15.07.2019, 16:50 - Baxış sayı: 1927

MÜSƏLMAN ŞƏRQİNİN PARLAQ İŞIĞI


(Şihabəddin Yəhya Sührəvərdinin doğumunun 865 illiyi münasibətilə)

2019-cu ildə İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 865 illiyi tamam olur. Azərbaycanın dahi filosofunun həyatı və zəngin yaradıcılığı hər zaman Şərq və Qərb tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Həmin tarixi hadisənin qeyd edərkən Azərbaycanda Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun tədqiqatları diqqət çəkir. Filosofun anadan olmasının 865 illiyini qeyd edərkən Zakir Məmmədovun XX əsrin 60-cı illərindən başlayan, onlarla məqalədə, bir neçə kitabda əksini tapmış tədqiqatları mütəfəkkirin irsinə verilmiş əvəzisiz töhfədir. Alimin 1991-ci ildə Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illiyi münasibətilə gördüyü işlər, biblioqrafik göstəricilər kitabının çapı bu sahədə böyük işlərin görüldüyünə sübutdur. Bu səbəbdən də, Şihabəddin Sührəvərdinin anadan olmasının 865 illiyi Zakir Məmmədovun tədqiqatları işığında yad edilir.

Aytək Zakirqızı (Məmmədova)
AMEA-nın Fəlsəfə İnstitutu fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi

Orta əsrlər Şərq mədəniyyəti və fəlsəfəsi müasir dövrdə dünya tədqiqatçılarının diqqət mərkəzində duran, araşdırılan sahələrindən biridir. Müxtəlif təlimlərin, cərəyanların tədqiqi həmin yüzilliklərdə müsəlman Şərqinin yüksək inkişafını, zirvələr fəth etməsini sübuta yetirir.
Mənbələrdən və tədqiqatlardan aydın görünür ki, İslam aləmində əsas etibarilə əqidə sərbəstliyinə önəm verilmiş, humanizm, dini dözümlülük mövqeyindən çıxış edilmişdir. Məhz buna görə də orta əsrlərdə müsəlman Şərqi ölkələrində elm və mədəniyyət yüksək səviyyədə olmuşdur.
“İslam aləminin fəlsəfəsi” və “İslam fəlsəfəsi” ifadələri arasında məna fərqi vardır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq bu mələsələdən bəhs etmişdir. Alim yazmışdır: “İslam aləminin mədəniyyəti, elmi, fəlsəfəsi və s.” əvəzinə “islam mədəniyyəti, elmi, fəlsəfəsi və s.” demələri dolaşıqlıq yaradır. İbn Sina, Bəhmənyar, İbn Rüşd, Eynəlqüzat Miyanəci və Şihabəddin Sührəvərdini – bitkin elmi-fəlsəfi təlimlərinə, müstəqil doktrinalarına görə əzab və işgəncələrə məruz qalmış bu filosofları Əbuhamid Qəzali ilə, ümumiyyətlə sxolastlarla bir mövqedə tutub, onları “islam fəlsəfəsinə” aid etmək düzgün deyildir.
Müsəlman Şərqi ölkələrində orta əsrlərdə həm dini, həm də dünyəvi elmlər inkişaf etmişdir. Dini elmlər fəqih-mütəkəllimlərin (hüquqşünas-sxolastların), dünyəvi elmlər isə əsasən peripatetiklərin və işraqilərin əsərlərində öz əksini tapmışdır.
Zakir Məmmədov orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda dini-fəlsəfə ilə yanaşı elmi-fəlsəfənin də mövcud olduğunu sübut etmişdir. O, üç mühüm elmi-fəlsəfi təlimdən birinin – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabinin (873-950), digər ikisinin – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəcinin (1099-1131) və Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) yaratdıqları müəyyənləşdirmişdir.
İşraqilik fəlsəfi təliminin banisi Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Sührəvərdinin (1154-1191) yaradıcılığında peripatetizmə, sufizmə və işraqiliyə aid əsərlər qələmə almışdır. Filosofun peripatetizmə dair əsərlərində məntiq, metafizika və təbiyyat məsələləri dərindən araşdırılmış və inkişaf etdirilmişdir. Şihabəddin Sührəvərdi işraqilik fəlsəfəsinin banisi kimi daha böyük şöhrət qazanmışdır.
Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi filosofun Sührəvərdə mənsubluğunu bildirir. Mənbələrdə göstərilir ki, Sührəvərd Zəncan şəhəri yaxınlığında kiçik yerdir, Zəncan isə Azərbaycanda, Cibal (əl-Cibal – Dağlar) nahiyyəsindədir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında, xüsusən Şəmsəddin Zəhəbi Türkmaniyə (1274-1348) istinadən Zəncanın “Azərbaycan torpağında” olduğunu yazmışdır.
Tədqiqatçı qeyd etmişdir ki, ətraf mühitin təbii mənzərəsi Sührəvərdinin işıqla bağlı dünyagörüşünün təşəkkülündə mühüm amil olmuşdur. Sührəvərd eli vüqarlı dağlar ağuşunda yerləşirdi. Abad idi. Təsviri həsəd aparılası füsünkar ecazlarla dolu incə rəsm əsəri mislindəydi. Üç tərəfdən yamaclara arxalanan xana-xana daş evlər yaşıllıqlara qərq olmuşdu. Sührəvərd xüsusilə səhər çağı cazibədar görünürdü. Günəşin qızılı şüaları həm birbaşa, həm də şehli qayalara əks edib düşərək əsrarəngiz mənzərə yaradırdı. Sührəvərdi dünyaya göz açandan hər şeyi işıqlı görmüşdü. İşıqla böyümüş, işıqla yetkinləşmişdi.Onun arzuları, amalları, düşüncələri işıqdan yoğrulmuşdu,duaları da işıq diləkli idi: “Ey Əbədi mövcud, bizə işıqla kömək göstər, bizi işıqla birləşdir!..” İşıq onun varlığına, şüuruna hakim kəsilmişdi.
Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdinin yaratdığı İşraqilik təliminin ayrı-ayrı ideyaları Qədim Şərq və Qədim Yunanıstan fəlsəfi fikrinə gedib çıxır. Bir mənbədə işraqiliyin banisi haqqında deyilir: “О öz fəlsəfəsində sabii (ulduzlara sitayiş edən) yunanlardan və məcusi farslardan bəhrələnmişdir”. Şihabəddin Sührəvərdi Qədim Şərq alimlərindən Cəmasif, Bozorgmöhr, Ağasazman, Hermis və başqalarını yüksək qiymətləndirmiş, qədim yunanlardan Empedoklu və Pifaqoru azman filosoflar, hikmət dühaları saymış, Platonu “fəlsəfənin rəisi” adlandırmış və onların fikirlərinə dönə-dönə müraciət etmişdir.
Şihabəddin Yəhya Sührəvərdi yaradıcılığa çox erkən başlamış, az müddətdə bütün müsəlman Şərqi ölkələrində məşhur olmuşdur. Mütəfəkkir orijinal fəlsəfi fikirlərinə görə böyük şöhrət tapmış, özünə həm dostlar, həm də düşmənlər qazanmışdı. Mənbələrdə istedadlı filosoflardan Şəmsəddin Məhəmməd Şəhrəzuri (...-1250), onun şagirdi Fəxrəddin Mardini (...-1195), Rəfiəddin Cili (...-1244) və Seyfəddin Amidi (1156-1233) onun ən yaxın dostları kimi təqdim edilir.
Şihabəddin Sührəvərdi dərin mühakiməli, zəngin fikirli filosof olmaqla bərabər, coşğun təbli bir şair idi. Keçdiyi mənalı həyat yolu, yaratdığı qiymətli, orijinal əsərlər onun azadfikirlilik meyillərindən xəbər verir. Bu keyfiyyət, əlbəttə, onun həyatını təhlükə qarşısında qoymaya bilməzdi. Onun yüksək istedadını, incə düşüncə qabiliyyətini görən Fəxrəddin Mardini təəssüflə deyirdi: “Ehtiyatsızlığı və diqqətsizliyinin çoxluğu, özünü mühafizə etməyinin azlığı ucbatından qorxuram ki, bu hal onun tələfinə səbəb ola”.
Şihabəddin Yəhya Sührəvərdi 1183-cü ildə Suriyaya gedib, ömrünün son illərini orada yaşamışdır. Mütəfəkkir Hələb şəhərində Şeyx İftixarəddinin başçılığı ilə Hələviyyə mədrəsəsində keçirilən disput məclislərində fəal iştirak etmişdır. Öz müasirlərinin verdikləri xəbərə görə, o, müzakirələrdə, diskussiyalarda yüksək natiqlik məharəti göstərir, bəsirəti, geniş elmi məlumatı və sübutları sayəsində əleyhdarlarına qalib gəlirmiş. Filosofun şöhrəti Hələbin hakimi əl-Məlik əz-Zahir Ğaziyə (1186-1215) çatır. Hakim onun şərəfinə böyük şəxslərdən, fəqihlərdən, mütəkəllimlərdən və müxtəlif sahələr üzrə adlı-sanlı alimlərdən ibarət bir məclis düzəldir. Mənbələrdə deyilir: onlar disput apardılar, Şihabəddin Sührəvərdi öz əleyhdarlarına qalib gəldi. Əl-Məlik əz-Zahir filosofdan razı qaldı. Rəqiblərin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə ittiham etdilər.
Əl-Məlik əz-Zahirin himayədarlıq göstərməsinə baxmayaraq, Şihabəddin Sührəvərdi müsəlman hüquqşünaslarının ciddi tələblərinə görə Misir, Yəmən və Suriyanın hökmdarı Səlahəddin Əyyubinin (1169-1193) əmri ilə 1191-ci ilin ikinci yarısında 37 yaşında öldürülmüşdür. XII əsrin azadfikirli filosofunun öz əqidəsindən dönməzliyi bütün müsəlman Şərqi ölkələrində onun məğrur adını “Öldürülmüş filosof” (“əl-Fəyləsuf əl-məqtul”) deyə əbədiləşdirmişdir.
Şihabəddin Sührəvərdinin maraqlı şəxsiyyəti, fitri istedadı və orijinal fəlsəfi fikirləri qabaqcıl ziyalıların dərin rəğbətini qazanmışdır. Onu peyğəmbər adlandıranlar da varmış. Filosofun məzarı üzərində yazılmış iki beyt onun böyüklüyünü obrazlı şəkildə ifadə edir: “Bu qəbrin sahibi gizli gövhər idi. Allah onu şərəfdən yaratmışdı. Zəmanə о gövhərin qədir-qiymətini bilməmiş, buna görə də Allah onu qeyrətlə sədəfə salmışdır”.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin, haşiyələrin əlyazması nüsxələri dünyanın bir sıra fondlarında və kitabxanalarında saxlanılır. Zakir Məmmədov filosofun qeydə alınmış əlli iki əsərindən on üçünün peripatetizm, on beşinin sufizm, səkkizinin işraqilik və on altısının müxtəlif mövzuları əhatə etdiyini yazmışdır. İşraqiliyə dair əsərlər Şihabəddin Sührəvərdinin yaradıcılığının özəyini təşkil edir. O, burada yeni bir fəlsəfi təlimin əsaslarını işləyib hazırlamışdır. İşraq (əl-işraq) - işıqlanma emanasiya termininə uyğundur. İşraqilik (əl-işraqiyyə) “işraqa əsaslanan” deməkdir: işraqilik fəlsəfəsi (əl-fəlsəfət əl-işraqiyyə).
