18.06.2019, 13:17 - Baxış sayı: 762

Qurtuluşdan başlanan intibah


Günel Məlikli,
AMEA-nın Fəlsəfə İnstitutunun “Heydər Əliyevin
siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin
böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru


1993-cü il iyunun ortalarına doğru Azərbaycanda siyasi böhran pik həddə çatmışdı. Ölkə parçalanmaq, xalqımız öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir şəraitdə dövləti düşdüyü burulğanlardan xilas etmək missiyasını Heydər Əliyev kimi dahi şəxsiyyətlər öz üzərlərinə götürə bilərdi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hakimiyyətdə olan iqtidarların yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya baş qaldırmış, daxili çəkişmələr pik nöqtəyə çatmışdı. Ölkədə separatçılıq meyilləri baş alıb gedirdi. Vəziyyəti daha da ağırlaşdıran Ermənistanın hərbi təcavüzü idi. Beynəlxalq münasibətlərdə isə Azərbaycanı müstəqil dövlət kimi qəbul etməyən dairələr vardı.
Təəssüf ki, 1993-cü ilin ortalarına qədər ölkəyə rəhbərlik edənlər vəziyyətin ciddiliyini anlamadılar, əksinə, müstəqilliyimizi, dövlətçiliyimizi sürətlə təhlükəyə doğru apardılar. Onların qeyri-adekvat hərəkətləri ölkədə anarxiyanın miqyasının genişlənməsinə, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji baxımdan böhranın dərinləşməsinə, cəbhədə hərbi uğursuzluqlara, ən dəhşətlisi isə xalqın vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmasına aparıb çıxardı. AXC - Müsavat hakimiyyəti baş verəcək faciələri dərk edib nəticə çıxarmaq və buraxdığı səhvləri xalq qarşısında etiraf etmək əvəzinə sağlam məntiqə sığmayan hərəkətlərə yol verdi. Beləliklə, 1993-cü ilin iyununda məlum Gəncə hadisələri baş verdi.
Belə bir vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı. Çünki xalq ölkənin düşmüş olduğu ağır bəlalardan yalnız ulu öndərin sayəsində xilas olacağına inanırdı. AXC -Müsavat iqtidarı da özünün ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin Azərbaycan xalqı arasındakı nüfuzunu nəzərə alaraq, bu görkəmli şəxsiyyətə müraciət etmək məcburiyyətində qaldı. Vaxtı ilə Naxçıvan MR-ın rəhbərliyindən uzaqlaşdırmağa çalışdığı Heydər Əliyevdən Gəncədə baş verən hadisələrə münasibət bildirməyi və daha sonra Bakıya gəlməyi xahiş etdi.
Məlum olduğu kimi, AXC-Müsavat iqtidarı 1992-ci ildə Heydər Əliyevi Naxçıvan rəhbərliyindən uzaqlaşdırmaq üçün məkirli plan həyata keçirmək istəyirdi. Naxçıvanda dövlət çevrilişinə cəhd göstərilməsi ozamankı iqtidarın əsl mahiyyətini bir daha xalqa göstərdi. Aydın oldu ki, AXC-Müsavat hakimiyyəti blokada şəraitində yaşayan, sosial-iqtisadi problemlərlə və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Naxçıvana nəinki kömək göstərmək istəyir, əksinə, şəxsi qrup maraqlarından çıxış edərək, orada ictimai-siyasi vəziyyəti gərginləşdirmək və vətəndaş qarşıdurması yaratmaq niyyətindədir. Hakimiyyətin bu cür çirkin əməllərə əl atmasının əsas səbəbi isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin AXC-Müsavat iqtidarının ağılsız və avantürist siyasətinə qarşı çıxması, böyük çətinliklərə baxmayaraq Naxçıvanı Ermənistanın silahlı qüvvələrinin hücumlarından qoruması, bu qədim Azərbaycan torpağında ictimai-siyasi sabitliyi bərpa etməsi və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırlması yönündə səmərəli siyasət həyata keçirməsi nəticəsində nüfuzunun gündən-günə yüksəlməsi idi. Sözsüz ki, bu görkəmli dövlət xadiminin ölkədə artan nüfuzunu uğursuzluqlar burulğanında çapalayan cəbhə iqtidarı qısqanclıqla qarşılayır, həzm edə bilmir və ona qarşı şər-böhtan kampaniyası aparırdı.
