17.09.2019, 12:53 - Baxış sayı: 1048

Azərbaycanda ХХ əsrin ortalarında mehmanxanaların və kurortların tikintisi və istismarı (tarixi-sosioloji araşdırma)


Aydın Əlizadə

AMEA fəlsəfə institutu, Sosiologiya şöbəsinin baş
elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, alizadeh@mail.ru


Xülasə:
Təqdim edilən məqalədə tarixi-sosioloji aspektdə Azərbaycanda XX əsrin ortalarında mehmanxanaların, pansionatların və uşaq düşərgələrinin tikintisi və istismarı ilə bağlı problemlər araşdırılmışdır. Burada o dövrün mehmanxana və pansionat tikintisinin təşkili, maliyyələşməsi, idarə edilməsi; eləcə də onların avadanlıqla təmin edilməsi və istismar zamanı yeni texnologiyaların işlədilməsi haqqında arxivlərdən alınmış məlumatlar verilmişdir. Tədqiqatda təsviri və analitik sosioloji araşdırma metodlarından istifadə edilmişdir. Elmi yeniliyi onun ilk dəfə aparılmasındadır. Araşdırmanın əsas nəticəsi ondan ibarətdir ki, XX əsrin ortalarında mehmanxana təsərrüfatının inkişafı bu sahədə gələcəkdə baş verən sosial və tarixi proseslərə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Açar sözlər: mehmanxanalar, uşaq düşərgələri, memarlıq, tikinti, təmir, şəhərlərin abadlaşdırılması, sosiologiya.

Giriş

Turizm sahəsində müasir inkişaf yeni dövrün tələblərinə keçidin və Sovet inzibati sisteminin dağılmasının nəticəsində baş vermişdir. Bununla belə, bu günün uğurları keçmişin nailiyyətləri ilə sıx bağlıdır. Sovet təsərrüfat sisteminin nöqsanlarına baxmayaraq, çoxlu müsbət cəhətləri də olmuşdur. Bundan başqa, Sovet dövrü Azərbaycan tarixinin böyük hissəsini əhatə edir. Buna görə həmin dövrdə gedən proseslərin öyrənilməsi müasir proseslərə düzgün qiymət vermək baxımından zəruridir. Təqdim edilən məqalədə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinə (bundan sonra KTN) aid olan mehmanxanaların tikintisi və istismarı tarixi-sosioloji baxımdan araşdırılmışdır. Tədqiqat Azərbaycan Respublikası Dövlət Arxivində (ARDA) saxlanan sənədlərin əsasında yazılıb. Eyni zamanda, elmi ədəbiyyatdan və dövri mətbuatdan da istifadə edilib. Təsviri və analitik tarixi-sosioloji metodlardan istifadə edilib. Tədqiqatın yeniliyi onun ilk dəfə aparılmasındadır.

