18.06.2019, 13:56 - Baxış sayı: 753

Qurtuluş müstəqillik yolunda yeni mərhələnin başlanğıcıdır


Günel Məlikli
AMEA-nın Fəlsəfə İnstitutunun “Heydər Əliyevin
siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin
böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru


Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.
Heydər ƏLİYEV Ümummilli lider

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.
Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək istəyirdi.
Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün isə Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosialiqtisadi proqramdan, yaxud roblemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dinamik inkişafın təməlini qoydu. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, digər vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi.
Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna çıxdı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başladı, siyasi sabitlik möhkəmləndi. Qısa müddətdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni sahələrdə müsbət nəticələr əldə edildi, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin olundu.
Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət daşıyan atəşkəs əldə edildi. Atəşkəs razılığının həyati əhəmiyyəti onda idi ki, məhz bundan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və digər sənədlər imzalandı.
Respublikada yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüskarına, eyni zamanda, fəal iştirakçısına çevrildi.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarınınbələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi, həmçinin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.
Azərbaycan dövlətçiliyinin memarı olan ulu öndər Heydər Əliyev cəmiyyətimizin demokratikləşməsi, milli qanunvericiliyimizin təkmilləşməsi və insan hüquqlarının daha etibarlı təmin olunması istiqamətində növbəti addım ataraq, 2002-ci il 22 iyun tarixli fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum aktının layihəsini ümumxalq səsverməsinə çıxardı. Bu, təsadüfi deyildi. Çünki 1995-ci il noyabr ayının 12-dən, yəni ilk milli Konstitusiyanın qəbul edilməsindən ötən yeddi il ərzində cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində köklü dəyişikliklər baş vermiş, hərtərəfli demokratik islahatlar aparılmış, o cümlədən, ölkənin bütün hüquq sistemi yenidən qurulmuş, insan hüquqlarının daha etibarlı qorunması üçün yeni üç pilləli məhkəmə hakimiyyəti yaradılmış, hüquq-mühafizə sisteminin fəaliyyətinin demokratik dəyərlərə və beynəlxalq standartlara uyğun təşkili məqsədilə yeni qanunlar və məcəllələr qəbul olunmuşdu. Aparılan demokratik islahatların məntiqi nəticəsi olaraq ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmiş, insan hüquqları ilə bağlı əsas beynəlxalq konvensiyalara qoşulmuş, üzərinə mühüm öhdəliklər götürmüşdü. İctimai-siyasi həyatda baş verən bütün bu yenliklər milli qanunvericiliyimizin konstitusion prinsipləri ilə bilavasitə bağlı olduğu üçün ölkəmizin Konstitusiyasında da müvafiq dəyişikliklər edilməsi təbii və həm də labüd proses idi. Məhz bunu nəzərə alaraq ulu öndərimiz dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın Əsas Qanununun müasir tələblər baxımından təkmilləşdirilməsi, Konstitusiyaya daha işlək mexanizmlərin tətbiqi məqsədilə təşəbbüs irəli sürmüşdü.
Konstitusiyada nəzərdə tutulan və ümumxalq müzakirəsinə çıxarılan dəyişikliklər tam mütərrəqqi xarakter daşımaqla, ilk növbədə, milli dövlətçiliyimizin, demokratik norma və prinsiplərin daha da möhkəmləndirilməsinə, qanunvericiliyin ölkəmizin üzərinə götürdüyü öhdəliklərə, o cümlədən, 2001-ci il dekabr ayının 25-də Milli Məclis tərəfindən ratifikasiya olunmuş “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmasına, insan hüquqlarının daha səmərəli və etibarlı təminatına xidmət edirdi. Əsas Qanunda nəzərdə tutulan bütün dəyişikliklər son nəticədə Azərbaycanda insan hüquqlarının daha etibarlı qorunması istiqamətində yeni mexanizmlərin və təminatların yaradılmasına yönəldildi. Çünki bu dəyişikliklərin təşəbbüskarı ilk milli Konstitusiyamızın müəllifi, ölkəmizdə insan hüquqlarının və bu hüquqların təminatçısı olan məhkəmə hakimiyyətinin müstəqilliyinin qarantı – dahi şəxsiyyət Heydər Əliyevidi.
Konstitusiyada əksini tapan prinsiplərin təmin olunması sahəsində ortaya çıxan əsas problemlərdən biri də ölüm hökmünün ləğvi ilə bağlı idi. Buna görə də 1998-ci il fevral ayının 10-da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ölüm hökmünün ləğvi haqqında Prezidentin təşəbüsünü müdafiə edən qanun qəbul olundu. Beləliklə, Azərbaycanda ölüm hökmü rəsmi olaraq ləğv edildi. Bu hadisə respublikada vətəndaş cəmiyəti quruculuğu prosesinin yeni mərhələsi kimi tarixə düşdü.
Bildirmək istərdim ki, o zaman ölüm hökmünün ləğvi faktiki olaraq ölkədə insan hüquqları anlayışının dövlətin ali vəzifəsi kimi qavranılmasının əyani göstəricisi idi. Heydər Əliyev bu cəza növünü Cinayət Məcəlləsindən götürməyən dövlətlərə göstərdi ki, hətta ölüm hökmü kimi qorxulu bir hüquqi amili tətbiq etmədən belə ictimai-siyasi sabitliyə nail olmaq, vətəndaşların təhlükəsizliyini qorumaq və cinayətkarlığın miqyasını kiçiltmək mümkündür. Bunun üçün xalqın etimadına güvənən siyasətə və vətəndaşların ümumi iradəsini ifadə edən idarəetmə fəlsəfəsinə malik olmaq kifayərtdir.
Ümummilli lider ölkədə ictimai-siyasi sabitlik yaratdı və ən ağır məqamlarda belə dövlətin siyasətində humanizm prinsiplərinin saxlanılmasının mümkünlüyü və zəruriliyini sübuta yetirdi. Bax, bu, Heydər Əliyevin dövlət xadimi kimi dahiliyini, fövqəladə siyasi keyfiyyətlərini özündə ehtiva edən növbəti amillərdən biri idi.
Heydər Əliyevin “İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına böyük əhəmiyyət verirdi. O, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirir, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması üçün ardıcıl və səmərəli tədbirlər görürdü. Ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Bakıda dünya azərbaycanlılarının ilk tarixi qurultayının keçirilməsi, bununla da Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edilməsi deyilən fikrin bariz ifadəsi idi. Heydər Əliyevin Azərbaycanda Latın qrafikasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001- ci ildə imzaladığı fərmanlar, milli- ənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri və bir sıra digər sahələrdə səmərəli fəaliyyəti milli-mədəni inkişafımızda və mənəvi birliyimizin möhkəmlənməsində böyük rol oynamışdır. Xalqımız ulu öndər Heydər Əliyevin xidmətlərini daim minnətdarlıqla xatırlayır. Dahi şəxsiyyətin miras qoyduğu zəngin irs, ölməz ideyalar bu gün də yaşayır və ölkəmizi inamla gələcəyə aparır. Artıq 16 ildir ki, müstəqil Azərbaycanın idarəçilik sükanı Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Dövlət başçısının ümummilli liderin siyasi, sosial-iqtisadi strategiyasını uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündəngünə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm sosial-iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir.

"Xalqqazeti.com"