Azərbaycan filosofunun “İşıq heykəlləri” (“Həyakil ən-nur”), “İşraq fəlsəfəsi” (“Hikmət əl-işraq”), “İşığa dair traktat” (“Risale-yi pərtovname”) və başqa əsərlərində yeni bir təlimin əsaslarını işləyib hazırlamışdır.
“İşraq fəlsəfəsi” kitabı işraqi ədəbiyyatın şah əsəridir. Kitab yeni və orijinal bir təlimin əsaslarını əks etdirdiyi üçün Yaxın və Orta Şərq xalqlarının fəlsəfi fikrində misilsiz mənbədir. “İşıq heykəlləri” traktatı işraqi ədəbiyyatda “İşraq fəlsəfəsi” kitabından sonra məşhurdur. Bu traktatda ontoloji və qnoseoloji məsələlərin şərhində Şərq peripatetizminin güclü təsiri duyulsa da, həmin əsər bütövlükdə işraqilik fəlsəfəsini ifadə edir.
İşraqilik təliminin banisi Şihabəddin Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov peripatetizmlə işraqiliyin varlıq təlimini müqayisə etmişdir: İşraqilik fəlsəfəsində “varlıq” və “yoxluq” anlayışları “işıq” və “qaranlıq” anlayışları ilə ifadə edilmişdir. Burada işıq (ən-nur) və ziya (ad-diya) terminləri məcazilik olmadan eyni məna daşıyır. Əgər peripatetizmdə “varlıq” anlayışının ən geniş həcmə malik olması ön plana çəkilirsə, işraqilik fəlsəfəsində işıq üçün onun aşkarlığı daha səciyyəvi sayılır. “İşraq fəlsəfəsi” kitabında deyilir: “Varlıqda bir şeyin tərifinə və şərhinə ehtiyac duyulmursa, deməli, o, aşkardır. İşıqdan daha aşkar heç nə yoxdur. Deməli, tərifdə ondan daha zəngin yoxdur”.
Bununla da peripatetizmdə “varlıq”, işraqilikdə isə “işıq” tərifdən zəngin hesab edilir. “Zəngin odur ki, onun mahiyyəti və kamilliyi başqasından asılı deyildir. Yoxsul odur ki, onun mahiyyəti, yaxud kamilliyi başqasından asılıdır. Bu fikir “İşıqnamə” əsərində də irəli sürülmüşdür: “Bil ki, həqiqi zəngin odur ki, öz substansiyasında və atributlarında heç şeyə ehtiyac düymur. Öz substansiyasında və ya atributlarında başqasına ehtiyac duyan yoxsuldur”.
Şihabəddin Sührəvərdi işraqiliyə dair traktatlarında emanasiya nəzəriyyəsinin yeni bir formasını işləyib hazırlamışdır. Mövcudatın mənbəyi İşıqlar işığı timsalında götürüldükdə emanasiya nəzəriyyəsinin şərhi sadələşir, zira işıq mövcuddursa şüalanmalıdır.
Şihabəddin Yəhya Sührəvərdinin ədəbi-bədii yaradıcılığının araşdırıcısı Ülkər Zakirqızı “işıq” və “qaranlıq” anlayışlarını Qurani-Kərim və Şərq filosoflarının əsərləri əsasında tədqiq etmişdir: İslam dininin müqəddəs kitabı Qurani-Kərimdə “işıq” iman, itaət, yüksək etiqadın göstəricisi sayılır. Qurani-Kərimdə işıq kəlməsi “nur” və “ziya” sözlərilə ifadə olunmuşdur. Ərəb dilində “işıq, parıltı” mənalarını ifadə edən “ziya” sözünə Müqəddəs kitabın “Yunus”, “Ənbiya”, “Qasas” surələrində rast gəlinir. İşıq mənasını ifadə edən və Qurani-Kərimdə daha çox işlənən “nur” sözüdür. Bu sözün ərəb dilindən tərcüməsi “nur, işıq, aydınlıq” deməkdir. Nur eyni zamanda Allahın gözəl adlarından biridir. İşığa əks olan qaranlıq anlayışı Qurani-Kərimdə “zülmət sözü ilə ifadə edilmiş tərcüməsi “zülmət, qaranlıq” deməkdir.
Şihabəddin Yəhya Sührəvərdinin İşraqilik təlimində işıq və qaranlıq anlayışlarının izahından sonra Ülkər Zakirqızı işıq anlayışını Eynəlqüzat Miyanəcinin yaradıcılığı əsasında araşdırmışdır: Panteist filosofun işıqla bağlı özümənəxsus fikirləri vardır. Onun şərhində Allah ilə mövcudat arasındakı münasibət Günəş ilə onun şüaları timsalında götürülmüşdür. О yazmışdır: “Ümumi camaatın nəzərində deyildiyi kimi, ərzə yayılan şüaların varlığı üçün, qaim Günəşin üzü olmasaydı, şüaların varlığı əsla mövcud olmazdı”. Eynəlqüzat Miyanəci İlahi aləmdə iki işığın mövcud olduğunu yazmışdır: Biri Günəşdəndir, digəri Ay və imandan gəlir. Bu iki məqamda işığın biri dünyanın gecəsindən, digəri gündüzündən gəlir.