Mehmanxanaların 1957-ci ilə qədər olan vəziyyəti

XX əsrin ortalarında Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların böyük hissəsi KTN-ə, digər qismi isə başqa təşkilatlara aid idi. Mərkəzləşmiş Sovet iqtisadi sisteminin qaydalarına görə onların tikintisi və təmirindən başlamış avadanlıqla təchiz edilməsi və işçi heyətinin tənzimlənməsinə qədər bütün fəaliyyəti həmin qurumlar tərəfindən həyata keçirilmiş, bu sahədə sahibkarlığa yol verilməmişdir. KTN-nin tabeliyində olan mehmanxanaların və qonaq evlərinin illər üzrə ümumi göstəriciləri fərqli olmuşdur, bir çox obyektiv və subyektiv amillərdən asılı idi.
Cədvəl 1. KTN mehmanxanaların sayı, tutumu, xərcləri və gəlirləri [5, s. 16-17].
Azərbaycanda ХХ əsrin ortalarında mehmanxanaların və kurortların tikintisi və istismarı (tarixi-sosioloji araşdırma)Cədvəldən göründüyü kimi, mehmanxanaların ümumi sayı 1957-ci ildə 1940-cı il ilə müqayisədə 12 ədəd, tutumu isə 350 çarpayı qədər artmışdır. Həmçinin, 1957-ci ildə Salyan və Tovuzda yeni və daha geniş mehmanxanaların tikintisi başa çatmışdır. Onlar istismara veriləndən sonra həmin şəhərlərin köhnə mehmanxanaları bağlanmışdır. Əldə edilən gəlirlərə gəldikdə, 1957-ci ildə 1940-cı illə müqayisədə 19%, xərclər isə 74% artmışdır. Həmçinin 1957-ci ildə gəlirlər xərcləri 158000 manat üstələmişdir.
1958-ci ilə qədər KTN-nin Azərbaycanın 39 şəhər və rayon mərkəzində hərəsində 1 ədəd mehmanxanası olmuşdur. Ancaq 1959-cu ildən sonra onların sayı artmışdır. O illər ərzində KTN nəzdində olan ən böyük mehmanxana Bakıda yerləşən “Bakı” mehmanxanası idi. Onun 1958-ci ildə ümumi istifadə edilən sahəsi 1797 m2, sutka ərzində orada 210 nəfər qonaq yerləşə bilərdi. Həmin ilin ərzində bu mehmanxanada 80800 nəfərə yataq yeri verilmiş, əldə edilən gəlir 861700, çəkilən xərclər isə 796400 manata bərabər idi. Bir nəfərdən gəlir 7,56, edilən xərclər isə 7,22 manat təşkil etmişdir [5, s. 18].
Azərbaycanın digər şəhərlərində yerləşən mehmanxanaların arasında yalnız Gəncə və Xankəndi mehmanxanaları böyük idilər, başqaları isə nisbətən kiçik həcmli olmuşdurlar.
Cədvəl 2. Bəzi mehmanxanalar üzrə 1957-ci ilin göstəriciləri [5, s. 18-19]Azərbaycanda ХХ əsrin ortalarında mehmanxanaların və kurortların tikintisi və istismarı (tarixi-sosioloji araşdırma)Mövcud olan mehmanxanaların istismarı ilə bərabər, KTN yenilərinin də tikilməsi ilə məşğul olurdu. Belə ki, tədqiq edilən illər ərzində nazirliyin sifarişi ilə layihə institutları tərəfindən 60-a yaxın mehmanxana, yataqxana və qonaq evlərinin layihələri hazırlanıb nazirlik tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, istismarda olan mehmanxanaların əsaslı təmiri üzrə də layihələr təsdiq edilirdi. Bu da rayonların inkişafına yönələn mühüm addımlardan biri idi. Həmin illər ərzində bu layihələrin yarısı gerçəkləşmiş, yeni obyektlər istismara verilmişdir. Həmçinin keçmişdə rayon mərkəzlərində mehmanxanalar əsasən birmərtəbəli kiçik binalarda yerləşmiş, çoxunda kommunal rahatlıqlar olmamış, onlar dövrün tələblərinə cavab verməmişdir. 1959-1962-ci illər ərzində aparılan geniş miqyaslı tikinti və yenidənqurma işlərinin nəticəsində isə mehmanxanaların bir çoxu yeni müasir binalara köçürülmüşdürlər. Keçmiş illərlə müqayisədə 1959 və 1960-cı illərin əvvəllərində çarpayıların ümumi sayı 469 [4, s. 339]; 1961 və 1962-ci illərdə isə 824 [28, s. 117] ədədə qədər artmışdır. O dövrdə artıq bütün rayon mərkəzlərində mehmanxanalar olmuşdur.
Bundan başqa, mehmanxanalarda sanitar vəziyyət yaxşılaşmış və xidmət mədəniyyəti artmışdır. Bu məqsədlə onlar yeni mebel və avadanlıqla təchiz edilmiş, hamısına su kəməri və kanalizasiya çəkilmişdir.
Bütün respublika mehmanxanalarında qiymətlər təxminən eyni idi. Məsələn 1959-cu ildə Mingəçevir mehmanxanasında otaqlar II və III dərəcəli olub [11, s. 13]. Hər qonaq otağı 11 və 14 m2 sahəli otaqdan ibarət olmuş, onların içində bir ya da iki çarpayı yerləşdirilmişdir. II dərəcəyə aid olan bir nəfərlik otaqların sutkalıq qiyməti 12, iki nəfərliklərin 22 manata bərabər idi. III dərəcəyə aid olan bir nəfərlik qonaq otaqlarının qiyməti isə 10 manat olmuşdur.
O dövrdə rayon mərkəzlərində tikilən ən nümunəvi 50 nəfərlik “İstisu” mehmanxanası 1958-cu ildə Yevlaxda tikilmişdir. Tikinti işlərinə 2000000 manat xərclənmişdir. İstismara verildikdən sonra KTN onu 311000 manatlıq avadanlıq, inventar və məişət əşyaları ilə təmin etmişdir [38, s. 28-29].
Bundan sonra həmin mehmanxanaya kanalizasiyanın çəkilməsi işlərinə başlanılmışdır. O zaman Azərbaycanın rayonlarında kanalizasiya şəbəkəsi yox idi, buna görə onu fərdi olaraq yalnız ayrı-ayrı obyektlərə çəkirdilər. “İstisu” mehmanxanasının kanalizasiyanın 1276150 manatlıq layihəsi 1960-cı ildə KTN tərəfindən təsdiq edilmişdir [15, s. 218]. Beləliklə, bu mehmanxanaya edilən xərclər 3587150 manata bərabər olmuşdur, bu da o dövr üçün çox böyük rəqəm idi.
Ümumi sahəsi 1562,6 m2 olan “İstisu” mehmanxanasının 30 qonaq otağı olmuş, onlardan üçü I, otuz ikisi II, beşi isə III dərəcəli idi.
Cədvəl 3. “İstisu” mehmanxanasının qonaq otaqlarının ümumi göstəriciləri [10, s. 75]Azərbaycanda ХХ əsrin ortalarında mehmanxanaların və kurortların tikintisi və istismarı (tarixi-sosioloji araşdırma)Qeyd etmək lazımdır ki, o zaman memarlıq və tikinti işləri çox ciddi nəzarət altında idi və Memarlıq idarəsi tərəfindən tənzimlənirdi. Bu sahədə özbaşınalığa yol vermək mümkün deyil idi. Belə ki, KTN Göygölün sahilində 24 qonaq otağının olması nəzərdə tutulan mehmanxananın tikintisini aparmalı idi. Onun “Azərmemarlayihə” institutu tərəfindən hazırlanmış 2229000 manatlıq layihəsi 1959-cu ildə təsdiq edilmişdir [11, s. 143]. Ancaq bu layihəni Memarlıq üzrə Dövlət İdarəsi qəbul etmədi, binanın konstruksiyasında bəzi dəyişikliklərin edilməsini tələb etdi. Ona görə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini Süleyman Vəzirov Kommunal Təsərrüfatı naziri Abutalıb Mirağa oğlu Abdullayevə layihəyə həmin düzəlişlərin əlavə edilməsi tapşırığını vermişdir [26, s. 2-3].

