24.06.2019, 10:32 - Baxış sayı: 941

Həqiqət fəlsəfəsi


Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan xalqının zəngin ictimai-siyasi, ədəbi-fəlsəfi irsində xüsusi rol oynayan, elm və mədəniyyətin inkişaf etdiyi Şirvan mühitində böyüyüb böya-başa çatan görkəmli mütəfəkkir İmadəddin Nəsimi müasirləri, ya ondan əvvəlki sələfləri kimi, ehtiyatlı, tədbirli, hər sözün xeyir və zərərini ölçüb-biçərək dilə gətirən və yazan, dövrün tələb və şəraiti ilə hesablaşan adi şair olmamışdır.
O öz coşqun və qaynar yaradıcılığı, dərin fəlsəfi fikirləri, üsyankar ruhu ilə poeziyanın və fəlsəfi fikrin ozamankı sərhədlərini aşaraq dastan və rəvayətlərdən, qurama hekayələrdən imtina edib, dövrünün ictimai-siyasi proseslərinə, insanların zehniyyətinə yerləşmiş dini inanc və təlimlərə, bərqərar olmuş adət və ənənələrə tamamilə yeni baxış və yanaşma ilə insanı, məhz insanı hər şeydən uca tutmuş, ömrünün sonunadək bu ideyasına sadiq qalmışdır. Onun yaratdığı insan obrazı, görmək istədiyi bu uca varlıq Yaradanın bənzəridir, onun varlığının təcəssümüdür, onun real həyatda təcəllisidir. Şeirlərində Nəsimi kamil insandan bəhs edir, sufilərin şəriət, təriqət, mərifət yolunu keçib həqiqətə yetişən insandan söz açır, onu uca Yaradanla eyniləşdirir:
Səni bu hüsni cəmal ilə,
kəmal ilə görüb,
Qorxdular həqq deməyə,
döndülər insan dedilər.

Nəsimi sadəcə yüksək fəlsəfi-poetik təfəkkürə malik şair deyildi, o, sözün əsl mənasında dini xurafata, fürsətcil ruhaniliyə, ədalətsiz hakimiyyət və idarəçiliyə, azad düşüncə və ifadənin qarşısını alanlara üsyan edən qiyamçı bir şair idi. O, çox böyük bir coğrafi məkanda - Azərbaycanda, Anadoluda, İranda, Suriyada məqsədyönlü şəkildə gəzib-dolaşaraq öz ictimai-fəlsəfi baxışlarını xalq içində özü də təbliğ edirdi. Onu tanıyırdılar, sevirdilər, ardıcılları minlərlə idi, onun təlimini cəsarətlə və sevərək yayırdılar, yaşadırdılar.
Nəsiminin şəxsiyyəti ilə dünyagörüşü vəhdət təşkil edirdi. Sufi fəlsəfəsinin kamillik dərsini keçmiş şair özü şeirlərində vəsf etdiyi "kamil insan” zirvəsindədir. Bu insan elə onun özünün yüksək məqama yüksəlmiş şəxsiyyətidir. Akademik İsa Həbibbəyli yazır: "İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə kamil insan olmaq uğrunda mübarizə aparmışdır. Şairin fikrincə, kamil insan ədalətli cəmiyyət yaratmağın əsasıdır, ilahi varlıq səviyyəsinə yüksələn böyük mənəvi sərvətdir. Ona görə də Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində ən yüksək zirvəni fəth etmiş insan heykəlidir”.