İşraqilik təliminə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində İşıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Azərbaycanda filosofun fəlsəfi irsinin yeganə tədqiqatçısı olmuş Zakir Məmmədov göstərmişdir: İşraqiliyin ontologiyasında İşıqlar işığından başlamış son mücərrəd işığa qədər hər bir ali işığın aşağı işıq üzərində qəhri, aşağı işığın isə ona eşqi, şövqü və məhəbbəti vardır. Bu baxımdan bütün mücərrəd işıqlar üzərində İşıqlar işığının hökmranlığı mütləqdir. Şihabəddin Sührəvərdi qeyd edir ki, ən yaxın işığın özünə olan məhəbbəti İşıqlar işığına olan məhəbbətə tabe edilmişdir. Bu münasibət eyni zamanda hər bir ali işıq ilə hər bir aşağı işıq arasındakı münasibətə şamildir.
İşraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İşraqilik fəlsəfəsinin qnoseologiyası peripatetizmdə olduğundan əsaslı şəkildə fərqlidir. Aristotelçilər – Farabi, İbn Sina, Bəhmənyar və başqaları idrakda hissi və əqli mərhələləri qəbul etdikləri halda işraqi filosoflar üstəlik intuisiya mərhələsini də bu sıraya əlavə edirdilər. işraqilik fəlsəfəsinə görə hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana işıqlar aləminin sirlərini açır, mütləq həqiqəti aşkar edir.
Şihabəddin Sührəvərdi bir məntiqçi filosof kimi idrakın əqli mərhələsi ilə dərindən maraqlanmışdır. Onun peripatetizmə dair əsərlərində təfəkkür formaları, onların idraki əhəmiyyəti nəzərdən keçirilir, fikri qüvvəyə aid təhlil və tərkib, təfsil və tədqiq üsulları göstərilir. Şihabəddin Sührəvərdi Aristotelin məntiq təliminin səmərəli cəhətlərini etiraf etməklə bərabər, onun tam mötəbərliyini şübhə altına almışdır. O, məntiqdə sadə məzmuna malik, bəsit anlayışlara tərif verməyin çətinliyini nəzərdə tutaraq, həmin anlayışlara əsaslanan məntiqi mühakimələrin dəqiqliyinə müəyyən dərəcədə inamsız baxmışdır. Bununla belə, işraqi mütəfəkkir subyektiv idealizmə qarşı çıxmışdır. O, "İşraq fəlsəfəsi" kitabında yazır ki, belə düşünülüb deyilə bilməz: Günəşin işiğını bizim baxışlarımız aşkara çıxarır, əksinə, o, insanlardan asılı olmayaraq mövcuddur.
Şihabəddin Yəhya Sührəvərdi, eləcə də onun ardıcılları etik-əxlaqi və ictimai-siyasi mövzulara xüsusi əsərlər həsr etməmişlər. Bununla belə, həmin mütəfəkkirlərin yaradıcılığında bu məsələlər müəyyən dərəcədə öz əksinin tapmışdır. İşraqi filosofların etik-əxlaqi görüşlərində sufi və peripatetik mütəfəkkirlərin ideyalarının dərin təsiri duyulur. Cismin və canın (nəfsin) vəhdətindən ibarət insan varlığında maddi və mənəvi keyfiyyətlər üzvi bağlılıqda nəzərdən keçirilir. Kamillik yolunda xasiyyətlərin (əxlaqın) dəyişib yaxşılaşması peripatetiklərə görə hissi və məntiqi idrak vasitəsilə icra olunursa, sufilərə görə daha artıq dərəcədə mistik hallara və məqamlara yiyələnməklə irfan (intuisiya) sayəsində baş verir. İşraqilikdə birinci təsir məlumat, bilik, ikinci təsir daxili işıqlanma, həqiqətin bilavasitə aşkarlanması halında təzahür edir, işraqi prinsiplərlə uyarlı, özünəməxsus tərzdə birləşərək mütərəqqi, orijinal məzmun daşıyır, insanı kamillik zirvəsinə doğru aparır.
Şihabəddin Yəhya Sührəvərdi insana cəmiyyətin bir üzvü kimi baxmış, onun həyatda mövqeyini, başqalarına münasibətini mənəvi kamillik sarıdan müəyyənləşdirməyə çalışmışdır. Filosofun nəzərində həqiqi elmlərə yiyələnmiş şəxs təkcə özünün deyil, bütünlükdə cəmiyyətin xoşbəxtliyi üçün çalışır. Burada orta əsrlər boyu ciddi ideoloji cərəyanların, görkəmli mütəfəkkirlərin əsas mövzularından olan imamət (başçılıq) probleminə toxunulur
Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi, xüsusən onun işraqilik təlimi məşriqdən məğribədək bütün müsəlman ölkələrində, hətta zərdüştiliyə tapınan Hindistanda yayılmışdır. Azərbaycan filosofunun yaradıcılığına maraq dairəsi Asiya və Afrika ölkələri ilə məhdudlaşmayıb, Avropanı da əhatə etmiş, işıqlı fikirlərinin sorağı Amerikadan gəlmişdir. Bu işdə Şərq tədqiqatçıları ilə bərabər Qərb şərqşünaslarının da böyük xidməti göz qabağındadır.