Xalq isə Heydər Əliyevin siyasi hakimiyyətə dönüşünü arzulayırdı. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr gedir, teleqram teleqram ardınca göndərilirdi. Yeni Azərbaycan Partiyasının yaranması da bu zərurətdən irəli gəlmişdi. Gəncədə baş verən qanlı faciənin miqyasının artması təhlükəsi göstərirdi ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması xalqın yeganə nicat yoludur. Xalq və tarix qarşısında məsuliyyət hissindən vahiməyə düşən, digər tərəfdən, özünün yaratdığı problemləri aradan qaldırmaqla aciz qaldığını anlayan AXC - Müsavat iqtidarı ümumxalq istəyinə və tələbinə boyun əyməyə məcbur oldu, Heydər Əliyevdən imdad dilədi.
Heydər Əliyev dahi siyasətçi idi. Ölkədə böhranın dərinləşdiyi bir vaxtda xalqın köməyinə gəldi. Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət Heyətinin 1993-cü il iyun ayının 7-də keçirilən birgə iclasında Gəncədə baş verən hadisələr vətəndaş müharibəsinin başlanması kimi qiymətləndirildi. Sənəddə qanlı hadisələrin qarşısının dərhal alınmasının zəruri olduğu bildirilərək, ölkə əhalisi milli birliyə və vətəndaş həmrəyliyinə dəvət edildi.
Qayıdış 1993-cü il iyunun 9-da baş verdi. Heydər Əliyev onu qarşılayanların alqışları altında Bakıya qədəm qoydu. Xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin iyun ayının 13-də Gəncəyə gedib, orada keçirdiyi görüşlər bir çox mürəkkəb və ziddiyyətli məsələlərin müəyyənləşdirilməsində mühüm rol oynadı.
1993-cü ilin iyun ayının 15-də keçirilən Milli Məclisin iclasında iqtidar nümayəndələrinin Heydər Əliyevin respublikanın ali rəhbərliyində təmsil olunmasına maneçilik törətmək cəhdləri ortaya çıxdı. Həmin şəxslərin Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi məsələsini arxa plana keçirərək, müzakirələri özlərinə sərf edən istiqamətə yönəltməyə çalışmaları, görünür, onların artıq taleyi həll edilmiş AXC-Müsavat hakimiyyətinin yaşayacağına hələ də ümid etmələrindən, bu uğursuz iqtidarı nəyin bahasına olursa-olsun yaşatmaq cəhdlərindən irəli gəlirdi.
Amma onların cəhdi xalqın tələbi qarşısında duruş gətirə bilmədi və Heydər Əliyev iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Elə həmin iclasda Heydər Əliyev proqram xarakterli çıxışında mövcud dövlət böhranının aradan qaldırılması yollarını, müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclis üzvlərinə, Azərbaycan Ali Sovetinə öz minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlarımdan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Bununla da Azərbaycanın müasir tarixində yeni mərhələnin təməli qoyuldu. Ulu öndərin siyasi hakimiyyətə gəlişi ilə ölkəmiz bütün təhlükələrdən xilas oldu, tənəzzüldən inkişafa qədəm qoydu. Xalqımız öz dövlətçiliyinə sahib çıxdı, müstəqilliyini möhkəmləndirdi. Ulu öndər hüquqi və demokratik Azərbaycan dövlətinin banisinə çevrildi.
Heydər Əliyevin zəkası bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz ulu öndər Heydər Əliyev olub. Başqa sözlə, ümummilli lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Ümummilli lider Heydər Əliyev daim dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.
Bu gün müasir Azərbaycan Heydər Əliyevin şah əsəri kimi inkişaf edir, yüksəlir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın sayılıb seçilən dövlətinə, kosmik klubun üzvünə çevirib. Ölkəmiz beynəlxalq enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış edir. Həyata keçirilən uğurlu siyasət həm də vətəndaşların sosial rifahının yüksəlməsində özünü göstərir. Xalqımız bunu görür və haqlı olaraq cənab İlham Əliyevin ətrafında sıx birləşib. Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir.

"Azerbaijan-news.az"