Bəs Nəsimi şeirlərinin fəlsəfi fikirlərinin cazibədarlığı və insanların diqqətini çəkməsinin səbəbləri nə idi? Bunun üçün Nəsimi fəlsəfəsinə qısa nəzər salmaq lazımdır. Əvvəla, bu fəlsəfə öz-özünə, ya qeybdən yaranmamışdı. Azərbaycan xalqına xas uzun tarixi dövr ərzində təşəkkül tapmış fəlsəfi fikrin zəminində ərsəyə gəlmişdi. Bizim eradan əvvəl II-I minilliklərdə Azərbaycan ərazisindəki dövlət quruluşlarında, sonra Atropatena və Albaniyada geniş yayılmış xalq təfəkküründən, həyat tərzindən, dövrün mənəvi tələbatından doğan dini inanclar, ictimai-siyasi təlimlər, xüsusilə də çox böyük bir bölgədə təsir dairəsinə malik olan zərdüştilik, manixeyçilik, məzdəkilik, bunların əsrlər boyunca insanların təfəkküründə saldığı izlər, bu təlimlərin sosial-etik-siyasi tələbləri, eyni zamanda, ən qədim zamanlardan nəsildən-nəslə ötürülən ənənəvi türk inancları, təktanrıçılıq islamaqədərki dövrdə insanların ictimai görüşlərinin formalaşmasına öz təsirini göstərmişdi. Xüsusilə də Nəsimiyəqədərki yeddi əsrlik ziddiyyətli İslamiyyət dövrü. Ərəb xilafətinin siyasi və dini hakimiyyəti də həmin qədim çağların yadigarı olan ənənə və baxışları tamamilə aradan qaldıra bilməmişdi. Yeri gəlmişkən, Nəsimi dövründən yeddi əsr keçməsinə baxmayaraq, həmin əski çağlardan qalan bəzi inanclarımız islamla yanaşı indi də yaşamaqdadır, çünki qədim türk ruhu, yaxud dünyanın varlığını xeyirlə şərin mübarizəsində izah edən zərdüştilik, Azərbaycanda ən qədim zamanlardan üzü bəri yaşayan və bu vətənin aborigenləri olan hər bir azərbaycanlının genetik yaddaşında oturub. Biz indi buna tam adiləşmiş, bir çulğaşma kimi baxsaq da, bununla belə Nəsimi zamanında islam dininin ozamankı rəsmi yozumundan kənara çıxan hər bir addım, söz və hərəkət küfr sayılıb təqib edilirdi.
Nəsiminin fəlsəfi görüşlərinin formalaşması, heç şübhəsiz ki, onun İslamiyyət dövründə yaranan, xüsusən də Azərbaycan mütəfəkkirləri tərəfindən irəli sürülən fəlsəfi fikirlərin təsiri ilə baş vermişdir. Onu qeyd etmək lazımdır ki, islamın gəlişi və Qurani-Kərimin ehkamları ilə yanaşı, islama müxtəlif yanaşmalar və münasibətlər də meydana çıxır, etnik və ənənəvi qaydalardan, həyat tərzindən qaynaqlanan şərhlər və izahlar da əmələ gəlirdi. Belə bir şəraitdə fəlsəfi fikir islam ilahiyyatçılığı ilə qarşılıqlı əlaqədə, ayrılmaz bir şəkildə formalaşırdı. Artıq X-XIV əslərdə Azərbaycanın türk əsilli, ərəb və farsdilli ilahiyyatçı filosofları var idi və onlar bütün müsəlman Şərqində tanınırdılar: Əbubəkr Əhməd İbn Harun Bərdəyi (X ə.), Məkki İbn Əhməd Bərdəyi, Musa ibn İmran Səlmasi (X ə.), Süleyman Təbrizi (X ə.). Harun Bərdəyinin "Əl-əsma əl-Mufrada” əsəri ən mötəbər və qəbuledilən ilahiyyat traktatlarından biri hesab edilirdi. Qeyd edilməlidir ki, hələ VIII-IX əsrlərdə islamiyyətin tam oturuşub bərqərar olmadığı dövrlərdən etibarən islam ehkamları ilə uzlaşmayan müxtəlif təlimlər də yaranırdı. Ağlı, elmi, fəlsəfəni dini inanca, etiqada qarşı qoyub, insanın ağlın gücü ilə Allaha yetişə biləcəyini ortaya atan mötəzilik təlimi meydana çıxmışdı. Azadfikirliliyə və rasional düşüncəyə əsaslanan bu cərəyan Azərbaycanda da öz tərəfdarlarına malik idi. IX əsr ərəb tarixçisi Əl-Yəqubi Azərbaycanda mötəzililərlə mötədil islamçılar arasında gedən amansız mübarizədən yazmışdı. Azərbaycanın tanınmış filosoflarından Əbubəkr Məhəmməd ibn Abdulla Bərdəyi, Əbusəid Əhməd Bərdəyi də bu fikir cərəyanlarında iştirak edirdilər.