Mənbələrdə Şihabəddin Yəhya Sührəvərdinin elmi və bədii irsi haqqında məlumatlar öz əksini tapmışdır. İşraqilik təliminin banisi Şihabəddin Sührəvərdinin fəlsəfi irsinin Azərbaycanda yeganə tədqiqatçısı Zakir Məmmədov filosof haqqında mənbələr və əsərlərinə yazılmış şərhlər, haşiyələr barədə müfəssəl şəkildə məlumat vermişdir. Alim qeyd etmişdir ki, İmadəddin İsfəhani (1125-1201), İbn əl-Cauzi (1187-1257), Şəmsəddin Məhəmməd Şəhrəzuri (…-1250), Yaqut Həməvi (1179-1229), İbn Əbi Useybiə (1203-1269), Zəkəriya Qəzvini (1203-1283), İbn Xəllikan (1211-1281), Səlahəddin Səfədi (1296-1362), Əfifəddin Yafii Yəməni (1300-1367), Əbdürrəhman Cami (1414-1492), Əbdürrəşid Bakuvi (XV əsr), İbn Həcər Əsqəlani (1372-1449), İbn əl-İmad Hənbəli (…-1678) və başqa müəlliflərin Şihabəddin Yəhya Sührəvərdi haqqında verdikləri məlumat müxtəlif dövrlərdə və müxtəlif iqlimlərdə ona bəslənən münasibəti əks etdirir. Əhməd Taşköprizadənin (…-1554) və Hacı Xəlifənin (1608-1670) kitabları Şihabəddin Sührəvərdinin yaradıcılığının təhlili və dünyagörüşünün müəyyənləşdirilməsi baxımından daha əhəmiyyətlidir. Hacı Xəlifə Şihabəddin Sührəvərdinin bir sıra elə əsərlərini xatırlatmışdır ki, başqa mənbələrdə onlara rast gəlinmir.
İşraqilik fəlsəfəsi xüsusi olaraq Şihabəddin Sührəvərdinin ardıcıllarının əsərlərində intişar tapmışdır. Onlardan bəziləri Azərbaycan filosofunun ayrı-ayrı traktatlarına geniş şərhlər yazmış, bəziləri isə özlərinin müstəqil əsərlərini ya bütövlükdə işraqiliyə həsr etmiş, ya da bu və ya digər məsələ ilə əlaqədar olaraq işraqi fikirlərə əsaslanmışlar. Şihabəddin Sührəvərdinin şagirdlərindən Şəmsəddin Məhəmməd Şəhrəzuri öz müəlliminin təlimini daha böyük qızğınlıqla yaymışdır.
İşraqi filosofun irsinin Şərq və Qərb ölkələrinin alimləri tərəfindən tədqiqi məsələsindən bəhs edərkən Zakir Məmmədov yazmışdır: Şihabəddin Yəhya Sührəvərdinin əsərləri və fəlsəfi təlimi XX əsrdə tədqiqatçılar tərəfindən yeni üslubda, yeni baxışda keçmiş mədəni irsin qiymətli nümunəsi kimi araşdırılmağa başlamışdır. Müsəlman Şərqi ölkələrinin müxtəlif guşələrində aparılan tədqiqatlar ərəb, fars və türk dillərində yazılmışdır. Cürci Zeydan, Əhməd Əmin, Abbas İqbal, Əbdürrəhman Bədəvi və başqa alimlər orta əsr Şərq fəlsəfəsi tarixinə dair əsərlərində ərəbdilli mədəniyyətin tanınmış nümayəndəsi kimi Şihabəddin Yəhya Sührəvərdidən söz açmışlar.
Azərbaycan filosofunun həyatı, yaradıcılığı və dünyagörüşünün tədqiqinə həsr olnmuş ən dəyərli kitab onun vəfatının hicri tarixi ilə 800 illiyi münasibəti ilə hazırlanmış və 1974 (1975)-ci ildə Qahirədə buraxılmış məcmuədir. “Şihabəddin Sührəvərdi - vəfatının 800 illik yubileyi” adlı bu kitab müxtəlif ölkələrin -Misir, Suriya, Fransa, İspaniya və İran alimlərinin məruzələri əsasında tərtib edilmişdir. Doktor İbrahim Mədkurun redaktəsi ilə çapdan çıxmış kitab müqəddimə, üç bölmə, bir əlavədən ibarət olmaqla on bir fəsildir. Müqəddiməni İbrahim Mədkur, “Sührəvərdinin həyatı və onun təsirləndiyi amillər” bölməsində “İşraq şeyxi” fəslini Seyyid Hüseyn Nəsr, “İşraqilik islam platonçu məktəbidir (İran mənbəyi məsələsinin müzakirəsi)” fəslini Məhəmmədəli Əbu Rəyyan, “Sührəvərdi ilə İbn Sina arasında” fəslini İbrahim Mədkur yazmışdır. “Onun fikirləri və metodu” adlı ikinci bölmənin “Sührəvərdinin işraqı ətrafında düşüncələr” fəsli Luis Qarde, “Sührəvərdi və fəlsəfə meydanında onun rolu” fəsli Qomes Noqales, “Sührəvərdi və onun ərəbdilli peripatetiklərdən əxz etdikləri” fəsli Macid Fəxri, “İşraq fəlsəfəsi və fenomenologiya” fəsli Hüseyn Hənəfi tərəfindən təqdim edilmişdir. “Sührəvərdi hicri altıncı və yeddinci əsrlərdə” bölməsinin “Hicri altıncı əsrdə mədəniyyət aləmində Sührəvərdinin rolu” fəsli Məhəmməd əl-Bəhiyə, “İbn Səbin və işraq filosofu” fəsli Əbülvəfa əl-Ğənimi Təftazaniyə məxsusdur. Usman Yəhyanın “Yunan mətbuatı Sührəvərdinin “ilahiyyatçı filosof” fikrinin vasitəli əsaslarıdır” məruzəsi əlavə kimi on birinci fəsildə verilmişdir. Məcmuənin Luis Qardenin məruzəsi qismən ərəbcə, bütövlükdə fransızca, Ata Ənavatinin “Girişlər və qarşıya qoyulmuş məsələr” kitabında varlıq mənasının təhlili” məruzəsi isə fransızca verilmişdir.