Mehmanxanalarda yeni texnologiyaların tətbiqi


1960-cı ilin sonunda Kommunal Təsərrüfatı naziri A. M. Abdullayev Azərbaycan Dövlət Elmi-Texniki Komitəsinə məktub ünvanlamışdır [27, s. 137-138]. Həmin məktubda nazirliyin nəzdində fəaliyyət göstərən “Azərkommunallayihə” institutunun mehmanxanalar üçün hazırladığı yeni avtomatın layihəsi haqqında məlumat verilmişdir. İxtiranın müəllifi Azərbaycan Maşınqayırma İnstitutunun yeni cihazlar və aparatlar laboratoriyasının əməkdaşı S. B. Quluzadə idi. Həmin avtomatın vasitəsi ilə aşağıdakı imkanları əldə etmək mümkün idi:
1. Qonaqların mehmanxana işçilərinin iştirakı olmadan boş otaqların olub-olmamasını öyrənib, onların seçimini etmək;
2. Otaqlarda qalma müddətinin bitməsi və ödənişin yenilənməsi xəbərini vermək;
3. Otaqların istismarına nəzarəti gücləndirmək;
4. Qonaqların daha dəqiq ödəniş əməliyyatını aparmaq.
Avtomat mehmanxanaların girişində qurulmalı idi, gələn qonaq onun vasitəsi ilə boş otaqların olub-olmamasını və bir sutkalıq qiymətini öyrənə bilərdi. Qonaq otaqda qalmağa başlayan kimi avtomat dərhal onun orada qalma müddətini hesablamağa başlayırdı. İyirmi otağa nəzarət edən avtomatın bir blokunun ölçüsü 850x300 mm olmuşdur. Blokların sayı mehmanxanada olan otaqların sayı ilə təyin edilməli idi. Avtomat istehsala buraxıldığı təqdirdə onun bir blokunun qiyməti 12 min manata bərabər olmalı idi.
Nazirin həmin məktubda yazdığına görə bu avtomatın tətbiq edilməsi qonaqlara edilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmalı, onların siyahısını və etdikləri ödənişləri qaydaya salmalı idi. Məktubun sonunda həmin avtomatın bir neçəsinin nazirliyin təqdim etdiyi eskizlərinin əsasında Bakının Kalinin adına Neftqazavtomat zavodunda (zamanımızda Sənaye Avtomatika İstehsalat Birliyi) düzəldilməsi haqqında məsələ qaldırılmışdır.
Bundan öncə isə 1960-cı ilin əvvəlində A. M. Abdullayev nazirliyin məsul şəxslərinin və “Bakı” mehmanxanası rəhbərliyinin iştirakı ilə texniki müşavirə keçirmiş və orada həmin avtomatın bir nümunəsi sərgiləndirilmişdir. Müşavirə işrirakçıları avtomatın üstünlükləri və texniki imkanları ilə tanış olmuş, onun Bakının “Cənub” mehmanxanasında quraşdırılması haqqında qərar qəbul etmişdirlər [16, s. 158].
1962-ci ildə həmin avtomat KTN Təmir-mexaniki zavodu tərəfindən istehsal edilməyə başlamışdır. Bu ixtira o qədər uğurlu olmuşdur ki, SSRİ-nin digər şəhərlərinin, o cümlədən Moskva mehmanxanalarının rəhbərliyi onların bir neçə ədədini sifariş etmişdir [28, s. 118]. Beləliklə, Azərbaycanda ixtira və istehsal olunan avtomat SSRİ məkanında da tanınmış və yayılmışdır.