Həmin əsrlərdə mistikyönlü cərəyanlar meydana çıxırdı. Rasionalizm və mistikanı özündə uzlaşdıran batiniyyə cərəyanı yaranmışdı. İsmaililik və sufilik də bu dövrdə formalaşırdı. Şiəliyin içində yaranan, onda bir cərəyan kimi şəkillənən ismailizm az sonra onun və ümumiyyətlə, islamın bəzi müddəalarına qarşı çıxırdı. Allahı İlk Səbəb, Yaradan kimi qəbul edən, lakin onun yaradıcı missiyasından sonra heç nəyin onun iradəsindən asılı olmadığını əsas gətirən panteistlər ağlın, elmin gücünə inanırdılar və ölkəmizdə də bu cərəyanın kifayət qədər tərəfdarı var idi. Eyni zamanda, dövrün ən məşhur sufiləri Bəyazit Bistani və Mənsur Həllacın təlimi burada geniş yayılmışdı. Tarixi mənbələrdə Mənsur Həllacın Azərbaycanda, Reydə və Təbəristanda qərmətilər (ismaililər) hərəkatına başçılıq etməsi barədə məlumatlar vardır.
Azərbaycanda Nəsimiyəqədərki dövr sufizminin ən tanınmış nümayəndəsi Baba Kuhi Bakuvi (933-1050) olmuşdur. Baba Kuhi Bakuvi sufi təriqətinin başçısı olaraq, həm nəzəri, həm də əməli fəaliyyəti ilə, xüsusilə İslam Şərqinin ən böyük sufisi Mənsur Həllaca həsr etdiyi "Əxbar əl-arifin” və "Əxbar əl-qafilin” traktatları ilə Azərbaycan fəlsəfi irsini zənginləşdirmişdi. Onun qardaşı Pir Hüseyn Şirvani də sufizmin fəal ardıcıllarından olmuşdur. O zamanlar Azərbaycanın görkəmli filosofu Şihabəddin Ömər Sührəvərdinin (1145-1234) fəlsəfəsinin nuru bütün Şərqə yayılmışdı. Onun adı ilə yeni şəraitdə sufizmin inkişafının mühüm istiqaməti bağlıdır. O, Allahı dərk etmək yolunu insanın özünüdərki və özünütəkmilləşdirməsi ilə əlaqələndirir, ağlın gücünə, elmə xüsusi önəm verirdi. 922-ci ildə Bağdadda edam edilən Mənsur Həllacın "Ənəlhəq” kəlamını dini cəhətdən yozaraq, onu heç də küfr hesab etmirdi.
Ümumiyyətlə, XI-XIII əsrlərdə Bağdadda və Şərqin digər elmi hövzələrində yüksək dini-fəlsəfi-hüquqi təhsil almış dövrün tanınmış filosofları, ilahiyyatçıları arasında Azərbaycan mütəfəkkirləri də çox idi. Bunların bir sırası barədə Yaqut Həməvinin "Mucəm əl-Buldan” əsərində verdiyi siyahıdan məlumatlar əldə etmək olur. Bu dövrün görkəmli alimləri sırasında özündənsonrakı nəslin dünyagörüşünə, peşəkar fəlsəfə, hüquq, ilahiyyat elmlərinə öz töhfəsini verən Əbülhəsən Bəhmənyar, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi kimi alimlər yetişmişdi. Ustadı İbn Sinanın təlimini davam və inkişaf etdirən böyük ensiklopedik alim, peşəkar filosof Bəhmənyar "Ət-Təhsil” əsərində Şərq peripatetizminin bütün sonrakı inkişafına təkan vermişdi. XI-XII əsrlərdə Əbülüla Gəncəvinin, Xətib Təbrizinin, Xaqani Şirvaninin, Qətran Təbrizinin, Fələki Şirvaninin, Nizami Gəncəvinin, Mücirəddin Beyləqaninin, Yusif Xoylunun, Məhsəti Gəncəvinin əsərləri azadfikirlilik, sosial ədalət, insan azadlığı uğrunda mübarizə aparan təlimlər və fəlsəfi görüşlər üçün zəngin zəmin hazırlamışdı.