İran alimlərindən Zəbihulla Səfa, Səid Nəfisi, Əli Əsğər Hələbi, Ehsan Təbəri, Hacı Seyyid Zəncani Musəvi və başqaları əbədi, ictimai-siyasi və fəlsəfi fikir tarixindən bəhs edən əsərlərində Şihabəddin Sührəvərdi və onun işraqilik fəlsəfsinə xüsusi yer vermişlər. A.Korbin, Seyyid Hüseyn Nəsr və Ağa Seyyid Məhəmməd Baqir Səbzəvari filosofun əsərlərinin çap edilib yayılmasında misilsiz xidmət göstərmişlər.
Şihabəddin Yəhya Sührəvərdinin fəaliyyəti ən çox Kiçik Asiya (Türkiyə) ilə bağlı olduğundan onun əsərləri və işraqilik fəlsəfəsi orada geniş miqyasda intişar tapmışdır. Azərbaycan filosofunun təliminə türk alimləri tərəfindən maraq bütün orta əsrlərdə davam etmişdir. İbn Bibi, Əhməd Taşköprizadə, Şeyx İsmayıl Mövləvi Anqaravi, Hacı Xəlifə və başqalarından sonra isə bu sahədə bir qədər boşluq yaranmış, kəlam, sufizm, peripatetizm kimi işraqilik də XX əsrin 20-ci -30-cu illərində daha ciddi şəkildə tədqiqatçıların marağını doğurmuşdur. Yusif Ziya Yörükən Şihabəddin Yəhya Sührəvərdi haqqında araşdırmalar aparmış, bu barədə 1922-ci ildə “Mütəxəssisin” (Mütəxəssislər) mədrəsəsində doktorluq dissertasiyası müdafiə etmişdir. Onun tərcüməsində “İşıq heykəlləri” traktatı türkcə “Mehrab” dərgisində dərc olunmuşdur. Türkiyə alimlərindən Hilmi Ziya Ülkənin Şərq fəlsəfəsi tarixinə dair tədqiqatları xüsusilə qiymətlidir.
Azərbaycan filosofunun həyatı, yaradıcılığı və dünyagörüşü Qərb ölkələrində də tədqiqat obyektinə çevrilmişdir. XIX əsrin ortalarında görkəmli Avropa şərqşünaslarından alman Fon Ferdinand Vüstenfeld “Ərəb elm və təbiətşünaslıq tarixi”, Fon Hammer-Purqştal (1774-1856) “Ərəb ədəbiyyatı tarixi”, Alfred fon Kremer “İslam fəlsəfi ideyalar tarixi” kitablarında ilk mənbələr əsasında Azərbaycan filosofunun həyat yolundan və əsərlərindən söz açmışdır. Alfred fon Kremerin Şihabəddin Yəhya Sührəvərdinin islam ideoloqları tərəfindən təqsirləndirilib öldürülməsi səbəbi barədə mülahizələri xüsusilə maraqlıdır.
Məhşur fransız şərqşünası Kara de Vu (1868-…) “Riyaziyyat və fəlsəfə elmi”, “İbn Sina”, “İslam mütəfəkkirləri” əsərlərinin müəllifidir. Alim “İşraqilik fəlsəfəsi “Hikmət əl-işraq” məqaləsini 1902-ci ildə “Asiya tədqiqatları jurnalı”nda dərc etdirmişdir. A.Arberi və Luis Massinyon təsəvvüfə dair əsərlərində Şihabəddin Yəhya Sührvərdi haqqında da söz açmışlar.
XX əsrin əvvəllərindən başlayaraq Şihabəddin Sührəvərdi haqqında tədqiqatlarla bərabər onun əsərlərinin Avropa xalqlarının dillərinə də tərcüməsinə fikir verilmişdir. Fon Den Berc “İşıq heykəlləri” traktatını ərəbcədən holland dilinə çevirib 1916-cı ildə çap etdirmişdir. Filosofun yaradıcılığından tərcümələr otuzuncu illərdə daha geniş vüsət almışdır. “Aşiqlərin munisi” O.Spis tərəfindən 1934-cü ildə Ştutqartda və Dehlidə, “Quş haqqında traktat” O.Spis və Xatak tərəfindən 1935-ci ildə Ştutqartda çap edilmişdir. “Cəbrail qanadlarının səsi” əsəri A.Korbinin və P.Kravusun müqəddimə və izahları ilə 1935-ci ildə “Jornal Asiatique” jurnalında dərc olunmuşdur. “Qarışqaların dili” əsərini O.Spis “Təsəvvüfə dair üç traktat” məcmuəsində, A.Korbin “Hermis” jurnalında dərc etdirmişdir.
Şihabəddin Sührəvərdinin fars dilindən Avropa xalqlarının dillərinə tərcümə edilmiş traktatlarından bəziləri sonra ərəb dilinə çevrilmişdir. “Cəbrail qanadlarının səsi” traktatını və ona yazılmış şərhi Əbdürrəhman Bədəvi ərəbcə “İslamda narahat şəxsiyyətlər” kitabına daxil etmişdir. (Qahirə, 1946, səh.136-156). Əsər ayrıca bir bölmədə Şihabəddin Sührəvərdinin ümumi yaradıcılığı zəminində nəzərdən keçirilmişdir.
Qərbdə Şihabəddin Yəhya Sührəvərdiyiə aid ən ciddi tədqiqat fransız şərqşünası A.Korbinə məxsusdur. Alim Azərbaycan filosofu haqqında dəyərli araşdırmaların, o cümlədən “Sührəvərdi fəlsəfəsində zərdüştilik motivləri” kimi sanballı əsərin müəllifidir.