Mehmanxanaların istismarı zamanı yaranan problemlər və onların həlli

Mehmanxanaların tikintisi, təmiri və istismarı proseslərinin müsbət dinamikası ilə yanaşı çoxlu problemləri də mövcud olmuşdur. Bu problemlər bir tərəfdən bu sahədə sahibkarlığa yol verməyən Sovet iqtisadi sisteminin qüsurları, digər tərəfdən rəhbərliyin və xidmətçi heyətin öz vəzifə borclarını yetərincə yerinə yetirməməsi səbəbi ilə yaranırdı. Məsələn, KTN-in 1957-ci ildə şəhər və rayonlar üzrə apardığı yoxlaması nəticəsində məlum olmuşdur ki, “mehmanxanalarda olan əşya və avadanlıqlar səliqəsiz saxlanılır, vaxtında cari təmir edilmir, köhnə və yaramaz avadanlıqlar silinib siyahıdan çıxarılmır, otaqlar xırda əşyalarla (qrafin, stəkan, külqabı, güzgü və s.) təmin edilmir, sanitar təmizlik qaydaları kobudcasına pozulur, ayaq yolları natəmiz saxlanılır, otaqlar qış zamanı soyuq olur, əşya və avadanlıqlardan şəxsi məqsədlər üçün istifadə olunur. Bu da o deməkdir ki, kommunal təsərrüfat şöbələri mehmanxanalarla bağlı işləri başlı-başına buraxmış, onların normal işləməsi üçün şərait yarada bilmirlər” [9, s. 9]. Beləliklə, o dövrdə müxtəlif səbəblər üzündən Azərbaycanın bir çox bölgələrində mehmanxana xidmətlərinin səviyyəsi çox aşağı olmuşdur.
1958-ci ildə isə “Bakı” mehmanxanasında keçirilmiş yoxlamanın nəticəsinə görə inzibati işçilər qonaqların siyahılarını və ödənişlərini düzgün aparmamış, plandan əlavə artıq çarpayılar quraşdırmış, əxlaqsızlıqlara göz yummuşdurlar. Bundan başqa, ştatda işə çıxmayan adamlar saxlanılmış, əşyalardan bəziləri işçilər tərəfindən mənimsənilmişdir [20, s. 101-110]. Həmin il ərzində Göygöl mehmanxanasında aparılan yoxlama zamanı döşək, döşək ağları, balışlar kimi inventarların sayı əskik çıxmışdır.
Bu kimi hallar aşkar olunduqca KTN-in nazir başda olmaqla rəhbər işçilərindən ibarət olan Kollegiya toplantıları çağırılırmış, orada həmin problemlər müzakirə edilmiş, onların həlli yolları axtarılmış, təqsirlilər cəzalandırılmışdırlar. Bu da o dövrün idarəetməsində işlərin şəffaf aparılması prinsipinin tətbiq edilməsinin əlamətlərindən biri idi. Bəzi hallarda isə işlərində buraxdığı nöqsanlara görə mehmanxana işçiləri nazirin birbaşa əmri ilə cəzalandırılırdı. Məsələn 1959-cu ildə planı yerinə yetirmədiyinə ,mehmanxananı natəmiz saxladığına və işinin öhdəsindən gələ bilmədiyinə görə nazirin əmri ilə Yevlax mehmanxanasının müdiri işdən azad edilmişdir [11, s. 15].
Yuxarıda qeyd edildiyi kimi, mehmanxanaların işində obyektiv səbəblər üzündən də problemlər yaranırdı. 1960-cı ilin 13 iyun tarixində “Azərbaycanda mehmanxana təsərrüfatının vəziyyəti və qonaqlara edilən xidmət keyfiyyətinin yüksəldilməsi” mövzusunda KTN-in Kollegiya toplantısı keçirilmişdir [21, s. 6-8]. Həmin toplantıda respublikanın şəhər və rayonlarının mehmanxana müdirləri iştirak etmiş, Kollegiya üzvlərini təsərrüfatlarında vəziyyətlə tanış etmişdirlər. Məlum olmuşdur ki, mehmanxanalarda balış, kürsü, stəkan kimi ən sadə əşyaların belə çatışmamazlığı olmuşdur. Bəzilərində isə hətta su təchizatı və istilik sistemləri olmamış, təmir işləri aparılmamışdır. Bütün bu problemlər sahibkarlığa yol verməyən və iqtisadiyyatı plan əsasında quran və mərkəzləşdirən Sovet sisteminin böhran keçirdiyinin əyani sübutu idi. Eyni zamanda, ayrılmış vəsaitin müxtəlif səviyyələrdə mənimsənilməsi də bu kimi sadə problemlərin yaranmasına gətirirdi.
1961-ci ildə isə nazirliyə mehmanxanalarda qonaqlara qarşı qaba davranma halları haqqında çoxlu sayda şikayətlər daxil olmuşdur. Aparılan yoxlamaların nəticəsində onların hamısı təsdiqini tapmışdır. “Bakı”, “Azərbaycan”, “Cənub” mehmanxanalarının inzibati heyəti müxtəlif qanun pozuntularına yol vermiş, bəzi qonaqları rəsmi kitablara salmamış, onlardan alınan pulları mənimsəmişdir. Daha sonra inventar çatışmamazlıqları da aşkar edilmişdir. Bu məsələləri müzakirə etmək üçün nazir A. M. Abdullayev həmin ilin iyun ayında təcili olaraq Kollegiya toplantısını çağırmışdır [22, s. 96-102]. Həmin toplantının yekun qərarına görə qanun pozuntularına son qoyulmalı, dövlətə dəyən ziyan təcili olaraq təqsiri olanlar tərəfindən ödənilməli idi. Həmçinin qərarda qeyd edilmişdir ki, qonaqlarla qaba davranma halları yolverilməzdir və mehmanxana işçiləri onlara qarşı münasibətdə yalnız yüksək mədəniyyət sərgiləməlidirlər. Toplantıda çıxış edən nazir xüsusi ilə qeyd etdi ki, mehmanxanaların qonaqları SSRİ-nin və xarici ölkələrin vətəndaşlarıdırlar. Onlarla qaba davranma halları bizim respublikamız haqqında mənfi rəy haradır və buna dərhal son qoyulmalıdır. Qərara görə “Bakı” mehmanxanasının gözətçisi qonaqlarla qaba davrandığına görə işdən azad edilmiş, müdirinə isə ciddi töhmət verilmişdir. “Azərbaycan” və “Cənub” mehmanxanalarının işçilərinin bir necəsinə töhmət verilmiş, digərlərinə isə xəbərdarlıq edilmişdir. Qərarın sonunda isə mehmanxanaların bütün işçilərinə tapşırılmışdır ki, qısa müddət ərzində bütün işlərini nizama salsınlar, əks halda onlara qarşı ciddi tədbirlər görüləcək.
Buna baxmayaraq, 1961-ci ilin axırına qədər “Azərbaycan” mehmanxanasının müdiri və inzibati heyəti daha iki dəfə kobudluğa yol vermiş, nəticədə isə onların hərəkətlərini “Kirpi” satirik jurnalı lentə almışdır. Bundan sonra həmin mehmanxana nazirlik tərəfindən yenidən yoxlanılmışdır. Məlum olmuşdur ki, onun müdiri işdə sərxoş vəziyyətdə olur, qeydiyyatdan keçməyən qonaqları qeyri-qanuni olaraq mehmanxanada yerləşdirir, işçilərin arasında qeyri-sağlam münasibətləri qızışdırır; mehmanxananın xidmətçi qadınlardan biri qonaqlarla əxlaqsızlıq edir; inzibatçı kitaba salınmayan qonaqları otaqlara buraxıb ödənişləri mənimsəyir və digər qonaqlarla isə qaba davranır. Bu məsələyə baxan KTN-in Kollegiya toplantısının qərarına görə onların hamısı azad edilmişdir [23, s. 234-235].
Buna bənzər olay 1962-ci ildə Xudat mehmanxanasında da qeydə alınmışdır [24, s. 30-32]. Orada mehmanxananın kassiri sərxoşluq edib qonaqlar tərəfindən ödənilən pulları mənimsəmiş, dövlət hesabına keçirməmişdir. Onun haqqında KTN-ə çoxlu sayda şikayətlər daxil olurdu. Mehmanxananın yoxlanması nəticəsində edilən şikayətlərin hamısı doğru çıxmışdır. Bu məsələ də KTN-in Kollegiyasına çıxarılmış və onun qərarı ilə mehmanxananın kassiri işdən azad edilmişdir.
Qazax mehmanxanasında da ciddi qanun pozuntusu halları qeydə alınmışdır [25, s. 145]. Oranın maliyyə hesabatları o qədər bərbad gündə olmuşdur ki, il ərzində qonaqlardan alınmış pulların miqdarı bilinmirdi, qeydiyyat kitabları aparılmırdı. Beləliklə, yığılan pullar mənimsənilirdi. Gecə yarısı qəflətən edilən yoxlama zamanı otaqlarda 17 nəfər qeydiyyatdan keçməyən qonaq aşkar edilmişdir. Qazax mehmanxanasında qanun pozuntuları o qədər ciddi olmuşdur ki, 1963-cü ilin əvvəlində bu məsələ üçün yığışan KTN Kollegiya toplantısının qərarı ilə onun bütün inzibati heyətinin işləri prokurorluq orqanlarına verilmişdir.
Daha bir qanun pozuntusu polis qeydiyyatı ilə bağlı idi. Belə ki, qanuna görə, mehmanxanaların inzibati heyəti 3 gündən artıq qalan qonaqların siyahısını polis şöbəsində təqdim etməli idi. Ancaq bəzi hallarda buna riayət edilmirdi. Məsələn, 1962-ci ildə Şirvan mehmanxanasında (o zaman Əli Bayramlı şəhəri adlanırdı) 83 nəfərin qonaq otaqlarında qeydiyyatsız qaldığı müəyyən edilmişdir. Bu kimi hallara qarşı da KTN tərəfindən təcili tədbirlər görülmüşdür.