Orta əsr Azərbaycanının bu zəngin dini-fəlsəfi və mənəvi-etik mühitində azadfikirlilik nə qədər təqiblərə məruz qalsa da, çağlayan bir çeşmə kimi özünə yol açıb təzahür edirdi. Xalqımızın çox uzaq keçmişindən, azad türk ruhundan sərçeşmə götürən, "Kitabi-Dədə Qorqud”da dastanlaşan, qayaüstü yazılar kimi xalqımızın mənəvi yaddaşına həkk olunan azadlıq hisləri, azadfikirlilik və insanı hər şeydən üstün tutmağı təlqin edən görüşlər Nəsimi yaradıcılığında, onun çoxcəhətli fəaliyyətində, poeziyasının təsir gücündə daha qabarıq üzə çıxdı. Əsərlərini əsasən ərəb və fars dillərində yazan əksər mütəfəkkirlərimizdən fərqli olaraq, Nəsiminin elmə, irfana, məntiqə, fəlsəfəyə, ilahiyyata, sufizmə, hürufilik təliminə və dövrünün digər ictimai-siyasi mədəni məsələlərinə dair doğma Azərbaycan türkcəsində yazdığı və təbliğ etdiyi əsərlər, çıxışlar, mükalimə və mübahisələr, şərhlər və çağırışlar müxtəlif qəbildən olan insanların qəlbinə və zehninə daha asan yol tapır, könüllərə hakim olur, bir məktəb formalaşdırırdı.

* * *

1369-cu ildə Azərbaycanın tarixi Şirvan torpağında doğulan, bütün varlığı ilə vətəni Azərbaycana bağlı olan Nəsimi hələ gənc yaşlarından hürufi təlimi ilə maraqlanırdı. Bu təlimin yaradıcısı və rəhbəri Fəzlullah Nəimini öz ustadı kimi çox sevir, onun yaradıcılığının təsir qüvvəsini öz üzərində hiss edirdi. Nəsiminin fəlsəfi görüşlərinin formalaşmasında mürşidi Nəiminin şəxsiyyəti, təlimi, "Cavidannamə” və s. əsərləri ilə yanaşı, onun hürufilərlə tanışlığı, bu hərəkatın içində olmasının həlledici rolu olmuşdur. Bu elə bir tarixi dövr idi ki, ərəb xilafətinin və türklərin (Qəznəvilərin, Səlcuqların) hakimiyyəti başa çatmış, böyük bir region, o cümlədən bütün Azərbaycan, İran, Anadolu monqol istilasına düşərək ağlagəlməz dağıntı və işgəncələrə məruz qalmış, sonra isə Əmir Teymurun sərt qayda-qanunlarla müşayiət olunan hakimiyyəti bu torpaqlarda bərqərar olmuşdu. Belə bir şəraitdə hürufilik islam içərisində daha mütərəqqi, xalqın arzularından və ənənəvi Şərq müdrikliyindən qaynaqlanan sufilik təliminin fəlsəfi-ictimai təzahürlərindən biri kimi meydana gəlmişdi. Bu təlimdə mənəvi-dini dəyişikliklərlə bərabər geniş ictimai tələblər də irəli sürülürdü.
Nəsiminin fəlsəfi görüşlərinin formalaşmasında mürşidi Fəzlullah Nəiminin xüsusi yeri vardır. "Fəzl həqdir, Fəzl-e Həqq memarımız” deyən şair ömrünün çox hissəsini hürufiliyin təbliğinə həsr etmiş, həmişə harda olsa da, xalqın içərisində öz qəzəlləri ilə dövrün dini qanunları ilə əsla uzlaşmayan, lakin xalqın sevə-sevə dinlədiyi görüşlərini yaymaqdan çəkinməmişdir. Hətta həbs olunub zindana salınsa da, ideyalarından əl çəkməmişdir.
Həqiqətən də hürufilik Yaradan və yaradılanın, maddi və mənəvi aləmin sirlərinin və qarşılıqlı əlaqələrinin şərhində simvollaşdırılan hərflər və rəqəmlərdən istifadə üsuluna müraciət etsə də, bu fəlsəfənin əsasını "vəhdəti-vücud” təşkil edir. Bu təlimə görə, əzəli və ilkin qüvvə Vücudi-Mütləqdir, Yaradanın Özüdür. Qalan bütün mövcudat mümkünül-vücuddur və Yaradanın iradəsinə bağlıdır, onunla izah oluna bilər. Hürufilər dünyanın, yaradılışın əsasında hərfləri görürdülər, ərəb əlifbasının 28, fars əlifbasının 32 hərfini ilahiləşdirərək hərflərdə İlahi Yaradıcının simasını təsəvvür edirdilər.