Şihabəddin Sührəvərdinin həyatı və yaradıcılığına dair mənbələri, filosofun traktatları haqqında biblioqrafik məlumatı geniş təqdim etməkdə alman şərqşünası Karl Brokkelmanın “Ərəb ədəbiyyatı tarixi” əsəri və alimin şagirdlərinin ona yazdıqları əlavə (S B) əvəzsiz tədqiqat işidir. Burada filosofun irili-xırdalı otuz dörd traktatından söhbət açılır. Həmin əsərlərin habelə onlara həsr edilmiş şərhlərin və haşiyələrin mövcud əlyazması nüsxələrinin Şərq və Qərb ölkələrində saxlanıldığı ünvanlar göstərilir.
Şihabəddin Yəhya Sührəvərdinin irsinin Qərb dillərində tədqiqi yalnız şərqşünas alimlərin - alman, ingilis və digər xalqların nümayəndələrinin araşdırmaları ilə məhdudlaşmır. Bu işdə müxtəlif millətlərə mənsub Şərq tədqiqatçılarının da mühüm payı vardır. Seyyid Hüseyn Nəsrin ingilis dilində qələmə aldığı əsərlər geniş əhatəliyi və dəyəri ilə seçilir. Onun “Üç müsəlman filosofu - İbn Sina - Sührəvərdi- İbn Ərəbi” kitabı ingiliscə Amerikada (1964-cü il), Ağayi Əhməd Aram tərəfindən farscaya tərcüməsi isə İranda (1966-cı il) çapdan çıxmışdır.
Məhəmməd Şərifin redaktorluğu ilə Visbadendə (Almaniya) nəşr olunmuş iki cildlik “Müsəlman fəlsəfəsi tarixi” kitabında Şihabəddin Yəhya Sührəvərdiyə, onun işraqilik təliminə xeyli yer verilmişdir. Mətnin müəllifi Seyyid Hüseyn Nəsrdir. Kitabda Şihabəddin Sührəvərdinin ardıcılları barədə verilmiş məlumat həmçinin işraqilik təliminin Şərq fəlsəfəsi fikrində möhkəm yer tutduğundan, cahanşümul əhəmiyyətindən xəbər verir.
İngilis dilində başqa bir kitab - ərəb alimi Macid Fəxrinin “İslam fəlsəfəsi tarixi” əsəri də Şihabəddin Yəhya Sührəvərdinin irsinin öyrənilməsi və yayılması işində mühüm rol oynamışdır. Kolumbiya universitetində hazırlanmış bu kitabın nəşr yeri Nyu-York və London göstərilmişdir. (1970-ci il).
Şihabəddin Yəhya Sührəvərdinin əsərləri, eləcə də onlar barədə şərhlər, tədqiqatlar Şərq dillərində (ərəb, fars, türk), yaxud Qərb dillərində (fransız, ingilis, alman) müxtəlif ölkələrdə çapdan çıxdıqdan sonra daha geniş yayılaraq Şərq fəlsəfəsi tarixini öyrənənlər üçün qiymətli vəsait olmuşdur.
Şihabəddin Sührəvərdinin həyatı və yaradıcılığına dair ilk mənbələr, habelə onun əsərləri Azərbaycan Respublikasında ilk dəfə Zakir Məmmədov tərəfindən tədqiqata cəlb edilmişdir. Altmışıncı illərdən etibarən başqa filosoflarımız haqqında tədqiqatlarla bərabər tədqiqatçı “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü)” (Bakı, Elm, 2009) monoqrafiyasının ayrı-ayrı hissələri yazmağa başlamış, 1982-ci ildə tamamlanmışdır. “Şihabəddin Sührəvərdi” (1968), “Şihabəddin Sührəvərdinin fəlsəfi şeirləri” (1969), “Şihabəddin Sührəvərdinin həyat yolu” (1974), “İşraqilik fəlsəfəsində emanasiya nəzəriyyəsinin xarakteristikasına dair” (1975), “İşraqilik fəlsəfəsinin ontologiyası” (1976) sərlövhələri ilə qəzet və jurnalların səhifələrində, “Azərbaycan Sovet Ensiklopediyası”nda dərc olunmuş “İşraqilik” (1981) və b. məqalələr bu monoqrafiyalarındandır.
Şihabəddin Sührəvərdinin əsərlərindən ilk dəfə “Filosofların görüşləri” traktatı Zakir Məmmədov və Tariyel Həsənov tərəfindən Azərbaycan və rus dillərinə tərcümə olunmuş, ərəb orijinalı (“Əqaid əl-hükəma”) ilə birlikdə çapdan çıxmışdır (1986). Sonra filosofun məşhur “İşıq heykəlləri” traktatını Zakir Məmmədov tərcümə edərək öz vəsaiti hesabına Azərbaycan dilində (rus və ingilis dillərində xülasə ilə birlikdə) nəşr etdirmişdir. “Eşqin həqiqəti, yaxud aşiqlərin munisi” traktatından bir parça (1991) və “Qarışqaların dili” traktatından iki hekayət (1992) farscadan Azərbaycan dilinə Zakir Məmmədov tərəfindən tərcümə edilmiş və dərc olunmuşdur.
Zakir Məmmədov Şihabəddin Sührəvərdinin irsi ayrılıqda araşdırmaqla bərabər ümumi Azərbaycan fəlsəfəsinin tərkib hissəsi kimi də tədqiq etmişdir. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” “Bəhmənyarın fəlsəfəsi”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri”, “Azərbaycan fəlsəfəsi tarixi” kitablarında Şihabəddin Yəhya Sührəvərdi xalqımızın, bütövlükdə bəşəriyyətin fəlsəfəsi tarixində parlaq simalarından biri kimi göstərilmişdir.