İstirahət evləri, pansionatlar, kurortlar və uşaq düşərgələri

1954-1962-ci illər ərzində KTN-in daha bir fəaliyyət istiqaməti istirahət evləri, pansionatlar, kurortlar və uşaq (o zaman “pioner”) düşərgələrinin tikintisi, təmiri və istismarı ilə bağlı olub. Bu məqsəd üçün kifayət qədər çox vəsait ayrılmış və uğurlu işlər aparılmışdır. Qısa zaman ərzində nazirlik tərəfindən gələcək illərdə vətəndaşlar tərəfindən sevilən istirahət mərkəzləri tikilib istismara verilmişdir.
Bundan başqa, nazirlik istirahət obyektlərinin enerji və qaz təchizatını təmin edirdi. Belə ki, 1957-ci ildə KTN Masallının İstisu kurortunu elektrik enerjisi ilə təmin edəcək Dizel Elektrik Stansiyasının 387990 manatlıq layihəsini təsdiq etmiş [9, s. 72], ancaq tikintini başqa təşkilatlar aparmışdır. Tikinti başa çatandan sonra isə nazirlik həmin stansiyanı avadanlıqla təchiz etmişdir. Eləcə də Nabran kurortunun elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün onun elektrik stansiyası genişləndirmiş, oraya əlavə dizel qurğusu quraşdırmışdır. Bundan başqa, KTN meşələrin məhv edilməsinin qarşısını almaq və dincələnlərin məişətini rahatlamaq üçün Nabran, Quba, Qusar, Masallı və başqa kurortları maye qaz balonları və plitələri ilə təmin edirdi [28, s. 235].
Şuşada görülən işlər. Ən geniş miqyaslı işlər Şuşa şəhərində getmişdir. Məhz bu şəhər havası, gözəl təbiəti və mənzərəsi, eləcə də əlverişli coğrafi məkanda yerləşməsi səbəbi ilə Sovet dövrü Azərbaycanın ən tanınmış turizm və istirahət mərkəzlərindən biri olmuş və onun inkişafına böyük məbləğdə vəsait ayrılmışdır.
Şuşanın əhəmiyyətinin artırılmasının həm də siyasi səbəbləri olmuşdur. Məsələ burasındadır ki, Dağlıq Qarabağ ermənilərinin separatçı əyilimləri hələ o vaxtlar mövcud olmuşdur. Ona görə də bunun qarşısını almaq üçün orada əsasən azərbaycanlıların yaşadığı Şuşanın möhkəmləndirilməsi, genişləndirilməsi, əhalisinin çoxaldılması istiqamətində işlər gedirdi və o dövrün Azərbaycan hakimiyyəti bu məqsədlə böyük layihələr həyata keçirirdi və onların bir çoxusunun icraçısı KTN idi.
1956-cı ildə “Azərdövlətlayihə” institutu tərəfindən Şuşada 100 nəfərlik uşaq (pioner) düşərgəsinin layihəsi tərtib olunmuş və KTN tərəfindən təsdiq edilmişdir. Tikinti bir neçə il ərzində getmiş və 1960-cı ildə başa çatmışdır. Düşərgə (memarı L. D. Hüseynov idi) ilə birlikdə Şuşaya istirahətə gələn KTN işçiləri üçün 120 yerlik qonaq evi də tikilmişdir. Əvvəlcə bu obyektləri Kommunal Təsərrüfatı və Yerli Sənaye nazirliklərinin həmkarlar ittifaqları istismar etməli idilər [13, s. 276]. Ümumiyyətlə o zamanlar SSRİ-də Həmkarlar ittifaqları istirahət yerlərinin bir çoxuna nəzarət edirdilər [2, s. 9]. Ancaq 1961-ci ildə isə nazir A. M. Abdullayevin əmri ilə bu obyektlər KTN-in “Azqaz” trestinə verilmişdir [15, s. 101]. Həmin trest təmir-tikinti və istismar işlərini həyata keçirirdi, eləcə də onların mühafizəsini təmin edirdi. Həmçinin, KTN düşərgə və qonaq evini avadanlıq, mebel və məişət ləvazimatları ilə təmin edirdi.
1962-ci ilin may ayında nazir A. M. Abdullayev “Azqaz” rəhbərliyinə əmr etmişdir ki, onlar yay mövsümünə qədər təmir işlərini bitirsinlər və uşaqlar üçün düşərgədə bütün rahatlıqları yaratsınlar [17, s. 137]. Trest uşaqların daşınması üçün avtobuslar hazırlamalı, yolları təmir etməli, sanitar vəziyyəti normalara uyğunlaşdırmalı; düşərgəni qida məsulları və su ilə fasiləsiz təmin etməli idi. Bu əmrə ona görə ehtiyac yaranmışdır ki, 1961-ci ildə uşaqların daşınmasında problemlər yaranmış, iki avtobusun yerinə biri işlədilirdi.
Bundan başqa, KTN Şuşa şəhərində istirahət obyektlərinin layihələrini də hazırlayıb təsdiq edirdi. 1957-ci ildə “Azərmemarlayihə” institutu Şuşada 100 nəfərlik istirahət evinin (memarı S. İ. Datiyev idi) tikintisi üçün 4598500 manatlıq layihə hazırlanmışdır. Bu layihəni KTN təsdiq etmiş [9, s. 356] və dərhal tikintiyə başlanılmışdır.
Uşaq düşərgəsinin və istirahət evlərinin əhəmiyyəti o qədər yüksək idi ki, onların tikintisinə daim nəzarət edilirdi. Bu məqsədlə nazir A. M. Abdullayev tikintinin müəllif heyətini təyin etmişdir [9, s. 157]. Həmin heyət binaların memarı, baş mühəndisi, konstruktoru və mühəndisindən ibarət idi. Onların hər biri ardıcıllıqla Şuşaya gəlib ayda ümumi hesabla 24 saat ərzində tikintiyə nəzarət etməli idi və buna görə onlara maaş da kəsilmişdir.
1960-cı ildə isə “Azərdövlətlayihə” institutu tərəfindən daha bir 100 nəfərlik mehmanxana-pansionatın (layihə rəhbəri A.A. Əlizadə) tikilməsi üçün 4426990 manatlıq layihə hazırlanmış, nazirlik tərəfindən təsdiq edilmiş və işə başlanılmışdır [14, s. 353]. Öncəki layihədə olduğu kimi bu tikintiyə də 1960-1961-ci illərdə memar və konstruktordan ibarət müəllif heyəti təyin edilmişdir [14, s. 9]. Onların hərəsi hər rübdən bir 32 saat tikintiyə nəzarət etməli idi. Bundan başqa, yenə 1960-cı ildə Şuşada “Azərdövlətlayihə” tərəfindən 107 nəfərlik mehmanxana-pansionatın 2166870 manatlıq layihəsi tərtib edilib nazir tərəfindən təsdiq edilmişdir [14, s. 356]. Bütün obyektlərin tikintisi uğurla tamamlanıb istismara verilmiş [3, s. 160-163] və onlar erməni işğalına qədər fəaliyyət göstərmişdirlər.