Nəsiminin fəlsəfi irsinin tədqiqatçılarının haqlı olaraq qeyd etdikləri kimi, zamanın çağırışlarına Nəsiminin cavabı onun həmin dövrün əxlaqi, mənəvi, fəlsəfi təcrübələrinin dərin və qlobal ümumiləşdirilməsinin əks olunduğu şeirlərində təzahür edirdi. Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyətinə dair dəyərli əsərlərin müəllifi olan xalq yazıçısı Anarın yazdığı kimi, monqolların, Əmir Teymurun, Toxtamışın müharibə və talanlarına məruz qalmış nəhəng bir coğrafiyada insan həyatının bir at qədər dəyərli olmadığı zamanda Nəsimi insanı ucaldır, onun şəxsiyyətini göylərə qaldırır, insanın şərəfinə qızğın himn yaradır, insanda Allahın sifətini, təcəllisini görürdü.
Nəsimi şəxsiyyətinin böyüklüyü, dünyagörüşünün genişliyi və əhatəliliyi ilə dövrün dini-fəlsəfi cərəyanlarının cızdığı çərçivələri aşıb, onlardan çox-çox yuxarıda dururdu, sufilikdən, o cümlədən hürufilikdən də yüksəkdə yer alırdı. O öz poeziyasında dünyanın, həyatın, insanın, təbiətin mövcudiyyətini şərtləndirən səbəbləri araşdırır, suallar qoyur, öz suallarına cavablar axtarır və çox zaman özü də bu suallara cavab verir. Bütün sualların cavabını o, vəsf edərək Yaradana bərabər tutduğu insanda axtarırdı. "Həqq mənəm, həqq məndədir, ənəlhəqq söylərəm” deməklə Nəsimi Mənsur Həllacı da öz dərin fəlsəfi lirikası və cəsur çıxışları ilə ucaldır, yaşadırdı. Necə ki, özü də edamından sonra bütün Şərqdə sanki yenidən doğulur, haqq aşiqi kimi, həqqin özü kimi şəhid-filosof, mübariz əzabkeş, dönməz əqidə qəhrəmanı kimi hürufiliyin, bütövlükdə sufiliyin sonrakı inkişafını şərtləndirir.
Nəsiminin fəlsəfəsində aparıcı istiqamət sufizmdir. Hürufiliyə sufizmdən gəldiyinə görə onun qəbul etdiyi, təlqin və təbliğ etdiyi ideyalar da sufizmdən gəlirdi. Dünyanın varlığını, məkanın və zamanın bütöv birliyini - vəhdət-e vücudu şərh edən şair Allaha gedən yolun da sözdən və məhəbbətdən keçdiyini bəyan edirdi.
Nəsimi sufiliyin bütün çalarlarını incələmiş, ərəb və farsdilli sufi fikir sahiblərinin irsini mənimsəmiş, arif və aşiq adlandırdığı bu insanları dəyərləndirmis və özü də dövrünün, yəqin ki, ən böyük sufisi, Həllacı olmuşdur. Bu geniş yayılmış təriqətin (Allaha qovuşmaq, Onu dərk etmək yolu), xüsusilə də onun bir qolu kimi meydana çıxmış hürufiliyin təsiri ilə Nəsimi insanın Allahla vəhdətini, həmçinin maddi və mənəvi dünyanın Yaradanla bağlılığını vəsf edir. Onun şeirlərində ilahi məhəbbət aparıcı yer tutur, lakin Nəsimi bir incə ruhlu şair olaraq insanın dünyəvi məhəbbətinə də üstünlük verir, insanı bəzi hallarda allahlaşdırdığı kimi, onun eşqini də ilahiləşdirirdi. Eyni zamanda, canlı, təbii insani eşqi də səmimi hislərlə ifadə edirdi:
Düşdü yenə dəli könül
gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyali nə?

Nəsiminin tərənnüm etdiyi insan, onun eşqi, Yaradana və dünyaya münasibəti bütün din və təriqətlərdən ucada durur. O, bütün haqsızlıqların, ədalətsizliklərin, qeyri-insani əməllərin qarşısında durur, din və məzhəb ixtilaflarının əleyhinədir, bir sıra şəriət ehkamlarını, ibadət mərasimlərini, axirətlə bağlı deyilənləri, hər cür mövhumat və xurafatı, tərkidünyalığı qəbul etmir, dinlər və imanlar arasında fərq qoymur.