Filologiya elmləri doktoru professor Malik Mahmudovun “Şihabəddin Sührəvərdinin poetik dünyası” (1972) məqaləsində və “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər” (1983) adlı sanballı monoqrafiyasında mütəfəkkirin bədii yaradıcılığına yer verilmişdir.
Ülkər Zakirqızı (Məmmədova) “Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı)” (Bakı, 2010) kitabında geniş şəkildə araşdırmış, nəsr əsərlərini ilk dəfə tədqiqata cəlb etmişdir. Kitabın redaktoru akademik Rafael Hüseynov, rəyçi akademik Vasim Məmmədəliyevdir.
Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdır. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir. Burada respublikanın görkəmli alimləri – akademik Vasim Məmmədəliyev, professor Qafar Kəndli, professor Midhət Ağamirov, professor Ağayar Şükürov və b. Şihabəddin Sührəvərdinin dövrü, həyatı, yaradıcılığı və dünyagörüşü barədə dolğun məruzələr etmiş, onu XII əsrin yüksək səviyyəli elmi-mədəni mühitində yetişmiş, bəşər fəlsəfi fikrini zənginləşdirmiş dahi filosof kimi səciyyələndirmişlər.
Zakir Məmmədovun “Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)” (1991) kitabçası filosofun vəfatının 800 illiyi ilə əlaqədar görülmüş mühüm tədbirlərdən biridir. Burada “Şihabəddin Sührəvərdinin fəlsəfi irsi və onun dünyada yayılması”, “Zəngin irsin saxlanıldığı ünvanlar” bölmələrindən sonra Şihabəddin Sührəvərdinin peripatetizmə, sufizmə, işraqiliyə və digər mövzulara dair əsərləri siyahıya alınmış, onların ərəb, fars, türk, Azərbaycan, fransız, alman, ingilis dillərində çapı, əlyazmalarının köçürücüləri, köçürülmə tarixləri və yerləri, ən başlıcası, dünya kitabxanalarında, fondlarda saxlanılan nüsxələrin şifrləri göstərilmişdir.
Şihabəddin Sührəvərdinin anadan olmasının 850 illiyi ilə əlaqədar olaraq 2004-cü il 22 dekabrda AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində “Mütəfəkkir şairin işığı” mövzusunda elmi sessiya keçirilmişdir. Elmi sessiyada akademik Rafael Hüseynov ““Öldürülmüş filosof”un ölməz şeirləri”, Ülkər Zakirqızı “Şihabəddin Sührəvərdinin bədii nəsri”, Aytək Zakirqızı “Şihabəddin Sührəvərdi irsinin tədqiq tarixi” məruzələri ilə çıxış etmişlər.
Öncə qeyd edildiyi kimi, möhkəm iradəli, dərin zəkalı, azadfikirli filosofun öz əqidəsindən dönməzliyi üstündə 38 (miladi tarixi ilə 37) yaşında ikən faciəli ölümü bütün müsəlman ölkələrində onun məğrur adını “əl-Fəyləsuf əl-məqtul” (“Öldürülmüş filosof”) deyə əbədiləşdirdi. Şagirdi Şəmsəddin Şəhrəzuri bəzilərinin onu həqiqətən peyğəmbər saydıqlarını xəbər verir: “Mənə gəlib çatdı ki, dostlarından bəziləri “Əbülfütuh Allahın elçisi əleyhissəlamdır” demişlər”. Şihabəddin Sührəvərdinin müsəlman Şərqində peyğəmbər rütbəsinə qədər qaldırılması bir tərəfdən filosofun qəribə, cəsur şəxsiyyətinə məftunluğunun, digər tərəfdən zəngin, orijinal fəlsəfi irsi önündə heyrətin ifadəsi idi.
Beləliklə, Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi XII əsrdən etibarən ərəb, fars, qismən də türk dillərində müsəlman Şərqi xalqlarının fəlsəfəsi tarixində özünə möhkəm yer tutmuşdur. Onun orijinal ideyaları Azərbaycandan başlamış, Kiçik Asiya, Suriya, Misir, İraq, İran, Orta Asiya, Əfqanıstan, Hindistan ölkələrini dolaşmış, İspaniyadan Qərb dünyasına yol açmış, işıqlı fikirləri iqlimdən-iqlimə keçmişdir.

ƏDƏBİYYAT
1. Sührəvərdi Şihabəddin Yəhya. Filosofların görüşləri. Ərəbcədən Azərbaycan və rus dillərinə tərcümə edənlər: Zakir Məmmədov, Tariyel Həsənov. Bakı, 1986
2. Sührəvərdi Şihabəddin Yəhya. İşıq heykəlləri. Ərəbcədən Azərbaycan dilinə tərcümə edən: Zakir Məmmədov. Bakı, 1989
3. Məmmədov Zakir. Orta əsr Şərq fəlsəfəsi və fəlsəfə tarixində onun əhəmiyyəti. Şərq fəlsəfəsi (IX-XII əsrlər). Bakı Dövlət Universiteti nəşriyyatı, 1999
4. Zakir Məmmədov. Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat). Bakı, 1991
5. Məmmədov Zakir. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009
6. Məmmədov Zakir. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
7. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983
8. Məmmədov Zakir. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986
9. Мамедов Закир. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
10. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994; təkrar nəşr: 2006
11. Məmmədova Ülkər Zakirqızı. Şihabəddin Yəhya Sührəvərdi (ədəbi-bədii yaradıcılığı). Bakı, 2010
12. Məmmədova Ülkər Zakirqızı. Eynəlqüzat Miyanəcinin yaradıcılığında işıq anlayışı. Azərbaycan Ədəbiyyatşünaslığı. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əsərləri. № 1. Bakı, 2019. səh. 33-38