Eyni zamanda, KTN tərəfindən Şuşa yaxınlığında yerləşən Şırlan müalicəvi mineral suyunun həmin istirahət evlərinə gətirilməsi üçün kəşfiyyat işləri aparılmışdır. 1962-ci ildə oradan Şuşaya kəmərin çəkilməsi qərara alınmışdır. Həmin ilin ərzində onun 431888 manatlıq layihəsi “Azərsənayelayihə” institutu tərəfindən tərtib edilib təsdiqlənmişdir [18, s. 23]. 1963-cü ildə isə həmin institut tərəfindən ikinci kəmərin 102700 manatlıq layihəsi hazırlanmışdır [19, s. 10].
Bundan öncə isə 1959-cu ildə Şuşanın şəhər su şəbəkəsinin yenidən qurulması üçün “Azərsənayelayihə” institutu tərəfindən hazırlanmış 1543270 manatlıq layihə KTN tərəfindən təsdiq edilmiş və bu istiqamətdə işlərə başlanılmışdır [12, s. 78]. Beləliklə, Şuşanın su təchizatı problemi tamamilə həll edilmişdir.
Şuşanın istirahət mərkəzinə çevirmək üçün həm də şəhərdə abadlıq işləri aparılmalı idi. Şəhərdə çoxlu sayda qəza vəziyyətində olan tikililər var idi, onlar şəhərin mənzərəsini korlayırdı. Burada bir siyasi məqam da olmuşdur. Məsələ burasındadır ki 1920-ci ildə şəhərin bəzi məhəllələrində ermənilərlə gərgin döyüşlər getmiş, binalar dağıdılmışdır [1, s. 16]. Buna görə Qarabağ erməniləri həmin məhəllələrin sökülməsinin əleyhinə çıxış edirdilər, o yerləri tarixi abidə adı ilə qoruyurdular, gənclərini bu yerlərə gətirib azərbaycanlılara qarşı nifrəti aşılayırdılar. Buna görə də həmin dağıntıları aradan götürülməsi zəruri idi.
Beləliklə, Şuşanın yeni planının hazırlanması və qəza vəziyyətində olan tikililərin sökülməsi işi KTN tərəfindən həyata keçirilmişdir. 1960-cı ilin 30 aprel tarixində nazir Abutalıb Abdullayevin “Şuşada yeni şəhər planı üzrə qəza vəziyyətində olan evlərin sökülməsi haqqında” 178 №-li əmri yayımlanmışdır [14, s. 124]. Ancaq həmin qərara qarşı Dağlıq Qarabağın erməni rəhbərliyi çıxış etdiyinə görə işə başlamaq mümkün olmadı. Buna görə Kommunal Təsərrüfatı naziri Nazirlər Sovetinin tapşırığı ilə onlarla danışıqlara başlamış və onun məsləhəti ilə Azərbaycan hökuməti 1960-cı ildə işlərə başlamaq qərarını vermədi [7, s. 128]. Bir qədər sonra nazir A.M. Abdullayev ermənilərlə anlaşa bilmiş və KTN 1961-ci ildə işlərə başlaya bilmişdir. Şuşanın yeni planının qurulması işi surətlə getmiş, həmin ilin ərzində onun əsas hissəsi görülmüş, gələn il isə işlər tamamilə bitirilmişdir [8, s. 236]. Beləliklə, erməni millətçi təbliğatının tərkib hissəsi olan şəhərin köhnə məhəllələri dağıdılmış, onların yerində yeni binalar tikilmiş, bağlar salınmışdir. Layihəyə görə həmin işlərin görülməsinə ümumi hesabla 2477091 manat vəsait xərclənmişdir. Bunun nəticəsində Şuşada gələcək illərdə görülən işlər yeni plan üzrə aparılmışdır.
Naftalan kurortunun abadlaşdırılması layihəsi. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti “Naftalan qəsəbəsinin və kurortunun abadlaşdırılması haqqında” adlı qərar qəbul etmişdir [6, s. 23-27]. Qərarda qeyd edilmişdir ki, Naftalanda müalicə əsasən neftlə aparılır və bu baxımdan o dünyanın yeganə kurortdur. Müalicə almaq üçün SSRİ və dikər ölkələrin vətəndaşları bu kurorta gəlir, ancaq onlara lazımi səviyyədə xidmət etmək olmur, çünki infrastruktur inkişaf etməyib, müasir tələblərə cavab vermir. Buna görə Naftalanın yeni baş planı hazırlanması və yeni sanatoriyanın tikilməsi zərurəti yaranmışdır və bu istiqamətdə işlərə 1958-ci ildə başlanınmalı idi. Mövcud olan sanatoriyanın köhnə binası və ətrafında olan ərazi isə əsaslı təmir edilib genişləndirilməli idi, çarpayıların ümumi sayı 60-dan 120-ə qədər yüksəlməli idi. Keçmiş illərdən fərqli olaraq, sanatoriya bütün il ərzində fasiləsiz işləməli idi.
Planlaşdırılan geniş miqyaslı tikinti və abadlaşdırma işlərinə bir neçə nazirlik və təşkilat cəlb edilmiş, bunların arasında işlərin böyük hissəsi KTN-nin payına düşmüşdür. Belə ki, nazirlik 1958-ci ildə 200 çarpayılıq yeni pansionatın layihəsini hazırlayıb 1959-cu ilə qədər tikintini başa çatdırmalı idi. Bundan başqa, nazirliyə aid olan idarə və təşkilatlar Naftalanda 1958-ci ildə yeni hamam, camaşirxana tikməli, eləcə də yararsız və sanitariya qaydalarına cavab verməyən kurortun su mənbəyi olan Çəkil kəhrizinin yenidənqurma işlərini görməli, bütün obyektlərə fasiləsiz su təchizatını təmin etməli və kurorta kanalizasiya çəkməli idi. Həmin işlər gələcək illər ərzində həyata keçirilmişdir.
1960-cı ildə KTN naziri A. M. Abdullayevin təşəbbüsü ilə KTN-in nəzdində Qaz Təsərrüfatı Baş İdarəsi (Başqaz) təşkil edilmişdir. Bundan sonra onun rəhbərliyi altında Azərbaycanın qazlaşdırılması işlərinə başlanmışdır. Bu işlərin sırasında 1963-cü ildə Naftalan da təbii qazla təmin edilmişdir.