* * *
Nəsiminin fars dilində "Divan”ı və ərəbcə yazdığı bir çox şeirləri onun fəlsəfəsinin ümumtürk coğrafiyasının hüdudlarından kənarda da geniş yayılmasını təmin edir, xalq kütlələri tərəfindən incə ruhlu və dərin mənalı əsərlər yaradan şair kimi sevilsə də, hakim siyasi dini dairələr onu inkar edir, yaradıcılığını küfr adlandırıb dinə zidd olduğunu təlqin edirdilər. Bu cür ittihamlar da Nəsimini məşhurlaşdırır və müxtəlif ölkələrdə onun çoxsaylı ardıcıllarının meydana çıxmasına zəmin yaradırdı. Nəsimi həm bir şair, həm də mütəfəkkir olaraq poeziyasında olduğu kimi, şəxsiyyətində də hakim ideologiyaya, zamanın və hakim dinin sərt qaydalarına, riyakar ruhanilərin tələblərinə boyun əymədi. Hətta 1417-ci ildə Misir sultanının fərmanı ilə dərisi soyulmaqla edama məhkum ediləndə belə əqidəsindən dönmədi.
Nəsiminin doğma türk (Azərbaycan) dilində yazması onu həm sağlığında, həm də edamından sonrakı daha uzun, ədəbi ömründə bütün türk dünyasında tanıtmış və sevdirmişdi, onun zəngin bədii və fəlsəfi irsi Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin inkişafına çox böyük təsir etmişdir. Nəsimi dilinin və poetikasının dərin qatlarında hələ açılmamış sirlər çoxdur:
Sirri-ənəlhəq söylərəm aləmdə,
pünhan gəlmişəm,
Həm həqq derəm, həqq məndədir,
həm xətmi-insan gəlmişəm.
Həm Lövhü Tövratü Zəbur,
İncilü Quranü Süfəf,
Həm mən kəlami-natiqəm,
həm cəm-i-Quran gəlmişəm.
Həm mən qələndərsurətəm,
fərdəm, mücərrəd təcridəm,
Oldum fəqirü həm gəda,
həm mülkə sultan gəlmişəm.
Gəlmiş cahana şərh edər
şimdi Nəsimi həqq sözün,
Ani kim idrak eyləsin,
mən sirri-pünhan gəlmişəm?!

Nəsiminin fəlsəfi görüşlərinin, xüsusilə də hürufiliyin keçən əsrin 70-80-ci illərində Azərbaycan filosofları, AMEA-nın müxbir üzvü, professor Zakir Məmmədov, professor Zümrüd Quluzadə və başqaları tərəfindən tədqiq edilib öyrənilməsi və Nəsiminin fəlsəfi görüşlərində hürufiliyin yeri və önəminin araşdırılması olduqca təqdirəlayiqdir. Lakin Zümrüd Quluzadənin 1970-ci ildə Bakıda rus dilində nəşr edilmiş "Hürufizm və Azərbaycanda onun nümayəndələri” adlı dəyərli monoqrafiyasının indiyə kimi Azərbaycan dilinə tərcümə edilmədiyini təəssüflə qeyd etməliyik. Düşünürük ki, tarixi-ədəbi mənbələrin dərindən təhlili əsasında yazılmış bu qiymətli əsərin ana dilimizdə nəşri olduqca vacibdir. Ümumiyyətlə, Nəsiminin zəngin fəlsəfi irsinin hərtərəfli tədqiq edilib öyrənilməsi, fars dilindəki divanının tərcüməsi ilə birlikdə akademik nəşrinin təmin edilməsi və onun fəlsəfi təhlilə cəlb edilməsi, ərəb dilindəki şeirlərinin tərcüməsi və şərhi, xüsusilə də onun günümüz üçün də dəyərli olan Yaradana, insana, bəşəriyyətə, ətraf aləmə məhəbbət təlqin edən həyat və mübarizə fəlsəfəsinin hərtərəfli açılması və təbliği "Nəsimi ili”nə əhəmiyyətli töhfə olardı.

"Azərbaycan" qəzeti