həm zahirdə sahib olduğu üstün keyfiyyətləri dərk etsin, bunların inkişaf etməsinə daim və bütün mərhələlərdə çalışsın. Hüquq və əxlaqın birlikdə olması əməllərin düzgün istiqamətini müəyyənləşdirir, insan varlığına mənsub olan mənəvi dəyərləri tanıtdırır və ən əsası isə ictimaiyyətdə möhkəm, heç vaxt dəyişməyən sağlam və sabit şəraitin qorunmasını tələb edir edir.
İngilis, ərəb və fars dillərində istifadə edilmiş ədəbiyyatlar
1.Kant, İmmanuel. The Moral Law: Kant’s Groundwork of the Metaphysic of Morals. A new translation with analysis and notes by H. J. Paton, London 1956.
2.Əbu Hamid Muhəmməd Qəzali. Əhyaə ulumud-din (İslam elmlərinin oyanışı). 6 cilddə, 3-ci cild. Beyrut 1975.
3.Xacə Nəsirəddin Tusi. Əxlaqun-Naseri. Naşir: elmi mərkəz. Tehran 1354.
4.D. E. Durkheim. The Rules of Sociological Method. Translated by W. D. Halls. New York 1982.
5.Wolfgang Gaston Friedmann. Legal Theory. London 1947.
6.Friedrich, Carl Joachim. The Philosophy of Law in Historical Perspective. The University of Chicago Press, Chicago 1969.
7.Patterson, Edwin. W. Jurisprudence. Men and Ideas of the Law. Brooklyn, The Foundation Press. INC 1953.
8.Morris R. Cohen and Felix S. Cohen. Readings in Jurisprudence and Legal Philosophy. Baston-Toronto 1938.
Açar sözlər: hüquq, əxlaq, qanun, ictimai əxlaq, ictimaiyyət, filosoflar, hüquqi filosoflar.
Ключевые слова: право, мораль, закон, общественное право, общественность, философы, правовые философы.
Key words: right, morality, law, social morality, community, philosophers, legal philosophers.



Xülasə
Hüququn fəlsəfəsində hüquq və əxlaq arasında oxşar və fərqli cəhətlər
Hüququn fəlsəfəsində təhlil olunan əsas mövzulardan biri də hüquq və əxlaqdır. Ümumiyyətlə, filosofların nəzərində hüququ təkcə praktiki məsələlər əsasında təhlil etmək düzgün deyil, çünki hüquq təkcə əməllə deyil, həm də zati məsələlərlə bağlılığı vardır. Haqqında bəhs etdiyimiz mövzu həm əməli (hüquq) və həm də mənəvi və ruhi (əxlaq) məsələləri əhatə etdiyi üçün mövzuya hər iki istiqamətdə yanaşma zərurəti yaranır. Hüquq və əxlaq arasında olan bağlılıq bunu deməyə əsas vermir ki, hüquq əxlaqdır, amma hüquq əxlaqi dəyərlərə istinad etməklə əmin-amanlığı və ictimai tarazlığı qoruyur. Hüququn istinad etdiyi əxlaq normaları ictimai həyatın bütün məsələlərini özündə birləşdirən tam və heç vaxt dəyişməyən möhkəm bir sistemdir. Çünki hüquq əxlaqi bir kateqoriya olaraq ədalət hissini insanlara aşılayır.
Hazırki məqalədə təkcə hüquq və əxlaq arasında olan bağlılıqdan deyil, həm də bunların arasında olan fərqli məsələlər filosof və hüquqi filosofların nəzəriyyəsinə əsasən təhlil olunmuşdur.
Pashayeva A.N.,
PhD in philosophy, senior researcher at the Department " Islamic Philosophy", Philosophy Institute of NA of AR,
Compatible and different features between law and morals of the Philosophy of Law
Summary
One of the main themes law and morality is analyzed in the philosophy of law. In general, in the eyes of philosophers right it is not analyzed only on practical issues, because law is not only a matter of action, but also with commitment to origin issues. The subject we talk about both practical (law), also moral and spiritual (morality) for covering issues, there is a need to approach the subject in both directions. The commitment between law and morality does not give rise to saying that law is morality, on the contrary law tranquility and protects the social balance by referring to moral values. Ethics norms which referenced by law is a strong system perfect and never changing also combining all issues social life. Because law as a moral category to instill a sense of justice on people. In the current article, not only the connection between law and morality, were analyzed based to the philosophy and legal philosophers' theory also different issues between them.
Пашаева А.Н.,
доктор философии по философии, старший научный сотрудник отдела «Исламская философия» института Философии НАНА.
Резюме
Подходящие и различные особенностей между правом и моралью в философии права
Право и мораль является одним из ключевых тем, анализируемых в философии права. Вообще, согласно теории философов, неправильно анализировать право лишь на фоне практических вопросов, так как право связано не только с действиями, но и сущностными вопросами. Тема, о которой мы рассказываем, охватывает и практические (право), и моральные и душевные (нравственность) вопросы, в связи с чем возникает необходимость подхода к теме с двух направлений. Связь между правом и моралью не дает оснований для утверждения, что право – это моральные, наоборот, право, ссылаясь на нравственные ценности, охраняет безопасность и общественный баланс. Нормы нравственности (моральные), которых придерживается право, являются полной и никогда не меняющейся прочной системой, и объединяющей в себе все вопросы общественной жизни. Так как право как нравственная категория прививает людям чувство справедливости. В настоящей статье проводится анализ не только связи права с моралью, но и различных вопросов между ними на основании теории философов и правовых философов.

“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı 2019 1 (65) Bakı-2019