Nəticə


Göründüyü kimi, XX əsrin ortalarında mehmanxana, kurort və pansionat təsərrüfatı keçmiş illərə nisbətən surətlə inkişaf edirdi. Həmin dövrdə yeni obyektlər tikilmiş, köhnələr təmir edilmiş, xidmət mədəniyyəti artmış, yeni texnologiyalar tətbiq edilməyə başlamışdır. Həmin işlərin həyata keçirilməsində KTN-nin xüsusi rolu olmuşdur. Bu nazirliyin gördüyü obyektlərin bir çoxu günümüzə qədər istismar edilir, onların üzərində müstəqillik dövründə bərpa və təmir aparılıb. Təəssüflə qeyd edilməlidir ki, Şuşada həyata keçirilmiş iri miqyaslı layihələrin nəticəsində tikilən obyektlər bu gün işğalçı erməni qüvvələrinin əlinə keçmiş, dağıdılmış ya da yararsız hala düşmüşdür. Bununla da müstəqil Azərbaycanın turizm və istirahət sahəsini böyük ziyan vurulmuşdur. Qarabağ azad ediləndən sonra orada yenidən turizmin inkişaf etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən quruculuq işləri aparılacaq və bunu edərkən XX əsrin ortalarında edilən işlərin də təcrübəsindən və layihələrindən yararlana bilər.

Ədəbiyyat


1. Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, «MBM-R», 2009.
2. Жмулина Д. А. Правовое регулирование деятельности по оказанию гостиничных услуг. М.: Волтерс Клувер, 2010.
3. Шушинский Ф. Шуша. Баку: Азербайджанское Государственное Издательство, 1968.

Arxiv


4. Выступление Министра Коммунального Хозяйства А. М. Абдуллаева на Пленуме ЦК КП Азербайджана, 1962 // Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), fond (f.) 244, siyahı (s.) 9, № 59.
5. Материалы о разработке годовой стат. отчетности по городским коммунальным предприятиям Министерства Коммунального Хозяйства (МКХ) Азерб. ССР, 1957 // ARDA, f. 2511, s. 10, № 1677.
6. О выполнении плана ввода в действие жилой площади по Азерб. ССР за 1956 год // ARDA, f. 411, s. 38, № 4.
7. Переписка МКХ с Совмином Азерб. ССР, 1960 // ARDA, f. 244, s. 9, № 50.
8. Переписка Совмина с МКХ, 1961 // ARDA, f. 411, s. 37, № 279.
9. Приказы по МКХ, VII-XII/1957 // ARDA, f. 244, s. 9, № 29.
10. Приказы по МКХ, VIII/1958 - XII/1959 // ARDA, f. 244, s. 9, № 35.
11. Приказы по МКХ, I-III/1959 г. // ARDA, f. 244, s. 9, № 37.
12. Приказы по МКХ, XI- XII/1959 г. // ARDA, f. 244, s. 9, № 41.
13. Приказы по МКХ, V-XII/1960 г. // ARDA, f. 244, s. 9, № 45.
14. Приказы по МКХ, I-VII/1960 г. // ARDA, f. 244, s. 9, № 44.
15. Приказы по МКХ, IV-VIII/1961 г. // ARDA, f. 244, s. 9, № 52.
16. Приказы по МКХ, IX-XII/1961 // ARDA, f. 244, s. 9, № 53.
17. Приказы по МКХ, IV-VII/1962 // ARDA, f. 244, s. 9, № 61.
18. Приказы по МКХ, VII-IX/1962 // ARDA, f. 244, s. 9, № 62.
19. Приказы по МКХ, I-V/1963 // ARDA, f. 244, s. 9, № 70.
20. Протоколы заседания Коллегий МКХ за XII/1957-XII/1958 // ARDA, f. 244, s. 9, № 32.
21. Протоколы заседаний Коллегий МКХ за IV-VIII/1960 г. // ARDA, f. 244, s. 9, № 47.
22. Протоколы заседаний Коллегий МКХ за V-VII/1961 // ARDA, f. 244, s. 9, № 56.
23. Протоколы заседания Коллегии МКХ за VIII-XI/1961 // ARDA, f. 244, s. 9, № 57.
24. Протоколы заседания Коллегии МКХ за IV-VI/1962 // ARDA, f. 244, s. 9, № 65.
25. Протоколы заседания Коллегии МКХ за I-IV/1963 // ARDA, f. 244, s. 9, № 73.
26. Справка МКХ Азерб. ССР об итогах строительства // ARDA, f. 411, s. 38, № 194.
27. Справки МКХ в ЦК и Совмин Азерб. ССР, 1960- 1961 // ARDA, f. 244, s. 9, № 49.
28. Справки МКХ в ЦК КП и Совмин Азерб. ССР, 1962 // ARDA, f. 244, s. 9, № 69.

Şəkillər

Şəkil 1. URL:https://azerhistory.com/wp-content/uploads/2018/04/%D0%91%D0%B0%D0%BA%D1%8B-1970-%D0%B3%D0%BE%D0%B4.jpg (Müraciət tarixi 05.05.2019).
Şəkil 2. URL:https://1.bp.blogspot.com/-aslftI12HW4/WZar6UhvuFI/AAAAAAAAXiU/bHayuUbJbusd4xVBd_1ZrpEvB5rq5BRrgCK4BGAYYCw/s1600/04.jpg (Müraciət tarixi 05.05.2019).
Şəkil 3. URL:http://www.privatization.az/images/mnmn12.JPG (Müraciət tarixi 05.05.2019).
Şəkil 4. Жилищно-коммунальное хозяйство № 7, 1960.
Şəkil 5. URL:https://azerhistory.com/wp-content/uploads/2018/04/%D0%AE%D0%B6%D0%BD%D0%B0%D1%8F-1967-%D0%B3%D0%BE%D0%B4.jpg (Müraciət tarixi 05.05.2019).
Şəkil 6. URL:http://travelblog.lv/shushi-shusha-samyj-pechalnyj-gorod-nagornogo-karabaha-s-bolshimi-perspektivami/ (Müraciət tarixi 05.05.2019).
Şəkil 7. М.: Шуша. Центральное рекламно-информационное бюро «Турист», 1976.

turizm.pdf [11,61 Mb] (Yüklənib: 3)